Zabrat-Məhəmmədi gölü

Sputnik Azərbaycan-ın qabartdığı böyük problem həllini tapır

624
Bu problem uzun illər idi ki, vətəndaşların bəlasına çevrilmişdi

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Uzun illərdir ki, Abşeron rayonunun Məhəmmədi və Sabunçu rayonunun Zabrat qəsəbələrinin arasında olan Zabrat-Məhəmmədi gölü sakinlərin böyük probleminə çevrilmişdi. Qışda yağış yağan kimi dolub ətrafı basan göl, yay aylarında milçək, ağcaqanad və xəstəlik mənbəyinə çevrilmişdi.

Sputnik Azərbaycan-ın əməkdaşı da dəfələrlə ərazidə olmuş, sakinlərin problemlərini dinləmişdi. Ötən gün redaksiyamıza Məhəmmədi sakini Əhliman Əliyev zəng edərək təşəkkürünü bildirdi: "Siz gəlib bizim vəziyyətimizlə maraqlandıqdan sonra problemimiz həllini tapmağa başladı, artıq Zabrat gölü qurudulur. Canımız üfunətdən, sudan palçıqdan qurtarır".

Sakin bildirdi ki, hər il qış aylarında gölün səviyyəsi həddən artıq yüksəlir və su evlərinə dolurmuş. Sakinlər aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, dərdlərinə əlac edən olmayıb. İndi isə sakinlərin başının bəlasına çevrilən göl qurudulur.

Sputnik Azərbaycan-ın əməkdaşı yenidən ərazidə olub və sakinləri dinləyib. Sakin Tofiq Əhmədovun sözlərinə görə, Zabrat gölü illərin problem olub və heç kim bu problemin həlli üçün bir addım da atmayıb. İndi isə göl qurudulur.

Zabrat-Məhəmmədi gölü
© Sputnik / Irade JELIL
Zabrat-Məhəmmədi gölü

"Artıq suyun səviyyəsi də azalıb. Ümid edirəm ki, artıq qışda gölün səviyyəsi evlərimizə dolacaq şəkildə artmaz. Bezmişdik vedrə-vedrə su atmaqdan, bəzi qonşular gölə çox yaxın olduqları üçün həyətlərdə su çəkən mühərriklərdən istifadə edirdi. Sağ olun, səsimizi lazımi yerlərə çatdırdınız" — Əhmədov deyib.

Digər sakin Məsumə Əliyeva da gölün qurudulmasında əziyyəti olanlara təşəkkürünü bildirdi: "Qızım, 6-7 ildir ki, bu ərazidə yaşayıram. Əvvəl belə deyildi, sonralar göl yavaş-yavaş böyüməyə başladı. 2-3 il olar ki, hər qış evimizdə göl olur. Su çirkli su olduğu üçün xəstəlik mənbəyidir. Biz heç, uşaqlarımız, nəvələrimiz üçün qorxurduq. Məncə, daha canımız qurtardı".

Xatırladaq ki, ərazidə görülən işlər "Azərsu" ASC tərəfindən həyata keçirilir. "Azərsu" ASC –nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Prezidentin sərəncamına əsasən, Bakı şəhərində yağış-kanalizasiya suları infrastrukturu qurulması məqsədilə vəsait ayrılıb.

"Bu çərçivədə 13 layihə həyata keçiriləcək. Bu layihələrdən biri də Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi ilə bağlıdır. İlkin olaraq ərazidə Zabrat gölündən Kürdəxanı gölünə 1 kilometrə yaxın daşıyıcı magistral kəmər çəkdik və Zabrat-Məhəmmədi gölündən suyu Kürdəxanı gölünə yönəltdik" — Cəbrayıllı bildirib.

Zabrat-Məhəmmədi gölü
© Sputnik / Irade JELIL
Zabrat-Məhəmmədi gölü

Onun sözlərinə görə, hazırda göldə suyun səviyyəsi xeyli aşağı düşüb: "Ərazidə yaşayan sakinlərin həyətlərindən su çəkilib. Su bir qədər də aşağı enəndən sonra biz gölün daxilinə 200 metr xətt çəkərək, suqəbuledici kamera quraşdıracağıq. Bu kamera bizə gölün suyunun tənzimlənməsi üçün imkanlar yaradacaq. Su artdıqca, biz suyu oradan kənarlaşdıra biləcəyik. Daha ictimai –iaşə obyektləri, kommersiya obyektlərini, evləri və sənaye müəssisələrini su basmayacaq".

A.Cəbrayıllı bildirdi ki, gölün suyu Kürdəxanı gölünə, oradan isə Xəzər dənizinə yönləndiriləcək.

Qeyd edək ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn vəzifələrin icrasına başlayıb. Sərəncama əsasən, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2017-ci ilin dövlət büdcəsindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb.

Bu vəsait hesabına Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Artıq layihələr üzrə tikinti-quraşdırma işlərinə başlanılıb. İntensiv yağıntılar zamanı suyun səviyyəsi artaraq subasma halları baş verən göllərdən biri də Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən eyniadlı göldür. Səhmdar cəmiyyətinin sifarişi əsasında göldə su səviyyəsinin tənzimlənməsi üçün 1000-1200 millimetr diametrli borularla ümumi uzunluğu 4,7 kilometr olan kollektorun tikintisinə başlanıb. Kollektorun göldən açıq kanala qədər olan hissəsi qısa müddətdə tikilərək istismara verilib. Göldə suyun səviyyəsi azaldıqdan sonra kollektor gölün içərisinə doğru daha 200 metr məsafədə uzadılacaq və burada sugötürücü kamera tikiləcək.

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, Bakı şəhərinin bəzi ərazilərində yağış və kanalizasiya infrastrukturunun olmaması intensiv yağıntılar zamanı problemlər yaradır: "Zabrat-Məhəmmədi gölü isə həqiqətən acınacaqlı vəziyyətdə idi. Gölün qış aylarında daşıb evlərə dolması sakinlərin haqlı narahatlığına səbəb olurdu. Bu həm də onların sağlamlığı üçün təhlükəli idi".

"Təbii ki, ekologiyanın qorunması vacibdir. Həmin yer canlılar üçün təhlükə mənbəyi idi. Yayda su olan ərazilərdə ağcaqanad, milçək çox olur. Eyni zamanda, əgər bu sular çirkab sularıdırsa, müxtəlif epidemiyaların yayılması da qaçılmazdır".

624
Teqlər:
Məhəmmədi, göl, Zabrat, Sabunçu rayonu, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Sputnik Azərbaycan, Abşeron rayonu, sakin, qəsəbə, ev
Əlaqədar
Bakıda problem aradan qaldırıldı
Azərbaycandakı bu problemin səbəbi qonşu ölkəyə gedib çıxır
Ölüm gölü aşkarlandı: canlıları məhv edəcək
İlan-qurbağa gölündə çörək axtaranlar
Azərbaycanda bu da varmış – gölün içində qəbiristanlıq
Rusiya yasda: 13 azyaşlı uşaq göldə batdı
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

35
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

35
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

70
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

70
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN