Xuraman Seyidəmir

Bakıda 20 ildir elə bir dərd yaşanır ki...

3079
(Yenilənib 11:31 25.07.2017)
Bu tarixçədən xəbər tutub, emosiyalarına hakim olmaq hər adamın işi deyil

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Allah çox zaman verdiyi nemətlərlə insanları sınağa çəkir. Bu, dözümsüz bəndədir, iradəsizdir, bu, acizdir, bu, günahkardır deyə.

Xuraman Seyidəmir də Tanrının sınağa çəkdiyi bəndələrindəndir. Onun sınağı daha ağırdır. İki övladı var, ikisi də anadangəlmə xəstə. Biri epilepsiya xəstəsdir, biri ürək qüsurlu. Xuraman xanım onları itirməmək üçün əlindən gələni edir. Bəzən yaşadığı həyatdan yorulsa da, iki övladını itirməmək üçün əyilmir, qırılmır, ayaqdadır.

Təmiz Dünya İctimai Birliyinin qadın sığınacağı
© Sputnik / Irade JELIL

X. Seyidəmir deyir ki, iş həyatına 15 yaşından atılıb: "Uşaqlıqdan yaxşı yaşamağa can atırdım. Buna görə də elə çalışmağa 15 yaşından başlamışam. İşləyə-işləyə oxumuşam da. Gənclik illərində hər şeyi öz gücümə əldə etməyi bacarırdım. 1996-cı ildə ailə həyatı qurdum və bununla da bütün həyatıma son qoyuldu".

"1998-ci ildə qızım dünyaya gəldi və o, xəstə doğulduğu üçün mən daha işləyə bilmədim. Qızım epilepsiya xəstəsi idi. Sonra 2003-cü ildə bir oğlum da dünyaya gəldi, o da ürək qüsuru ilə doğulmuşdu. Tez-tez qıcolmaları tuturdu. Bütün gün qucağımda gəzdirirdim ki, ona heç nə olmasın" — deyir dərdli qadın.

O, öz qohumu ilə ailə həyatı qursa da, 2004-cü ildə həyat yoldaşı ondan ayrılır. Ərinin dediyi səbəb bu olur: "Sənin dünyaya gətirdiyin uşaqlar xəstədir". Xuraman xanım isə Allahın ona verdiyi bu iki varlığa, xəstə olsalar da, dörd əllə sarılır, qoruyur, özünün dediyi kimi ölməyə qoymur.

"Mən bütün ömrümü bu uşaqlarla sürünmüşəm. Xəstə olduqları üçün başqa uşaqlarla eyni məktəbə gedə bilməzdilər. Mən istəmirdim ki, onlar başqa uşaqlardan ayrı düşsünlər. Buna görə də onlarla bir yerdə məktəb oxumuşam. Özüm aparıb, özüm gətirmişəm. Bütün gəncliyimi yollarda xərcləmişəm. Uşaqların qıcolmaları tutanda yaddaşları da pozulur. Qızım 9-cu sinfi bitirdi, oğlum isə hələ 8-ci sinifdə oxuyur" — müsahibimiz bildirir.

Xuraman xanım deyir ki, qızı xəstə olduğuna görə dövlətdən 55 manat yardım alır. Amma bu 55 manat ona çatmır: "Qızımı neçə dəfə işə düzəltmək istəmişəm, amma iş saatları uzun olduğu üçün işləməyə göndərə bilmirəm. Dövlət belə xəstə uşaqların vəziyyətini nəzərə almalı, az saatlı iş yerləri olmalıdır. Qızımın 19 yaşı var. Geyinmək, yemək istəyir. 55 manat isə ona yetmir. Bu da onun əsəblərinə toxunur. Gənclik dövrüdür. İnanın, elə olur ki, gecələri saatlarla yatmır. O qədər intihara cəhd edib ki, qolları parça-parçadır" — deyir qadın.

Qızının II qrup əlil olduğunu diqqətə çatdırır "Qızım epilepsiya xəstəsi olduğu üçün menstruasiya da olmur. Bu da onun əsəblərinə təsir edir. Yəni qızımda gecikmiş inkişaf problemi var. Bütün xəstəxanaları gəzdirmişəm. Ginekoloq deyir, "endokrinoloqa apar", endokrinoloq deyir, "ginekoloqa apar". Əslində bu qıza endokrinoloq-ginekoloq baxmalıdır. Dövlət xəstəxanalarında belə ixtisaslı həkimlər yoxdur. Özəl xəstəxanalara getmək üçün isə maddi imkanım çatmır".

"2015-ci ildən bu günə qədər qızımı müalicə etdirə bilmirəm. Gündən-günə vəziyyəti pisləşir, aqressivləşir. İnanın, heç nə deyə bilmirəm ona, başlayır özünü kəsib-doğramağa. Bir gün intihar edəcəyindən qorxuram" — X. Seyidəmir bildirir.

İki xəstə övladı ilə yaşayan qadın deyir ki, 3 il bundan əvvəl avtomobil qəzası keçirib. Elə bundan sonra da maddi vəziyyəti ağırlaşıb: "Əvvəllər yenə evlərə iş görməyə gedirdim. Məni 2014-cü ildə avtomobil vurdu. Qolum, ayağım əzildi. Ondan sonra bütün bədənim ağrıyır, çalışa bilmirəm".

Həmsöhbətimizin 55 yaşı var və qorxur ki, dünyasını dəyişər, xəstə övladları başsız, sahibsiz qalar. Onun bir istəyi var, övladlarını müalicə etdirmək…

Xuraman xanım bununla bağlı Heydər Əliyev Fonduna müraciət edib və düşünür ki, tezliklə müraciətinə cavab alacaq: "Bu uşaqların məndən başqa heç kimi yoxdur. Xahiş edirəm mənə yardım edin, onların davamlı müalicəsini həyata keçirməyə mənə yardım edin…"

3079
Teqlər:
epilepsiya, ürək qüsuru, Xuraman Seyidəmir, oğul, övlad, xəstə, qız, həyat, qadın, uşaq
Əlaqədar
Kişi sənəti ilə məşğul olan qadın: "Bu bıçaqla..."
"Onun qadını olacaqdım, 15 iyul hadisələri imkan vermədi"
Bakıda falçı qadın tutuldu
Sərxoş qadınlar tərəfindən amansız qətl

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

1
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

1

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

1
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

1