Tikanlı məftillər, arxiv şəkli

Repressiya qurbanları: Qatil mərhəməti

353
(Yenilənib 20:24 05.07.2017)
Orxan BAHADIRSOY
"Ailəm iki aydan çoxdur ki, kənardan heç bir maddi kömək almır"

Beşinci yazı: Yusif Vəzir Çəmənzəminli

BAKI, 5 iyul — Sputnik. 1937-38-ci illərdə repressiyaya məruz qalan elm və mədəniyyət adamları öz ifadələrində Yusif Vəzir Çəmənzəminlinin adını hallandırıblar. 1940-cı il yanvar ayının 25-də Vəzirov Yusif Mirbaba oğlunun (Çəmənzəminli) həbs olunması ilə bağlı qərar çıxarılıb. O, yanvar ayının 27-də Özbəkistan SSR-in Ürgənc şəhərində yerləşən pedaqoji institutda müəllim işlədiyi vaxt həbs olunub və Bakıya gətirilib.

Qərarda deyilirdi: "1929-cu ildə Bakıda "Müsavatçılarla milli təmayülçülərin antisovet bloku" yaradılmışdır. Yusif Vəzirov bu antisovet blokun rəhbər heyətinə məxsus idi. İstanbulda Müsavat hökumətinin konsulu olan Yusif Vəzirov ingilis-fransız və Türkiyə kəşfiyyatları ilə əlaqədə olmuşdur. O, öz həmfikirləri arasında müntəzəm olaraq əksinqilabi görüşlər təbliğ etmişdir. Yusif Vəzirov 1931-ci ildə Azərbaycanın əksinqilabi millətçi təşkilatına cəlb olunmuşdur".

1940-ci ilin 13 fevralında Yusif Vəzir Çəmənzəminlinin birinci istintaqı baş tutub. İstintaq zamanı müttəhimin tərcümeyi-halı nəzərdən keçirilib. Məlum olub ki, 1937-ci ilədək o, "Studentlər" romanına görə Azərbaycan Yazıçılar İttifaqından çıxarılıb, bütün vəzifələrindən məhrum olunub və işsiz qaldığı üçün Ürgəncdə müəllim işləməyə gedib.

1940-cı ilin 14-15 fevralında keçirilən istintaqda təsdiq olunub ki, 1917-ci ildə Kiyevdə oxuyarkən Müsavat Partiyasına daxil olub və Müsavatın Kiyevdəki təşkilatının rəhbəri seçilib. Fevral ayının 25-də verdiyi ifadədə bildirib ki, o, müəllifi olduğu "Bolşevik təhlükəsi" və "Studentlər" əsərlərini millətçi, mütərəddid (tərəddüd edən, qərara gələ bilməyən) əsərlər hesab edir. Vəzirov bu ifadədə ittihamları qəbul edib və əksinqilabi millətçi təşkilata üzv olduğunu, öz həmfikirləri arasında əksinqilabi millətçi fikirləri təbliğ etdiyini boynuna alıb.

1940-ci ilin 26 fevralında Yusif Vəzir Çəmənzəminliyə üç maddədən ibarət qərar təqdim olunub. O, bu qərarın altına yazıb: "Mənə verilən üç maddədən ibarət ittihamlar ağ yalandır. Mən özümü günahkar hesab etmirəm".

Martın 7-si, 13-ü, 17-si və 19-da keçirilən istintaqlarda da Yusif Vəzirov ittihamları rədd edib. Onun işində Bəkir Çobanzadənin ifadəsi (1937-ci il) də vardı və Bəkir Çobanzadə (ədəbiyyatşünas, şair, dilşünas) həmin ifadədə Yusif Vəzirovun əksinqilabi millətçi təşkilata üzv olduğunu bildirib. Yusif Vəzirov bu ittihamı da qətiyyətlə rədd edir.

1937-ci ildə Hacıağa Nəzərli öz ifadəsində bildirib ki, Cəbiyev, Ruhulla Axundov və Qarayev burjua millətçi-müsavatçı Əhməd Cavadın, Hüseyn Cavidin və Yusif Vəzirovun güclü təsiri altında idilər. Yusif Vəzirov bu ittihamı da rədd edir.

Qəribədir. İlk istintaqlarda ittihamları qəbul edib, amma daha sonra hamısından qətiyyətlə imtina edib. Qəribə olan odur ki, adətən, repressiya qurbanları ilk istintaqlarda ittihamları rədd edib, daha sonra qəbul ediblər. Çünki onlar ağır işgəncələrə məruz qalandan sonra bütün ittihamları qəbul etməyə məcbur olurdular.

Yusif Vəzir Çəmənzəminlidə isə əksinə idi. Bunun səbəbi məlum deyil. Bəlkə də yazıçı xarakterindəki paradoks idi.

1940-cı il aprel ayının 3-də müstəntiqə müraciət edir: "Xahiş edirəm ki, mənim əmanət kitabçamın həyat yoldaşıma çatdırılmasına icazə verəsiniz. Çünki ailəm iki aydan çoxdur ki, kənardan heç bir maddi kömək almır".

Yusif Vəzir Çəmənzəminlinin əmanət kitabçasında dörd min manat pul olub və bu kitabça onun ailəsinə çatdırılıb. Bu da qatil mərhəməti!

1940-cı ilin 11 iyununda Xüsusi Müşavirə Vəzirov Yusif Mirbaba oğlunu islah-əmək düşərgəsində 8 il müddətində həbs cəzasına məhkum edib. 1956-cı ildə (həbs qərarından 16 il sonra) Azərbaycan SSR prokuroru Yusif Vəzirovun işi üzrə protest təqdim edir və həmin ilin fevral ayının 28-də ittiham sübuta yetmədiyi üçün işə xitam verilir.

Daha qəribə bir fakt: Yusif Vəzir Çəmənzəminlinin istintaq işində fotoşəkili olmayıb. İş üçün onun yalnız barmaq izləri götürülüb.

353
Teqlər:
əksinqilabçı, müsavatçı, Vəzirov Yusif Mirbaba oğlu, Yusif Vəzir Çəmənzəminli, ifadə, repressiya, istintaq
Əlaqədar
Repressiya qurbanları: 20 dəqiqədə ölüm hökmü...
Repressiya qurbanları: Bağırova sui-qəsd hazırlanması iddiası kimin yalanı idi?
Repressiya qurbanları: ata güllələnir, qızına infarktdan öldüyü deyilir...
Repressiya qurbanları: məşhur aktyor haqqında yalan ifadələri kimlər verib?
Repressiya aparatını "əridən" sevgi