CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu təsbehi çevirməyə hələ heç kim cəhd etməyib

© Sputnik / Ilham MustafayevQəzənfər Nəcəfovun hazıqladığı unikal təsbeh
Qəzənfər Nəcəfovun hazıqladığı unikal təsbeh - Sputnik Azərbaycan
Abunə olmaq
İki illik zəhmət və iki min muncuq sərf etməklə, 10.3 metrlik təsbeh hazırlayıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Tovuz rayon sakini Qəzənfər Nəcəfovun qeyri-adi hobbisi var. O, son 7 il ərzində topladığı təsbehlərin muncuqlarını bir sap üzərinə düzərək, 10.3 metr uzunluğunda təsbeh hazırlayıb.

Müxtəlif rəngli, ölçülü, muncuqlardan ibarət bu təsbehin düzəldilməsində 2 min muncuqdan istifadə edib. Qəzənfər kişinin sözlərinə görə, o, bu əl işini iki ilə yaxın müddətə hazırlayıb.

© Sputnik / Ilham MustafayevQəzənfər Nəcəfov
Qəzənfər Nəcəfov - Sputnik Azərbaycan
Qəzənfər Nəcəfov

60 yaşlı Tovuz sakini qeyri-adi hobbisi haqda Sputnik Azərbaycan-a danışıb: "1980-ci ildən bu yana daim cibimdə təsbeh olub. Təsbeh tez-tez yaddan çıxan, əldən-ələ düşən, tez itən əşyadır. Bu səbəbdən cibimdə həmişə iki-üç təsbeh gəzdirmişəm".

"Sonradan başladım cürbəcür təsbehləri yığmağa. Harada xoşuma gələn, cəlbedici muncuqları olan təsbeh görürdümsə, qiyməti neçə olur olsun, alırdım. Dostlarım da bu marağımı görüb hara gedirdilərsə, mənə təsbeh alıb hədiyyə edirdilər" – müsahibimiz bildirir.

5 il ərzində 100-ə yaxın müxtəlif ölçülü, rəngli təsbehləri yığan Qəzənfər kişi, günlərin birində onların hamısını bir sapa düzməyə qərar verib. Onun təsbehində kəhrəba, ebonit, tekstalit, farfor və digər materiallardan olan 2 min muncuq var. Və bu təsbehi çevirib başa çıxmağa hələ heç kim cəhd etməyib.

© Sputnik / Ilham Mustafayev10.3 metr uzunluğunda təsbeh
10.3 metr uzunluğunda təsbeh - Sputnik Azərbaycan
10.3 metr uzunluğunda təsbeh

Hər birini rənglərinə, böyüklüyünə görə uyğunlaşdıran sənətkar, bu işin göründüyü qədər də asan olmadığını deyir: "Bu işə başlayanda çay-çörək yadımdan çıxırdı. Əvvəllər hamı etinasız yanaşırdı bu həvəsimə. Sonralar gördülər ki, mən bununla yaşayıram, bununla nəfəs alıram, başladılar evdəkilər də kömək eləməyə".

"Elə olub, bir neçə metr düzəndən sonra görmüşəm ki, ortada bir muncuq qarşı tərəflə düz gəlmir. Ərinməmişəm. Onu söküb yenidən yığmışam. İndi dayanıb buna baxdıqca rahatlanıram, dincəlirəm" – Q. Nəcəfov bildirir.

Uzun illər qaynaqçı işləyən həmsöhbətim, ehtiyatsızlıq səbəbindən gözünün birini vaxtsız itirib. Sonradan ikinci gözü də zəiflədiyindən bir müddət öncə əməliyyat olunub. Bu səbəbdən hobbisini yarımçıq dayandırmalı olub.

"Ürəyimdən keçir, daha da artırım, uzadım, amma gözüm imkan vermir hələ. Həkim bir müddət qorumalı olduğumu deyir. Buna görə hələ başlamıram. Bundan başqa, uzunluğu 2.7 metrə çatan xırda muncuqlarla daha bir təsbeh də hazırlamışam. Gözüm sağaldıqdan sonra onu da uzatmaq fikrim var" — deyir.

Qəzənfər kişi, nə olur olsun, bu əl işini heç vaxt satmayacağını deyir: "Mən buna tək vaxtımı yox, ömrümü sərf etmişəm. İndi sanki təsbehlə nəfəs alıram. Bunu satsam, yaşaya bilmərəm".

Xəbər lenti
0