CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksi şirkətləri də qiymət artımına gedəcək, amma...

© Sputnik / Irade JELILTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil yanacağının qiymətinin qalxması bu sahədə də qiymətləri dəyişəcək

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. İyulun 15-dən etibarən Tarif Şurasının müvafiq qərarına əsasən Aİ-92 yanacağının qiyməti 0.70 qəpikdən 0.90 qəpiyə qaldırıldı. Mütəxəssislərə görə, yanacağın qiymətinin artması ölkədə inflyasiyanı bir qədər də artıracaq. Bu artım, həmçinin, taksi xidmətlərindən də yan keçməyəcək.

Корзина с покупками в супермаркете - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bu məhsulların qiyməti bahalaşdı

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirir ki, benzinin bahalaşmasından sonra nəqliyyat sistemində ilk qiymət artımı adətən taksi xidmətində özünü göstərir: "Bu dəfə də istisna deyil. Hətta son aylar taksi xidmətində yaranan sərt rəqabət də artımı əngəlləyə bilməyəcək. Ola bilsin ki, artım ilk dövrlər özünü qabarıq göstərməsin. Ancaq zaman keçdikcə artımı müşahidə edəcəyik".

"189" taksi xidmətinin marketinq şöbəsinin əməkdaşı Azər İsmayılovun sözlərinə görə, xidmət hələlik gediş haqqını artırmayıb: "Düzdür, yanacağın qiymətində müəyyən qədər bahalaşma qeydə alınıb. Amma hələlik şirkətimizin taksi xidmətlərində artım edilməyib və bu barədə düşünmürük".

Xatırladaq ki, 189 taksi xidmətində minimal gediş haqqı 1,89, 5 km-ə qədər 3,5 manat, 6 km-dən çox isə 6 manatdan hesablanır.

Taksi xidməti bazarında qiymətlərinin münasib olması ilə fərqlənən "Taxify" taksi xidmətinin sürücülər üzrə meneceri Əli Əzizov də bildirir ki, hələlik qiymətlər artırılmayıb: "Bilirsiniz ki, taksi kimi fəaliyyət göstərən avtomobillərin böyük əksəriyyəti Aİ-92 yanacağı ilə çalışır. Yanacağın qiymətinin artması, təbii ki, gediş haqlarına təsir edəcək. Amma biz hələ bu barədə düşünmürük. Hazırda rəqiblərimizi müşahidə edirik. Əgər qiymət artımı müşahidə edilərsə, rəqiblərimiz qiyməti artırsa, yəqin ki, bizdə də müəyyən artım ola bilər. Bu da indi üçün nəzərdə tutulmayıb. Yəni, taksilərimiz hazırda keçmiş qiymətlə sərnişin daşıma ilə məşğuldur".

"City Taxi" şirkətinin direktor müavini Fəxri Bağırov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, başqa şirkətlərdən fərqli olaraq, şirkət qiyməti qaldırmayacaq: "Bizim iki taksi xidmətimiz var. City Taxi və Xaql Taxi. Biz yanacaq qalxdığı gündən öz müştərilərimizə müraciət edərək bildirmişik ki, qiymətlərimizi qaldırmayacağıq. Artıq bir neçə taksi xidməti ilə məşğul olan şirkət qiymət artımı edib. Amma bizim müştərilərimiz arxayın olsun City Taxi və Xalq Taxi qiymətləri artırmayacaq!"

Taksi sürücüsü Anar Xəlilov deyir ki, yanacağın qiymətinin artırılması təbii ki, taksi xidmətinə də təsir edəcək: "Əvvəl benzinin 10 litrinə 7 manat verirdimsə, indi 9 manat verirəm. Bu da bir çəndə haradasa 15 manat fərq edir. Tutaq ki, Masazırdan Zabrata taksi 15 manata aparırdısa, indi bu qiymət 20 manat olacaq".

Parkinq və tıxaclar - Sputnik Azərbaycan
Nəqliyyat sektorunda qiymət artımı

Taksi sürücüsü bildirir ki, taksi xidməti şirkətlərinin artması da sürücülərin münasib qiymətə aparmasına səbəb olur: "Taksi xidmətlərinin avtomobilləri daha ucuz apardığı üçün şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən sürücülər də məcbur olub ucuz aparır. Mən özüm həm də taksi xidmətlərinin biri ilə çalışıram. Yəni, öz müştərim olmayanda məcbur taksi şirkətinin müştərilərini götürürəm. Taksi xidmətlərində sürücülər hər müştəridən götürülən xidmət haqqının 10 faizini şirkətə ödəyirlər. Tutaq ki, taksi şirkətinin avtomobili Masazırdan Qara Qarayevə 6 manata aparır. Bu məbləğin 2 manatı benzinə, 60 qəpiyi şirkətə verilir. Yerdə 3,40 qəpik üçün bu qədər yolu sürməyə dəyməz. Avtomobil sıradan çıxır, onun müəyyən xərcləri yaranır".

Sürücü bildirir ki, belə bir şəraitdə şəxsi avtomobillə taksi şirkətləri ilə çalışan sürücülər işləməkdən imtina edəcək. Taksi şirkətləri də məcbur olub, qiymətləri qaldıracaq: "Ən yaxşısı dizellə çalışan avtomobillərə üstünlük verməkdir. Nə qədər ki, dizel bahalaşmayıb, belə avtomobillərlə taksi fəaliyyəti göstərən sürücülər qiyməti artırmayacaq".

Digər taksi sürücüsü Elnur Cəmilovun sözlərinə görə, o da taksi şirkətlərindən biri ilə əməkdaşlıq edir: "Hələ ki, şirkətdən bizə qiymət artımı ilə bağlı məlumat verilməyib. İki gündür əvvəlki tariflə çalışırıq. 20 qəpik bəlkə də başqalarına böyük məbləğ kimi görünməyə bilər. Amma çörəyini taksidən çıxarırsansa, bizim üçün böyük puldur. Amma düşünürəm ki, belə davam etməz. Şirkətlər də qiymətlərə artım edər. Yoxsa belə işləmək sərf eləmir".

Xəbər lenti
0