Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sizi deyib gəlməmişdikmi…?!

© Sputnik / Murad OrujovJurnalist
Jurnalist - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq bir qərara gəlməyin zamanıdır, biz kimik: 4-cü hakimiyyət, yoxsa 4-cü kasta?

Tural Talehoğlu,

Sputnik Azərbaycan-ın redaktoru

BAKI, 17 iyul — Sputnik. Bu, dünən-bu gün meydana çıxan mövzu deyil. Ta əvvəllərdən vardı, ara-sıra gündəmə sıçrayırdı və aralıqda itib batırdı.

Bəlkə xarakterdən, bəlkə də peşə "xəstəliyindən" dolayı heç bir mühüm prosesi gözardı edə bilmirəm. Bunu da həmçinin. Amma müşahidəçi qismindəydim. "Eşitdiyin hər şeyə inanma" deyirlər böyüklərimiz. Mən hətta, gördüyüm hər şeyə də inanmamağa çalışıram.

Kredit mütəxəssisi və müştəri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Media nümayəndələrinə qarşı bu, nə diskriminasiyadır?

Və sonra – ötən yaxın günlərdə mövzu daha da qəlizləşdi, ya da aktuallaşdı. Daha ucadan danışmağa başladılar ki, "özünüzü inandırmayın, siz onlar üçün müvəqqəti dayanacaqsınız, etibarlı liman deyil". Ortaya fakt qoyub, "siz var ha, dəyirmən daşısınız, xammalı üyüdərsiniz, ondan çıxan neməti bəh-bəhlə başqalarına verərsiniz və sonra daxilinizdə qalan tör-töküntünü təmizləməklə məşğul olarsınız" dedilər. Onu da əlavə etdilər ki, "O çax-çaxdan çıxan şəffaf nəticəyə sahiblənənlər, sizin üst-başınızdakı qara-quranı da görüb ağız büzərlər".

Çox ifrata getdiklərini düşündüm. Heç də belə olmadığını isbat etmək üçün, 1875-ci ildən üzü bu yana hər şeyi üyüdüm-tökdüm. "Bu xor görülən zümrə var ha, bax, bunlar 142 ildir, sizin bizə indi belə ağıllı-ağıllı məsləhət verə bilməyiniz üçün külüng çalır, tər tökürlər" dedim.

Ən böyük həqiqət yaşadığındır

Hər nəysə… Yenə də onların bu dediklərini qulaqardına vurmamağa qərar verdim. "Ən böyük həqiqət yaşadığındır" prinsipi ilə bu iddiaları kökündən bitirmək üçün iddiamı ortaya qoydum.

Əminliyim çoxdu, həddən çox. Əvvəla, şüurlu həyatımda heç bir zaman birilərinə badalaq gəlmək, üstünlüyə malik olduğum "status-kvo"dan sui-istifadə etmək, kimlərinsə üstünə dırmaşmağa çalışdığı qanunları heçə saymaq kimi bir fikrim və qərarım olmayıb. Ki, bütün bunlar da, müasir "sehrbaz sistemdən" – elektron sistemdən gizli deyil.

Yığdım bütün qanuni sənəd-sünədimi: çalışdığım müəssisə ilə müqaviləmi, rəsmi əmək haqqımı sübut edən bütün dəlilləri, vergi və DSMF ödəyicisi olduğumu təsdiq edən sənədləri… 13 ildir davamlı işlətdiyim mobil nömrəmdən tutmuş, qohum-qonşuların ev telefonlarının nömrələri də daxil, nə vardısa, hamısını qoltuğuma vurub yola çıxdım.

Hə, kor-koranə deyil ha, ünvanlıydım. İlk dəfədən məni tanımayanların və tanımadıqlarımın qapısını döyəcək deyildim. Birbaşa dost qapısına yön aldım – illərin dostu. O dost ki, ilk dəfədən mənimlə dostluğa şübhəli baxmış, amma sonra fikrini müsbətə dəyişmiş və bu illər ərzində bir dəfə olsun, məndən xəyanət (hətta başısoyuqluq belə) görməmişdi.

Çünki incitməmişdim, mənə etibar etdiyi şey üçün gecə yuxusunu, gündüz hüzurunu əlindən almamışdım. Bu, mənim müstəsna keyfiyyətim deyil, hər bir insanın yerinə yetirməli olduğu mənəvi borcdur…

Və bir də bu qapı ilə başqa bir mühüm bağlılığım var — əmək haqqı kartım onlara məxsusdur. Bunu da öz istəyimlə seçmişəm – dostluğumuz daha sıxlaşsın deyə.

Əlqərəz, tam inam və ümidlə, "YapıKredi Bank Azərbaycan"ın Cəfər Cabbarlı filialına baş vurdum. Kredit istədiyimi söylədim. Sağ olsunlar, gülərüzlə qarşıladılar və bütün sənədlərimi qəbul etdilər, "sizə xəbər verəcəyik" dedilər.

Haşiyə…

Mən – Məmmədov Tural Taleh oğlu — adı hər hansı qanunsuz aktda keçməmiş bir Azərbaycan Respublikası vətəndaşı. 15 ildir media sektorundayam. Şəxsi və iş həyatım boyu hər hansı qeyri-leqal davranışım və bunun qarşılığında cəzam olmayıb.

İndiyədək adımda kredit olub, amma heç bir zaman "qara xətt" olmayıb. Necə ki, 2013-cü ildə "YapıKredi Bank"ın mənə etibar etdiyi "Word Kart"la bu günədək etibarla davranmışam. Həm ehtiyacımı qarşılamışam, həm də bu banka xeyir vermişəm.

Ayrıca, hazırkı iş yerimdən aldığım əmək haqqı "YapıKredi Bank"dakı hesabıma, oradan da bu banka məxsus "Pulkart"a köçür. Nə qazandığımdan qəpiyinədək xəbərdardırlar, yəni.

Və ilk cavab

Təxminən 2 gün sonra müraciət etdiyim filialdan zəng gəldi – "Təəssüf edirik ki, sizə kredit verə bilməyəcəyik" deyə. Üstəlik mədəni şəkildə anlatdılar ki, bankdaxili qərara görə, KİV təmsilçilərinə kredit verilmir.

… Hansı vəziyyətə düşdüyümü təsəvvür edirsinizmi? İllərin "dostundan" (artıq dırnaqda yazmaq məcburiyyəti yaranır) belə bir güvənsizliklə üzləşməyin nə olduğunu bilirsinizmi? Ayrıca, həm bir müştəri olaraq, həm də şərəfli bir peşənin (JURNALİSTİKA) nümayəndəsi olaraq, bu qədər hörmətsizliklə qarşılaşmağın nə kimi bir mənəvi zərbə olduğundan xəbəriniz varmı?

Передача денег из рук в руки - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycandakı məşhur türk bankı: "Süpürgəçiyə kredit verərik, jurnalistə yox"

Yenə də yanlış anlaşılma olduğuna dair özümü inandırdım. Bankın rəhbərliyinə elektron məktub ünvanladım. Təxminən belə bir məzmunda:

"Çalışdığım Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi ciddi bir təsisatdır. Burada əmək haqqı rəsmi, işimiz tam şəffafdır. Aylıq maaşımız qəpiyinədək dövlətə — Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna bəllidir. "Qara mühasibatlığımız" yoxdur. Dövriyyəmiz göz önündədir. Hər ay vergi və DSMF ödənişlərimizi edir, hər kvartalda hesabat veririk. Üstəlik əmək haqqımı da sizin bank vasitəsilə alıram, aylıq ödəməmi birbaşa oradan tuta bilərsiniz".

İdarə Heyətinin (İH) sədri Cenk Yüksel və İH-nin bütün üzvlərinə ünvanlanmış məktubda qeyd etdim ki, barəmdə çıxarılan qərarın, hansısa araşdırma komissiyasının subyektiv qənaətindən doğduğunu düşünürəm və ədalətsiz qəbul edirəm: "Qeyd etdiyim problemi təkrar araşdırıb, verilən haqsız qərarı dəyişib, HAQQIMI bərpa etməli olduğunuzu diqqətinizə çatdırıram. Çünki, mən bu cür ETİBARSIZLIĞI haqq etmədim".

Xüsusi araşdırma başladı

Üstündən bir neçə saat sonra yenə həmin bankdan zəng gəldi. Danışan bankın mətbuat katibi idi. "Sizin müraciətiniz xüsusi araşdırılmaya götürüldü, bizə zaman verin, məsələni müsbətə doğru həll etməyə çalışaq" dedi. Təbii ki, barəmdə çıxarılan qərarın səhv olduğu qənaətinə vardıqlarını zənn etdim və araşdırmanın sonunu gözlədim.

Bir həftə sonra gözlədiyim zəng gəldi. Bu dəfə bankın İstehlakçıların hüquqlarını müdafiə şöbəsindən. Məlahətli səsə malik bir xanım problemin kökündən araşdırıldığını bildirdi. Az qala, "Üzrxahlıq etməyinizə ehtiyac yoxdur, bilirdim ki, ədalət yerini tapacaq" deyə tələskənlik etmək istəyirdim ki, yenə də təəssüflərini ifadə edərək, mənə kredit verə bilməyəcəklərini vurğuladılar.

Təbii ki, səbəbini soruşduqda, rabitəsiz, əlaqəsiz və bəhanə xarakterli arqumentlər gətirildi. İmtinaya dair yazılı cavab tələb etdim, günün sonunadək elektron ünvanıma göndərdilər. İstehlakçıların hüquqlarının müdafiəsi şöbəsindən daxil olan cavab məktubunu olduğu kimi təqdim edirəm:

"Hörmətli Tural bəy,

Müraciətiniz tərəfimizdən araşdırılmışdır. Müraciətinizlə bağlı məlumat vermək istəyirik ki, kredit müraciətiniz iqtisadi fayda və Bankın strateji məqsədləri baxımından kreditlərin verilməsinə dair bankdaxili qaydalara uyğun olmadığı müəyyən edildiyi üçün kredit tələbinizdən imtina edilmişdir.

Eyni zamanda onu da qeyd etmək istəyirik ki, kredit verilməməsi barədə qərar qəbul edilərkən hər hansı bir şəkildə irq, milliyyət, din, dil, cins, mənşə, əqidə, siyasi və sosial mənsubiyyət baxımından ayrı-seçkiliyə yol verilməmişdir".

Gəlinən nəticə

Göründüyü kimi, tamamilə qarmaqarışıq, anlaşılmaz, həqiqətin gizlədilməsinə xidmət edən bir imtina arqumenti. Bu izahın nə demək olduğunu, deyil sıradan bir müştəri, hansısa bank mütəxəssisi də ayırd etməkdə çətinlik çəkər.

Ayrıca, mən xatırlamıram, bəlkə bankdan kredit tələbinə aldığı imtina cavabının sonunda "Kredit verilməməsi barədə qərar qəbul edilərkən hər hansı bir şəkildə irq, milliyyət, din, dil, cins, mənşə, əqidə, siyasi və sosial mənsubiyyət baxımından ayrı-seçkiliyə yol verilməmişdir" qeydinə rast gələn var? Əslində, bu, qərarın məhz peşə seçimindən dolayı verildiyinin etirafı deyilmi? El arasında deyildiyi kimi, "soğan yeməyənin içi göynəməz"…

Hər nəysə, cavabımızı (bəli, məhz cavabımızı) aldıq. Bu, mənim timsalımda böyük bir jurnalist ordusuna verilən qiymətdir. Qapı-qapı düşüb, ən müxtəlif rəsmi və özəl qurumların əməkdaşlarına "Word Kart" paylayan, sərfəli şərtlərlə (?) kredit təklif edən və bu məmləkətin insanından xeyir qazanan bir əcnəbi bankın, Azərbaycanda ən yüksək səviyyələrdə "Dördüncü hakimiyyət" kimi qəbul edilən mediamıza verdiyi qiymət bəlli oldu – "Dördüncü kasta"!

Əslində, bir ölkənin jurnalistinə qarşı sərgilənən davranış biçimi, bütöv cəmiyyətə qarşı sərgilənmiş olur. Çünki qələm əhlinin mücadiləsi, məhz cəmiyyəti, dövləti, milləti narahat edən problemlərin həllindən dolayıdır. Əgər kimsə, "Öz problemlərinin dərdindədirlər" deyə ürəyindən keçirərsə, unutmasın ki, biz həm də öz dərdimizi çəkməliyik ki, ayaqda dura bilək. Yoxsa birilərinin quyruğu qapı arasında qaldığında, əli hər yerdən üzüldüyündə və qapımıza pənah gətirdiyində, açıq bir qapımız olmaz ki!

Belə, əziz dostlar, indilik bu qədər. Doğum günümüz öncəsi bir az bədbin söhbət oldu. Hələ, görək müvafiq qurumlar və şəxslər bu haqda nə deyəcəklər…

Xəbər lenti
0