BAKI, 25 avqust — Sputnik. Nəhayət, paytaxt rəhbərliyi əlilliyi olan insanların şəhərdə hərəkəti məsələsini həll etmək niyyətindədir. Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayevin Sputnik Azərbaycan-a dediyinə görə, əlilliyi olan insanlar üçün Bakının beş rayonunda sensor işıqforları, panduslar və digər xüsusi avadanlıqlar quraşdırılacaq, səkilərin hündürlüyü dəyişdiriləcək.
BNA bütün bu yenilikləri yaxın zamanlarda gerçəkləşdirməyi düşünür. Ağayevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev agentlik təsisi edildiyi zaman, şəhər nəqliyyat infrastrukturunun qaydaya salınmasını tapşırıb. Bu məqsədlə BNA-nin yol hərəkətinin təşkili şöbəsi paytaxt yollarının əlilliyi olan insanların hərəkəti üçün nə dərəcədə yararlı olduğunu aydınlaşdırmaq məqsədilə şəhər yollarının vəziyyətini araşdırıb.
"Nəticədə, əlil arabasında olan şəxslər üçün şəhərdə sərbəst hərəkət etmək çətin olduğu müəyyənləşib. Bunu siz özünüz də görə bilərsiniz" – deyə agentliyin nümayəndəsi bildirib.
Şəhər küçələrində pandusların demək olar ki, olmadığını təsdiqləyən M.Ağayev, eyni zamanda, bunu bir an içində dəyişməyin mümkünsüz olduğunu söyləyib. İlkin mərhələdə yolların yenidənqurulması Bakının beş rayonunu əhatə edəcək. Şəhər prospektlərinin və yollarının gələcəkdə necə olacağını Yasamal rayonunun yenilənmiş "Sovetski" adlanan məhəlləsinin timsalında görmək olar.
Layihəyə əsasən, şəhərdə səkilərin, hündürlüyü və eni eyni olacaq, işıqforların yanındakı piyada zolaqlarının əvəzinə bütün dünyada olduğu kimi, qısa perpendikulyar xətlər çəkiləcək, görmə qabiliyyəti zəif olan piyadalar üçün xüsusi yer yönləndiriciləri və "səsli" işıqforlar quraşdırılacaq. Ən ideal halda, artıq bir neçə ildən sonra əlilliyi olan insanlar şəhərin bir başından digər başına özləri çata biləcəklər.
Hətta yeraltı keçidlərdə xüsusi qaldırıcı qurğuların quraşdırılması nəzərdə tutulur. Hal-hazırda orada mövcud olan panduslar heç bir standartlara cavab vermir və əlil arabasında şəxslər digər insanların köməyi olmadan onlardan istifadə etmək iqtidarında deyillər. Yeraltı keçidlərin sərt (sıldırım) çıxışını nəinki əlilliyi olanlar, hətta uşaq arabalı qadınlar belə, qət edə bilmirlər.
Əslinə qalsa, əlilliyi olanların Bakıda hərəkəti problemi onilliklərlə var. Avropa şəhərlərindən fərqli olaraq, paytaxtımızda əlilliyi olan insanlar ömürlərini dörd divar arasında keçirməyə məhkumdurlar. Sərbəst olaraq hərəkət edə bilməyən bir adam, mənzili tərk etdikdən dərhal sonra pilləkən qarşısında çıxılmaz vəziyyətə düşür.
Möcüzə baş verərsə və əlilliyi olan şəxs dayanacağa çatarsa, onu daha bir sınaq gözləyir – avtobusa necə minməli? Paytaxtda yalnız "BakuBus" avtobusları fiziki imkanları məhdud insanların minməsi üçün yararlıdır. Burada başqa bir problem də var: sürücülər bəzən nəqliyyatı səkilərdən xeyli aralı saxlayırlar və əlilliyi olanların avtobusa minməsi mümkün olmur.
Digər şəhər avtobuslarıni isə ümumiyyətlə utilizasiya etmək lazımdır. Bunu BNA-dan də söyləyirlər. Müəssisədə bu cür sınıq-salxaq avtobusların artıq 2018-ci ilə qədər, nəqliyyat vasitələrinin utilizasiya proqramı işə düşdüyü zaman yollardan yığışdırılacağına söz verirlər.
Avtobuslarla olduğu kimi, metronun da əlilliyi olan insanlar üçün olmadığı hamıya məlumdur. Hələ ötən əsrdə tikilən stansiyalarda lift deyilən şey yoxdur. Amma bu, təkcə həmin stansiyalara aid deyil. Bu, hətta 2000-ci ildən sonra təhvil verilən metro stansiyalarına da aiddir.
Lakin Mais Ağayevin dediklərinə görə, tezliklə Bakı şəhərinin mərkəzi, fiziki məhdudiyyətləri olan insanların sərbəst hərəkəti üçün uyğunlaşdırılacaq, daha sonra isə paytaxtın kənar rayonları da əlilliyi olan insanlar üçün rahat yollarla təmin ediləcək.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.