Bakı beynəlxalq avtovağzalı

Bakı Beynəlxalq Avtovağzalındakı vəziyyət kimin maraqlarına xidmət edir?

1618
Sürücülər sərnişinlərdən bilet götürmək istəmirlər və süni surətdə avtobus çatışmazlığı yaradırlar

BAKI, 6 avqust — Sputnik. Regionlara sərnişin daşıyan avtobus sürücüləri gediş qiymətlərini süni şəkildə qaldırırlar.

Bu barədə Sputnik Azərbaycan-a ictimai nəqliyyatla rayonlara gedən vətəndaşlar məlumat veriblər.

Qeyd edək ki, 2009-cu ildə, Bakı Beynəlxalq Avtovağzalı açıldığı vaxtdan avtobuslarla sərnişin daşınması yalnız ödənişli bilet sistemi ilə həyata keçirilməli idi. Lakin üstündən bir neçə il keçməsinə baxmayaraq, avtobus sürücüləri və nəzarətçilər nəğd pulla ödənişdən başqa heç bir ödəniş formasını qəbul etməyiblər. Eyni zamanda çoxları bilmir ki, bu avtobuslara kassadan bilet də almaq mümkündür, özü də daha ucuz qiymətə. Amma əslində kassa bu avtovağzalda görüntüdən başqa heç nəyə yaramır.

Sərnişinlər tədricən başa düşməyə başlayıb ki, onlar yalanın qurbanıdırlar. Amma nə etməli? Elə, ya da belə sürücülər sərnişindaşıma xidməti göstərən avtobusları sürürlər, sərnişinlərdən də onları mənzil başına çatdırmaq üçün istədikləri qədər nəğd gedişhaqqı tələb edirlər. 

Qusar rayon sakini Gülnaz Rzayevanın bildirdiyinə görə, o, iyulun 29-da saat 10:00-da Bakı Beynəlxalq Avtovağzalından öz rayonuna getmək üçün bilet almalı olub. O, əvvəllər dəfələrlə rayona getmək üçün kassadan 2 manat 80 qəpiyə bilet alıb. Amma həmin gün avtovağzala bir qədər gec çatıb və bilet almağa çatmayıb. Görüb ki, bilet almaq istədiyi avtobus vağzalda bir neçə nəfəri gözləyir. Qadın düşünüb ki, özünə avtobusda yer eləyə bilər. O, gecikmiş avtobusda özünə yer eləmək üçün içəri keçib. Avtobusun qapısı ağzına toplaşmış kütləni yararaq salona daxil olub. Özünə ən yaxın boş yerdə oturan Rzayeva sürücünün qabaqcadan kassadan bilet almış sərnişinlərlə necə kobud rəftar etdiyini və onları ayaq üstə qoyduğunu görüb. Bütün bu səhnə isə sonsuz mübahisələr və sərnişinlərin etirazları ilə müşayiət olunub. Rzayeva isə öz növbəsində yerini itirməmək üçün mübahisəyə girişməyib, susmaq və ondan tələb olunan vəsaiti ödəmək qərarına gəlib. O, sürücüyə 4 manat ödəyərək evinə gedib.

Elə eyni gündə analoji vəziyyətlə Xaçmaz rayonunun Xudat qəsəbəsinə iki uşağı ilə birlikdə ictimai nəqliyyatla gedən Səbinə Orucova da qarşılaşıb.

Saat 15:00-da yola düşməli olan avtobus vaxtında gəlməyib. Onun əvəzinə avtovağzalda sahilyanı Nabran qəsəbəsinə gedən avtobus dayanıb və sərnişin yığıb. Bu avtobusla getmək ona 6 manata başa gəldiyindən, o, öz avtobusunu gözləməli olub. Yarım saatdan sonra onun gözlədiyi avtobus gəlib. Gözləyən bütün sərnişinlər Xudata getmək üçün avtobusa minməyə başlayıblar. Onlar özlərinə oturmaq üçün yer tutarkən kassadan bilet almağı ağıllarına belə gətirməyiblər. Bunu onlardan heç kəs tələb etməyib də. Sadəcə nəzarətçi onlardan pulu yığıb, müəyyən məbləği sürücüyə verib, qalanı isə özü götürüb. 

Qeyd edək ki, Orucova iki yer üçün 8 manat ödəyib. 

Orucova maraq üçün Bakı Beynəlxalq Avtovağzalın saytında Bakıdan Nabran, Xaçmaz və Xudata qədər olan biletlərin qiymətinə baxıb. Nəticədə avtovağzalda baş verən intizamsızlığın səbəbini başa düşüb. Özü də bu, təkcə Bakıda deyil, Azərbaycanın hər yerində rast gəlinən haldır. Biletlərin on-line satış bölməsində qeyd olunub ki, Nabrana bilet 6 manat yox, 3 manat 50 qəpikdir. Xudata isə 4 manat yox, 2 manat 91 qəpik. Xaçmaza gediş haqqının da qiyməti 2 manat 51 qəpikdir. Məlum olub ki, avtovağzalda yaşanan nizam-intizamsızlıq sərnişindaşıyanların maraqlarına xidmət edir.

Bu vəziyyətlə əlaqədar olaraq suallarımızı Bakı Beynəlxalq Avtovağzalına ünvanladıq. Onlar suallarımıza cavab verəcəklərini desələr də, nə vaxt cavab verəcəklərini demədilər.

1618