Sultan Şahvələdovun məzarı

Cəmi 10 gün sonra onu böyük mükafat gözləyirdi…

7009
(Yenilənib 13:43 04.07.2017)
Üç əsgər yoldaşını ölümün cəngindən xilas edən şəhidin anasına son sözü: "Hazırlıq görün…"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. "Torpağın üzü soyuqdur", deyirlər. İyunun 15-də Ermənistanın təxribatı nəticəsində şəhid olan həqiqi hərbi xidmət keçən, əsgər Şahvələdov Sultan Niyaz oğlunun torpağa verilməsindən günlər keçsə də, onun torpağı soyumur, ailəsinin, doğmalarının da acısı bitib-tükənmək bilmir. Elə bu ağrı-acının, bu sonsuz kədərin yolunu tutub Qusara, Sultanın doğulub boya-başa çatdığı evə yollanırıq.

Sultan (soldan birinci) məktəb yoldaşları ilə
© Photo : Şahvələdovlər ailəsinin arxivi
Sultan (soldan birinci) məktəb yoldaşları ilə

Arayış üçün bildirək ki, Sultan 1994-cü ildə Qusar rayonunda anadan olub. Qusar rayon 2 nömrəli tam orta məktəbini bitirib, Dağıstan Respublikasının Dərbənd şəhərində ali təhsil alıb. 2015-ci ildə unversiteti bitirən Sultan, 2016-cı il iyul ayının 2-də həqiqi hərbi xidmətə çağırılıb.

Evlərinə çatanda bizi ilk qarşılayan Sultanın dayısı Zaur oldu. Başsağlığımızı qəbul edib, evə dəvət etdi. Evlərinin qarşısında təcili tibbi yardım maşını dayanmışdı. Məlum oldu ki, Sultanın şəhid olması xəbərindən böyük sarsıntı keçirən anası həkimlərin nəzarətindədir.

Dayı çətinliklə də olsa, Sultanla bağlı xatirələrini Sputnik Azərbaycan-ın oxucuları ilə bölüşür: "Sultan ailəsinin, eləcə də qohumlarının fəxri idi. Həm orta məktəbdə, həm də unversitetdə şagird və tələbələrdən başlayaraq müəllimlərə kimi hamı Sultanı çox istəyirdi. Çünki o, uşaqla uşaq, böyüklə böyük kimi rəftar edirdi. İndiyə qədər heç kimdən Sultan haqqında narazılıq eşitmədik".

"Onunla söhbətləşəndə mənə deyirdi ki, "qəhrəman olmaq, o murdar ermənilərdən torpaqlarımızın alınmasında iştirak etmək istəyirəm". O, qismən olsa da, istəyinə çatdı, qəhrəman oldu. Qaldı düşməndən torpaqlarımızın azad edilməsi" – deyə şəhidin dayısı bildirir.

Şəhid dayısı əlavə edir ki, Sultanın, eləcə də digər şəhidlərimizin qisasını almaq üçün o özü də düşmənlə döyüşə getmək istəyir.

Sultanın qardaşı Şahvələdov Eldar Niyaz oğlu da şəhidimiz haqqında xatirələrini danışır: "Sultan çox yaxşı qardaş, yaxşı dost, ən əsası yaxşı övlad idi. Həmişə valideynlərimizin məsləhətlərinə qulaq asıb. Universiteti bitirən ili dedi ki, "ali təhsil aldım, indi isə vətənə xidmət etmək vaxtıdır".

Qardaşı onunla şəhid olmazdan bir gün əvvəl telefonla danışdıqlarını deyir: "Həmişəki kimi dedi ki, "məndən narahat olmayın, hər şey yaxşıdır". Mülki paltarlarını istəmişdi ki, tərxis olunan gün geyinib evə gəlsin. Anama da demişdi ki, "hazırlıq görün, mənə bir qız tapın, gəlib toy edəcəm". Amma gəlmək qismət olmadı. Arzusuna çata bilmədi".

Sultanın yaxın dostu Alik isə onu belə erkən itirə biləcəyini heç vaxt ağlına gətirməyib: "Buna inana bilmirəm. Uşaqlıqdan bir yerdə böyümüşük. Ən çox maşın sürməyi xoşlayırdı. Hər dəfə danışanda "sürücülük vəsiqəsi və maşın alıb gəzərik" deyirdi".

"Dostluğa hər zaman sədaqətli olub. O, dostluqda sədaqətli olduğunu hərbi xidmətdə olduğu zaman da göstərmişdi. 3 əsgər yoldaşını "qar uçqunundan" xilas edib. Məhz bu igidliyinə görə iyunun 26-da — Silahlı Qüvvələr Günündə fəxri fərmanla təltif olunacaqdı. Amma qismət olmadı" – deyə Alik bildirir.

Şəhidin atası Niyaz dayının isə dərdini heç nə ovuda bilmir. Qəhər içində sadəcə bunları deməklə kifayətlənir: "Onun yerinə mən ölməli idim. O, burda mənim yerimdə dayanıb, yasa gələnlərdən başsağlığını qəbul etməli idi. Allah mənim çəkdiyimi heç kimə qismət etməsin. Allah bütün əsgərlərimizi qorusun!"

7009
Teqlər:
Sultan Niyaz oğlu Şahvələdov, qəhrəman, Qusar, şəhid, Ermənistan, əsgər
Əlaqədar
Mehriban Əliyeva şəhid ailəsinin böyük müşkülünü həll etdi
Şəhidimiz dəfn edildi
Cəbhədə şəhid verdik
Şəhid anası Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırıldı
Düşməni pərən-pərən salan iki hərbçimiz qol-boyun şəhid olub
"Murov qartalı"nın şəhid olmasından bir il keçdi

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev

Təhsil naziri şikayətləndi: Fikirlərim təhrif edilib, elə demək istəmirdim

59
(Yenilənib 23:16 22.01.2021)
Emin Əmrullayev: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir".

BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:

"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".

"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.

59
Teqlər:
Emin Əmrullayev, Azərbaycanın təhsil naziri, təhsil naziri

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0