Famil və Nənəş Əliyevalar

"Eyni gündə öləcəyik" 75 illik əhd

448
(Yenilənib 10:23 07.06.2017)
Həyatı qırıq-qırıq xatırlayır. Amma xanımı haqqında danışanda gözləri sevgi ilə parıldayır, gülümsünür. Hiss olunur ki, ürəyi hələ də sevgi ilə döyünür.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. İnsanlar da ağac kimidir — illər keçdikcə, dərisi quruyur, çat verir, yaşlanır. Gözlər nurunu itirir, bədən əvvəlki hərəkətliliyini. Sonra bir quru can qalır, bir döyünən ürək… Bəlkə də ürəyi döyünməyə məcbur edən sevgi olmasa, o da çoxdan dayanardı.

Əbədi sevgi haqqında eşidəndə hər zaman düşünərdim ki, görəsən həyatda həqiqətənmi əbədi sevgi var? Varmış. Bunu Famil Əliyevin evində gördüm, hiss etdim, əmin oldum. Famil babanın həyat yoldaşı Nənəş nənənin gözləri bu gün də sevgi ilə baxır. Hələ təbəssümü… Heç deməzsən, 90 yaşlı qadındır. Deyir ki, onu da həyatda saxlayan Familin sevgisidir. Əhd ediblər eyni gündə öləcəklər…

Famil Əliyev 1918-ci ildə Cəbrayıl rayonunda anadan olub. Hazırda Əhmədli qəsəbəsində yaşayır. 99 yaşlı qocanın həyatının böyük bir hissəsi hafizəsindən silinib. O, yaşadığı həyatın müəyyən məqamlarını xatırlaya bilir. Bu yaxınlarda Famil Əliyevin evində oldum, özü az danışsa da, həyat yoldaşı Nənəş Əliyeva ilə maraqlı söhbətimiz oldu.

Famil baba
© Sputnik / Irade JELIL
Famil baba

F. Əliyev Böyük Vətən Müharibəsində iştirak edib qayıtdıqdan sonra, 1944-cü ildə Nənəş xanımla ailə həyatı qurub. "Elə günlərimiz olub ki, su tapmamışıq, su əvəzinə qan içmişik, qar içmişik. Oryol şəhərini almanlardan alanda ağır yaralandım. Mənim dərim çox zərifdir. Gec sağalır. Sağ ayağımdan qəlpə yarası almışdım. Yaralanandan sonra məni Bakıya qaytardılar. Dedilər ki, yaran sağalsın, qayıdarsan. Amma yaram sağalmırdı. 6 ay keçdi, ən güclü dərmanları qəbul edirdim, amma yara sağalmaq bilmirdi. Sonra məni ordudan buraxdılar" — danışır Famil baba.

O, yaralanandan sonra Cəbrayıl rayonuna qayıdır. Burada həkimlərin böyük səyləri nəticəsində 6 ay sonra yarası sağalır. Deyir ki, yaranın yeri bu gün də qalır: "Mənim yaram sağalanda artıq müharibə qurtarmışdı. Mənə dedilər, onsuz da müharibə qurtarıb, daha sənə ehtiyac yoxdur. Ara-sıra həkimlər gəlib vəziyyətimlə maraqlanırdılar".

Cəbrayıla qayıdandan sonra Şirik, Hacılı, Nəzrə məktəblərdə direktor işləyir. Həyat yoldaşı Nənəş Əliyevanın sözlərinə görə, Famil Əliyev sakit adam olduğu üçün, hamı ona hörmət edir, xətrini çox istəyirmiş: "Onun yumşaq xasiyyəti var. Hansı kəndə gedirdisə, orada əmin-amanlıq yaradırdı".

N. Əliyeva Famil müəllimlə tanışlığını belə xatırlayır: "Hərbidən qayıdan əsgərləri görməyə gedərdik. Famillə də elə tanış olmuşduq. Mən belə deyildim e, elə gözəl idim. Əsmər, al yanaqlı qız idim. Ara-sıra Bakıya gedəndə deyirdilər ki, üzünə boya çəkmisən. Çox gözəl idim. Famil məni yanına gedəndə görüb bəyənmişdi. Eləcə ailə qurduq. O zaman mən 9-cu sinfi bitirmişdim".

Nənəş Əliyeva
© Sputnik / Irade JELIL
Nənəş Əliyeva

"Famil hansı rayona gedirdisə, məni də yanında aparırdı. Hamı Familin xasiyyətini sevirdi. Həmin il mən 10-cu sinifdə oxumalı idim, amma hamilə olduğum üçün utanırdım məktəbə getməyə. Amma Famil əl çəkmirdi ki, oxuyacaqsan. Famil harada direktor olurdusa, məni də müəllim təyin edirdilər. Haradasa 8-9 il müəllim kimi çalışdım. Uşaqlarıma da adam tutmuşdum, baxırdı. Hansı kənddə müəllimlər arasında dava–dalaş olurdusa, Famili ora göndərirdilər" — Nənəş nənə danışır.

Onun sözlərinə görə, 7 övladları dünyaya gəlib, onlardan biri artıq dünyasını dəyişib: "Hazırda 3 oğlumuz, 3 qızımız var. Famillə mənə qızlarımız baxırlar".

Qarabağ müharibəsindən sonra Famil müəllim də məcbur olaraq rayondan çxımalı olub: "Bizim Cəbrayılda evimiz qurulu qaldı. Həmin vaxtlar Famil sovetliyin sədri idi. Deyirdilər ki, bu kəndi sülhlə saxlayır. Hamı çıxmışdı kənddən. Amma biz ikimiz qalmışdıq. Familə "zaparoji" ("Zaporojets" markalı avtomobil – red.) vermişdilər. Çıxmırdıq kənddən, deyirdik ki, ölsək, burada öləcəyik".

"Bilirsiniz necə atırdılar? Həyətimizdə böyük tut ağacları vardı. Qırılıb tökülürdü yerə. Mənim İsmayıl adlı qardaşım oğlu var. Birinci o bizi axtarıb tapdı. Dedi ki, "qardaşın şəhid olub". Evimiz necə dolu idisə, elə də qaldı. O, bizi götürüb Mərcanlı kəndinə gətirdi. Bir müddət Mərcanlıda yaşadıq. Bu evi oğlum öz uşaqları üçün almışdı. Gətirib yığdı bizi evə. Dedi ki, "burdan nə qız, nə də oğul evinə gedin, kim sizi istəyirsə, özü gəlib sizi görsün". O oğlum bizə çox yaxşı baxıb. Biz uşaqlarımızın sayəsində bu qədər yaşamışıq" — N. Əliyeva bildirir.

Deyir ki, ona tez-tez bu qədər bir yerdə yaşaya bilmələrinin sirri barədə sual verirlər. Həmişə cavab verib ki, ikisi də mülayim insan olduğu üçün yola gedə biliblər: "Bizə deyirlər ki, "75 il necə bir yerdə yaşaya bilmisiniz?" Deyirəm, biz bir-birimizi sevib ailə həyatı qurmuşuq. Biz heç vaxt bir-birimizi incitməmişik. Famil deyir ki, mən sənsiz bir gün də yaşaya bilmərəm. Bəzən ağlayır, deyir ki, mən səndən bir gün tez öləcəyəm ki, sənin ölümünü görməyim. Amma mən razı deyiləm. Demişəm ki, biz eyni gündə öləcəyik".

"Yanımda bacım qızı qalırdı. O, Familə deyib ki, "Nənəş yoxdur". Bir də gördüm Famil qışqırıb, hönkürür, ağlayır "Ay Nənə, ay Nənə". Mən də balkonda idim. Səsinə gəlmişəm ki, nə olub, ay Famil, deyir "başına dönüm ay Nənəş, sənsiz qala bilmərəm". Famil deyir ki, "mən səninlə nəfəs alıram, sən olmayanda bağrım çatlayır". Bizim heç vaxt çətinliyimiz olmayıb. Atam da hər zaman bizə dayaq olub. Aramızda heç bir narazılığımız olmayıb. Küsdüyümüz an belə, olmayıb. Amma indi insanlar yola getmir, tez ayrılırlar. Bu, bizə xas xüsusiyyət olmayıb. Famil məndən bir dəqiqə də ayrı qala bilmir" — Əliyeva qeyd edir.

Famil baba həyatı qırıq-qırıq xatırlayır. Amma xanımı haqqında danışanda gözləri sevgi ilə parıldayır, gülümsünür. Hiss olunur ki, ürəyi hələ də sevgi ilə döyünür. Mən sağollaşıb çıxıram. Uzaqdan səsləri gəlir: "Ay Nənəş, yaxşısanmı, sənə qurban olum"…

448
Teqlər:
Nənəş Əliyeva, Famil Əliyev, yara, Cəbrayıl rayonu, direktor, mülayim, oğul, övlad, sevgi, qoca, Böyük Vətən Müharibəsi, ağac, həkim, məktəb, qız, insan, uşaq
Əlaqədar
Gözlərini sevgisinə qurban verən gənc: "Yuxuda görə bilirəm"
185 illik "Sevgi şərbəti"
Sevgililərin eyni nömrədə qalması qadağandır
Sevgilərin etiraf edildiyi fəsil
Repressiya aparatını "əridən" sevgi
Sevgisini ləkədən qorumağa çalışan qız özünü çaya atır
İnanılmaz olay: sevgilisinə məktub yetişdirmək üçün sərnişin təyyarəsini qaçırdı
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19