CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb bazarlığında olan valideynlər üçün "yol xəritəsi": nə, harda, neçəyə...

© Sputnik / Irade JELILMəktəbli ləvazimatlarının satışı
Məktəbli ləvazimatlarının satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəb ləvazimatlarının qiymətləri yerinə və keyfiyyətinə görə dəyişir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Yeni tədris ilinin başlanmasına çox az vaxt qalıb. Dərs ili yaxınlaşdıqca, ənənəvi olaraq valideynlərin və uşaqların da həyəcanı artır. Yeni dərs ili özü ilə məktəb həyəcanı ilə yanaşı, valideyn məsuliyyəti də gətirir. Hər bir valideyn çalışır ki, övladının ehtiyacı olan bütün məktəb ləvazimatlarını ala bilsin. Buna görə də, hər kəs büdcəsinə uyğun ləvazimat almaq üçün kimi ticarət mərkəzlərinə, kimi mağazalara, kimi isə bazarlara üz tutur.

Qiymətlər isə yerinə və keyfiyyətinə görə müxtəlifdir. Sputnik Azərbaycan-ın əməkdaşı da qiymətlərin hansı səviyyədə olduğunu öyrənmək üçün ən ucuz yer sayılan "8-ci km bazarı"na üz tutduq.

© Sputnik / Irade JELILMəktəbli ləvazimatlarının satışı
Məktəbli ləvazimatlarının satışı - Sputnik Azərbaycan
Məktəbli ləvazimatlarının satışı

Qeyd edək ki, bazarda bu il qiymətlər o qədər də baha deyil. Satıcı Kamran Quliyevin sözlərinə görə, bu il bazarda hər bir valideynin büdcəsinə uyğun məktəb ləvazimatı tapmaq mümkündür: "Bu bazar "kasıb təbəqə"nin bazarıdır. Ona görə də, hamı çalışır ki, onlara uyğun məhsul gətirsin. Mən də çalışmışam ucuz məhsul vurum".

Satıcı deyir ki, valideynlər bu il daha fəaldırlar. Yeni tədris ilinin başlanmasına 15 gün qalmasına baxmayaraq, satışlar bu il ötən il ilə müqayisədə daha yüksəkdir.

Bazarda məktəbli çantasının qiyməti 15 manatdan başlayır. Elə mağazalar var ki, orada daha keyfiyyətli çantalar 50-60 manata satılır. Ancaq satıcılar bizə 20-22 manatlıq çantaları məsləhət gördülər.

Digər satıcı Samir Əmiraslanovun dili ilə desək, o, bir qədər keyfiyyətli və bahalı məktəb ləvazimatı satır. Satıcı deyir ki, onun da öz müştəriləri var: "Ucuz malın keyfiyyəti də yaxşı olmur. Bu gün alırsan, 2 günə sıradan çıxır. Amma keyfiyyətli məhsul bir qədər baha olur. Yəqin özünüz də fikri vermişiniz: əvvəllər uşaq bir çantanı 3-4 il apara bilirdi. İndi dərs ilinin ortasında çanta sıradan çıxır. Çünki ucuz başa gəlsin deyə, keyfiyyətsiz materiallardan hazırlayırlar".

Müsahibimiz bildirir ki, keyfiyyətli, bahalı məhsullar Rusiyanın, Türkiyənin, ucuz məhsullar isə Çinin istehsalıdır: "Elə məhsullar var ki, Çinin olmasına baxmayaraq keyfiyyətlidir. Amma belə məhsulu tapmaq çox çətindir. Ən yaxşısı, bir qədər baha və keyfiyyətli məhsul alın".

Alıcılar da qiymətlərin bu il münasib olduğunu təsdiqləyirdilə. Nailə Süleymanovanın sözlərinə görə, övladı bu il birinci sinfə gedəcək. Onun üçün məktəbli forması da daxil olmaqla məktəb ləvazimatlarına 130 manat pul xərcləyib.

© Sputnik / Irade JELILMəktəbli ləvazimatlarının satışı
Məktəbli ləvazimatlarının satışı - Sputnik Azərbaycan
Məktəbli ləvazimatlarının satışı

"Qızım birinci sinfə gedir. Hər zaman bu günü gözləmişəm. Bütün nə ehtiyacı vardısa, aldım. Çox ucuz məhsullara üstünlük vermədim. Cəmi 130 manat xərcləmişəm. Amma məktəb başlayandan sonra da xərcləri olacaq. Kitablar, iş dəftərləri, testlər… Yəqin, bir 50-60 manat da onlar tutacaq" — valideyn deyir.

Digər valideyn Dürdanə Vəliyevanın övladları isə 3 və 4-cü siniflərdə oxuyurlar. Onun sözlərinə görə, uşaqlarına hələ məktəbli forması almayıb. Ancaq digər ləvazimatlara iki uşaq üçün 150 manat xərcləyib: "Məktəbli formalarını, digər kitabları aldıqdan sonra yəqin ki, ümumi xərcim 400 manat olacaq".

Vəliyeva deyir ki, uşaqları məktəb ləvazimatı üçün tətil boyu pul yığıblar: "Bizim kiçik mağazamız var. Uşaqlar atalarına kömək edib, özləri üçün pul yığıblar. Ona görə də, nə istədilərsə, ala bildim".

Samirə Abdullayeva isə bazardakı qiymətlərdən narazıdır. Dediyinə görə, 4 övladı məktəbdə oxuyur və onların ləvazimatlarının hamısını çatdırıb ala bilmir: "Elə formaları 250-300 manat pul edir. Çantaları, ən ucuz alsam, 100 manata başa gəlir. Məcbur oluruq, hər şeydən iki dənə alırıq. Növbə ilə aparırlar".

Abdullayevanın sözlərinə görə, kitablar məktəb tərəfindən verilsə də, test kitabları, iş dəftərləri kitablardan baha başa gəlir.

Daha sonra "28 may" metro stansiyası yaxınlığında ticarət mərkəzinə baş çəkdik. Bazarla müqayisədə, burada qiymətlər arasında 30 qəpik-1 manat fərq var. Şəhərin mərkəzində olan məktəb ləvazimatları mağazalarında isə qiymətlər bir qədər də yüksəkdir. Satıcıların sözlərinə görə, keyfiyyət yüksək olduğu üçün qiymətlər bazar qiymətlərindən fərqlənir.

Ümumiyyətlə bazarda, ticarət mərkəzlərində, metro çıxışlarında olan qiymətlərə nəzər salanda, sadə qələm 20-40 qəpik, 12 vərəqli dəftər 20-30 qəpik, qələm 30 qəpik-1 manat, dəftər üzü 30-80 qəpik, kitab üzü 30-90 qəpik, rəngli qələm 1,50 qəpik —8 manat, xətkeşlər 6-qəpik-2 manat, rəsm albomu 2-7 manat (vərəq sayından asılı olaraq), yapışdırıcı 50 qəpik —2 manat, pozan 30 qəpik-2 manat, qələmyonan 60 qəpik-3 manat, plastilin 1-3 manat, flomaster 2-5 manat, dəftərlər 50 qəpik-1 manat 30 qəpik, gündəlik 1,50 manat-3 manat, sirkul 3-6 manat, panel 5-8 manatadır.

Orta hesabla bir uşağın məktəb ləvazimatları 120-200 manat başa gəlir.

Xəbər lenti
0