Youtube hesabı

Ölkəmizdə "Youtube" gəlirlərindən vergi tutulmasına başlandı

7772
(Yenilənib 14:17 02.08.2017)
Bu sahədə necə və nə qədər gəlir əldə etmək olar - araşdırdıq

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Vergilər Nazirliyi Youtube.com videoportalından gəlir əldə edənlərlə bağlı məsələyə aydınlıq gətirib. Bildirilib ki, əgər "Youtube" istifadəçisi videohostinqdən gəlir əldə edirsə, vergi ödəməlidir.

"Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, rezident vergi ödəyicisi "Youtube" videohostinqi vasitəsi ilə əldə edilən gəliri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq müvafiq qaydada üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməlidir" — nazirlikdən qeyd olunub.

Bəs, "Youtube" kanalından qazanc necə əldə edilir? Azərbaycanda bu gəlirin maksimal miqdarı nə qədər ola bilər?

İT eksperti Fərid Babayevin Sputnik Azərbaycan-a açıqlamasında görə, "Youtube"-dan istənilən şəxs pul qazana bilər: "Youtube"da şəxsi kanalı olan istifadəçilər, "Youtube" reklamlara icazə verdiyi təqdirdə pul qazanmağa başlayırlar. Həmin reklama kimsə açıb baxanda, hər istifadəçi üçün kanal sahibinin hesabına "Youtube" tərəfindən pul köçürülür".

Onun sözlərinə görə, Azərbaycanda "Youtube"dan pul qazanmaq o qədər də asan deyil: "Çünki Azərbaycana və Azərbaycan kimi kiçik ölkələrə daha az "kafisent" qoyulub. Məsələn, ABŞ–da bir "klik"in qiyməti 1 dollardan çoxdur, amma Azərbaycanda bu, 1 dollardan da çox azdır. İstifadəçinin qazancı klik sayından asılıdır. İstifadəçinin baxış sayı nə qədər çox olarsa, qazancı da buna uyğun olur".

"Ayda 100 dollar və daha çox qazanmaq mümkündür. Amma asan deyil. "Youtube" baxış sayı çox olan kanallara, videolara reklam verir. İstifadəçinin izləyənləri və əsasən də videoların baxış sayı çox olması onun üçün böyük stimuldur" — F. Babayev bildirir.

Əlavə edir ki, "Youtube" istifadəçilərinin qazancına vergi tətbiq edilməsi istifadəçilərdə olan marağı azaldacaq: "Çünki onların qazancı vergi tətbiq edilmədən belə, azdır. Vergi tətbiq edilsə, vaynerlərə sərf etməyəcək".

Videoblogger Yeganə Rzaxanovanın sözlərinə görə, "Youtube"dan pul qazanmaq üçün, əvvəl "Youtube"da öz kanalı açmaq və öz videolarını oraya yükləmək lazımdır: "Videolar özünüzə məxsus olsa, kimsə səhifənizi şikayət edə bilməz. Ən aktual videolar bu gün şou-biznelə bağlı olan videolardır. Mən özüm üçün monitorinq keçirmişəm. Və görürəm ki, şou-bizneslə bağlı videolar daha çox izlənilir".

"Mən özüm tədbirlərə gedirəm, videolar çəkib, öz kanalımda paylaşıram. Əgər paylaşdığınız videolar "Youtube"-a uyğun olarsa, o zamn youtube özü sizə reklamlar təklif edir" — Y. Rzaxanova bildirir.

Onun sözlərinə görə, "Youtube"-un öz kriteriyaları var: "Bəzən olur ki, videoya baxış 100 min olur, amma o videodan heç 10 dollar qazanmaq olmur. Çünki siz videoya baxan zaman gələn videoları bağlayırsınız. Əgər siz həmin reklamları açıb baxsanız, bu zaman istifadəçi pul qazanmış olur. Yəni sizin baxışlarınız istifadəçilərə pul qazandırır".

Videobloggerin dediyinə görə, hər reklam 4-5 sent qazndırır: "Baha reklamlar da var. Ancaq Azərbaycanda "Youtube"-dan çox pul qazanmaq mümkün deyil. Çünki Azərbaycanda "Youtube" reklamları azdır. İndi bir neçə müğənni "Youtube" kanalından yaxşı qazana bilir. Mənim araşdırmalarıma görə, onlar ayda 1000 dollar qazana bilirlər. Çünki hər yeni mahnı milyonlarla dəfə baxılırsa, bu da çox reklam baxışı, daha çox qazanc deməkdir".

Y. Rzaxanova onu da diqqətə çatdırdı ki, ötən gün hesabından pul çıxaran zaman, ilk dəfə vergi çıxılıb: "Mənim 6 aylıq 370 dollar qazancım vardı. Dünən çıxarmaq istədim, baxdım 20 dollar çıxıblar. Bankdan 20 dolların nəyə çıxıldığını soruşdum. Bildirdilər ki, mənim hesabımdan başqa çıxarış olmayıb".

"Mən elə düşünürəm ki, bu, vergi üçün çıxıb. Düzünü desəm, başqa ölkələrdə də vergi tətbiq edilir. Amma mən kanal açanda vergi yox idi. Düzü, gözləyirdim ki, vergi tətbiq ediləcək. Vergi çıxılan zaman bizə hansısa sənədlər verilməldir. Bizim qazancımızdan xəbərsiz vergi çıxılmamalıdır" — o vurğulayıb.

Hüquqşünas Elnur Aslanovun sözlərinə görə, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesabına olunduğundan, rezident vergi ödəyicisi "Youtube" videohostinqi vasitəsi ilə əldə edilən gəliri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla, gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq müvafiq qaydada üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməlidir.

"Vergi uçotuna alınma isə kağız daşıyıcısında "Fiziki şəxsin vergi uçotu haqqında ərizə" və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə fiziki şəxsin yaşadığı ərazi üzrə vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə edilir. Fiziki şəxs vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır. Daha geniş məlumatı isə Vergilər Nazirliyinə müraciət edərək almaq olar" — deyən hüquqşünas bildirir ki, gəlir vergisi Bakı şəhərində 4 faiz məbləğində nəzərdə tutulub.

7772
Teqlər:
"Youtube" kanalı, Youtube.com videoportalı, qazanc, Sputnik Azərbaycan, gəlir, Vergilər Nazirliyi, vergi
Əlaqədar
Bu dəyişiklik bütün vergi ödəyənlərə təsir edəcək
Qaydalar dəyişir, vergi proseduru sadələşdirilir
Azərbaycanla İsrail arasında ikiqat vergitutma aradan qaldırılır
Sahibkarların vergi yükü azaldılır
Vergidə "batan" pulu necə "diriltməli"?
Vergi dəyişiklikləri hansı nəticələrə gətirəcək
Universitetlərin vergi borcu silinib
Kreditlərlə bağlı yeni qərar vergi maxinasiyalarına yol aça bilər
Qəbələyə mənzərə, arxiv şəkli

Ölkə xaricində istirahətdən həzz almaq olmur - Həmvətənlərimizin yay planları

2562
(Yenilənib 01:46 23.06.2021)
Pandemiya qaydaları yumşaldıqca, havalar istiləşdikcə yay arzularını, istirahət planlarını gerçəkləşdirmək istəyənlərin sayı artır. Azərbaycanda bu mövsüm üçün insanların hansı planlar qurduqlarını araşdırdıq.

BAKI, 23 iyun - Sputnik. Tətil, məzuniyyət mövsümü olan yay Azərbaycanda güclü istilərlə başlayıb. Bir neçə gündür ki, ölkənin bəzi bölgələrində temperatur 40 dərəcə Selsini keçir. Hələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın anomal istilərlə bağlı açıqlaması və Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimində yumşalmalara getməsi də istirahəti sağlamlığa faydalı və maraqlı keçirmək əndişələrini aktuallaşdırıb.

İstirahət planı - olan var, olmayan var

Karantin şərtlərinin yumşaldıldığını nəzərə alaraq, insanların yay istirahəti ilə bağlı planlarını öyrənmək və pandemiyanın səyahət planlarına təsirini müəyyənləşdirmək üçün Media Təhlil Mərkəzi tərəfindən keçirilən sorğuda respondentlərin 47,5%-i yay ayları üçün istirahət planı olmadığını deyib. Cavab verənlərin 36,7%-i bölgələrə, 8%-i xarici ölkəyə səyahət edəcəyini bildirsə də, 7,8%-i isə yayı bağ evində keçirəcəyini qeyd edib.

Qeyd edək ki, sorğuda iştirak edən 760 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib.

Favorit - sərinlikdir

Sorğuya əsasən, insanların daha çox hansı bölgələrdə istirahətə üstünlük verdiyini müəyyənləşdirmək mümkün olub. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin cavabları aşağıdakı kimidir:

Lənkəran – 33%; Şəki-Zaqatala – 32%; Quba-Xaçmaz – 29%; Qarabağ – 29%; Gəncə-Qazax – 19%;

Aran – 18%; Şirvan – 8%; Naxçıvan – 5%. Respondentərin 29 faizi isə bölgələrə getməyi planlaşdırmadığını deyib. Göründüyü kimi, insanlar daha çox havası sərin olan bölgələrimizə üz tutmağa üstünlük verirlər.

Dost-qohum maşınları trenddə, xaricdən həzz alan azalıb

Rəyi soruşulan həmvətənlərimizin 35%-i dost və ya qohumuna məxsus avtomobillə ölkə daxilində səyahət etdiklərini söyləyib. Bölgələrə şəxsi maşını ilə gedənlər cavab verənlərin 29%-ni təşkil edib. Sərnişin avtobusu ilə səyahət edənlər sorğu iştirakçılarının 22%-ni, müxtəlif turlara qoşulanlar 13%-ni əhatə edib. Respondentlərin 1%-i isə təyyarə ilə səyahətə üstünlük verdiyini bildirib.

Pandemiya bitənədək xarici ölkəyə səyahət planlarını təxirə salanlar respondentlərin 12%-ni təşkil edib. Sorğu iştirakçılarının 28%-i bildirib ki, qadağaların davam etdiyi müddətdə ölkə xaricində istirahətdən həzz almaq olmur. Respondentlərin 10%-i xarici ölkəyə səyahətə məhdudiyyət qoymadığını, 50%-i isə əvvəllər də xaricə səyahət etmədiyi üçün hazırkı vəziyyətin istirahət planlarına heç bir təsirinin olmadığını dilə gətiriblər.

Cibdə varsa pul...

Başqalarının istirahətə nə qədər pul xərclədiyi həmişə maraq doğurur - həm məkanları müqayisə edə bilirsən, həm də büdcəni planlaşdırırsan. 

MTM-in keçirdiyi sorğudakı respondentlərin 67%-i yay istirahətinə 300-500 AZN, 15%-i 500-700 AZN, 9%-i 700-1000 AZN, 9%-i isə 1000 AZN-dən çox vəsait ayırdığını qeyd edib.

Bu mövsüm bölgələrdə istirahətin nisbətən baha olacağı gözlənilir. Məsələn, populyar istiqamətlərdən olan Şəki-Zaqatala-Qax bölgəsində günlük kirayə evlərin qiyməti indidən artıb. 

Ötən il yayda paytaxtdan bölgələrə getməklə bağlı məhdudiyyət olduğundan rayonlara üz tutanların sayı xeyli azalmış, bu səbəbdən də günlük kirayə evlərin qiymətləri də xeyli enmişdi. Şəkidə də günlük evlərin kirayəsi 5 dəfəyədək ucuzlaşmışdı. 100, 80 manatlıq evlər ötən il 30-20 manata zorla müştəri tapsa da, bu il maklerlər və yerli sakinlər evləri yenə 80-100 manata razılaşma yolu ilə verə biləcəklərini söyləyirlər.

Aviasəyahət

Azərbaycanda avqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

Azərbaycan Hava Yolları (AZAL) bir müddət əvvəl bildirmişdi ki, iyun ayından Bakıdan Bodrum və Dalaman kurortlarına xüsusi reyslər açılacaq. Bu istiqamətdə uçuşlar iyunun 25-dən başlanır. Cədvələ görə, Bakı-Bodrum-Bakı reysləri hər gün, Dalamana və geriyə uçuşlar isə həftədə üç gün - bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək.

Buta Airways aviaşirkəti də Bakıdan Alanyaya uçuşları bərpa edərək Ankaraya reyslərin sayını artırıb. 

İyulun 3-dən aviaşirkət Bakı-Alanya-Bakı reyslərinə start verir. Uçuşlar həftədə bir dəfə - şənbə günləri gerçəkləşəcək.

Ankaraya uçuşların sayı da artır: iyunun 19-dan Buta Airways Türkiyə paytaxtına həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri reyslər təşkil edəcək.

Azərbaycan ərazisinə isə Rusiya və Türkiyə (iyunun 10-dan) ilə yanaşı, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərdən (iyunun 21-dən) uçuşlara icazə verilir.

Eləcə də oxuyun:

  • Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə - Qaydalar dəyişir

  • Azərbaycanın bölgələrində günlük kirayə ev bazarı canlanıb

  • Azərbaycan turizmi yeni mövsümə hazırdırmı? – Samir Dübəndi danışır

  • AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

  • Azərbaycanda gəlmə turizmə "yaşıl işıq" - Siyahı artırıla bilər

  • Umayra Tağıyeva çimərliklərlə bağlı qadınlara müraciət edib

2562
Vasili Konov

AVRO keçirmək üçün birgə Azərbaycan-Türkiyə müraciətinin yaxşı şansları ola bilər - Konov

170
(Yenilənib 10:05 23.06.2021)
Tanınmış rusiyalı idman jurnalisti Vasili Konov Sputnik Azərbaycan-la söhbətində AVRO-2020 barədə fikirlərini bölüşüb.

Bir neçə oyunu Bakı Olimpiya stadionunda keçirilən Avropa çempionatının qrup mərhələsi sona çatır. Komandalar üçüncü turun oyunlarını keçirəndən sonra 1/8 finalın bütün cütlükləri məlum olacaq.

AVRO-2020 Azərbaycan paytaxtına 3 iyulda Bakı Olimpiya Stadionunda baş tutacaq 1/4 final oyunu ilə qayıdır. Bundan əvvəl, Bakıda "A" qrupunun üç oyunu - Uels və İsveçrə (1:1), Türkiyə və Uels (0:2) və Türkiyə ilə İsveçrə (1:3) arasında keçirilib.

- Sizin fikrinizcə, AVRO-2020 necədir? Hazırda sizdə hansı təəssüratlar formalaşıb?

- Tamaşaçıların əksəriyyətinin uzun müddət turniri gözləməsi səbəbindən tükənmələri baş tutan oyunların ortaya qoyduğu əsas problemdir. Bundan əlavə, mənim fikrimcə, çempionatın bir neçə ölkədə keçirilməsi konsepsiyası özünü doğrultmadı. Çünki hamımız turnirin futbol xoşbəxtliyinin tam cəmləşdiyi bir yer olmasına öyrəşmişik. Amma oyunlar bütün Avropaya səpələnəndə bu, təəssüflər olsun ki, hiss olunmur.

Futbol festivalının açıq-aşkar uğurlu keçdiyi Budapeştdən mənzərəni izləmək və 5-6 min tamaşaçı olduğu və əsl futbol ab-havasının hiss olunmadığı bir stadionda olmaq olar. Tamaşaçı və təşkilatçıların tükənməsi ilə yanaşı, ən dəhşətlisi - oyunçuların da tükənməsidir.

- Bəs futbol komponenti haqqında fikirləriniz?

- İtalyanları çox bəyəndim, fransızları da həmçinin. Rusiya millisinə gəldikdə isə, oyun, şübhəsiz ki, rusiyalı tamaşaçının gözlədiyi kimi olmadı.

Bakıda oynayan komandalardan danışsaq, əksəriyyət Türkiyə komandasından tamamilə fərqli oyun gözləyirdi. Həm də, Türkiyə komandası üçün Bakıdakı matçların ev oyunu olması lazım idi və bu cür dəstəklə daha yaxşı performans göstərməli idilər.

Əgər söhbət şəhərlərdən gedirsə, onda Budapeşt rəqabət xaricindədir. Sankt-Peterburq, Bakı və Londondan sonra haraya gedəcəyimi seçmək fürsətim olsaydı, əlbəttə ki, Macarıstanın paytaxtını seçərdim.

- Fikrinizcə, Türkiyə və Rusiya yığmalarının belə sönük çıxışının səbəbi nədir?

- Məncə, səbəb hər birinci, həm də ikinci halda komandaların güclərinin obyektiv səviyyəsindədir. Rusiya yığmasına gəldikdə, biz dünya reytinqində birinci olan komandanın, dünya siyahısının ilk onluğuna düşən danimarkalıların və kifayət qədər təhlükəli finlərin çıxış etdikləri qrupa düşmüşdük.

İstənilən halda, rəqiblərin səviyyələrini müqayisə edərkən, bu müqayisə Rusiya yığmasının xeyrinə deyil.

- Sizi xoş mənada təəccübləndirən yığmalar var?

- Məncə, az adam macarların fransızlarla oyunda belə təəssürat yaradacaqlarını gözləyirdi. Yəqin, hələlik bu, əsas sürprizlərdən biridir.

Bundan əlavə, oyun keyfiyyətinə görə, fərdi icra ustalığına görə turnirin ən yaxşı kəşfi çexlər oldular.

Fərdlərə gəldikdə isə, burada hər şey kifayət qədər gözləniləndir. Hamı ondan rekord gözləyirdi, o da rekord vurdu və onu artırmaqda davam edir: Ronaldu artıq bütün ağlasığan və ağlasığmaz rekordları vurub. Bununla paralel olaraq o Instagram-da 300 milyon izləyicisi olan ilk insan oldu. Belə fanat ordusu nəhəng bir şeydir.

- Fikrinizcə, hansı yığma bu mərhələdə çempion kimi görünür?

- Məncə, hələlik heç biri. Əgər məndən bu barədə turnirədək soruşsaydılar, finalı Fransa-Belçika deyərdim. İndi demək çətindir, çünki 6 top vurulmuş Portuqaliya-Almaniya oyununa baxanda, əlbəttə ki, finalın elə olmasını istəyirsən.

Finalda Portuqaliya və Almaniyanın qarşıdurmasının təkrarlanmasının əleyhinə deyiləm. Lakin "Uembli"də finalda ingilisləri də görmək istərdim, Məncə, bu əla olardı.

- Yeri gəlmişkən, AVRO-2020-nin finalını Londondan Budapeştə keçirə bilərlər…

- Başa düşdüyüm qədər, orada hər şey Böyük Britaniyada mövcud olan karantin tədbirlərinə görə qəlizləşib. Hazırda, orada gələnlər üçün 10 günlük karantin ləğv olunmayıb. Bundan əlavə, mən finaldan qayıdandan sonra Moskvada karantində daha 14 gün də oturmalı olacağam. Yəni, Avropa çempionatının finalına gediş mənə karantində 25 günə başa gələcək. Belə şeyi mən özümə rəva görmərəm.

Ona görə də UEFA İngiltərə rəsmilərindən Böyük Britaniyaya girişdə karantini ləğv etməyi xahiş edib. Lakin britaniyalılar onu ləğv etsələr belə, geri dönüşdəki karantini heç kim ləğv etməyəcək. Düşünürəm ki, finalın yerini dəyişməkdənsə, giriş karantinini ləğv edəcəklər. Final Budapeştə verilməyəcək qədər statuslu və bahalı əyləncədir.

- Bakı sizdə hansı təəssüratları oyadır?

- Ən azından vizual olaraq Bakı həmişə gözəldir. Mən yerli taksi sürücülərindən biri ilə bütün bu yenidənqurmalara qədər olan Bakını və bugünkü gözəl dəniz kənarı, möhtəşəm şəhər mərkəzi olan şəhəri müzakirə etmişəm. Belə şəhər infrastrukturunun inkişafına imkan yaradan və qonaqlar üçün maksimal rahat olmağa imkan verən idman tədbirlərinin olması əladır.

- AVRO-2020 oyunlarının, buna qədər isə Avroliqanın finalının, həmçinin Avropa və İslam oyunlarının  keçirilməsi Azərbaycanın bölgənin digər ölkələrilə birgə tam olaraq futbol üzrə Avropa çempionatını qəbul etmək şansını nə dərəcədə yüksəldir?

- Məncə, əgər Azərbaycan və Türkiyə Avropa çempionatının keçirilməsi üçün birgə müraciət etsələr, bunun müəyyən perspektivləri olacaq. Sadəcə, mənə elə gəlir ki, UEFA-dan artıq bildiriblər ki, iki ölkədə çempionat keçirmək istəmirlər. Yəni, indi hər şeyin bir ölkədə keçirilməsi fikri üstündür.

Lakin əgər UEFA əvvəlki kimi birgə müraciətlərə müsbət yanaşarsa, Türkiyə və Azərbaycanın yaxşı şansları ola bilər.

Eləcə də oxuyun:

  • Türkiyənin göz yaşları, Uelsin rəqsi: Bakıda AVRO-2020 qrup mərhələsinə yekun vurulub

  • Vasili Konov: Türkiyə millisi ağır vəziyyətdədir, amma hələ ümid var

  • Rusiya yığması böyük hesabla Danimarka millisinə uduzaraq Avropa çempionatını tərk edir

  • Türkiyədən AVRO-2020 ilə bağlı Azərbaycana müraciət: Əla qardaşlıq ruhu göstərdiniz

170
Teqlər:
video, jurnalist, futbol, Bakı, AVRO-2020
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədi imzalayacaq

0
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəzi məsələlərlə bağlı Azərbaycanla danışıqlar apardıqlarını təsdiqləyib.

BAKI, 23 iyun — Sputnik. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib: "Azərbaycan tərəfi buna öz razılığını veribmi?" sualına cavab olaraq Davtyan bildirib: "Biz öz ərazimizlə bağlı Azərbaycandan heç nə soruşmamalıyıq. Lakin bəzi məsələlərlə bağlı onlarla da danışıqlar aparılır. Ehtiyac olduqda biz Rusiya ilə əməkdaşlıq edirik".

Nəşr, həmçinin iddia edib ki, Nikol Paşinyan yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

0