Sahibsiz itlər, arxiv şəkli

İt demə, o, dəxi bizim birimiz...

490
(Yenilənib 18:31 31.07.2017)
Sürücülər bu sualların cavabını çoxdan axtarırdılar

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Son vaxtlar küçələrdə sahibsiz heyvanların sayı xeyli artıb. Bu heyvanlar təbii səbəblərdən olduğu kimi, qeyri-təbii səbəblərdən də tələf olur. Məsələn, günümüzün bəlasına çevrilmiş avtomobil qəzaları heyvanlardan da yan keçməyib. Baxımsız halda yaşayan heyvanlar daha tez-tez avtomobillərin təkərləri altında qalaraq ölür.

Ən acınacaqlısı isə insanların belə qəzalara biganə qalmasıdır. Təəssüflər olsun ki, yolda heyvanı vuran heç bir sürücü maşınını saxlayıb, vurduğu və ya başqasının vurduğu heyvanı baytar yanına aparmır. Halbuki, bəzən qəzaya düzən heyvan baytara aparılsa, onun yaşamaq şansı olur.

Bəs yolda heyvanları vuran, amma onu baytar yanına aparmayan sürücülər hansı məsuliyyəti daşıyırlar? Ümumiyyətlə, qanun heyvanların avtomobillə vurulmasına görə hansı cəzaları nəzərdə tutub?

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a bildirib ki, "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar"da bu haqda heç bir məlumat yoxdur: "Qanunvericilikdə bildirilir ki, ev heyvanları nəzarətsiz buraxılmamalıdır. Sürücülər mümkün qədər yolda heyvanları vurmamaq üçün hadisədən yayınmağa çalışmalıdırlar. Amma daha böyük qəza törətməmək üçün məcbur qalaraq heyvanı vururlarsa, bu zaman ona cəza vermək olmaz".

"O ki, qaldı sahibsiz heyvanların yollarda sürücülər tərəfindən vurulmasına, öncəliklə qeyd edim ki, heç bir sürücü bilərəkdən sahibsiz heyvanı vurmaq istəməz. Ən azından böyük heyvanları vuran zaman avtomobil zədələnərkən sürücü də ziyana düşür. Amma mal-qaranın keçdiyi yer, vəhşi heyvanların keçmə təhlükəsi barədə quraşdırılan nişan olarsa və sürücü bu nişanın tələbini pozaraq sürət həddini aşaraq heyvan vurarsa, bu zaman haradasa sürət həddini aşdığı üçün məsuliyyətə cəlb oluna bilər" — DYP sözçüsü qeyd edib.

"Amma digər məqamlarda sahibsiz heyvanların vurulmasına görə sürücüyə heç bir cəza tətbiq olunmur. Bir sözlə, belə hallarda sürücü heç bir cəza tətbiq oluna bilməz" — K. Əliyev vurğulayıb.

Vəhşi Heyvanları Müdafiə Cəmiyyətinin (VHMC) sədri Azər Qarayev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu məsələdə qanunda boşluq var: "Bizdə nəqliyyat vasitələrini idarə edən şəxslərin məsuliyyəti yoxdur. Başqa ölkələrdə isə belə deyil. Xarici ölkələrdə hadisə baş verərsə, sürücü həmin heyvanı baytara aparır və ya xüsusi bu işlə məşğul olanları hadisə yerinə çağırır. Bizdə isə əksinə, sürücü vurduğu heyvana əhəmiyyət vermədən yolun ortasında qoyub gedir. Bu da düzgün deyil. Heyvanlara qarşı vəhşilikdir".

Sığorta eksperti Xəyal Məmmədxanlının Sputnik Azərbaycan-a dediyinə görə, "İcbari sığorta heyvanı vuran zaman zərəri ödəyirmi" sualına cavab tapmaq üçün bir neçə məqama diqqət etmək lazımdır: "Birinci sual icbari sığortanın işinin nədən ibarət olmasıdır. Cavab olaraq deyim ki, icbari sığorta üçüncü şəxslərin əmlakına, o cümlədən sağlamlığına vurulmuş zərəri ödəməkdir".

"İkinci məsələ budur ki, sığorta şirkətinin vurulmuş heyvanla bağlı ödəniş həyata keçirməsi üçün birinci növbədə təsbit olunmalıdır ki, o heyvanın vurulmasına görə sürücü məsuliyyət daşıyırmı? Əgər sürücü heyvanı kəndin içində, heyvanların keçməli olduğu yerdə, təhlükəli heyvan işarələri qüvvədə olan məkanda vurarsa və DYP qərar verərsə ki, sürücü heyvanı vurduğuna görə məsuliyyət daşıyır, belə olan halda icbari sığorta dəymiş ziyanı ödəyir. Əgər müəyyən olunsa ki, sürücü heyvanın vurulmasına görə məsuliyyət daşımır, o zaman icbari sığortadan söhbət gedə bilməz. Məsuliyyət yaranmırsa, sığorta da yoxdur" — X. Məmmədxanlı bildirib.

O, əlavə edib ki, magistral yollarda və ya heyvanların keçilməsi qadağan olan yollarda heyvanlar vurulursa, sürücü məsuliyyət daşımır: "Əksinə, həmin heyvanın sahibi sürücüyə dəyən zərəri ödəməli olur. İcbari sığortada 3-cü şəxs olmalıdır. Yəni heyvana sığorta düşmür. Mütləq həmin heyvanın sahibi olmalıdır. Əgər qoruq heyvanı olarsa və ya ev heyvanı olarsa, bu zaman sürücü günahkar olduğu halda icbari sığorta zərəri ödəyir, amma vəhşi heyvan və sahibsiz heyvanlara görə pul ödəmir".

Sığorta mütəxəssisi onu da qeyd edib ki, belə hallarla bağlı onlara müraciət olmayıb: "Yalnız bir dəfə belə şikayətlə rastlaşmışıq və bu zaman da məhkəmə qərarı ilə sığorta şirkəti deyil, heyvan sahibi heyvanını qadağan olunan yerdə nəzarətsiz buraxdığı üçün cərimə olunub".

490
Teqlər:
Xəyal Məmmədxanlı, sığorta, Kamran Əliyev, Sputnik Azərbaycan, məsuliyyət, Baş Dövlət Yol Polisi İdarəsi, heyvan, polis, qanun, sürücü, avtomobil
Əlaqədar
Mal-heyvan tövlədə yandı
Vəhşi heyvanlar terrorçuları parça-parça etdi
Otyeyən heyvan aslanları pərən-pərən saldı
Bir sürü it qıza hücum etdi: prokurorluq istintaqa başladı
İki ay qabaq it dişləyən qadın quduzluğa yoluxub