Rəsul Mirhəşimli

"Hay-küylü xəbər başlığı ilə oxucunu bir dəfə aldatmaq olar"

72
(Yenilənib 13:14 30.06.2017)
Rəsul Mirhəşimli: "Belə xəbərlər oxucunun daha çox əsəblərinə toxunur"

BAKI, 30 iyun — Sputnik. Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Avropa.info-ya müsahibəsində müasir mətbuatımızın durumundan danışıb. Müsahibəni təqdim edirik:

– Sizcə, ənənəvi media ilə yeni medianın arasında hansı fərqlər var?

– Ənənəvi, yəni yazılı və vizual mətbuat (qəzet, jurnal və televiziya) xəbərlərin bu yolla çatdırıldığı və rabitə qurulduğu vasitədir. Bu yayım vasitələri əsasən təktərəfli əlaqələr yaradan orqanlardır. Başqa sözlə, ənənəvi mətbuatda oxucu yalnız isteklakçıdır. Oxucunun bu orqanlarla birbaşa bağlantıları istisnalar təşkil edir. Bu dövrün mətbuatı xəbərləri hazırlayır, onu oxucuya çatdırır, oxucu isə rəylərini birbaşa bu media qurumlarına çatdıra bilmirdi. Bəzi istisnalar oxucu məktubları ilə gerçəkləşirdi.

Oxucu qəzeti alır, bəyəndiyi çap məhsulunun daimi alıcısına çevrilir, yaxud hər hansı qəzeti onun maraqlarına uyğun yazılar dərc etmirdisə, onu təkrar almaqdan imtina edirdi. Çap mediası əsasən oxucunun, yaxud abunəçinin hesabına maddi-texniki imkanlarını artırır, maliyyə vəsaitləri cəlb edə bilirdi. Bu baxımdan yeni media ənənəvi mətbuatdan fərqlənir. Yəni cüzi vəsait hesabına internet media təsis edib, onun yayımını təşkil etmək mümkündür. Bir çox hallarda bu mediaya oxucu öz irad və təkliflərini onlayn şəkildə çatdıra bilir. Xəbər portalları istehsal etdiyi məlumatları sosial şəbəkələrdə yayır, bu şəkildə daha çox oxucu kütləsi qazanır. Oxucu isə paylaşılan xəbərlərə anında münasibət bildirə bilir.

– İndi klassik məna kəsb edən qəzetçiliyin yeni mediadan üstünlükləri nə idi?

– Qeyd edim ki, operativlik baxımdan yeni media ənənəvi mətbuatdan köklü şəkildə fərqlənir. Burada əsas diqqəti qəzetçiliyin üzərinə çəkmək istəyirəm. Dövrilik baxımdan gündəlik qəzetlər belə, operativliyinə görə yeni mediadan ən azı bir gün geri qalırdı. Bu gün baş verən hadisələrin xəbərləri redaksiyada hazırlanır, ertəsi günü oxucuya çatırdı. İnternet mediası isə baş verən hadisələri anında oxucuya çatdıra bilir. Hadisə yerindən canlı yayım etməklə isə yeni media ənənəvi mətbuatı daha çox geridə qoyur.

Lakin ənənəvi mətbuatı yeni mediadan fərqləndirən bir cəhət araşdırmaların olmasındadır. Qəzetçilik ənənəsinin geniş yayıldığı illərdə jurnalist bir araşdırma yazısı hazırlmaq üçün bir neçə obyektin ünvanı ilə dəfələrlə əlaqə qurur, çoxlu sayda informasiyaların arasından doğruluğuna əmin olduğu məlumatları toplayır, bu şəkildə məqaləsini redaksiyaya təqdim edirdi. Bu araşdırmalar jurnalist imzalarının tanıdılması baxımından müsbət əhəmiyyət kəsb edirdi. Yeni mediada bu xüsusiyyət bir çox hallarda aradan çıxır, vaxtilə sanballı yazıları ilə tanınan bir çox jurnalist internet medianın axarında imzasını itirir. Ən maraqlı məqalə belə, bir çox hallarda onu yazanın deyil, media orqanının adı ilə tanınır.

– Azərbaycan mətbuatı bu iki ənənəvi mətbuatdan yeni mediaya keçidə nə dərəcədə uyğunlaşa bilib?

– Qısa zaman kəsiyində olsa belə, Azərbaycan oxucusu öz maraqlarına uyğun media qurumlarını seçə bilib. Oxucu bilir ki, ciddi xəbərləri oxumaq üçün hansı xəbər portalına və yaxud agentliyin məlumatına baxa, şou tipli xəbərləri hansı mediadan izləyə bilər. Zaman keçdikcə ciddi xəbərlərdən uzaq olan media qurumları oxucunun maraqlarından uzaq düşür. Hay-küylü xəbər başlığı ilə oxucunu aldatmaq cəhdində bulunan saytlara kimsə ikinci dəfə baxmaq istəmir.

– Bəzən bu fikir də səslənir ki, mətbuat oxucunun zövqünü korlamaqla məşğul olur. Yəni aşağı səviyyəli şou xəbərlərlə daha çox oxucu qazanmaq meyllərindən söhbət gedir…

– Mətbuat istehsalçıdır, oxucu isə istehlakçı. İstehsalçı hansı keyfiyyətdə məhsul istehsal etsə, oxucunun zövqünü də həmin istiqamətdə kökləyəcək. Bəzən bu fikir də əsas gətirilir ki, ciddi yazıları oxucu oxumaq istəmir. Amma mətbuat orqanı oxucular arasında hədəf kütləni müəyyən etmək istəyirsə, bunu bilməlidir ki, onun izləyiciləri arasında bütün təbəqələrdən insanlar var. Medianın işi xəbər verməkdir, lakin eyni motivli məlumatların daha çox yayılması oxucuda qıcıq doğurur.

Təsəvvür edin ki, günə yeni başlamış oxucu istənilən saytı açır və gözünə ilk görünən kriminal xəbərlər çıxır. Bəzən bu məlumatların ağırlıq dərəcəsini xəbər başlıqları ilə daha da artırırlar. O zaman həmin oxucu bu psixoloji gərginliklə işinə, çevrəsinə, sağlamlığına nə dərəcədə yararlı ola bilər?

Bu amilləri nəzərə alan mətbuat orqanı xəbər siyasətində balans yaratmağı bacarmalı, oxucunu qıcıqlandıran məlumatlardan uzaq durmalıdır. Bəzən xəbər başlıqları ilə başqa ölkədə olmuş hadisəni bizdə baş vermiş kimi göstərmək oxucunun daha çox əsəblərinə toxunur. Media qurumlarının təmsilçiləri bir çox hallarda bu məsələyə etinasız yanaşsalar da, hər dəfə oxucu itirilməsi təhlükəsi ilə üz-üzə qalır.

72
Teqlər:
müasir mətbuat, Rəsul Mirhəşimli, sayt, media, qəzet, jurnalist
Əlaqədar
Prezident medianı sərt tənqid etdi
İnternet medianın məzmununu tənzimləmək mükündürmü?
Millət vəkili: “Dolların bahalaşması medianı çətin duruma saldı”
Azər Həsrət: “Rusdilli media bizim üçün hər şeydən öndə gəlir”
Xocalı soyqırımının tanınmasında medianın rolu böyükdür
Distant təhsil, arxiv şəkli

Mis məftilin üstündə qurulan təhsildən "qızıl" gələcəyi necə gözləyək?

4
(Yenilənib 14:01 12.08.2020)
"Şagirdlərə və müəllimlərə ucuz və ya pulsuz internet təqdim edilməlidir. Türkiyədə olduğu kimi şagirdlərə müəyyən dərs proqramlarının yükləndiyi planşetlər, netbuklar ödənişsiz və ya cüzi kreditlə verilməlidir" - təhsil eksperti

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Bütün sahələr koronavirus pandemiyasından öz payını alsa da, etiraf etmək lazımdır ki, ən böyük zərər Azərbaycan təhsilinə dəydi.

Təhsil isə uşaqlarımızın gələcəyini təyin edəcək vasitədir. Martın 3-dən ölkədə bütün məktəblərdə təhsil dayandırıldı. Bunun əvəzində alternativ olaraq Təhsil Nazirliyi teledərsləri, virtual məktəbi yaratdı.

Yaratdı, amma bu alternativlərdən cəmiyyətin bütün sinifləri öz payını götürə bilmədi. Gəlin etiraf edək ki, ucqar kəndlərdə elektrik enerjisi və internet problemi hələ də var.

Bu bir kənara, uzaqdan təhsilə qoşulmaq üçün uşaqların telefon, planşet, kompüter kimi cihazlara ehtiyacı var ki, hər bir ailə bunu təmin edə bilmir.

Bəzi ailələrdə 2-3 uşaq məktəbdə təhsil alır. Və uşaqların eyni anda dərslərə qatılması, dərslərdə iştirak etməsi mümkün olmur.

Təhsil eksperti Qoşqar Məhərrəmovun Sputnik Azərbaycan-a dediyi kimi, bu zaman cəmiyyətdə siniflərarası uçurum dərinləcək. Əgər biz ölkədə distant təhsil vermək istəyiriksə, bunu bütün uşaqlar üçün əlçatan etmək lazımdır.

Bunun üçün isə birinci növbədə interneti əlçatan etmək lazımdır.

"UNESCO-nun statistikasına görə, pandemiya dövrü siniflər arası təhsil uçurumu meydana gətirib. Mövcud uçurumu daha da dərinləşdirib. Çünki distant təhsil daha çox varlı ailələrin övladlarına əlyetəndir. Kasıb ailələr, regionlarda və dağlıq ərazilərdə internetdən-işıqdan uzaq olan ərazilərdə yaşayan insanlar üçün distant təhsil əlyetən deyil. Yəni bu şagirdlərin onlayn təhsilə praktiki olaraq cəlb edilməsi mümkün deyil. Onların interneti ya yoxdur, ya da çox zəifdir", - deyə təhsil eksperti vurğulayır.

Onun sözlərinə görə, bəzi müəllimlərin İKT savadı da yetərli deyil. Bu müəllimlərin onlayn təhsil verməyə cəlb edilməsi də mümkünsüzdür.

"Mən hazırda regionlardayam, müəllimlərlə, şagirdlərlə danışıram. Biz nə qədər sosial mediada onlayn təhsil verən müəllimlərlə qarşılaşsaq da, acınacaqlısı budur ki, uşaqların əksəriyyəti distant təhsil keçməyib. Onların çoxu ya bu prosesə qoşula bilməyib, ya da qoşulma imkanları olmayıb. Yəni bu, müxtəlif amillərdən qaynaqlanıb", - deyən ekspertin fikrincə, əgər ölkədə distant təhsil davam edəcəksə, bunu məcburi hala gətirmək lazımdır.

Bunun üçün isə müəllimləri İKT savadı artırmağa cəlb etmək, televiziyada olan teledərslərin sayını artırmaq, həmin dərslərin sosial platformalara yüklənməsini artırmaq gərəkdir.

Ekspert bildirir ki, müəllimlərin virtiual məktəb platformasından istifadəsi də icbari hala gətirilməlidir: "Şagirdlərə və müəllimlərə ucuz və ya pulsuz internet təqdim edilməlidir. Türkiyədə olduğu kimi şagirdlərə müəyyən dərs proqramlarının yükləndiyi planşetlər, netbuklar ödənişsiz və ya cüzi kreditlə verilməlidir. Belə olarsa distant təhsili hamıya əlyetən etmək olar. Təhsildə sosial ədaləti ancaq belə bərqərar etmək olar".

Q.Məhərrəmov hesab edir ki, distant təhsil indiki vəziyyətdə sosial bərabərsizliyi ancaq dərinləşdirə bilər.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün fikrincə, nəzərdə tutulan təhsil formasının təminatı üçün öncə ölkə üzrə keyfiyyətli internet infrastrukturu olan ərazilər müəyyən olunmalıdır.

Belə ki, regionlarda keyfiyyətli internet təminatı üçün hökumət ciddi addımlar atmalı, bu məqsədlə dövlət proqramı hazırlanmalıdır. Bura investisiyalar ayrılmalıdır.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) dövlət və özəl provayderlərin şəbəkəsinin əhatə dairəsi, mobil operatorların 3G və 4G stansiyalarının əraziləri haqqında məlumatı Təhsil Nazirliyinə təqdim etməlidir. Daha sonra isə NRYTN qarşıdakı müddətdə təhsilin təşkili üçün zəruri olan keyfiyyətli infrastukturun inkişafı məqsədilə "DeltaTelekom" və "AzərTelecom" magistral provayderlərin ölkədaxili infrastrukturundan, özəl və dövlət provayderlərinin imkanlarından istifadə etməlidir, onlara münbit şərait yaratmalıdır. İmkan olan ərazilərdə bu provayderlərin xətti ilə internetə əlçatımlıq yaradılmalıdır", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, keyfiyyətli internetə əlçatım imkanı olan ərazilərdə distant texnologiyaların tətbiqində problemi olan müəllim və şagirdlər, tələbələr müəyyən olunmalıdır. Onların internetlə və kompüterlərlə təminatı üçün köməklik göstərilməlidir, internet paketləri təqdim olunmalıdır.

O.Gündüzün fikrincə, yalnız keyfiyyətli internet olmayan ərazilərdə teledərslərə və digər alternativlərə üstünlük verilə bilər.

Mütəxəssis əlavə edib ki, hazırda region interneti əsasən mis telefon məftili üzərində "oturan" ADSL internetidir. Bununla normal, keyfiyyətli və dayanıqlı təhsil və ya digər xidmət qurmaq mümkünsüzdür.

4
Teqlər:
planşet, internet, şagird, müəllim, orta təhsil, təhsil
Əlaqədar
Vətənimin seyrinə çağırıram elləri - Onun sayəsində dünya ölkəmizin gözəlliklərini tanıyır
Təhsillə bağlı qərar verməkdə çətinlik var
Fransalı tələbənin karantinli Bakı təcrübəsi: “Mütləq buraya ailəmlə qayıdacağam”
Təhsil Nazirliyinə 7 milyon manat vəsait ayrıldı - CƏDVƏL
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq
Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Sərin külək əsəcək, bəzi rayonlara dolu yağacaq

4
(Yenilənib 13:54 12.08.2020)
Avqustun 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 12 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

13 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə avqustun 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

4
Teqlər:
hava proqnozu