Yeni Bakı yaşayış kompleksi

Bakının bir addımlığından mərkəzə doğru qorxunc iddia

1485
(Yenilənib 14:41 31.07.2017)
"Əvvəl bayırdan qışqırıq səsləri gəlməyə başladı, sonra əllərində "kuvalt", "lom" və digər alətlər olan şəxslər içəri girməyə çalışdılar..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Masazır qəsəbəsi "Yeni Bakı" yaşayış kompleksinin rəhbərliyi ilə sakinlər arasında qalmaqal davam edir. Hətta tərəflər bir-birilərinə qarşı məhkəmə iddiaları qaldırıblar.

Bu günlərdə bir qrup "Yeni Bakı" sakini Sputnik Azərbaycan-a müraciət edərək, qarşılaşdıqları növbəti problemi işıqlandırmağımızı xahiş etdi. Şikayətçi II qrup əlil Səməd Səmədovun sözlərinə görə, "Yeni Bakı" yaşayış kompleksində mənzil alan gündən bu yana müxtəlif problemlərlə üzləşirlər: "Bu problemlər şəhərciyi inşa edən "İlin Dörd Fəsli" MMC və onun şəhərciyə təyin etdiyi, qeyri-qanuni idarəetmə ilə məşğul olaraq bizləri soyan "komendantlıq" adlı qurum və onun mühafizə adı altında fəaliyyət göstərən, əslində isə sakinləri hədə-qorxu yolu ilə əzən, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirən quldur dəstələri tərəfindən yaradılmaqla başlayıb".

"Məlum olduğu kimi, mühafizə dəstələri dövlətin xüsusi nəzarəti altındadır və müvafiq dövlət qurumu tərəfindən verilən lisenziya ilə fəaliyyət göstərərək insanların təhlükəsizliyini qoruyur. Heç bir dövlət orqanında qeydiyyatda olmayan bu "mühafizə dəstələri" isə sakinlərə davamlı şəkildə fiziki və mənəvi təzyiqlər göstərməklə və bədən xəsarətləri yetirməklə bizi qorxu və səksəkə içərisində yaşamağa məcbur edirlər" — sakin bildirir.

O, əlavə edir ki, aprelin 28-də sakinlər MİS-in əməkdaşları tərəfindən daha bir problemlə üzləşiblər: "Qonşumuz Vəliyev Azad Şamil oğlu mənzilinin elektrik təminatının dayandırıldığını və təklikdə mənzilinin elektrik təminatını bərpa edə bilməyəcəyini qeyd edərək, bərabər şəkildə onun blokuna gedərək mənzilinin doğranmış elektrik kabellərinin qoşulmasına yardım etməyimizi xahiş etdi. Bərabər şəkildə elektrik enerjisini bərpa etməyə çalışırdıq, lakin sonradan məlum oldu ki, qonşumuz Azad Vəliyevin qorxusu əsassız deyilmiş. Belə ki, elektrik naqillərini qoşarkən məlum oldu ki, yuxarı mərtəbədən Azadın mənzilinə gedən elektrik kabellərinə MİS-in işçiləri "nol" və "faza" (müsbət və mənfi yüklü) kabelləri birləşdiriblər ki, elektriki bərpa edən zaman qısaqapanma yaransın".

Səmədovun sözlərinə görə, elektrik enerjisini bərpa etməyə çalışan zaman bayırdan qışqırtı səsləri gəlməyə başlayıb: "Bu zaman biz blokun qapısına tərəf gəldikdə, komendantlığın 7-8 nəfər işçisinin, əllərində "kuvalt", "lom" və digər alətlərlə blokun qapısına tərəf gəldiklərini gördük. Anladıq ki, bu alətlərlə silahlanmış quldur dəstələri bizə bədən xəsarətləri yetirə bilərlər və buna görə də blokun dəmir qapısını bağlamağa və qapının arxasında gizlənməyə məcbur olduq. Blokun qapısına gəlib çatan mühafizəçi adlı quldur dəstəsinin üzvləri qışqırıq salaraq blokun qapısını açmağımızı tələb etdilər. Lakin biz qapını açmağa qorxurduq, çünki onlar çox idilər və üstəlik əllərində müxtlif alətlər var idi, bu halda bizə xəsarətlər yetirə bilərdilər".

"Qapını açmadığımızı görüb blokun dəmir qapısında olan və daha öncədən şüşəsini sındırdıqları pəncərədən əllərini içəri salaraq bizi vurmağa və qapını açmağa cəhd edirdilər. Onlar sınmış şüşəyə əllərini sürtərək öz bədənlərində xəsarət izləri yaratmağa başladılar. Hətta məsələ o həddə çatdı ki, əllərində olan kuvaltla dəmir seyf qapını sındırmağa başladılar. Elə bu zaman onların rəisi komendant Ehtiram Ramiz oğlu Yusifovun gəldiyini gördük. Bu zaman bizdə belə bir ümid hissi yarandı ki, Ehiram Yusifov vəziyyəti sakitləşdirər və biz rahat şəkildə blokdan bayıra çıxa bilərik. Lakin hadisələr daha da dramatik şəkil aldı, onlar Ehtiram Yusifovun göstərişi ilə bizə qarşı daha da azğınlaşdılar. Ehtiram Yusifov onlara tapşırdı ki, bunları blokdan bayıra çıxarıb qurşaqdan aşağı döyün. Fiziki zorakılığın daha da genişləndiyini görüb bu zaman özümüzü qorumağa çalışaraq 102 polis xidmətindən kömək istədik" — şikayətçi sakin qeyd edir.

Səməd Səmədov daha sonra bildirir: "102-nin ardınca Abşeron Rayon Polis İdarəsinin rəis müavini Azər müəllimə zəng etdim. Bir müddət sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəldilər. Bundan sonra biz blokdan çıxa bildik. Bu hadisə, demək olar ki, 20-25 dəqiqə — təqribən axşam saat 20:00-dan 20:25-dək davam etdi. Biz bayıra çıxdıqdan sonra "İDF" MMC-nin hüquqşünası, müxtəlif müxalifət partiyalarında, xüsusilə uzun müddət AXCP-də təmsil olunan Mehman Muradlı adlı şəxs də hadisə yerinə gəldi. Polis orqanlarının hadisə yerinə gəlməsinə baxmayaraq, onlar sakinlərə təzyiq etməkdə, "yaxşı edirik", "biz beləyik" və s. bu kimi ifadələrlə bizi hədələməkdə davam edirdilər".

"Hadisə yerinə gəlmiş polis əməkdaşları və Aslan adlı təhqiqatçı hadisə yerindən foto və video materialları, quldur dəstəsinin əllərindəki dəmir alətlərin şəkillərini çəkərək özü ilə götürdü. Bundan sonra polis əməkdaşları bizi Abşeron Rayon Polis İdarəsinə dəvət edərək bizdən izahat aldılar. Onu da qeyd edək ki, bu hadisədən bir neçə gün əvvəl şəhərciyin digər sakinlərinə — Yeganə Tahirovaya və Natiq Pənahlıya da həmin şəxslər tərəfindən eyni səpkili hücumlar edilib və bədən xəsarətləri yetirilib. Bu barədə şikayət Abşeron Polis İdarəsində qeydiyyatdadır. Polis İdarəsində bizdən izahat alınarkən bildirdilər ki, bu iki hadisə birləşdirilərək "İDF" MMC və onun işçilərinə qarşı cinayət işi açılacaq. Hətta Abşeron Rayon Polis İdarəsində bizə dedilər ki, "nəhayət, "Yeni Bakı" şəhərciyindən indiyə kimi daxil olan şikayətlərə son qoya biləcəyik, 1-2 nəfəri cəzalandırmaqla onların özbaşınalıqlarına son qoyulacaq" — şəhərcik sakini vurğulayır.

S. Səmədov bildirir ki, aradan bir müddət keçdikdən sonra — 14 iyul 2017-ci ildə Abşeron Rayon Polis İdarəsinin Əsgər Kazımov adlı müstəntiqi onlara zəng edərək, cinayət işinin açıldığını və polis idarəsinə gəlmələrini tələb edib: "Polis İdarəsinə gedərkən müstəntiq Əsgər Kazımov bizdən izahat almağa cəhd etdi və cinayət işinin quldur dəstəsinə qarşı deyil, bizə — Səmədov Səməd Mirəli oğlu, Əliyev Əmiralı Qadir oğlu və Vəliyev Azad Şamil oğluna qarşı çevrildiyinin şahidi olduq. Polis İdarəsində bizə müstəntiq dedi ki, "sizə qarşı 221.2, 221.3-cü maddələrlə cinayət işi açmışıq". İndi biz, saytımız vasitəsilə ölkə başıçısına müraciət edərək, bizi düşdüyümüz bu vəziyyətdən çıxarmasını xahiş edirik".

Məsələ ilə bağlı "İlin dörd fəsli" MMC-nin hüquqşünası Mehman Muradlı ilə də əlaqə saxladıq. Onun sözlərinə görə, Azad Vəliyevin ötən ilin noyabr ayından bu ilin aprelinə qədər elektrik enerjisinə görə 500 manat borcu olub: "Ona dəfələrlə xəbərdarlıq edilsə də, borcunu ödəməyib. Hər şey də Azad Vəliyevin işığının MİS tərəfindən kəsilməsindən sonra başlayıb".

"Bundan sonra o, elektrik "şit"inə müdaxilə etməyə çalışıb. Kameralarda da qeydə alınıb, müdaxilə zamanı partlayış baş verib. Partlayış baş verən zaman işçilər müdaxilə etmək üçün bloka girməyə çalışıblar. Həmin vaxt Əmralı Əliyev və Səməd Səmədov da içəridə olublar. Onlar işçilərin içəri girməsinin qarşısını almaq üçün blokun qapısını bağlayıblar. Şitdə partlayış olanda bütün blokun işığı kəsilir. İşçilər içəri girmək istəyəndə Əmralı işçinin qolunu burub, imkan verməyib ki, qapı açılsın. Sonra polis gəldi, ekspertiziya rəyləri var. Polis gələn zaman ortada cinayət faktının olduğu müəyyən edilib" — hüquqşünas qeyd edib.

M. Muradlı bildirib ki, hazırda Abşeron Rayon İstintaq Şöbəsində araşdırma davam edir: "Konkret kiməsə qarşı cinayət işi yoxdur. Onları şahid qismində üzləşməyə dəvət ediblər. İki dəfə bizi dəvət ediblər. MMC-dən gedib gözləyiblər, amma onlar getməyiblər".

Şirkət təmsilçisinin dediyinə görə, MİS həmin hadisə zamanı elektrik "şit"-inə dəymiş zərəri də hesablayıb: "Hadisə zamanı "şit"ə 800-1000 manat məbləğində zərər dəyib. Bu hadisə baş verməmişdən əvvəl Azad Vəliyevin MİS-ə ünvanladığı iki ərizə var. O, ərizələrində borcu hissə-hissə ödəməyi xahiş edib. Bir də "şit"ə daha əvvəl vətəndaşların toxunmaması üçün 4 dəfə qıfıl vurulub, onu kəsiblər. Dəymiş zərərin ödənilməsi üçün xahiş də edib".

Abşeron Rayon Polis İdarəsindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, istintaq şöbəsinin rəisi işdə deyil və bu barədə ancaq o, məlumat verə bilər.

1485
Teqlər:
Səməd Səmədov, "Yeni Bakı" yaşayış kompleksi, MİS, Abşeron Rayon Polis İdarəsi, "İlin Dörd Fəsli" MMC, Masazır qəsəbəsi, sakin, polis
Əlaqədar
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
"AAAF Park" yaşayış kompleksində faciə
Bakıda yaşayış binasında yanğın olub
Cütlük, arxiv şəkli

Oğlanlar evlənməyə qız tapmayacaqlar - Demoqrafik təhlükə

46
(Yenilənib 21:48 26.01.2021)
Ekspertlər hesab edirlər ki, əgər hazırkı disbalans davam edərsə, demoqrafik prosesə və genefonda mənfi təsir göstərə bilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. “İlk hamiləliyimdə bətnimdəki uşağın oğlan olduğunu bilən həyat yoldaşım az qalırdı məni ovucunun içində saxlasın. Ürəyim nə istəyirdi alırdı. Tale elə gətirdi ki, uşaq 4 ayında bətnimdə inkişafdan qaldı. Məcbur olub uşağı abort etdirdik. İkinci dəfə hamilə qalanda uşağın cinsini öyrənmək üçün hər həftə qaynanam məni həkimə aparırdı. Yoldaşım deyirdi ki, oğlan olmasa, abort etdirərsən. Gecə-gündüz dua edirdim ki, bətnimdəki uşaq oğlan olsun. Həkim uşağın qız olduğunu deyəndə qaynanam tez yoldaşıma zəng elədi. O da dedi ki, uşağı elə orada götürdüb, evə gəlsin. Evimizdə buna görə çox söz-söhbət yarandı. Mən sağlam qız uşağını hamiləliyimin 12-ci həftəsində abort etdirdim”.

Yeni doğulmuş uşaq, arxiv şəkli
© AP Photo / Fernando Antonio

Söhbətin bu yerində gözləri dolan Mahirə (adı şərtidir) hər dəfə başına gələn bu hadisəni yadına salanda bir ana kimi özünü günahkar hesab etdiyini deyir. Azərbaycanın rayonlarının birindən olan həmsöhbətimiz ailə qurub, Bakıya köçdükdən sonra iki oğlan uşağı dünyaya gətirib. Deyir ki, baldızı boşanıb ata evinə qayıtdığından yoldaşı qız uşağının doğulmasına qarşı olub...

Elə Dövlət Statistika Komitəsinin doğulan uşaqların cins nisbəti ilə bağlı yaydığı məlumat da cəmiyyətdə oğlan uşaqlarının dünyaya gəlməsinə daha çox marağın olduğundan xəbər verir. Komitənin yaydığı xəbərə görə, 2020-ci ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116454 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda oğlan uşaqlarının doğulmasına olan maraq son illər qismən azalsa da, bu tendensiya davam edir: “Hələ əvvəlki illərlə müqayisədə ölkəmizdə qız uşaqlarının doğulmasına qarşı diskriminasiya azalıb.

Ümumiyyətlə, Azərbaycanda qız uşağı yük kimi qəbul olunur. Cəmiyyətdə qızların davranışlarına çox ciddi diqqət yetirilir. Onların qoyulan çərçivədən çıxması, azadlığı namussuzluq kimi qəbul olunur.

Bütün bunların nəticəsində cəmiyyətdə qız uşaqlarının doğulmasına qarşı mənfi fikirlər yaranır. Valideynlər hesab edirlər ki, bizim cəmiyyətdə qızın yükünü çəkmək çətindir. Bu da selektiv abortlara gətirib çıxarır. Səhiyyə Nazirliyinin təlimatlarına görə, dölün ana bətnində cinsinin deyilməsi, cinsə görə abort yolverilməzdir. Son illər həkimlər bu qaydaya əməl etməyə başlasalar da, bu məsələyə nəzarət gücləndirilməlidir. Eyni zamanda, doğulan qız uşaqlarının oğlan uşaqlarına nisbətdə azalmasının qarşısını almaq üçün qadınların cəmiyyətdə sosial müdafiəsini gücləndirmək lazımdır. Əks halda, bu əhalinin cins tərkibində disbalans yaradacaq. Oğlanlar evlənməyə qız tapmayacaqlar, qarışıq nikahlar artacaq”.

Statistik rəqəmlərdən də görünür ki, doğulan uşaqlar arasında cins nisbəti illər üzrə dəyişib. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib. 2019-cu ildə isə bu göstərici yenidən azalaraq, 114-ə enib. Ümumiyyətlə, 1990-cı ildən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, oğlan uşaqlarının doğulmasına maraq müxtəlif xalqlarda var. Amma dünyanın heç bir yerində selektiv abortlara icazə verilmir: “Ana bətnindəki dölün məhv edilməsinə tibbi göstəriş varsa, qadın məsləhətxanasının nəzdindəki həkim ekspertizası komissiyasından təsdiqləndikdən sonra icra oluna bilər. Amma hamiləliyin pozulmasına sosial göstərişlər də var. Hamiləliyin pozulması bu halda 12 həftəyədəkdir. Burada da bölünmələr var. Bunlar tibbi və sosial göstərişlərdir. Sosial göstərişlərdə hamiləliyin iri müddətində sonlandırılmasına icazə verilir. Əgər hamilə qadının həyat yoldaşı vəfat edibsə, əri cəzaçəkmə müəssisəsindədirsə, kişi yaxud qadının heç biri işləmirsə, ailədə uşaq sayı 5-dən çoxdursa, bu hallarda abort sosial göstəriş sayılır. Bu zaman hamiləlik 12 həftədən sonra da sonlandırıla bilər”.

S.Məmmədova deyir ki, “Reproduktiv Sağlamlıq Haqqında” qanun layihəsində selektiv abortların qarşısının alınması üçün dölün ana bətnində cinsinin təyin edilməsinin qadağan olunması təklif olunub: “Layihədə təklif olunub ki, ultrasəs müayinəsi (USM) zamanı uşaqların cinsi deyilməsin. Qanun təsdiqlənərsə, bu halların qarşısını almaq olar”.

Baş mama-ginekoloq bildirir ki, hamiləliyin 10-11 həftəsinə qədər cinsiyyət üzvlərinin formalaşması gedir. USM vasitəsilə 12 həftədən sonra dölün cinsini təyin etmək mümkündür: “Hamiləliyin erkən mərhələsində qandan və dölün hüceyrəsindən analiz götürməklə cinsi təyin etmək olur. Amma qeyri-invaziv yolla hamiləliyin 12 həftəsində dölün ultrasəs müayinəsi edərək cinsini müəyyən etmək olur. Biz bunu tibbi göstəriş olmadığı halda məhdudlaşdırmalıyıq”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, selektiv abortlara qadağa məsələsi Milli Məclisə təqdim olunan “Reproduktiv Sağlamlıq Haqqında” qanun layihəsinin iş planına salınıb. Onun sözlərinə görə, bunun üçün müvafiq təkliflər verilib: “Biz təbii balansı qorumağa çalışmalıyıq ki, sonradan cəmiyyətdə disbalans yaranmasın. Selektiv abort birmənalı olaraq qadağan olunmaldır!”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, demoqrafik strukturun gender balansının maksimum nisbəti 100-106 çərçivəsində olmalıdır. Son illər isə əhalinin gender balansı normal səviyyədən (100-107) qeyri-normal səviyyəyə (100-115) qalxıb: “Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans davam edərsə, demoqrafik prosesə və genefonda mənfi təsir göstərə bilər. Abortlar arasında selektiv abortların sayını göstərən statistika olmasa da, yeni doğulan cinslər arasında olan disbalans göstəricisi böyük ehtimal ilə selektiv abortların payına düşür. Azərbaycanda 2000-2019-cu illərdə abortların sayı da 17 min 500-dən 37 min 300-ə qalxıb. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bu məsələlərlə bağlı maarifləndirmə kampaniyaları aparılır.

46
İş adamı, arxiv şəkli

Sahibkarlara koronavirusla bağlı xəbərdarlıq

8
(Yenilənib 21:38 26.01.2021)
Sahibkarlara koronavirusa görə xəbərdarlıq edən agentlik sıravi vətəndaşları da sayıq olmağa səsləyib. Onlar 1003 çağrı mərkəzinə şikayət edə bilrlər

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı sahibkarlara müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

İctimai iaşə müəssisələrində virusun yayılmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara mütləq əməl edilməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır.

Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. İctimai iaşə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələr, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması əsas şərtlərdəndir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onlar dəyişəkli, təmiz iş geyimi, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələr və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Həmçinin kafe və restoranlarda məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməli, yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır. Vətəndaşlardan ictimai iaşə müəssisələrində qaydalara əməl edilmədiyi halları ilə rastlaşdıqda bu barədə Agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

8
Teqlər:
AQTA, xəbərdarlıq, Koronavirus, epidemiya, COVID-19, sahibkar
Aleksey Navalnıy, arxiv şəkli

G7 ölkələrinin Navalnı tələbi

0
G7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri Aleksey Navalnının dərhal azad edilməsini tələb ediblər

BAKI, 26 yanvar - Sputnik. G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyirik", - nazirlərin bəyanatında deyilir.

"Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüuququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir", - bəyanatda yazılıb.

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib. 

"Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq... Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq", - nazirlər bildiriblər. 

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

0
Teqlər:
Rusiya, azadlıq, tələb, nazirlər, G7, Aleksey Navalni