Maştağa kəndindən görüntü, arxiv şəkli

"Məmmədyarov dairəsi"nin sakinləri: "Siz gedən kimi PPX gələcək..."

643
(Yenilənib 22:08 08.09.2017)
Sabirabad qarpızı, Quba alması, Zirə pomidoru... və Nardaran ənciri

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Bütün bölgələr hansısa məhsulu ilə tanınır. Məsələn, Kürdəmir yemişi, Sabirabad qarpızı, Göyçay narı, Quba alması. Ordubad əriyi…

Bakı kəndləri də bu sıradan geri qalmır. Zirə pomidoru, Hövsan soğanı… və Nardaran, Bilgəh ənciri.

Əncir
© Sputnik / Taras Litvinenko
Bazarda əncirin qiyməti 80 qəpiklən 1,8 manata qədər dəyişir

Ötən günlərdə yolum Maştağa qəsəbəsindən düşmüşdü. "Məmmədyarov dairəsi" adlanan ərazinin yaxınlığına avtomobillərin sıxlığı diqqətimi çəkdi. Dedilər, burda bazar yaradıblar — əncir bazarı. Dedim, həm əncir alım, həm də bazar əhli ilə bir az dərdləşim. Şəkil çəkdiyimi görən satıcılar dedilər ki, "sən gedən kimi PPX gəlib yığışdıracaq buranı".

Bazarda əncirin qiyməti 80 qəpikdən başlayır. Ötən gündən qalmış, yaxşıları seçilərək alınmış xırda əncirlər bazarda 80 qəpiyə satılır. Bir qədər böyük, şirəli əncirlər isə 1.80 qəpiyədir.

Əncir yığımı
© Sputnik / Taras Litvinenko
Əncir yığımı

Satıcı Rasim Əhmədov deyir ki, bazara hər səhər yeni məhsullar gətirilir. Yeni məhsulların təbii ki, qiyməti də baha olur: "Uşaqlar səhər saat 5-də durub əncir yığırlar. Belə təzə ənciri 2 manata da satmaq olur. Amma saatlar keçdikdə, əncir köhnəlir, su salır. O zaman bu əncirin qiyməti düşür 1,70 manata. Əncir bazarda 2 gün qalanda isə onu 80 qəpiyə satırlar. Bu əncirdən ancaq mürəbbə bişirmək olur. Əgər yemək üçün əncir alırsınızsa, təzə dərilmiş əncir almalısınız".

Əncir
Abşeronda ən dadlı əncir Nardaran və Bilgəhdə yetişir

Satıcının sözlərinə görə, bu bazarın da öz alverçiləri var. Avtomobillərin qarşısında durub bazara əncir gətirənlərə nağd pulunu verib, 30-40 qəpik ucuza alıb, satırlar. Hər kəs razı olmasa da, onların da dolanışığı bu işdən çıxır.

Digər satıcı Səlimə Əliyeva da öz bağının əncirini satır. Dediyinə görə, 10 sotluq əncir bağı var. Və bu bağdan götürdüyü gəlirlə özünü saxlayır.

"Ərim ölüb, uşaqlarım da Rusiyadadırlar. Ayda-ildə bir zəng edərlər, başqa da heç nə. Ərimdən qalan bağın məhsulu ilə özümü saxlayıram. Burdan götürdüyüm gəlir bütün ilimə bəs edir. Yaşlı adamam, kimim var ki?" — Səlimə xala danışır.

Qadın deyir ki, ənciri qonşunun kiçik qızlarına yığdırır. Onlara yığmaq üçün pul da verir.

Əncir
© CC0 / lahcenmo / Fig
Əncirin sağlamlıq üçün çox böyük faydaları var

Satıcılar bildirirlər ki, əncirin sağlamlıq üçün çox böyük faydaları var: "Səhər-səhər ac qarına əncir yemək mədə-bağırsaq sistemini tənzimləyir, qaraciyəri gücləndirir. Satılmayan əncirləri evə qaytarıb quruduruq. Əncir qurusu qışda çox baha qiymətə satılır. Onu südlə qarışdırıb içəndə öskürəyi kəsir. Təkcə yemək cinsi zəifliyi aradan qaldırır, immuniteti gücləndirir. Əgər bədəndə yara varsa, kərə yağı ilə əncir qurusu qoyanda, yaranı sağaldır. Mədə-bağırsaq yaraları varsa, zeytun yağında saxlayıb yemək yaraları sağaldır. Əncir mürəbbəsi isə qışda çox faydalıdır. Hər səhər 3 əncir mürəbbəsi yemək insanı soyuqlamadan qoruyur".

Rasim dayının sözlərinə görə, əncirin mövsümünün bitməsinə sayılı günlər qalıb: "Bir-iki həftədən sonra ağaclarda olan əncirlər şirələnəcək və quruyacaq. Sonra ağaclarda tək-tük qalır. Onu da sərçələr paralayıb yeyir. Kənd camaatı əncirdən qazandığı pulla qışa tədarük görür".

Satıcı kənd əncirinin niyə üstün olduğunu da açıqlayır. O bildirir ki, Nardaranın, Bilgəhin torpağı daha çox qumluq olduğu üçün burada yetişən əncirlərin xüsusi dadı olur: "Qum suyu canına daha çox çəkir. Deyirlər, əncir ağacına suyu çox verəndə dadsız olur, su dadı verir. Qum suyu özünə çəkdiyi üçün bizim əncirlər şirəli və şirin olur. Ona görə də Nardaran ənciri adla çağırılır".

Sonra Rasim dayıya təşəkkür edib, 1.70 satdığı əncirdən alıb uzaqlaşırıq. Həqiqətən Nardaran ənciri fərqliymiş…

643
Teqlər:
qəpik, satıcı, əncir, meyvə, bazar, manat, qiymət
Əlaqədar
Əncirin inanılmaz xeyiri: bu xəstəlikləri müalicə edir
Hər gün bu meyvəni yemək üçün yeddi səbəb var
Bir meyvədə bu qədərmi fayda varmış...
Quranda adı çəkilən meyvənin inanılmaz faydaları
Bu meyvə ürəyin dərmanıdır

Ölkədə koronavirusa yoluxma ilə bağlı son statistika açıqlandı

41
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

BAKI, 19 iyun - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. 1 014 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

Koronavirus bəlası

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

41

FHN Akademiyasında kursantlar üçün təlim-məşq keçirilib - VİDEO

12
(Yenilənib 17:15 19.06.2021)
Təlim-məşqin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

İyunun 18-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında "Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili" mövzusunda təlim-məşq keçirilib.

Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, akademiyanın kursantları üçün keçirilən təlim-məşq FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi tərəfindən təşkil olunub. Tədbir nəzəri və praktiki hissələrdən ibarət olmaqla iki mərhələdə təşkil edilib.

Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd kursantlara Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumatların verilməsi, həmçinin kursantların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır. B.Salayev təlim iştirakçılarına uğurlar arzulayıb, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələcəklərinə əmin olduğunu bildirib.

Tədbirdə çıxış edən FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev təlimin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması üçün əhəmiyyətindən danışıb. Həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsinin vacibliyini nəzərə çatdıran idarə rəisi bu cür təlimlərin kursantların qəza-xilasetmə işləri ilə bağlı biliklərinin artırılması və müvafiq vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. A.Quliyev, həmçinin cari ilin 15 iyununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" barədə məlumat verərək sənədin əhəmiyyətindən danışıb. Bu bəyannamənin iki qardaş ölkə arasında bütün sahələrdə münasibətləri ən yüksək səviyyədə davam və inkişaf etdirilməsinə şərait yaradacağını bildirib.

Təlim-məşqin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

Praktiki hissədə isə "zərərçəkmiş"lərin hündürlükdən təxliyəsi, şərti uçqun və sürüşmə baş vermiş ərazidə axtarış və xilasetmə işləri, nəqliyyat vasitəsində olan "partlayış təhlükəli əşya"nın kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexnik qrupu tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər şərti əməliyyatlar nümayiş olunub.

Təlimə 35 nəfər canlı qüvvə və 6 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub, xilasetmə alət və avadanlıqlarından istifadə edilib. Həmçinin, təlimdə XRXX-nin kinoloji qrupuna məxsus xüsusi təlim görmüş itlərdən də istifadə edilib.

12

XİN: Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır

0
(Yenilənib 18:06 19.06.2021)
Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda panel müzakirələri təşkil edilib.

BAKI, 19 iyun - Sputnik. "Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur".

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda təşkil edilmiş panel müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Buna misal kimi Bayramov ötən qış Rusiya qazının Azərbaycan ərazisindən keçməklə Ermənistana ötürülməsinə icazə verilməsini göstərib.

Ceyhun Bayramovun Antalya görüşləri - Rumıniya XİN başçısı ilə

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.

C.Bayramov Azərbaycan və Rumıniya arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd edib. İkitərəfli iqtisadi, humanitar, təhsil və s. istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazir, həmçinin həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında geniş məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olunub.

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku öz növbəsində Azərbaycan ilə münasibətlərin strateji tərəfdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Post-münaqişə dövüründə regionada baş verən proseslərə toxunan nazir Boqdan Auresku, demarkasiya və mina məsələləri üzrə danışıqların aparılmasının vacibliyini dilə gətirib. Nazir, həmçinin mina partlaması nəticəsində həyatını itirən jurnalistlərə görə dərin təəssüf hissi keçirdiyini ifadə edib.

Daha sonra B.Auresku ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib və bu xüsusda , Azərbaycan-Rumıniya Birgə Komissiyasının fəaliyyətinin vacibliyini qeyd edib.

Nazir Auresku bu il Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirərək, bununla əlaqədar həmkarını ölkəsinə səfər etməyə dəvət edib.

İraq XİN başçısı ilə görüş

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Ceyhun Bayramov iraqlı həmkarına Ermənistanın onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasəti və onun fəsadları, həmçinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatı, ərazilərin işğaldan azad edilməsi barədə məlumat verib. Nazir azad edilmiş ərazilərdəki vəziyyət, həyata keçirilən yenidən qurma işlərindən danışıb.

Ceyhun Bayramov ölkələrimiz arasındakı səmimi münasibətlərin təməlində xalqlarımız arasındakı tarixi, dini, mədəni bağların durduğunu qeyd edib. Azərbaycanın ədalətli mövqeyinə verilən dəstəyə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.

Fuad Hüseyn məlumata görə təşəkkürünü bildirərək, ölkələrimiz arasındakı münasibətlərin inkişafını qeyd edib. O, müharibədən əziyyət çəkən ölkə kimi İraqın müharibənin doğurduğu fəsadlara yaxşı bələd olduğunu, bu səbəbdən problemlərin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. Bu xüsusda, İraq naziri Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə olunmasını məmnunluqla qeyd edib.

Tərəflər həmçinin enerji, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüş

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, görüş zamanı Bağdad Amreyev Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini yüksək qiymətləndirib. O, Bəyannamənin bölgədə sülh, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyindən əminliyini vurğulayıb.

Görüş zamanı Türk Şurasının qarşıdan gələn Zirvə görüşünün təfərrüatları, o cümlədən yüksək səviyyəli tədbir çərçivəsində hazırlanacaq sənədlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Türk Şurasının gündəmində olan digər məsələr, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər barədə müzakirələr aparılıb.

Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir bu sənədin imzalanmasının Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərin nəticəsi olduğunu və əməkdaşlıq və müttəfiqlik nümunəsi olduğunu vurğulayıb.

Antalya Diplomatiya forum iyunun 18-dən 20-dək davam edəcək.

0