Kredit mütəxəssisi və müştəri, arxiv şəkli

Media nümayəndələrinə qarşı bu, diskriminasiyadır?

875
(Yenilənib 15:31 12.07.2017)
Bankların heç bir əsaslı səbəb olmadan, sadəcə peşə seçimi ilə jurnalistlərə kredit verməkdən imtina etməsi ciddi qanun pozuntusudur

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Azərbaycanda ard-arda baş verən iki devalvasiya bank sistemində ciddi problemlərə gətirib çıxarıb. Banklar yaranmış vəziyyətdə insanların ödəniş qabiliyyətinin aşağı olmasını nəzərə alaraq, müştəri seçimində fərqli meyarlar tətbiq etməyə başlayıb. Belə ki, banklar kredit şərtlərini ağırlaşdırır, müştəriləri diqqətlə yoxladıqdan sonra kredit verir.

Amma bəzi kateqoriyalar var ki, onlara ümumiyyətlə heç bir halda kredit verilmir. Məsələn, jurnalistlər. Bank işçisi, heç bir səbəb göstərmədən jurnalistə şifahi şəkildə bildirir ki, "biz KİV nümayəndələrinə kredit vermirik". Təbii ki, jurnalist bankdan imtina ilə bağlı yazılı izahat tələb edəndə, ona kağız üzərində başqa səbəblər göstərilir.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a şərhində bildirib ki, vətəndaşlara verilən kreditlər skorinq sistemi ilə verilir: "Bu sistem İkinci Dünya Müharibəsindən sonra yaranıb. Müharibə zamanı bir çox peşəkar bank işçiləri öldüyü üçün, bu sistemi yaradıblar və proqram əsasında banka kredit almağa görə müraciət edən müştərinin məlumatları yazılır və sistem özü bu müştəriyə nə qədər kredit verməli olduğunu müəyyən edir".

"Mən vaxtilə "Bank of Baku"-da çalışmışam. "Bank of Baku" pərakəndə bankçılıq sahəsində Azərbaycanda ilk bank idi. Yəni, bu bank adi vətəndaşlara kredit verəndə, başqa heç bir bank kredit vermirdi. Mən bankda işləyən zaman jurnalistlər ilə heç bir problem yox idi. Həm də bankların da vəziyyəti yaxşı idi. Amma indi bankların vəziyyəti o qədər də yaxşı olmadığı üçün onlar müştəri seçimində istədikləri cür davranırlar. Bu isə doğru deyil. Bu hal vətəndaşın vəzifəsinə görə diskriminasiyasıdır. Bu da qanuna ziddir" – deyə ekspert əlavə edib.

Kredit şöbəsi
© Karikatura
Kredit şöbəsi

Ə. Həsənov onu da qeyd edib ki, yaranan problem kütləvi hal alarsa, dövlət qurumlarına müraciət etmək lazımdır: "Xüsusilə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar. Həmin xidmətin əməkdaşları banklara gedib bu sahəni araşdıra bilərlər".

Hüquqşünas Elyar Həsənov da deyib ki, belə hallar tamamilə qanunsuzdur: "Bir şəxs jurnalistdir deyə ona kredit verilmirsə və həmin jurnalist bunu məhkəmədə sübut edə bilərsə, o banka problem yarada bilər. Heç bir bank müştəriyə yazılı şəkildə izahat verildikdə, "jurnalist olduğu üçün kredit verilmir" yaza bilməz. Başqa bir çox səbəblər var ki, bu səbəblərə görə kredit vermədiyini qeyd etmək olar".

"Kredit verilərkən bir çox amillər qiymətləndirilir. Məsələn, həmin şəxsin adına olan əmlak, aldığı əmək haqqı, digər banka olan borcları, əvvəl krediti olubsa, o krediti necə verdiyi, yaş həddi, girov qoya biləcəyi əmlakın olması və s. Bu səbəblərdən biri uyğun gəlmirsə, o hal qeyd edilir və səbəb kimi yazılı şəkildə göstərilir" — hüquqşünas vurğulayıb.

"Unibank"-dan mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirdilər ki, rəsmi gəliri olan hər bir ölkə vətəndaşı, hansı sahədə işləməsindən asılı olmayaraq, "Unibank"-ın məhsul və xidmətlərindən istifadə edə bilər: "Minimum 175 manat əmək haqqı alan hər bir vətəndaş kredit üçün "Unibank"-a müraciət edir və müştəri təhlil edilərək onun gəlir və xərclərinə uyğun kredit məbləği ayrılır".

"Hansısa KİV əməkdaşının rəsmi gəliri varsa, kredit mütəxəssisi tərəfindən təhlil edilir və uyğun kredit məbləği ayrılır. "Unibank" KİV nümayəndələrinə ən çox kredit ayıran banklar siyahısındadır. Hazırda bankın KİV nümayəndəsi olan müştərilərinin sayı 2000 nəfərdən çoxdur" — "Unibank"-dan əlavə etdilər.

"Azərbaycan Beynəlxalq Bankı"-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən açıqlamada isə qeyd olundu ki, nağd pul kreditləri bankın maaş və yaxud pensiya kartı sahiblərinə təklif edilir: "Burada hər hansı peşə məhdudiyyəti yoxdur. Bankın maaş və ya pensiya kartına sahib olan hər kəs, o cümlədən jurnalistlər də Azərbaycan Beynəlxalq Bankından sərfəli şərtlərlə kredit ala bilərlər".

"Kapitak Bank"-ın mətbuat xidməti də sualımıza cavab olaraq deyib ki, "Kapital Bank" yalnız əmək haqqı və pensiyasını onlardan alan müştərilərə kredit təklif edə bilir: "Bəzi KİV nümayəndələri var ki, onlar da əmək haqqını bizim bank vasitəsi ilə alırlar. Lazım olan zaman bu jurnalistlərə kredit verə bilirik".

875
Teqlər:
hüquqşünas, Elyar Həsənov, Əkrəm Həsənov, media, kredit, Azərbaycan, bank, jurnalist
Əlaqədar
Millət vəkilindən kredit götürənlərə dəyərli məsləhət
İqtisadçı ekspert: “Banklar kredit verməkdə maraqlı deyillər”
Kredit borcunu qaytarmayanlar məsuliyyətə cəlb olunub
Reytinq agentliyindən Beynəlxalq Banka zərbə
Banklarda dollarla bağlı nə baş verir?
Bankların girovlarla bağlı necə davranacağı aydınlaşdı
Kürdəxanında çirkab sular

Kürdəxanıda çirkab suları dənizə axıdılır, nazirlik öz işini görür, nəticə isə yoxdur

4
(Yenilənib 20:12 17.01.2021)
Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində uzun illərdir ki, dənizə kanalizasiya suları axıdılır. Qəsəbə sakinlərinin sözlərinə görə, qəsəbədə kanalizasiya sistemi olmadığı üçün vətəndaşlar kanalizasiya sularının axıdılması üçün xüsusi qazılmış "şambo"lardan istifadə edir.

Adətən çirkab sular dənizə axıdılır. Bununla yanaşı Kürdəxanı və Pirşağı qəsəbələrində kanalizasiya sularının axıdılığı göllər də var. Bu problemin qarşısını almaq üçün qəsəbələrə kanalizasiya sistemi çəkilməlidir. Ötən il Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi üçün qərar verilsə də, görünən odur ki, qeyd olunan qəsəbələrdə hələ heç bir iş görülməyib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi planda olsa da, yəqin ki, bundan sonra məsələyə birbaşa məsul olan qurum "Azərsu" ASC işğaldan azad edilmiş ərazilərdə müvafiq işlər görəcək. Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi məsələsi hələ bir müddət qalacaq. Çünki bu gün əsas prioritet məsələ işğaldan azad edilmiş torpaqların bərpasıdır.

Onun sözlərinə görə, Pirşağıda Cənubi Koreya şirkəti tərəfindən kanalizasiya sularının təmizlənməsi ilə bağlı stansiya tikilir. Stansiya istifadə verildikdən sonra Mehdiabad, Ceyranbatan və s. yaxın qəsəbələrin kanalizasiya boruları həmin stansiyaya qoşulacaq.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

F.Həsənov qeyd edib ki, kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılmalıdır: "Qonşu Türkiyədə kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılır. Kanalizasiya suyu o qədər təmizlənir ki, Azərbaycanda olsa, içməli sudan fərqləndirmək mümkün olmaz. Bu qədər təmizlənməsinə baxmayaraq, həmin sular xüsusi borularla dənizin daxilində 5 kilometr məsafəyə buraxılır".

Professor bildirib ki, içməli suyun bir litrində 1 qram, Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var. Kanalizasiya suları təmizlənib dənizə axıdıldığı təqdirdə, dənizin suyunun tərkibinə təsir etmir. Təmizlənmədiyi halda isə kanalizasiya suyunun tərkibində olan zərərli maddələr dəniz suyuna qarışır. Belə olan təqdirdə həmin ərazilərin çimərlik kimi istifadə edilməsi sağlamlıq üçün təhlükəlidir.

© Sputnik / Irade JELIL
Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var

"Çirkab sularının birbaşa təmizlənmədən dənizə axıdılması müxtəlif dəri, mədə-bağırsaq və s. xəstəliklərə səbəb olur. Vətəndaşlar sağlamlıqları üçün bu ərazilərdən çimərlik kimi istifadə etməməlidirlər", - deyə F.Həsənov bildirib.

Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəis müavini Ramal Bağırovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2007-ci ildən bu günə qədər 17 ədəd su təmizləyici qurğu quraşdırıb.

Bu problemin qalmasının səbəbi isə müvafiq ərazilərdə kanalizasiya sisteminin olmamasıdır. Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb. Nəticələr barədə "Azərsu" ASC-yə məlumat verilib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Ekoloq Telman Zeynalovun fikrincə, çirkab və kanalizasiya sularının dənizə axıdılması insan sağlamlığı ilə yanaşı, Xəzərin biomüxtəlifliyi üçün də təhlükəlidir. Onun sözlərinə görə, Kürdəxanı ərazisində dənizə çirkab sularının axıdılmasına nəzarət yerli icra orqanları və Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Belə ki, qurumlar həmin ərazilərdə mütəmadi olaraq monitorinqlər aparmalı, bu kimi vəziyyətləri açıqlamalı və müvafiq tədbirlər görməlidir.

Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxlamaq mümkün olmadı. Ancaq qurumun rəsmisi Şöhrət Süleymanov yerli mətbuata açıqlamasında bildirib ki, bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: "Abşeron yarımadası üzrə Master Plana uyğun olaraq Pirşağı hövzəsi üzrə müasir standartlara uyğun bioloji tullantı su təmizləyici qurğusunun inşası aparılıb. Hazırda tamamlanma işləri aparılır".

© Sputnik / Irade JELIL
Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb

Qeyd edək ki, Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və çirkab suların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə Bilgəh, Mərdəkan, Novxanı, Buzovna, Sumqayıtın Xəzər sahili ərazilərində ETSN tərəfindən onlarla modul tipli lokal təmizləyici qurğu quraşdırılıb.

Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

4
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

13
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

13