BAKI, 29 iyun — Sputnik. Bakı sakini şəhər zooparkına dişi bəbir bağışlayıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Zoologiya Parkının direktoru Azər Hüseynov məlumat verib.
Bəbir 4,5 aylıqdır. Heyvan zooparka 2 həftə əvvəl hədiyyə edilib və artıq heyvanxana mühitinə adaptasiya olub. Hüseynovun sözlərinə görə, bəbiri hədiyyə edən şəxs adının açıqlanmamasını və heç yerdə hallandırılmamasını xahiş edib.
Məlum olub ki, ilk bəbiri də zooparka dörd il əvvəl başqa bir Bakı sakini hədiyyə edib. Hüseynov şəhər sakinlərinin bu heyvanları haradan əldə etdiklərini bilmədiyini deyib. Onları "yaxşı insanlar" kimi təqdim edən Hüseynov vurğulayıb ki, məhz belə insanların sayəsində Bakı zooparkı nadir heyvan növləri ilə zənginləşib.
"Ola bilsin, onlar bu heyvanları alaraq bizə hədiyyə ediblər. Dəqiq məlumatım yoxdur. Gətiriblər və soruşublar ki, qəbul edə bilərik? Mən də demişəm ki, bilərik. Çünki bilirsiniz, zooparkda erkək var idi. Sevindim. Hazırda biz onları yedizdiririk. Heyvanlar adaptasiya olunurlar" — deyə zooparkın direktoru bildirib.
Hazırda Bakı zooparkında 150 növ heyvan var.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.