Молодожены. Архивное фото

Kişilər niyə rəsmi nikah istəmir?!

163
Kəndlərdə vətəndaşlar rəsmi nikaha girməyə çox da maraq göstərmir.

BAKI, 11 iyun — Sputnik. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə nikahdankənar 26 288 körpə dünyaya gəlib. Bunlardan 9 592 nəfəri şəhərlərdə, 16 696 nəfəri isə kənd yerlərində dünyaya göz açıb. Bu isə il ərzində doğulan uşaqların 20 faizi deməkdir.

Mütəxəssislərə görə, kənd yerlərində vətəndaşlar çox vaxt rəsmi nikaha girməyə maraqlı olmurlar. Qızların erkən evləndirilməsi, kişilərin rəsmi nikah məsuliyyətindən qaçması, qeyri-rəsmi nikahların artmasına səbəb olur.

29 yaşlı Gülər Bayramovanın sözlərinə görə, həyat yoldaşı ilə 6 ildir bir yerdə yaşamasına baxmayaraq, rəsmi nikaha bu il daxil olublar:

"Qızımı məktəbə qoymaq istəyirdik. Onun sənədlərini düzəltmək üçün nikaha girdik. Uşağa yoldaşım atalıq verdi. Ailə həyatı quranda məni rəsmi nikah maraqlandırmamışdı. Mən Kamrandan ayrılacağımı düşünmədiyim üçün rəsmi nikah və ya ev-pul haqqında düşünmədim. İndi rəsmi evliyik. Dəyişən heç nə yoxdur".

Samirə Abdiyeva isə dini nikahla evli olub, ayrıldığını deyir. Əslən Qusar rayonundan olan qadının sözlərinə görə, həmkəndlisi ilə ailə həyatı qurubmuş:

"Ailə həyatı quranda 16 yaşım var idi. Toy-nişanla ailə həyatı qurmuşdum. İki övladımız olandan sonra yoldaşım Rusiyaya getdi və gəlmədi. Bu yaxınlarda da xəbər göndərib ki, bir daha qayıtmayacaq, orada ailə həyatı qurub. Mən də uşaqlarımı götürüb Bakıya gəldim. Uşaqlarımın sənədində ata kimi qardaşımın adı yazılıb".

Müsahibimiz bildirir ki, hazırda keçmiş həyat yoldaşı ona heç bir yardım etmir, qadın kafelərin birində qabyuyan-ofisiant kimi çalışaraq övladlarını saxlayır.

Nigar Mustafayeva isə rəsmi nikahı əsas hesab edir. O, bildirir ki, 14 ildir evli olmasına baxmayaraq, dini nikahı yoxdur.

Zeynəb Əliyevanın sözlərinə görə isə toylarından iki ay öncə dini nikahları, toydan iki ay sonra isə rəsmi nikahları olub:

"Rəsmi nikahın gecikməsi mənim sənədlərimdə olan problemlə bağlı idi. İndiki kişilərə etibar yoxdur. Ailə qurarkən rəsmi nikah vacibdir ki, sabah münasibətlər alınmasa, qadın ortada qalmasın".

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, daha çox kişilər məsuliyyətdən boyun qaçırır, rəsmi nikaha girmək istəmir, müxtəlif bəhanələrlə bundan yayınırlar:

"Bəzən kişilər elə bilir ki, qadınla nikaha girmək bütün mal varlığını bölmək deməkdir. Kişilər əmin olmadan ailə həyatı qurduqları üçün rəsmi nikaha girmirlər. Çünki son zamanlar boşanma halları həddən artıq artıb. Boşanma zamanı yaşanılan problemləri hamı görür. Bu da kişilərdə rəsmi nikaha qarşı qorxu hissi yaradır. Kişilər həyat yoldaşını tanımaq üçün vaxt istəyir. Bilirsiniz, qınaqlı cəmiyyətdə yaşayırıq. Yəni, gənclərin evlənmədən görüşməsi birmənalı qarşılanmadığı üçün kişilər də dini nikahla evlənir və rəsmi nikaha girmək üçün zaman gözləyir. Təbii ki, kişilər ancaq əmin olduqdan sonra rəsmi nikaha daxil olmağa qərar verirlər".

Müsahibimiz hesab edir ki, kişilərin rəsmi nikaha girməməsi qadını çarəsiz vəziyyətə salır. Çünki rəsmi nikahı olmayan kişi çox zaman özünü məsuliyyətsiz hiss edir, ailəsinə baxmır, bu da çox zaman ayrılıqla nəticələnir:

"Ayrılan qadının heç bir hüququ olmur. Ona yaşadığı evdən heç bir pay düşmür. Əgər uşaq varsa, ancaq məhkəməyə verib, atalıq təyin edildikdən sonra uşaq üçün aliment ala bilir".

Müsahibimiz düşünür ki, nə qədər acınacaqlı olsa da, qadınlar da rəsmi nikah olmadan dini nikahla bir yerdə yaşamağa üstünlük verirlər. Bu da sonradan yaxşı nəticələnmir: "Qadın ona təkcə dini nikah təklif edən kişi ilə evlənməyə razılaşmamalıdır. Çox zaman kişilər uşaq dünyaya gəldikdən sonra uşağa öz atalığını verməkdən də boyun qaçırır. Bəzən kişi evlənəndən bir neçə ay sonra rəsmi nikah girəcəklərinə söz verir və qadın da buna inanır. Sonra nə qədər rəsmi nikah istəsə də, kişi nikaha girmir. Dini nikahın heç bir hüquqi statusu yoxdur. İstənilən zaman qadın çöldə qala bilər. Buna görə də qadınlar diqqətli olmalıdır".

Sosioloq bildirir ki, kişilərin rəsmi nikahdan çəkinməsinin digər səbəbi valideyn təzyiqidir:

"Çox zaman valideynlər övladlarının şəxsi həyatına qarışır, onu rəsmi nikahdan uzaqlaşdırmağa çalışırlar. Təbii ki, valideynin sözünü dinləmək lazımdır, amma hər kəs öz həyatını da qurmağı bacarmalıdır. Kişilərin rəsmi nikaha girməməsinin digər səbəbi maddi vəziyyətin aşağı olması, azadlıq istəyidir".

Psixoloq Rafiq Allahverdiyevin sözlərinə görə, kişilərin rəsmi nikaha girməməsi özünə və partnyoruna inamsızlığından irəli gəlir. Özünə, hisslərinə, partnyoruna və onun hisslərinə inanmayan kişi evliliyə də ciddi yanaşmır: "Bu əsasən uşaq yaşlarında ailədə problemlər yaşamış şəxslərdə özünü biruzə verir. Valideynləri boşanmış, tək valideynlə yaşayan, sosial sıxıntıları olan ailədə böyüyən oğlan uşaqlarında özünü göstərir. Onlara elə gəlir ki, ailə müvəqqətidir, ayrılacaq, sıxıntıları olacaq, övladını görə bilməyəcək və s. Bu kimi hisslər kişiləri ailə həyatı qurarkən rəsmi nikaha girməkdən çəkindirir".

Müsahibimiz hesab edir ki, qadınlar çox zaman sevdikləri üçün, yaşları nikaha çatmadığı üçün və s. bu kimi digər səbəblərdən rəsmi nikaha girmirlər. Sonradan isə bunun ağır fəsadlarını yaşayırlar: "Ailə qurarkən düzgün qərar vermək lazımdır ki, sonradan fəsadları yaşanmasın. Rəsmi nikah ailənin möhkəm olması üçün mütləqdir".

163
Teqlər:
erkən evlilik, boşanma, nikah, Dövlət Statistika Komitəsi
Əlaqədar
Rayon xəstəxanalarında nikaha girmək istəyənlər üçün xüsusi kabinetlər yaradılıb
Erkən nikaha girən qızlar daha çox zorakılığa məruz qalır
Nikaha daxil olmaq istəyənlər bu gündən tibbi müayinədən keçməlidirlər