Ət satışı, arxiv şəkli

Nazirlikdən ətin bahalaşmasının özünəməxsus izahatı

2638
Kənd Təsərrüfatı Nazirliyi deyilənlərlə razılaşmır

BAKI, 18 avqust — Sputnik. Ötən ildən başlayaraq ölkədə ətin bahalaşması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Devalvasiyadan əvvəl 7 — 7,50 manata, devalvasiyadan sonra 10,50 manata təklif edilən dana əti hazırda 12 manata, devalvasiyadan əvvəl 9 manata, devalvasiyadan sonra 11 manata təklif edilən qoyun əti isə hazırda 13 manata qədər bahalaşıb.

Fermerlər bunu otun bahalaşması ilə əlaqələndirir. Biçin mövsümü olmasına baxmayaraq, ot bağlamasının qiymətlərində də artım müşahidə edilir. Onlar deyir ki, 2 — 2,50 manata satılan ot bağlamasının qiyməti hazırda 4,50 manatadır. Eyni zamanda, sahələrdə yoncanın yetərincə olmadığını bildirirlər. Bunu əsas gətirən fermer süd istehsalının da sərfəli olmadığını qeyd edir. Belə ki, fermer 1 litr süd üçün bağlaması 4,50 manata olan otun alınmasının sərfəli olmadığını bildirir. Qeyd edək ki, yerli istehsal azaldığından, bu ilin birinci altı ayında ət idxalı iki dəfə, süd və süd məhsulları idxalı 60 faiz artıb. Yerli istehsal azalmaqda, qiymətlər bahalaşmaqda davam edir… 

Kənd Təsərrüfatı Nazirliyi isə bütün deyilənlərlə razılaşmır. Nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev Modern.az-a deyib ki, otun ilk biçin vaxtında müəyyən çətinlik olub: "Yonca, arpa, buğda biçinindən sonra problem aradan qalxdı. Hazırda kəndlinin otla bağlı problemi yoxdur. Mövsümün sonuna qədər fermerlərin ot tədarük etmək imkanları var".

Süd istehsalının baha başa gəlməsinə qaldıqda, nazirlik rəsmisi bunun kəndlinin saxladığı heyvanlardan asılı olduğunu deyib: "Bəzi fermerlər məhsuldarlığı az olan heyvan saxlayırlar. Hazırda bu istiqamətdə məqsədyönlü iş gedir ki, hər bir adamın saxladığı heyvanda artım olsun. Respublika göstəricilərinə görə, hər gün bir inəkdən beş litr süd sağılır. Amma mümkündür ki, gündə hər inəkdən 18-20 litr süd sağaq. 18-20 litr süd istehsalına nail olan fermer həm öz gündəlik tələbatlarını ödəyər, həm də məhsulu satışa çıxarar. Ötən müddət ərzində süd məhsullarının 1,6 faizlik illik artımına nail olmuşuq. Ət və süd istehsalının hərəsində 4 faizlik artım qeydə alınıb. Eyni zamanda, süd və süd məhsullarının, damazlıq heyvanların ixracı həyata keçirilir. Biz dünya ticarət sisteminə inteqrasiya edirik. Ona görə də idxal və ixrac, tələb və təklifdən asılı olaraq dəyişir".

Abduləliyev qeyd edib ki, qiymətlərin artıb-azalması təkcə məhsulun maya dəyərindən asılı deyil: "Eyni zamanda istehlak bazarı bütün digər qiymətlərdən asılıdır. Bir fermer bütün fermerlərin adından danışa bilməz. Digər tərəfdən, müqayisə etsəniz görərsiniz ki, digər mal-məhsulda nə qədər bahalaşma var".

Nazirlik rəsmisinə konkret olaraq müzakirə mövzusunun ətin qiyməti olduğunu bildirdikdə isə "rayonlardakı topdansatış bazarlarından Bakıya diri heyvanı, ət və ət məhsullarını daşımaq üçün əlavə xərc tələb olunur. Bu yaxınlarda da yanacağın qiyməti dəyişib. Bu səbəbdən də nəqliyyat xərcləri artıb. Bu da ətin qiymətinə təsir etməlidir, ya yox?" cavabını verib. 

O qeyd edib ki, bəzi məhsullar xaricdən dollarla alınır: "Biz əti və ya südü yerli mal kimi istehsal edib, ondan gələn gəlir hesabına digər idxal mallarını almaq məcburiyyətindəyik. Ona görə də digər xaricdən gələn malların qiyməti dəyişirsə, kəndli də öz istehsal etdiyi məhsulun qiymətini dəyişməyə məcburdur. Bunun günahı təkcə ət istehsalçısında deyil".

Abduləliyev otlaqların, örüş sahələrinin pambıqçılıq, baramaçılıq, tütünçülük üçün ayrıldığı fikirlərinə də aydınlıq gətirib: "Yox, belə deməzdim. Onsuz da bizim qarşımızda duran vəzifələrdən biri intensiv heyvandarlığın inkişaf etdirilməsidir. Normativə görə, otlaq sahəsinin bir hektarında 4 xırdabuynuzlu heyvan saxlanıla bilər. Amma biz müvafiq tədbirləri həyata keçirsək, bundan beş dəfə artıq heyvan saxlaya bilərik. Ona görə reallıq yetişir ki, biz yarımintensiv və intensiv heyvandarlığa keçək. Bunun da hamısı heyvanların məhsuldarlığının artırılması ilə əlaqədardır. Məhsuldarlıq artdıqca problemlər də aradan qalxacaq. Amma bu bir ilə həll olan məsələ deyil. Dinamika son illərdə bizim məhsul istehsalında heyvanın sayı dəyişmədən məhsul istehsalında artım olduğunu deməyə əsas verir. Bu da yaxşı göstəricidir".

2638