Xədicə və Rüqəyya

Onların bəxti rayonda gətirdi, paytaxtda...

1593
(Yenilənib 10:19 02.06.2017)
"İnsanlar elə bilirlər ki, mən yardım istəyirəm, xeyr, uşaqlarımı saxlaya bilmək üçün daimi bir iş istəyirəm"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Təhsil yox, iş yox, maddi imkan yox, amma ailə var. İki övladı var və həyat yoldaşı üçüncü övlada hamilədir. Həmsöhbətim deyir ki, iş olmadığı üçün Saatlıdan Bakıya gəlib. Bir müddət istixanalarda, tikintilərdə fəhlə kimi çalışıb. İndi o da yoxdur.

Mirvaleh Ağalarov 1988-ci ildə Saatlı rayonunda dünyaya gəlib. Dediyinə görə, uşaq yaşlarından atasını itirdiyi üçün həyatı çətinliklə keçib. Elə buna görə də ali təhsil də ala bilməyib. Ailəsi onu tez evləndirib. 20 yaşından ailə məsuliyyətinin nə olduğunu anlamağa başlayan bu gənc, indi uşaqlarını saxlamağa iş, vəsait tapa bilmir.

Mirvaleh Ağalarov
© Sputnik / Irade JELIL
Mirvaleh Ağalarov

Deyir ki, gününü rayonda mal-qara saxlamaqla keçirirmiş. Sonradan anası sağalmaz xəstəliyə düçar olur: "Anamın 49 yaşı var. 3 il olar ki, xərçəng xəstəliyinə tutulub. Bütün mal-qaranı satıb, onu müalicə etdirməyə çalışdıq. Atam da mən 6 yaşında olanda rəhmətə gedib. Bir qarnı ac, bir qarnı tox böyümüşük. Evin böyük oğlu olduğum üçün məni çox tez evləndiriblər".

"Həyat yoldaşımla bir-birimizi sevmişik. 6-7 il rayonda yaşadıq. Amma son vaxtlar ailədə problemlərimiz yaranmağa başladı. Çünki rayonda iş tapa bilmirdim. Məcbur olub Bakıya köçdüm" — Mirvaleh danışır.

Bir müddət Binə qəsəbəsində müxtəlif istixanalarda çalışan müsahibim, bu pulla həm ailəsini saxlayır, həm də anasına pul göndərir: "İstixana işi mövsümü işdir. Nə qədər iş vardı, bilirdim ki, günə 17 manat gəlirim olacaq. İndi uzun müddətdir iş yoxdur, pulum da bitib. Bilmirəm, qızlarımı necə saxlayım. İş üçün döymədiyim qapı qalmayıb. Heç yerdə uyğun iş tapa bilmirəm. 6-7 aydır ki, iş tapa bilmirəm. Ailəmə demək olar ki, başqaları baxır. Bir tərəfdə xəstə anam, digər tərəfdən uşaqlarım".

Mirvalehin özündən başqa iki qardaşı da var: "Qardaşlarımdan biri mədrəsədə təhsil alır, balacası isə mühafizəçi işləyir. O da ayda 300 manat əmək haqqı alır".

Həmsöhbətimin Xədicə və Rüqəyya adlı iki qızı var. Üçüncü övladı da bu yaxınlarda dünyaya gələcək: "Qızların birinin 5, digərinin 4 yaşı var. Uşaqlarımın yeməyini də başqaları alırlar. Ata kimi uşaqlarımın qayğısına qala bilmirəm. Çox çarəsiz vəziyyətdəyəm. Mənə iş təklif olunur, amma fəhlə işində də şərt kəsirlər ki, "3 gün işlə, xoşumuza gəlsə, səni götürəcəyik"".

"Bir müddət əvvəl belə bir iş çıxmışdı – şirniyyat anbarında fəhlə işi idi. Dedilər, 4 gün işlə, "xoşumuza gəlsə, sənə iş verəcəyik". 4 gün getdim. Yolpulunu da qonşudan alıb işə gedirdim. 4 gündən sonra mənə dedilər ki, "işini bəyənmirik". İş yerinin yaxınlığında bir oğlan əvvəldən mənə demişdi ki, burada daimi işçi yoxdur. Adamları işə götürəndə şərt qoyurlar ki, "3-4 gün işlə, işinə baxım, sonra götürərəm". Axırda da əmək haqqını da verməmiş yola salırlar ki, "işini bəyənmədik"" — o danışır.

Mirvalehin həyat yoldaşı da orta təhsillidir. Onun da bəxti elə uşaqlıqdan gətirməyib. 6-7 yaşı olanda atasını itirib. "Atasız böyümək çətindir. Bir tərəfi yoxmuş kimi böyüyürsən həyatda. Bəlkə elə ona görə də, ata olmaq istəyim çox tez oldu. Özüm görmədiyim qayğını övladlarıma göstərə bilmək üçün. Amma indi elə vəziyyətdəyəm ki, atalıq vəzifəmi yerinə yetirə bilmirəm" — Mirvaleh bildirir.

"İki gül üzlü qızım var. Biri də dünyaya gələcək. Amma mənim onları saxlamağa imkanım yoxdur. Belə danışanda insanlar elə bilirlər ki, mən yardım istəyirəm. Xeyr, mən uşaqlarımı saxlaya bilmək üçün daimi bir iş istəyirəm. Onlara yemək ala bilim, normal geyindirə bilim. İşədüzəltmə şirkətlərinə gedirəm, anket üçün pul da verirəm. Amma aradan aylar keçir, işdən heç bir xəbər çıxmır" — o, əlavə edir.

M. Ağalarov ailəsinin saxlaya bilmək üçün sosial şəbəkələrə də üz tutub. Deyir ki, "Facebook" dostları ona uşaqlarını saxlamaq üçün yardımlar edirlər. Məsciddən tanışları geyim göndərirlər. Amma iş təklif edən yoxdur.

Kiçik bir həyəti və evi var Mirvalehin, amma uşaqlarını saxlamağa imkanı yoxdur. Deyir ona uyğun iş tapılmır. Elə bizə müraciət etməsinin səbəbi də budur. Düşünür ki, kimsə bu yazını oxuyar, iş tapmaqda ona kömək edər.

P.S. Mirvaleh Ağalarovla əlaqə saxlamaq istəyənlər əlaqə telefonu üçün redaksiyamıza müraciət edə bilərlər.

1593
Teqlər:
Mirvaleh Ağalarov, yox, hamilə, fəhlə, övlad, Saatlı, , təhsil, ailə, Bakı, uşaq
Əlaqədar
Məşum qəzanın qurbanı: "Dedilər, get, nə bilirsənsə, elə"
"Kaş gözlərim açılaydı, anamın üzünü bircə dəfə görəydim..."
İnternat məktəbinin direktoru kimsəsiz uşaqlara olmazın işgəncələr verib
"Biz buraya gəlmişiksə, burada da öləcəyik"
Kasıbların ümid yeri: 3 manata ayaqqabı, 2 manata şalvar, 1 manata...
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Bu əsl faciədir - ATU-da 57 həkim koronavirusa yoluxub

493
(Yenilənib 11:51 07.07.2020)
"Müalicədə olan həkimlərimizin 6-nın vəziyyəti ağır, 15-i orta ağır, digər 6-nın vəziyyəti isə yüngüldür. Xoşbəxtlikdən həkimlərimiz arasında ölüm faktı qeydə alınmayıb" - Günel Aslan

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-ü koronavirusa yoluxub. Bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, artıq həmin həkimlərdən 6-sı sağalaraq evə buraxılıb və digər 27 həkimin müalicəsi davam edir: "Müalicədə olan həkimlərimizin 6-nın vəziyyəti ağır, 15-i orta ağır, digər 6-nın vəziyyəti isə yüngüldür".

"Bilirsiniz, hazırda xəstə sayı çoxdur və həkimlərimiz gücləndirilmiş iş rejimində çalışırlar. Onlaırn hər bir qorunma vasitələri var. Lakin bu gərgin rejimdə istər-istəməz immunitet düşür. Xoşbəxtlikdən həkimlərimiz arasında ölüm faktı qeydə alınmayıb", - deyə mətbuat katibi bildirib.

Bundan başqa G.Aslanova bildirib ki, ATU-nun Tədris-Terapevtik Klinikası da COVİD-19 xəstələrinin müalicəsi üçün ayrılıb və burada çalışan 24 həkim arasında da yoluxma faktı qeydə alınıb.

493
Natiq Məmmədli

Tanınmış yazıçıdan mütaliə həvəskarlarına əvəzolunmaz hədiyyə

18
(Yenilənib 11:49 07.07.2020)
"Ləyaqət düsturu", "Bekketə salam" hekayələr toplusu və "Körpüdə ümid" romanından sonra "Qəhrəmanım sənsən" Natiq Məmmədlinin oxucularla növbəti görüşüdür.

BAKI, 7 iyul — Sputnik. Tanınmış yazıçı Natiq Məmmədlinin seçmə hekayələrindən ibarət kitabı işıq üzü görüb.

Sputnik Azərbaycan xəbər verir ki, "Köhlən" Nəşriyyatının çap etdiyi kitabda müəllifin yeni, habelə müxtəlif vaxtlarda qələmə aldığı otuza yaxın hekayəsi yer alıb.

Kitab Məmmədlinin "Mənim oxucum mənim qəhrəmanımdır" devizi ilə oxucularına müraciəti ilə başlayır. "Qəhrəmanlar təkcə müharibələrdə yetişmir. Adi həyatlarını yaşayan elə səssiz, elə təvazökar qəhrəmanlar var ki, bəlkə də hər gün yanımızdan ötüb keçirlər, amma biz onların fərqinə varmırıq. Heç özlərinin də öz hünərindən xəbərləri olmur. Onların qəhrəmanlığı qəfil bir anın içərisinə sığmayan, ömür boyu davam edən şücaətdir. Onlar qeyri-adi heç nə etmirlər, sadəcə oxuyurlar və mənəvi dünyamızdan gurultulu sözlər danışmağı sevməzlər, lakin onun sərhədlərini qoruyarlar. Onlar məsləhət vermir, öz şəxsiyyətləriylə nümunə yaradırlar. Mən səssiz qəhrəmanların yazıçısıyam", - deyə yazıçı oxucularına xitab edir.

"Ləyaqət düsturu", "Bekketə salam" hekayələr toplusu və "Körpüdə ümid" romanından sonra "Qəhrəmanım sənsən" Natiq Məmmədlinin oxucularla növbəti görüşüdür.

Kitabı paytaxtın kitab mağazalarından əldə etmək olar, həmçinin "Köhlən" Nəşriyyatından onlayn sifariş də mümkündür.

18
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 29 mini keçdi

0
Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

BAKI, 7 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 29285-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 349 nəfər artıb.

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 503-ə çatıb. Xəstəlikdən sağalanların sayı 16907 olub. Hazırda bu ölkədə 11711 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0