Mingəçevirin Turbaza adlanan yaşayış massivi

Azərbaycanda qorxunc qəsəbə: soyuducunun içində ilanlar dolaşır

4880
Onlar 25 ildir hər gün ölüm qorxusu ilə yatıb-qalxırlar, səslərini isə eşidən yoxdur

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Yay mövsümünün əsas təhlükələrindən biri ilan və əqrəb sancmasıdır. Bu hallardan qorunmağın müxtəlif yolları olsa da, Mingəçevirin "Turbaza" adlanan yaşayış massivində, Ağdam, Laçın və Kəlbəcərdən olan məcburi köçkünlər mütəmadi olaraq bu təhlükə ilə üzləşirlər. Bu ərazilər dağ-dərələrlə əhatə olunduğu üçün, hələ sovet dönəmindən ilanların, əqrəblərin yayıldığı yerlər olub.

Erməni qəsbkarları tərəfindən torpaqlarımızın işğal olunması zamanı, qaçqın və məcburi köçkün düşən soydaşlarımızın bir qrupu 25 ildir ki adıçəkilən ərazidə məskunlaşıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan sakinlər bu müddət ərzində onların ailələrində ilan və əqrəb sancmalarının sayı-hesabı olmadığını deyirlər. Onların sözlərinə görə, bu il ilan və əqrəblər daha da aktivləşiblər.

Sakinlər deyirlər ki, üzləşdikləri problemlərlə bağlı müraciət etmədikləri qurum qalmayıb
© Sputnik / Ilham Mustafa
Sakinlər deyirlər ki, üzləşdikləri problemlərlə bağlı müraciət etmədikləri qurum qalmayıb

Məcburi köçkün Nicat Quliyev bu günlərdə başına gələn hadisəni danışdı: "Axşam saatlarında işdən evə gələrkən, qapının üstündə üç ilan gördüm, evə girməyə çalışırdılar. Tez beli götürüb ikisini öldürdüm, biri mənə hücum çəkdi. Özümü birtəhər qoruyub evə girəndə isə ilanın birini də uşaq yatan beşiyin üstündən sallanan gördüm".

"Özümü isə ötən ay əqrəb ayağımdan sancmışdı. Bu ilanların, əqrəblərin içərisində 25 ildir yaşayırıq. Bu il isə ilanlar daha azğınlaşıb. Həyətdə uşaq, qoca, qız, gəlin qorxuya düşüb. Bu günlərdə qonşumuzun birini hamamda ilan sancıb. 1993-cü ildə burada 30 ailə məskunlaşmışdı. Hal-hazırda isə 61 ailə yaşayır burada, əksəriyyəti də azyaşlı uşaqlardır" – N. Quliyev qeyd edib.

Məcburi köçkün Sveta Qəmbərovanın sözlərinə görə isə, soyuducunu açarkən, böyük bir ilan soyuducunun içərisindən sürüşüb yerə düşüb: "Nə dərmanımız var, nə də bu ərazilər dərmanlanır. Bu il yay mövsümü gələndən ilanların sayı artıb. Əvvəlki illərdə belə deyildi. Özümüzü, uşaqlarımızı ilandan, əqrəbdən qoruya bilmirik".

Məcburi köçkün Sveta Qəmbərovanın sözlərinə görə isə, soyuducunu açarkən, böyük bir ilan soyuducunun içərisindən sürüşüb yerə düşüb
© Sputnik / Ilham Mustafa
Məcburi köçkün Sveta Qəmbərovanın sözlərinə görə isə, soyuducunu açarkən, böyük bir ilan soyuducunun içərisindən sürüşüb yerə düşüb

Qəmbərova qeyd edib ki, yaşadıqları ərazi dağlarla-dərələrlə əhatə olunduğu üçün, ilan və əqrəblərdən başqa, vəhşi heyvanlar da dolaşır: "İlanlar həyətdəki bağlara daraşıb, daşların altına doluşub. Evdə uşağı, yaşlını tək qoyub bir yerə gedə bilmirik. Vəziyyətimiz çox acınacaqlıdır".

Sakinlər deyirlər ki, üzləşdikləri problemlərlə bağlı müraciət etmədikləri qurum qalmayıb. Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinə, Ağdam Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti idarələrə dəfələrlə müraciət etsələr də, səslərinə səs verən yoxdur.

"Xahiş edirik, səsimizi eşitsinlər, bizə kömək etsinlər. İmkan verməsinlər ki, balalarımız ilana, əqrəbə yem olsunlar. Evlərin içində, xalçalarımızın altında ilanlar dolaşır. Hava qaralan kimi canımıza vəlvələ düşür" – deyirlər sakinlər…

4880
Teqlər:
sancma, əqrəb, yay mövsümü, məcburi köçkün, sakin, ilan
Əlaqədar
Deputatdan açıqlama: İki gündür şəhərlərdə ilanlar dolaşır...
İlanlar bu bölgənin əhalisinə qənim kəsilib
İlanla kənd sakini arasında amansız mübarizə
İlanlar və əqrəblər insanlara qənim kəsilib
Paytaxtın mərkəzində üç metrlik ilan
Azərbaycanda ilanlarla eyni evdə yaşayan ailə
"İlan şah"ın öldürülməsi
Ofis, arxiv şəkli

İşədüzəltmə firmalarının fırıldaqçılığına son

5
(Yenilənib 22:44 06.07.2020)
İşədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq

BAKI, 6 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinə həvalə olunan vəzifələrdən biri də işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrini aparmaqdır.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib. Xəbərə görə, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə nəzərdə tutulub və hazırda üzərində işlər aparılır. Bu reyestr müvafq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq.  Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.

5
Bakıda yanğının nəticəsi

Paytaxtda üfunət qoxusu Yayılan iy “Sobsan”dan gəlir?

184
(Yenilənib 23:00 06.07.2020)
Üfunət iyi Bakının Binəqədi rayonunda daha çox hiss olunur, eyni zamanda Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

BAKI, 6 iyul — Sputnik. Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb. Sputnik Azərbaycan-ın məlumatına görə, pis qoxu paytaxtın Binəqədi rayonunda daha çox hiss olunur.

Eyni zamanda üfunət iyi Nərimanov və digər rayonların ərazilərini də bürüyüb.

Hazırda atmosfer qatında mövcud olan qoxunun səbəbləri məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb. Yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol  verilən qatılıq həddini keçib. Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

184
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0