Bakıda reklam lövhəsi, arxiv şəkli

İndiyədək itirdiyimiz illik bir milyard manatı geri qazanacağıq

1578
(Yenilənib 00:11 26.06.2017)
"Bizdə reklamda monopoliya, korrupsiya var və bunlar reklamın qabağını alır"

BAKI, 25 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev iyunun 20-də Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi" publik hüquqi şəxs yaradılıb.

Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi "Reklam haqqında" qanunla müəyyən edilmiş qaydada davam etdiriləcək.

Azərbaycan Reklamçılar İttifaqının (ARİ) prezidenti Hacıəmi Atakişiyev Sputnik Azərbaycan-a açıqlamasında bunun çox vaxtında düşünülmüş bir addım olduğunu deyib: "2015-ci ildə "Reklam haqqında" yeni qanun qəbul edilib və burada çox dəyişikliklər olub. Amma bunlar 1995-ci ilin vəziyyəti ilə işləyir və hesabata görə, reklamlardan dövlətə də 1 milyon 250 min manat gəlir verirlər".

"Parlamentdə "Reklam haqqında" qanunun müzakirəsi zamanı bildirilmişdi ki, Azərbaycanda ümumiyyətlə, televiziya, qəzet və küçə reklamlarından 500 milyon manat gəlir gəlməlidir. Bu gəlir gəlsə, həm büdcəyə kömək olar, həm də normal reklam çəkmək olar" — Atakişiyev bildirib.

Onun sözlərinə görə, reklamların qiymətləri bəlli deyil: "Yəqin yeni yaranan Dövlət Reklam Agentliyi Tarif Şurası ilə qiymətlərə baxacaq. Çünki kim bazarda necə istəyirsə, o qiyməti də qoyur. Ona görə də bazarda qiymətlər bilinmir. Dövlət Reklam Agentliyinin fəaliyyəti gəlir gətirəcək".

ARİ prezidenti, öz hesablamalarına əsasən, normal bazar qurulsa, reklamdan, təxminən hər il bir milyard manatdan çox gəlir götürməyin mümkün olacağı qənaətindədir: "Məsələn, Baltikyanı ölkələrdə reklam işi daha yüksək səviyyədə qurulub və çoxlu saydadır. Bu ölkələrdə reklamdan gələn gəlir dövlət büdcəsinə daxil olur. Baltikyanı ölkələr bizimlə müqayisədə büdcəyə reklamdan daha çox gəlir verir".

Şərab
© Sputnik / Vitaliy Ankov

"Bizdə reklamda monopoliya, korrupsiya var və bunlar reklamın qabağını alır. Müəyyən monopolistlər oturub, 5-6 firma işləyir və gəliri də özünə götürür. Ona görə də, Dövlət Reklam Agentliyinin yaradılması müsbətdir. Bu qurum vahid mərkəz olacaq, bütün ölkə üzrə reklamı idarə edəcək, sənədləri və s. formalaşdıracaq" — o, əlavə edib.

İqtisadçı-ekspert Vüqar Bayramov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, reklam sahəsində institusional baxımdan idarəetmənin təkmilləşdirilməsinə ehtiyac var idi: "Çünki reklam bazarı praktiki olaraq genişlənir. Xüsusilə açıq məkanda reklam yerləşdirilməsi qaydalarının təkmilləşdirilməsi olduqca vacib idi".

Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə açıq məkanda reklamların verilməsi ilə bağlı qaydalar sərtdir: "Çünki bəzi ölkələrdə açıq məkanda heç də bütün reklamların yerləşdirilməsinə icazə verilmir. Məsələn, Ramazan ayında bəzi elektron mediada spirtli içkilərin reklamı aparılır. Bunun da tənzimlənməsi olduqca vacibdir. Baxmayaraq ki, qanunvericilikdə bu tip qaydalar yoxdur. Amma bu tip qaydaların da gətirilməsinə ehtiyac var. Xüsusən də müqəddəs aylarda bu məhsulların reklamının qadağan edilməsi və ya məhdudlaşdırılması daha məqsədəuyğundur".

İqtisadçının fikrincə, agentliyin formalaşması nəzarətin gücləndirilməsinə gətirib çıxardacaq: "Həm yeni qaydaların müəyyənləşdirilməsi, həm qanunvericilik bazasının möhkəmlənməsi, həm də reklamların yerləşdirilməsi, hazırlanması, yayımlanması ilə bağlı daha təkmil qaydaların tətbiq edilməsinə ehtiyac var. Bu qaydalar reklam bazarında mövcud qarışıqlığın aradan qaldırılmasına gətirib çıxarda bilər".

1578
Teqlər:
ARİ, Azərbaycan Reklamçılar İttifaqı, Dövlət Reklam Agentliyi, Hacıəmi Atakişiyev, Sputnik Azərbaycan, publik hüquqi şəxs, iqtisadçı-ekspert, fərman, Vüqar Bayramov, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
Bu proqram reklamların qarşısını alacaq
Şirkət diktatorun reklamına görə tənqidə məruz qaldı
Telekanallarda reklamlar qadağan olunur
"Anti-reklam adı altında siqareti reklam edirlər"
Bu şirkətlər "YouTube"da reklamdan imtina etdilər
Bu mətbuat orqanlarına reklam qadağası
Yalnız bu dərman vasitələri reklam oluna bilər
Azərbaycanda əcnəbi dildə reklamlara icazə verilə bilər