Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива

Yol polisinin reydləri dərəcədə qanunidir?

213
(Yenilənib 18:16 18.08.2017)
Vaqif Əsədov: “Qanun müzakirə edilə bilməz”

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Sürücü nəqliyyat vasitəsinə əyləşib, ancaq təhlükəsizlik kəmərini bağladıqdan sonra hərəkətə başlamalıdır. Qanun belə deyir və kəməri bağlamadan hərəkətə başlayan sürücü 40 manat məbləğində cərimə edilir. Amma bu qanunla razılaşmayan sürücülər də az deyil. Ötən günlərdə Qaxın İlisu kəndində Qax rayon Yol Polisi reydlər keçirib. Reydlər zamanı yüzlərlə sürücü saxlanılaraq, yoxlanıb, qayda pozan sürücülər cərimə edilib. Sürücülər polisin istirahət mərkəzindəki bu reydlərini qanunsuz hesab edib və narazı qalıblar.

Amma Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, reydlər əsassız şəkildə keçirilmir. Hər bir reyd üçün xüsusi tapşırıq olur: "İstirahət mərkəzlərinə gedən yolların hansı vəziyyətdə olduğunu yəqin ki, bilirsiniz. Bir neçə gün öncə Novxanı yolunda iki avtomobil toqquşub, nəticədə iki nəfər ölüb, 5 nəfər də xəsarət alıb. İstirahət mərkəzləri istiqamətində hərəkət edənlər surət həddini xeyli keçirlər, həmin ərazilərdə bəzi şəxslər avtomobil idarə etməyi öyrənirlər, spirtli içki qəbul edərək sükan arxasına oturanlar, içkili olduğuna görə və yol polisinin cəzasından yayınmaq naminə avtomobili sürücülük vəsiqəsi olmayan şəxslərə etibar edənlər olur. Məsələn, sərxoş sürücü sükanı sürücülük vəsiqəsi olmayan xanımına etibar edir və belə düşünür ki, yanındakı sərxoş deyilsə, o avtomobil idarə edə bilər. Bütün bu halların qarşısını almaq üçün nəzarət gücləndirilib. Sürücülər çimərliklər, bağ sahələri, istirahət mərkəzləri istiqamətində hərəkət edərkən diqqətli olmalı, surət həddini minimuma endirməli, ara məsafə saxlamalı, isti hava şəraitində belə yollarda hərəkət etməməli, sükan arxasında telefonla danışılmamalıdır".

V. Əsədov deyir ki, dünyada istismara buraxılan nəqliyyat vasitələri kəmərlə buraxılırsa və təhlükəsizliyin təmin edilməsi, eyni zamanda baş verə biləcək yol qəza hadisələrində təhlükəsizlik kəmərlərinin rolu və bununla bağlı konkret sübut edilmiş detallar varsa, kəmər məsələsi müzakirə edilməməlidir: "Əgər sürücülər bu qanunla razılaşmırlarsa, buyursunlar məsələ qaldırsınlar ki, təhlükəsizlik kəmərlərinin yaşayış məntəqələrində istifadə edilməməsi haqqında qanunda dəyişiklik edilsin. Biz yol polisi olaraq qanunlara riayət edilməsinə nəzarət edirik".

V. Əsədov deyir ki, sürücü polis tərəfindən inzibati xətaya görə məsuliyyətə cəlb edilirsə, haqlı-haqsız narazılığa səbəb olacaq: "Çünki biz cəzalanmağı sevmir, qisas almağa çalışırıq. Bu gün sürücü istər yaşayış məntəqəsi daxilində, istər yaşayış məntəqələrindən kənarda, istər istirahət mərkəzləri üçün ayrılmış böyük ərazilərdə təhlükəsizlik kəməri bağlamadan saatda 20 ilə olsa belə hərəkət edirsə, həmin sürücü polis tərəfindən inzibati xətaya görə cərimə edilirsə və sürücü buna razı deyilsə, bu açıq-aşkar sürücünün ərköyünlüyüdür. Qanun müzakirə edilə bilməz. Sürücü harada olursa olsun, avtomobili hərəkətə gətirməzdən əvvəl təhlükəsizlik kəmərini bağlamalıdır".

V. Əsədov qeyd edir ki, bu gün bütün brendlərin ən son istehsalı olan avtomobilləri Azərbaycanda var: "Bu, yaxşı göstəricidir. Ölkədə hər 7 nəfərdən birinə 1 avtomobil düşür. Qanun isə deyir ki, kəmər varsa, istifadə edilməlidir. İstər avtomobil 20 ilə, istərsə də 100 ilə hərəkət etsin, kəmər taxılmalıdır. İndiki müasir avtomobillərdə kəmər taxılmırsa, içəridə qırmızı rəngli işıq yanır və avtomobil səs siqnalı verir. Bu zaman sualım narazı sürücülərədir: Siz avtomobil konstruksiyasından çox bilirsiniz? Bu dünyada belə qəbul edilib. Təhlükəsizlik kəmərlərindən istifadə baş verəcək qəzalarda 70 faiz sağ qalmaq deməkdir. Hadisə olanda, bir anlığa olur. Kimsə deyə bilməz ki, 20 surətlə hadisə ola bilməz. Əgər adi, qapalı meydançada heç kim olmadan avtomobil sürməyi öyrənirsənsə kəmər vurmaya bilərsən. Fikir vermisinizsə, xaricdə çəkilən filmlərində belə. avtomobillərdə kəmərin bağlanması təbliğ edilir".

Sonda Əsədov sürücülərə müraciət etdi: "Hörmətli sürücülər bu məsələnin həlli 40 manat ödəməkdən deyil, kəmər bağlamaqdan keçir. Sizdən xahiş edirik ki, qanunları müzakirə etmədən onlara riayət edin ki, yol polisi ilə sürücülər arasında narazılıq yaşanmasın!"

213