İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 13 sentyabr — Sputnik. Qazax rayonu özünün dünya şöhrətli şair, yazıçı, elm xadimləri ilə yanaşı, qəhrəman döyüşçüləri və ixtisaslı hərb xadimləri ilə də məşhurdur. Artilleriya generalı, top "Allahı" adlandırılan Əli ağa Şıxlınski, hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə qafqazlı İbrahim ağa Vəkilov, bolşeviklərə qarşı ən böyük üsyana rəhbərlik etmiş Cavad bəy Şıxlınski və digər sadalamaqla bitməyən qəhrəman vətənpərvər oğullar, məhz bu torpaqda dünyaya göz açıblar.
Hərb tariximizin öncüllərindən olmuş qazaxlılardan biri də, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovdur. Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 2 oktyabr 1891-ci ildə Qazax qəzasının Qıraq salahlı (indiki Aşağı Salahlı) kəndində, hərbçi ailəsində anadan olub. Erkən yaşlarında atasını itirən Fərrux ağa, Əli ağa Şıxlinskinin məsləhəti ilə 5 illik Tiflis Kadet Korpusuna, 1910-cu ildə isə oranı bitirərək, Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur.
1913-cü ildə podporuçik rütbəsi alan Fərrux ağa, 39-cu artilleriya briqadasında xidmətə başlayır və burada İlya Muromets-16 ekipajına qəbul edilir. Birinci Dünya Müharibəsi başlayanda isə Qərb cəbhəsində gedən hərbi əməliyyatlarda iştirak edir.
1916-cı ilin sentyabr ayının 12-də İlya Muromets hərbi hava gəmisinə yeni döyüş tapşırığı verilir — hazırda Belarus torpaqları olan Borına kəndi ətrafında cəmləşən alman hərbi qüvvələrinin mövqelərini bombalayaraq düşmənə ağır zərbə endirmək tapşırığı alır. 25 yaşlı həmyerlimiz üçün sonuncu olan bu tapşırıq zamanı Fərrux ağa həyatını itirsə də, göstərdiyi şücaətə görə ölümsüzlüyü qazanır.
Havada 4 alman qırıcısı ilə qarşılaşan Qayıbovun təyyarəsi düşmənlə qeyri-bərabər döyüşə girir. 3 alman qırıcısını məhv edən İlya Muromets təyyarəsi, aldığı zədələrdən yerə çırpılır. Bundan sonra 4-cü alman təyyarəsi də Qayıbovun açdığı atəşlərdən idarəetməni saxlaya bilməyərək yerə düşür.
Qüvvələr nisbəti fərqli olan döyüşü izləyən alman ordusu, təyyarəçimizin igidliyinə heyran qalır. Almanlar, düşmən də olsa, İlya Muromets təyyarəsinin heyətinin göstərdikləri şücaəti dəyərləndirərək öz əsgərləri kimi dəfn edir, hətta təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar. Poruçik Qayıbovun göstərdiyi qəhrəmanlıq 1916-cı ilin Çar Rusiyası mətbuatında, hətta alman qəzetlərində də geniş işıqlandırılır.
Lakin təəssüflər olsun ki, uzun müddət Fərrux ağa Qayıbovun qəhrəmanlıqları aşkara çıxarılmaqdan çox gizlədilməyə çalışılıb. Onun haqqında xatirələr yalnız xalqın yaddaşlarında qorunub saxlanılıb. Ötən əsrin 70-ci illərində Qazax-Tovuz bölgəsindən aviasiya marşalı Pavel Kutaxovun deputat seçilməsi, qəhrəman təyyarəçinin adının əbədiləşdirilməsinə şərait yaratdı. Seçicilərlə görüşlərin birində Fərrux ağa Qayıbovun da bu bölgədən olduğunu öyrənən Kutaxov, təyyarəçinin rayonda adının əbədiləşdirilməsi üçün işlər görəcəyinə söz verir və çox keçmir Qazaxa təyyarə-heykəl abidəsi və postament üzərinə vurulacaq "İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə" sözləri yazılmış lövhə göndərir.
Lakin o dövrdəki rayon rəhbərliyinin vəzifə qorxusu nəticəsində bu sözlər "Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə" yazısı ilə əvəzlənir. Beləliklə yenə geniş xalq kütlələri Fərrux ağa Qayıbov və onun şərəfinə ucaldılan abidənin mahiyyətindən məlumatsız qalır.
Dövlət müstəqilliyimizi qazandıqdan sonra da abidənin taleyinə biganə yanaşıldı. 2004-cü ildə yol çəkilişi bəhanəsi ilə, heykəl-təyyarəni tarixi yerindən götürərək yararsız halda kənara atdılar. Belə vəziyyətdə Yuxarı Salahlı kənd sakinləri şəxsi vəsaitləri hesabına abidəni kəndlərinə apararaq məhv olmaqdan qorudular.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Fərrux ağa Qayıbova və onun şərəfinə hazırlanmış abidə-təyyarəyə əsl dəyər, rayona ötən il icra başçısı təyin edilən və qısa müddətdə bütün qazaxlıların rəğbətini qazanan Rəcəb Babaşov tərəfindən verildi. 40 ildən artıqdır Qazaxın rəmzinə çevrilən abidə gətirilərək, rayonun Ağstafa tərəfindən girişində quraşdırıldı və ətrafında yaşıllıq yaradıldı, park kompleksi salındı. Abidənin üzərinə, onun ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun şərəfinə ucaldıldığı barədə lövhə də vuruldu.
Həmçinin, dünən Rəcəb Babaşovun təşəbbüsü ilə qəhrəman təyyarəçinin həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Qayıbovun qohumları, hərbçilər, gənclər və ictimaiyyətin müxtəlif təbəqələrinin iştirak etdiyi mərasimdə təyyarəçinin "Fəxri Qazaxlılar" parkında yerləşən büstü önünə gül dəstələri qoyulub, ruhuna dua oxunduqdan sonra xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şair Barat Vüsal, tarix müəllimi Mustafa Mirzəyev, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Ramiz Tağıyev, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova qəhrəmanın keçdiyi döyüş yoluna bir daha nəzər salıb, fəxri qazaxlılara gösərdiyi ehtiram və diqqətə görə rayon icra başçısına öz təşəkkürlərini bildiriblər.
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 18 aprel — Sputnik. Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyası, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında təəssüflə bildirir ki, Azərbaycanda tarixi abidələr və muzeylərlə bağlı maarifləndirmə işləri çox zəifdir:
"Son aylar nisbətən diqqət artıb. Turizm Mədəniyyət Nazirliyindən ayrıldıqdan sonra az da olsa fərqi hiss edirəm. Mədəniyyət Nazirliyinin nümayəndələri dəfələrlə mənim yaratdığım muzeydə olublar. Amma buna baxmayaraq, tarixi abidələrin qeydə alınması ilə bağlı proses bir az da ləngiyib. Mənim yaratdığım muzeyə Amerikadan, Türkiyədən, Kanadadan, Sinqapurdan gələn xarici qonaqlar olur. Bəzən hətta yol ötən sürücülər belə yaratdığım muzeyə baş çəkir. Ən azı bəşər övladının yaratdığı dəyər olduğunu anlayırlar. Təəssüf ki, bu, Azərbaycanda bu sahəyə maraq arzulanan səviyyədə deyil".
Alim tariximizə laqeyd münasibətlə bağlı Kütləvi İnformasiya Vasitələrinə və dövlət qurumlarına səslənib:
"Çox istəyərdim ki, KİV, dövlət qrumları bu məsələyə xüsusi önəm versinlər. Tarixi abidələrimiz bizim milli pasportumuzdur. Buradakı insanların dünənki tarixidir. Sabahkı tariximiz üçün bir şahiddir. Çinlilərin bir sözü var, "keçmişini yaxşı öyrən, o, gələcəyin müəllimidir". Tarixi öyrənmək üçün kitab oxumaq kifayət deyil. Mütləq tarixi məkanları, muzeyləri də ziyarət etmək lazımdır. Məsələn, Qax rayonunun Güllük kəndində böyük təpənin üzərində çox möhtəşəm abidə var idi. Amma hazırda abidənin yalnız bünövrəsi qalmaqdadır. Bu da insanların cahilliyindən, maariflənmə işinin aparılmamasından irəli gəlir. Yaxşı olar ki, alban abidələri haqqında mediada maarifləndirmə işləri aparılsın".
Alim qeyd edir ki, o sökülən başqasının deyil, bizim - Qafqazın tarixidir.
"Azərbaycanın tarixi abidələrinin tətqiqatçısı, numizmat-alim Yevgeni Paxomov yazıb: "Misir tarixi üçün ehramların nə qədər böyük əhəmiyyəti varsa, Qafqaz tarixi üçün də Katex kəndində tikilən bu səddin bir o qədər böyük əhəmiyyəti var". Mən bu abidənin restavrasiyası üçün keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevə dəfələrlə müraciət etdim. O söz verdi, mütəxəssislər gəldi. Həftələrlə o abidənin üzərində işlədik. Mədəniyyət Nazirliyi ora bir lövhə vurmaqla öz işini bitmiş hesab elədi", - deyə mütəxəssis bildirib.
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin mütəxəssisi Qənirə Qaforava isə deyir ki, onun çalışdığı muzeydə vəziyyət heç də pis deyil. Dediyinə görə, ziyarətçi sarıdan da əziyyət çəkmirlər:
"Bizim muzeyimizə hər zaman maraq olub. Çünki, Azərbaycanda ilk yaranan muzeydir. Burada iki muzey yerləşir – həm Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi. Bura Tağıyevin yaşayış yeri olub. Gələn ziyarətçi iki muzeyi ziyarət edir. İstər yerli, istərsə də xarici ziyarətçilər hər zaman maraqla gəliblər. Pandemiya dövründə bir müddət bağlandı, amma hazırda açıqdır və ziyarətçilərimiz muzeyimizə baş çəkirlər. Hazırda Tarix muzeyi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti bağlıdır. Amma Tağıyevin 10 otaqdan ibarət xatirə muzeyi açıqdır. Xaricilər üçün 5 manat, yerli ziyarətçilər üçün 2 manatdır, amma məktəbli və tələbələr üçün 1 manatdır. Xaricilər muzeyimizi çox maraqla izləyirlər".
Milli Xalça Muzeyinin Mətbuat xidmətinin rəhbəri Ülvina Fərzəliyeva da mövzuya münasibətini bildirib:
"Giriş 7 manatdır. 6 yaşına qədər uşaqlar üçün pulsuzdur. 6 manatdan yuxarılara 3 manat, məktəb və tələbələrə də 3 manat. Azərbaycan Xalça muzeyi ölkənin ilk İnklüziv muzeydir. Fiziki məhdudiyyətli insanlar da rahat şəkildə muzeyimizi ziyarət edə bilirlər. Onların əlil arabasında girişi, liftlərdən istifadəsi, ekspozisiyalarla tanışlıq üçün bütün şərait yaradılıb. Bundan əlavə, bizdə görmə əngəlli insanlar üçün xovsuz və xovlu texnikanın birgə tətbiqi ilə xalçalarımız üzərində ornamentlər toxunub. Bunu ənənəvi texnologiya şöbəsinin toxucuları ona görə ediblər ki, görmə əngəlli insanlarımız da xalçalara toxunub hiss edə bilsinlər. Bundan əlavə, həmin ornamentlərlə bağlı brayl əlifbası ilə məlumat verilib".
Fərzəliyeva sosial şəbəkələrdə muzeyə girişin baha olmasına narazılıq edənləri də unutmayıb:
"Deyirlər, 7 manat çox bahadır. Halbuki o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat bir kofenin, bir çayın puludur. Gələn insanlar deyirlər ki, "sanki bir anlıq nağıllar aləminə düşdük". Bizim muzeyimizi ziyarət edənlər uzun müddət o ab-havadan çıxmırlar".
BAKI, 18 aprel - Sputnik. Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.
Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
BAKI, 18 aprel - Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ölkəsinin hansı bölgələrini daha çox sevdiyindən bəhs edib.
Sputnik Azərbaycan xəbər verir ki, "Rossiya 1" telekanalına müsahibəsində Peskov deyib ki, Rusiya Prezidenti Sibiri hər yerdən çox sevir.
"Digər tərəfdən, o, Uzaq Şərqi də ziyarət edir, Soçini və Krasnaya Polyananı sevir. Putin Krımı da çox sevir. Bütün bu bölgələrin içində Rusiya Prezidenti ən çox Sibiri sevir", - Peskov deyib.
Peskov onu da qeyd edib ki, mart ayının sonunda prezident Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə bir həftə sonunu Sibirdə keçirib.
"Tayqa boyunca gəzdilər. Şoyqu Putinə hobbi olaraq quru ağacları emal etmək və onlardan əl işləri yaratmaqla məşğul olduğu atelyesini göstərdi", - Peskov əlavə edib.
Xatırladaq ki, Putin doğum günlərini də təbiət qoynunda ov edərək keçirməyi çox sevir. Son illərdə onbu belə səyahatlərində adətən Sergey Şoyqu müşayiət edir.