İclas

Vətəndaşlara sentyabr işarəti: az qaldı!

4976
(Yenilənib 23:07 06.09.2017)
Hələ gözləyin görək, sehrli qutudan nə çıxacaq...

BAKI, 28 avqust — Sputnik. Müqayisənin özü yanlış olsa da, yenə maariflənmək baxımından diqqətə almaqda fayda var. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində, hər hansı bir dəyişikliyin, yeniliyin qərarı, ən azı 10-15 il əvvəldən verilir.

Tutalım: "Ay camaat, 10 il sonra pensiyaların hesablanması qaydasında filan dəyişiklik olacaq, indidən işinizi bilin, addımlarınızı ona görə atın".

Və ya: "Ey vətəndaş, 2030-cu ildən etibarən, icbari tibbi sığorta sistemi ləğv edilib, əvəzində döyə-döyə həkimə aparma sistemi tətbiq olunacaq, hazırlaşın".

Ya da ki: "Qarşıdakı 15 ildə nə dərdiniz-azarınız varsa, həll edin, 2032-ci ildən o yana heç kimə bir sent də əmək haqqı ödənilməyəcək".

Beləcə, əhali xəbərdar edilir, verilən qərara hazır olmaları üçün uzun zaman tanınır. Üstəlik həmin qərarın cəmiyyətdə buraxacağı təsir, ortaya çıxaracağı nəticələr yüz dəfə ölçülüb-biçilir. Qərarın icrasına başlamazdan, hətta əksər hallarda qərar verilməzdən öncə, vətəndaşlar arasında sorğular keçirilir, eksperimentlər aparılır, müəyyən testlər edilir.

Ki, bu qədər əhəmiyyətli qərar qəbul edilir, bəlkə heç effektli olmayacaq, nəticə verməyəcək, yaxud zərərli nəticələr doğuracaq, filan. Amma bizdə…

Günün birində filankəs çıxıb deyir ki, "Bu gündən etibarən filan universitetin diplomu tanınmayacaq". Bəhs etdiyi universitet də 20 ildir fəaliyyət göstərir, bu müddətə 5 nəsil yetişdirib, minlərlə insana diplom verib. Amma nolsun, diplom tanınmayacaq, vəssalam, gedin təzədən başqa yerdən diplom alın.

O biri gün başqa filankəs buyurur ki, "Bəs, dünəndən etibarən, ağ rəngli avtomobillərin cərimə meydançasına daşınmasına başlanıb, kimdə ağ rəngli avtomobil görsək, cəzalandıracağıq". Yəni, dünən verilən və həmin andan da qüvvəyə minmiş sayılan qərardan "xəbərim yoxdur" deyən özündən küssün. Canın çıxsın, gecə ilə "texpasportu" təzələ, maşının rəngini dəyişdir, ya da başqa rəngli avtomobil al.

Növbəti filankəsin açıqlaması da diqqətədəyərdir: "Milli Məclisin sabahkı plenar iclasında qanun qəbul olunacaq (bəli, qəbul olunacağından və 2 gün sonra qüvvəyə minəcəyindən əmindir – red.) ki, 71 yaşını keçən vətəndaşa pensiya ödənilməsin, o yaşdan sonra pul nəyinə lazımdır adamın!". Haqsız da deyil, hələ 71-ə çat da, gerisini sonra düşünərsən.

Və beləliklə, gəldik sonuncu filankəsə. Bu günlərdə ölkə gündəmini silkələyən şəxslərdən biri Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə oldu. Rusdilli olmasının yaratdığı imkandan məharətlə yararlanaraq, kifayət qədər müəmmalı, suallarla dolu açıqlama verən xanım Abbaszadənin dediyindən iki şey anlaşıldı:

1) Test üsulu ləğv ediləcək;

2) Test üsulu ləğv edilməsə belə, nəsə köklü dəyişiklik olacaq.

Ən önəmli məqam da ondan ibarətdir ki, bu iki variantdan hər hansı biri 10 il sonra deyil, gələn ildən etibarən baş verəcək. Camaatın buna hazırlaşmağa çox vaxtı varmış kimi, Məleykə xanım məsələnin daha ətraflısını da sentyabra saxladı.

Doğrusu, mən bu hadisədə narahat olan deyil, sevinən tərəfdə oldum. DİM rəhbəri, sözügedən açıqlamanı 2018-in may ayında versəydi və desəydi ki, "hələ bir ay vaxtınız var, yeniliyə hazırlaşın", onda neynəyəcəkdik? Edə bilərdimi? – Edərdi!

"Tak çto", əziz məktəblilər, ali təhsil arzusunda olanlar və onların valideynləri! Geridə buraxdığınız 10 ili yaşanmamış sayın. Elə bilin ki, o müddətdə heç məktəbə getməmisiniz, nəinki hazırkı test üsuluna hazırlaşmısınız. Hələ gözləyin görək, sentyabrda İo Kio Babanın sehrli qutusundan nə çıxacaq, ondan sonra birtəhər başınızın çarəsinə baxarsınız…

4976
Teqlər:
filankəs, zaman, nəticə, test, vətəndaş, insan, qərar, cəmiyyət
Əlaqədar
“Test üsulunda yeniliklərə zərurət var”
Universitetə qəbul planı və test üsulunun ləğv edilməsi təklif olunur
Tarif Şurası test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirəcək
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib