BAKI, 29 avqust — Sputnik. Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Ölkədə əhalinin içməli su ilə təminatının və bununla bağlı xidmətlərin yaxşılaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Аzərbаycаn Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, bu sahədə mühüm işlər görülüb.
Bu tədbirlərin davamı olaraq, Mingəçevir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi olaraq, həcmi 10000 kubmetr olan bir ədəd su anbarının tikintisinin tamamlanması, diametrləri 110-225 mm, uzunluğu 21,5 km olan paylayıcı su şəbəkəsinin, diametri 200-500 mm, uzunluğu 5,3 km olan kanalizasiya şəbəkəsinin, diametri 630-800 mm, uzunluğu 4,5 km olan magistral kanalizasiya kollektorunun tikintisi və ilkin mərhələdə görülmüş işlər nəticəsində sökülmüş 42200 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 9,5 milyon (doqquz milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, yanvarın 19-u axşamdan 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.