DYP əməkdaşları

Cərimə mövsümü başladı - bu gündən

1029
(Yenilənib 11:22 07.06.2017)
Bu gündən sığortasız avtomobillər cərimələnəcək

BAKI, 7 iyun — Sputnik. Bu gündən (iyunun 7-dən) sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılacaq. Bu barədə Sputnik Azərbaycan-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (RBDYPİ) məlumat verilib.

İdarədən qeyd olunub ki, "Yol hərəkəti haqqında" qanunun tələblərinə əsasən sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta etdirilməmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılmamalıdırlar. Bu qaydaların, yəni "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən fiziki şəxslər əlli, vəzifəli şəxslər yüz, hüquqi şəxslər isə üç yüz manat məbləğində cərimə edilirlər.

Həmin Məcəllənin 122.1-ci maddəsinə müvafiq olaraq qeyd olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinı nəzərə alaraq, DİN Baş DYP İdarəsi avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, bu il iyunun 7-dən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılacaq.

"Bu səbəbdən icbari sığorta müqaviləsinin etibarlılıq müddətinə diqqət yetirməyi tövsiyə edir və xatırladırıq ki, mövcud qanunvericiliyə əsasən, nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur" — DYP-dan qeyd olunub.

Bununla belə, əlavə olunub ki, həmin xətanın aşkarlandığı gündən hesablanaraq 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə avtonəqliyyat vasitəsinin sahibi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində inzibati xəta haqqında təkrar elektron protokollar tərtib ediləcək.

1029
Teqlər:
elektron protokol, avtonəqliyyat vasitələri, Respublika Baş Dövlət Yol Polisi İdarəsi, icbari sığorta, DYP
Əlaqədar
Tütün məhsulları ilə bağlı növbəti qadağa və cərimələr gəlir
Sıra "Facebook" "layk"larına çatdı - cərimə
Aylıq bir milyon manat gəliri olan şəxsə 150 manat cərimə
Diqqət: Nağd ödəmə dövrü bitdi - cərimələnə bilərsiniz
Sarı zolağa görə üç günə bu qədər cərimə yazılıb
Bu qanunu pozan sürücü 150 manat cərimələnəcək
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

24
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

24
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

9
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

9
Teqlər:
qarğıdalı, fermer, Balakən