CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət başçısı iki rayona pul ayırdı

Abunə olmaq
Prezident İlham Əliyev iki vacib sərəncam imzalayıb

BAKI, 22 avgust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Gədəbəy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 103,4 dəfə, əsas kapitala yönəldilmiş vəsait 68,5 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 71,0 dəfə artmış, filiz emalı zavodu, mineral sular və limonad istehsalı zavodları, digər iri istehsal və emal müəssisələri yaradılmış, Rayon Mərkəzi Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, "Aşıqlar evi", Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 2 yaşayış binası, Avtovağzal Kompleksi inşa edilmiş, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, avtomobil yolları çəkilmiş, körpülər salınmış, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Prezident yüksək çinli məmuru mükafatlandırdı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Dövlət başçısı Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində Şəmkir rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Şəmkirçay su anbarı, Su-Elektrik Stansiyası, xalça toxuma müəssisəsi, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı və Bayraq Muzeyi Kompleksi, Gənclər Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 60 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir edilmiş, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 18 mindən çox yeni iş yeri açılmış, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə ötən əsrdə inşa edilmiş və qəzalı vəziyyətdə olan ikimərtəbəli 5 binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Xəbər lenti
0