Qaranlıqdakı adam

"Şamplena qasırğası" nələri üzə çıxardı?

5319
(Yenilənib 10:19 10.07.2017)
Son hadisə, əslində fərqinə varmadığımız qaranlıqları aydınlatdı

BAKI, 10 iyul — Sputnik. Ötən həftə Sputnik Azərbaycan-ın ortaya çıxardığı bir fakt ölkə gündəmini silkələdi. Öncə xəbər verildi ki, seksual azlıqların nümayəndələrindən ibarət qrup Bakıdakı bir çay evinə hücum edərək oranı talana məruz qoyub. İnsident iyulun 3-dən 4-nə keçən gecə saat 00:10 radələrində Nizami rayonunda, Çobanzadə küçəsində, 24-cü polis bölməsinin ərazisində baş verib.

Ərazidə yerləşən "Opera" çayxananın sahibi Məmmədov Rafiq Ramazan oğlu polisə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, ona məxsus obyektə 3 cinsi azlığın nümayəndəsindən ibarət qrup gələrək, 500 manat pul tələb ediblər. İlkin məlumata görə, bu pulu Məmmədov cinsi azlıqların nümayəndələrindən birinə borclu imiş. Məmmədov onlara bildirib ki, onun üstündə bu qədər pul yoxdur və tezliklə o pulu qaytara bilməyəcək.

Bu zaman gənclərdən ibarət qrup çayxananı dağıtmağa və talan etməyə başlayıb. Onlar mebelləri, stəkanları qırıblar, şüşə qırıqlarını Məmmədovun üstünə atıblar və o, qolundan zədə alıb. Bununla yanaşı, "Şamplena" ləqəbini daşıyan həmin dələduzlardan biri stəkanın qırığı ilə öz venasını kəsib və nəticədə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Bir neçə gün sonra isə işin astarı üzə çıxıb. Yəni həmin R. Məmmədov Sputnik Azərbaycan-ın redaksiyası ilə əlaqə saxlayaraq, həqiqətləri anladıb. Məlum olub ki, məsələ heç də bilindiyi qədər bəsit deyilmiş. Sən demə, çay evinə basqın edən Şamplena, artıq paytaxtın Nizami rayonuna "polojeniyaya" nəzarət edirmiş.

Belə ki, hadisədən 5 gün əvvəl, əsl adı Teymur Paşayev olan, 42 yaşlı Şamplena, öz əlaltıları ilə çay evinə gələrək Məmmədovdan, sakit işləyə bilmək üçün 500 manat aylıq haqq (xərac) tələb edib. Şamplena bu məbləği toplamaq üçün biznesmenə 5 gün vaxt verib. Deyib ki, bu əraziyə o, nəzarət edir, hətta küçədə fahişəliklə məşğul olan "mavilər" və qadınlar gündəlik ona 20 manat haqq ödəyirlər.

Və 5 gündən sonra uzun saçları olan və qara don geyinmiş Şamplena, əlaltıları ilə birgə yenə çay evinə gəlib, hay-küy salaraq kəsdiyi xəracı tələb edib. Nəticədə də yuxarıda qeyd olunan hadisə baş verib.

Beləliklə, bu hadisə sosial şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrildi. Əksər vətəndaşlarımızın təəssüf hissi ilə diqqət çəkdikləri məqam ondan ibarətdir ki, "Vaxt var idi Bəxtiyar, Hikmət kimi "qanuni oğru"lar "polojeniyaya" nəzarət edirdilər, indi Şamplena kimi transseksuallar".

Bəli, təəssüflənmək üçün tutarlı səbəbdir. Ən azından, bir zamanlaradək öz varlıqlarını maksimum dərəcədə gizli saxlayan cinsiz azlıqlar (əslində, bu anlayış da uğursuz seçilib), bu gün öz "xidmət" sahələrini əməlli-başlı genişləndiriblər. Əvvəllər küçəyə qorxa-qorxa çıxan bu zümrənin fəalları, artıq həmin küçələrdə söz sahibinə çevriliblər. Hətta normal adamların (məsələn, cinsi çoxluqların) üzərində patronajlıq haqqına iddia edirlər. (Niyə bu qədər rahat hərəkət edə bildikləri isə başqa müzakirənin mövzusudur).

Lakin, zənnimcə, əsas dərd bu da deyil. Məsələn, fərqində deyilmiyik ki, fiqurların yerini dəyişdikcə cəm dəyişmir? Əməl yanlışdırsa, onu törədən subyektlərin kimliyi o qədər də əhəmiyyət daşımır. Yəni bir cinayəti "avtoritet" törətdiyi halda alqışlayıb, "trans" törətdiyi halda daşlamaq hansı gerçəyi dəyişir ki?

Onsuz da aidiyyəti ünvanların "xəracını" çatdırmağa məcbur olan həmin iş adamının boğazına, indi də bu tərəfdən çökənlərin cinsi mənsubiyyətini deyil, ümumiyyətlə camaatın boğazına niyə çökülməli olduğunu araşdırmaq lazımdır. Birinin haqsızlığını ədalətin bərpasına xidmət edən yazılmamış qanun, digərinkini biabırçılıq kimi qələmə vermək 21-ci əsr insanının beyninin məhsulu ola bilməz.

Və üzərində dayanmalı olduğumuz çox incə bir nüans var: ƏDALƏTSİZLİK. İnsan ədalətsizliklə üzləşirsə və qanuni orqanlardan dərdinə çarə tapa bilmirsə, onun haqqını bərpa edəcək birilərini axtarmağa başlayır. Keçmiş sovet güc strukturlarının, alt qatları (kriminal aləmi, həbsxanaları və s.) nəzarətdə saxlamaq üçün yaratdığı "qanuni oğru" sisteminin sonradan xeyli tərəfdar qazanması da, məhz bu ədalət axtarışlarının nəticəsiydi.

Birbaşa məmurların basqısına məruz qalan, yaxud cəmiyyətin digər fərdləri tərəfindən tapdanan haqqını rəsmi instansiyalarda bərpa etdirə bilməyən insan, ümidini "gizli asayiş keşikçilərinə" bağlayırdı. Kriminal dünyanın təmsilçiləri də öz yazılmamış qanunları ilə problemi bir şəkildə həll edir, göstərdiyi xidmətə görə haqqını alır və ayrıca hər iki tərəf üzərində uzunmüddətli dominantlıq imkanı qazanırdı.

Və beləcə bu qanunsuz sistemə simpatiya yaranır, onlara özənənlərin sırası genişlənirdi. Unutmayaq ki, yaşlı nəslin nümayəndələrinin ciddi-cəhdlə inandırmaq istəmələrinə baxmayaraq, SSRİ adlı nəhəng dövlət heç də qanunlarla idarə olunmurdu. Sosial ədalət şüarından çıxış etsə də, orada "ədalət"in vətəni cəmiyyətin içərisi deyil, alovlu çıxışlar və vahid xəttə xidmət edən ədəbi-bədii əsərlər, filmlər idi.

Daha acınacaqlısı isə odur ki, bu gün də post-sovet məkanında ədalət axtarışları davam edir. Bu axtarışlar da kriminal aləmi yetərincə ayaqda saxlayır. Odur ki, şamplenaların alt qata nəzarəti ələ aldığından qeyzlənən gənclərimiz, öz qəzəbini "ədalət mülkün təməlidir" gerçəyi ilə ifadə etmək əvəzinə, "hardasan, ay Məşədi Kazım" dərdindədir…

5319
Teqlər:
haqq, ədalətsizlik, Məmmədov Rafiq Ramazan oğlu, Şamplena, cinsi azlıq, homoseksual, kriminal aləm, çay evi, Sputnik Azərbaycan, ədalət, qanuni oğru, haqsızlıq, transseksual, cinayət, polis
Əlaqədar
"Cinsi azlıqların hüquqlarını qoruyun, cənab prezident"
Bakıda cinsi azlığın mənzilini qarət etdilər
Homoseksuallarla bağlı xəbər ortalığı qarışdırdı
Homoseksuallıq xəstəlik deyil, həyat tərzidir
Uzun zamandan bəri ölü bilinən kriminal avtoritet Bakıda qətlə yetirildi
Dünya şöhrətli kriminal avtoritet Azərbaycana gəlir
"Kriminal avtoritet"in bütün ailəsinin qətlinə fərman verilib
Kriminal aləmdə tarixi ittifaq
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

5
(Yenilənib 16:14 01.12.2020)
Bu gün üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Laçın rayonu Ermənistanın işğalından azad edildi.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonunu işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir: “Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy, Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”

5
Teqlər:
Birinci vitse-prezident Mehriban Əliyeva, Laçının azad olunması
Silahlı, arxiv şəkli

Ombudsman Ermənistanın muzdlulardan istifadə etməsi ilə bağlı müraciət edib

10
(Yenilənib 15:44 01.12.2020)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti,

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, müraciətdə Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən əhalinin sayını süni şəkildə artırmaq və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək məqsədilə Livan, Suriya, İraq və digər ölkələrdən olan etnik ermənilərin həmin işğal olunmuş ərazilərə köçürülməsi ilə etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı bildirilib.

Müraciətdə, habelə qeyd olunan bu fəaliyyətlə işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona əlavə protokolları, Haaqa Konvensiyalarını, eləcə də Ermənistanın öz üzərinə götürdüyü digər öhdəlikləri, habelə öz daxili qanunvericiliyinin tələblərini kobudcasına pozduğu vurğulanıb. Ombudsmanın müraciətində Ermənistanın siyasi manevr edərək 27 oktyabr 2020-ci il tarixində Azərbaycan tərəfindən 1997-ci ildə ratifikasiya olunmuş BMT-nin "Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya"sını ratifikasiya etməsi, buna baxmayaraq, muzdluları silahlı münaqişələrə cəlb edərək bu Konvensiyanın da tələblərinə biganə münasibət və aşkar surətdə hörmətsizlik nümayiş etdirdiyi qeyd edilib. Bununla yanaşı, müraciətdə Ermənistan tərəfindən hərbi əməliyyatlara müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdluların cəlb edilməsinə dair faktlar diqqətə çatdırılıb.

Müvəkkil müraciətində beynəlxalq təşkilatları Ermənistanın etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasətini, eləcə də muzdluları, terrorçu qruplaşmaları münaqişəyə cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması faktlarını araşdırmağa və həmin cinayət əməllərinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən  edən tədbirlər görməyə çağırıb.

10
Teqlər:
muzdlu, Ermənistan, müraciət, ombudsman

Ölməyən futbol sevdası: Məzarı üstə sevimli komandasının təmsil edilməsini istəyən şəhid

0
(Yenilənib 14:09 01.12.2020)
Kapitan Fərid Dursunov sağ ikən vəsiyyət etmişdi ki, şəhid olsa məzarına Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin Qalatasaray futbol klubunun bayrağı da sancılsın. Dostları isə şəhidin bu arzusunu yerdə qoymayıblar. Daha ətraflı – videomuzda.

Qaxın Qorağan kəndindən olan kapitan Fərid Dursunov sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olub. O, sağ ikən Türkiyənin “Qalatasaray” futbol klubunu o qədər sevirmiş ki, şəhid olsa, dostlarına məzarı üstə Azərbaycan bayrağı ilə yanaşı, azarkeşi olduğu futbol klubunun bayrağının da sancılmasını vəsiyyət edib.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Dostları isə şəhidin ruhunu şad etmək üçün onun sözünü yerdə qoymayıblar. Bundan xəbər tutan Türkiyə klubunun rəsmiləri şəhidin bu qeyri-adi istəyinə reaksiya verib, şəhidin atası Fazil Dursunovla əlaqə saxlayıblar. Klub prezidentinin köməkçisi Yusuf Günay Dursunovlar ailəsinə baş sağlığı verib, klub rəsmilərinin mütləq şəhidimizin məzarını ziyarət edəcəklərini bildirib. Bundan başqa, o söz verib ki, klubun növbəti matçların birində, futbolçular sahəyə üzərində “Fərid” yazılmış forma ilə çıxacaq.

Maraqlısı odur ki, Fərid evin yeganə hərbçisi deyil. Onun iki kiçik qardaşı da bir vaxtlar Fəriddən ilhamlanaraq hərbçi olmaq istəyiblər. Hal-hazırda hər ikisi cəbhə bölgəsində xidmətlərini davam etdirir. Fəridin həyat yoldaşına son sözləri isə geridə buraxdığı iki oğlu ilə bağlı olub. O, yoldaşı Məryəm Dursunovadan onlara göz bəbəyi kimi baxmağı xahiş edib.

0