Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Təhsil ekspertindən xəbərdarlıq: bataqlıqdan qurtulun

501
Yoxsa 1912-ci ildəki ən bahalı Titanik gəmisinin sərnişinlərinin taleyini yaşayacaqsız

İradə Cəlil

BAKI, 19 avqust — Sputnik. Təəssüf ki, ali təhsil almaq mentalitetimizin əsas bəlalarından birinə çevrilib. Minlərlə insan gələcək həyatında heç bir rola malik olmayacaq 2 rəngli vərəqdən ötrü (diplom) çox şeyi qurban verib, verir və verəcək. Halbuki, o vərəqlər olmadan da uğura nail olmaq mümkündür.

1991-ci ildə gözəl məmləkətimiz müstəqillik əldə etdikdən sonra ölkəmizdə təhsil də müstəqillik qazandı. Təhsildən az-çox başı çıxanlar bir bina kirayələyib, 3-5 müəllimi işə götürüb, universitetlər açmağa başladılar. Məşədi İbad demişkən: üç manat pul, bir kəllə qənd…

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, müstəqilliyimizin geridə qoyduğumuz 26 ilində onlarla yeni universitet açılıb, bağlanıb: "Onlar, özlərinin maddi qazancları məqsədi naminə yüz minlərlə insanın gələcəyi, taleyi ilə oynadılar. Hələdə minlərlə insanın ABU ilə problemi davam edir. 2014-cü ilə qədər kimlərsə xarici ölkələrə və ya daxildə hansısa universitetlərə qəbul olurdu. Sonradan isə qeyri-şəffaf olan proseslə universitetini – ixtisasını dəyişirdi. Təbii ki, bu zaman əsassız tələblər olurdu və bunu yerinə yetirənlərə yaşıl işıq yanırdı, yerinə yetirməyənlər, maddi imkanı çatmayanlar isə arzularına çata bilmirdilər".

Ekspert bildirir ki, universitetin fəaliyyətini dayandırması normal haldır: “Bu, bir sıra səbəblərdən ola bilər. Bildiyiniz kimi, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirmişdi. Bu təhsil ocağında təhsil alanların taleyi ilə bağlı aiddiyati qurumlar qanunvericilik çərçivəsində lazimi addımları atdılar. Lakin bir neçə gün öncə məlumat yayıldı ki, bəs bağlanma ilə bağlı xəbərin əsası yoxdur. Lap yaxşı. Amma reallıq nədir? Niyə konkret olaraq həmən təhsil müəssisəsi çıxıb tələbələrin taleyinə sahib çıxmır? İndi onlar fəaliyyət göstərirmi? Biri deyir ki, hə, o biri deyir ki, yox. Son bir həftə ərzində ümumilikdə bütün ali təhsil müəssisələrində təhsil alan tələbələr, onların valideynləri övladlarının universitet, ixtisas dəyişmələri ilə bağlı mənə müraciət edib. Onlar arasında "Təfəkkür" Universitetinin tələbələri də var. Bilirsiz, kimlərinsə maddi və ya kommersiya fəaliyyətinə maneə olmaq, qarışmaq istəmirəm, amma burda insan taleyindən söhbət gedir. İnsanlara təminat vermək lazımdır. Ortada problemli situasiya var. Yenidən ABU-nun, Moskva Açıq Universitetinin Azərbaycan filialının və s fəaliyyəti dayanmış universitetlərin yaşadığı təkrar oluna bilər"

Əsədov bildirir ki, tələbələr, hansı universitetdə, ixtisasda təhsil almasından asılı olmayaraq, əgər həmən yerdən narazıdırsa, heç bir pul ödəmədən, məmurla ünsiyyət qurmadan, problemsiz şəkildə transfer.edu.az saytında qeydiyyatdan keçib arzularını reallaşdıra bilər: "Məhz bütün təhsil müəssisələrinin tələbələrinə imkan yaradılıb ki, avqust ayının 22-sinə qədər "bataqlıqdan" xilas olsunlar. Bundan artıq sizə kim şərait yaradacaq: buyurun şəffaf, obyektiv, heç bir məmurun üzünü görməyəcəyiniz sistemdən istifadə edib normal təhsilinizi davam etdirin. İki ildir ki, ali təhsil, orta ixtisas təhsili alan, amma oxuduğu yerdən narazı qalanalar bu portal vasitəsi ilə problemlərindən xilas olurlar. Əgər gəmi batırsa, kapitan özünü gizlətdiyi qayığa minib xilas edəcək, taleyi şübhə altına alınacaq sərnişinlərdir. Ona görə də, siz əgər təhsil aldığınız "gəminin" batdığını görürsünüzsə, transfer.edu.az-da qurtuluş biletinizi alıb xilas olun. Yoxsa 1912-ci ildəki ən bahalı Titanik gəmisinin sərnişinlərinin taleyini yaşayacaqsız".

501
Teqlər:
Moskva Açıq Universiteti, ABU, təhsil eksperti Kamran Əsədov, "Təfəkkür" Universiteti, Təhsil Nazirliyi
Əlaqədar
Təhsil ekspertindən DİM-ə: "Öz gözlərindəki tiri görmürlər"
Millət vəkili təhsil haqlarına görə naziri topa tutdu
Azərbaycan təhsilində inqilabi dəyişiklik
Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?
Azərbaycanın təhsil ocağı dünya reytinqində ən yaxşılar arasında yer aldı
Azərbaycan Ordusunun hərbi qulluqçusu, arxiv şəkli

Azərbaycanda yaşayan etnik icma rəhbərləri: Qələbə bizimdir!

23
Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad olunması, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına, Azərbaycanın tarixi torpaqlarına qayıtması uğrunda aparılan müqəddəs mübarizədən heç vaxt kənarda qalmayıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasında yaşayan etnik icma rəhbərləri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı bəyanat imzalayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olmuş bəyanatda bildirilir:

"Bu ilin 27 sentyabr tarixində Ermənistan növbəti hərbi təcavüzə əl ataraq, atəşkəs rejimini kobud şəkildə pozub, təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdur. Azərbaycanın cavab həmlələri nəticəsində ciddi tələfat verən düşmən növbəti siyasi-ideoloji təxribata əl atır, Azərbaycan Respublikasının guya döyüş əməliyyatlarına müxtəlif xalqların nümayəndələrinin zorən gəlb etməsi barədə çirkin məlumat yaymışdır. Onu da yaxşı bilirik ki, Azərbaycanda yaşayan xalqlar arasında əsrlər boyu davam edən sarsılmaz dostluq və qardaşlıq münasibətləri, onların vahid və bölünməz vətən naminə həmrəyliyi özünün sərsəm iddiaları ilə monoetnik dövlətə çevrilən irqçi Ermənistanda həmişə qısqanclıq və qıcıq hissi ilə qarşılanır. Çünki Vətənimiz Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də Azərbaycanın milli ordusunun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə, minlərlə nümayəndələri - əsgər və zabitləri vardır. Odur ki, terrorçu Ermənistan və onun havadarları münaqişənin ilk dövrlərindən etibarən Azərbaycan xalqları arasında münasibətləri pozmağa, etnik, dini zəmində süni qarşıdurmalar yaratmağa çalışmış və bu istiqamətdə pozuculuq fəaliyyətini indi də davam etdirməkdədir.

Lakin onların bütün çirkin və mənəviyyatsız oyunları həmişə olduğu kimi bu gün də uğursuzluqla nəticələnir. Ermənistanın dövlətimiz üçün əlavə gərginlik mənbələrinin yaradılmasına yönəldilmiş təxribat cəhdləri sıralarımızı daha da möhkəmləndirir, bizi bir-birimizə bağlayan qardaşlıq tellərini daha sarsılmaz edir. Ermənistanın özünü Azərbaycanda yaşayan xalqların "dostu və himayədarı" kimi təqdim etməsi isə riyakarlıqdan başqa bir şey deyildir. Biz Ermənistanın növbəti çirkin böhtan kampaniyasını qətiyyətlə pisləyir və bir daha bəyan edirik: İşğalçı və marionet Ermənistan dərk etməlidir ki, Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad olunması, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına, Azərbaycanın tarixi torpaqlarına qayıtması uğrunda aparılan müqəddəs mübarizədən heç vaxt kənarda qalmamışdır.

Biz etnik və dini mənsubiyyətimizdən asılı olmayaraq, Azərbaycan əsgərlərinin döyüş bölgələrində uğurlarına sevinəndə, şəhidlərimizə göz yaşları tökəndə onların etnik mənsubiyyətini soruşmuruq. Biz ürəkdən inanırıq və əminik ki, tezliklə Azərbaycanın rəşadətli ordusu üçrəngli bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaq, şəhidlərimizini qisasını alacaq və mənfur düşmən üzərində böyük qələbə sorağı ilə bizi sevindirəcəklər. Azərbaycan əsgərlərin isə hansı xalqa məxsus olmalarının, hansı dildə danışmalarının və hansı dinə tapınmalarının heç bir əhəmiyyəti yoxdur. Çünki, Azərbaycan bizim doğma Vətənimiz, Azərbaycan Respublikası bizim də dövlətimizdir. Onun hər qarış torpağı Azərbaycan xalqları üçün müqəddəs və əzizdir. Qələbə bizimdir!

İmamverdi Həmidov - Talış icmasının ağsaqqalı

Əhməde Həpo - Kürd icmasının ağsaqqalı,

İmran Rzayev - "Samur" Ləzgi Milli Mərkəzi,

Məhəmməd Nooyev - Azərbaycan-Avar İctimai Birliyinin sədri,

Mixail Zabelin - Azərbaycanda Rus İcması

Elman Əhmədov - "Azəri" tat mədəniyyət mərkəzi ictimai birliyi

Milix Yevdayev - Bakı Dağ Yəhudiləri Dini İcması

Robert Mobili - Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması

Aleksandr Şarovski - Avropa Yəhudilərinin Bakı Dini İcması

Rafiq Abdullayev - "Buduq" Xeyriyyə Cəmiyyəti

Gülcan Miəsautova - "Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyəti

Ismayıl Rəhimov - Azərbaycanda Yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyi

Sevinc Bulacova - İngiloy İcması

Rafael Qvaladze - Azərbaycanda yaşayan Gürcü İcması

23
Noutbuk arxasında kişi, arxiv şəkli

Nazirlikdən internet istifadəçilərinə xəbərdarlıq

112
Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər.

 

BAKI, 28 sentyabr — Sputnik. Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bu təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, son vaxtlarda ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin açıqlamasına bildirilir. Məlumatda həmçinin deyilir ki, bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir. "Məhz bu dövrdə hər birimizin kibertəhlükəsizlik məsələsinə xüsusi həssaslıqla yanaşması və kibertəhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırır:

Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin. Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın. Sosial şəbəkə hesablarınızın təhlükəsizliyini qoruyun. İki faktorlu təsdiqləmədən və güclü parollardan istifadə edin. Daha ətraflı: https://cert.az/…/diqqetsosial-media-hesablarinizin-tehluke…

"Wi-Fi" şəbəkənizin təhlükəsizliyini qoruyun və vaxt itirmədən müvafiq sazlamaları aparın. Daha ətraflı: https://cert.az/…/diqqet-wi-fi-sebekenizin-tehlukesizliyini…

Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin.

Hər yayılan məlumata etimad edib ani hərəkət etməyin. Aldığınız hər bir bildirişə şübhəylə yanaşın və həqiqiliyini rəsmi mənbədən yoxlayın.

Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, internetə qoşulan hər bir qurğu özlüyündə kibertəhdid təşkil edir.

Standart istifadəçi adı və parollardan, o cümlədən zəif parollardan istifadə etməyin. Təxirə salmadan, bu cür parolları dəyişin. Proqram təminatlarını mütəmadi yeniləyin və antivirus proqramlarından istifadə edin. Mütəmadi olaraq kibertəhlükələr və onlardan qorunma yolları barədə özünüzü və ətrafınızdakıları maarifləndirin. Qeyd edək ki, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir!

Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı, "1654" qaynar xətti və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin", - deyə açıqlamada qeyd olunub.

112
Əlaqədar
Ölkədə təhsil böhranı yaşanır, internet problemi isə hələ də həllini tapmayıb
Səfərbərlik Xidməti çağırışçılara müraciət etdi
Məktəbdə tədris prosesi

Hərbi vəziyyətdə təhsilə necə davam edəcəyik - Nazirlik aydınlıq gətirir

2
Cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Bu gün saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib. Qanunvericilikdə hərbi vəziyyət dövründə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər. Bu tədbirlər sırasına rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi və təhsil müəssisələrinin iş rejiminin dəyişdirilməsi, yaxud fəaliyyətinin dayandırılması da daxildir. Qeyd edək ki, bu tədris ilindən koronavirus pandemiyasına görə, ali təhsil müəssisələrində tədris tamamilə onlayn, orta təhsil müəssisələrində isə hibrid təşkil olunur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması nəticəsində bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması ilə əlaqədar artıq dünəndən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edir. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edilir. Sputnik Azərbaycan belə bir şəraitdə onlayn dərslərin necə davam etdiriləcəyini, mövcud problemdən çıxış yollarını arayıb.

Təhsil Nazirliyi yanında İçtimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkəmiz müharibə şəraitindədir, amma bununla belə təhsil unudulmamalıdır: "Müəyyən dəyərlər sistemi var. Bu dəyərlərdən biri də təhsildir. Amma sağlamlıq tamamilə başqa bir dəyərdir. Sağlamlıq təhsildən öndə durur. Pandemiya və müharibə şəraiti müvəqqətidir. Əminəm ki, biz bu iki müharibədən qalib çıxacağıq. Düzdür, bu gün internetə məhdudiyyətlərin tətbiq edilməsi təhsilimizin onlayn da olsa davam etdirilməsini əngəlləyir. Təhsilimizdə bir sınma dövrü müşahidə olunur. Amma bu çox müvəqqətidir. Həmçinin də nəzərə alaq ki, boş bir məsələyə görə sınmır. Torpaqlarımızın bütövlüyü naminə sınır, axsayır. Əminəm ki, Azərbaycanın təhsil ictimaiyyəti, Azərbaycan müəllimi bu çətin dövrü də arxada qoyacaq. Təbii ki, belə bir vəziyyətdə dərslərin onlayn davam etdirilməsi mümkün deyil. Ona görə də, şagirdlər ancaq televiziyalardan "Dərs vaxtı"nı izləyə bilərlər. Qeyd edim ki, teledərslər Təhsil Nazirliyi tərəfindən məhz internetin olmadığı şərait üçün yayımlanır. "Teledərslər"in şagirdlərə istiqamətverici təsiri var. Ona görə də, hazırda çıxış yolu televiziyadan yayımlanan dərsləri izləməkdir. Amma bununla belə, müəllimlər də öz şagirdləri ilə əlaqə 

saxlamalı, dərsdə başa düşməyən məqamları onlara izah etməlidirlər. Demək olar ki, hazırda təhsilin davam etməsi üçün yeganə çıxış yolu budur".

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "ARB Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur: "Ötən gündən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və xüsusilə də mülki əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Belə ki, cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Cəbhə bölgəsindən gələn qələbə xəbərləri münasibətilə xalqımızı təbrik edir, igid Azərbaycan əsgərinə "Zəfər sənindir!" deyirik".

Məlumat üçün bildirək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Xatırladaq ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olması, bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması nəzərə alınaraq, sentyabrın 28-də saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib.

2