Yerüstü keçid

Paytaxtda "sirat körpüləri": camaatın canına qorxu düşüb

3323
(Yenilənib 16:24 01.06.2017)
Yeni yerüstü keçidlər vətəndaşların narazılığına səbəb olsa da, rəsmi qurum vəziyyətdən məmnundur

BAKI, 1 iyun — Sputnik. Piyadaların yolu təhlükəsiz keçməsi üçün yeraltı və yerüstü keçidlər "Azəravtoyol" tərəfindən tikilir. Bu keçidlər insanların həyatını baş verə biləcək qəzalardan qoruyur. Amma son zamanlar inşa olunan yerüstü körpülər piyadaları tam olaraq qane etmir.

Sputnik Azərbaycan-ın redaksiyasına gələn şikayətdə də məhz bu mövzu öz əksini tapıb: "Mən, Əvəz Süleymanov, sizə sakinlərin şikayətini bildirmək istəyirəm. Biz son zamanlar inşa edilən yerüstü piyada keçidlərindən narazıyıq".

Şikayətçi yazır ki, Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının yanında bekı bir keçid inşa olunub, daha biri isə yenə həmin yolun Abşeron Gənclər Şəhərciyinin yaxınlığındakı hissəsində inşa olunmaqadır: "Bunlar müsbət haldır. Amma onların üstünün örtülü olmaması piyadalar üçün problem yaradır. Belə ki, yağışlı, küləkli, qarlı havalarda həmin keçidlərdən keçmək biz piyadalara çətinlik yaradır. İstərdik ki, bu keçidlərin üstü örtülsün, biz də belə havalarda yerüstü keçiddən rahat istifadə edə bilək".

Sputnik Azərbaycan əməkdaşı məsələni araşdırmaq üçün "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə müraciət edib. Mətbuat xidmətinin rəhbəri açıqlamasında bildirib ki, Avropada və digər dünya ölkələrində belə keçidlər çox saydadır: "Bizim tikdiyimiz yerüstü keçidlər də həmin dünya standartlarına uyğun həyata keçirilir. O ki qaldı insanların keçiddə sürüşüb yıxılmalarına, insanlar adi düz yolda da yıxıla bilərlər".

A. Nəcəfli onu da qeyd edib ki, bu keçidlər layihə üzrə həyata keçirilir: "Yeni yerüstü keçidlər az vəsait tələb edir və zəruri olan yerlərdə tez quraşdırılır. Qəzaların qarşısını almaq üçün məhz belə keçidlərin quraşdırılması vacibdir. Bu növ yerüstü keçidlər, şəhərin digər yerlərində də zərurət yarandıqca quraşdırılacaq".

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a şərhində deyib ki, Azərbaycanda çox sayda piyada keçidi var: "Bu keçidlərin əksəriyyəti yola bərabər səviyyədə çəkilmiş piyada keçidləridir. Az halda yeraltı və yerüstü keçidlər var. Məgər yerlə bərabər olan keçidlərə yağış, qar yağmır?"

"Düşünürəm ki, bu yerüstü keçidlərin də üstü açıq olmalıdır. Piyada yol boyu açıq hava ilə səkidə hərəkət edir. Səkilərin üstü örtülür ki? Piyada keçidlərini şüşə ilə bağlayanda da piyadalar şikayət edir ki, keçidlərdə hava olmur, isti olur" — ekspert bildirib.

Avtomobil nəqliyyatı üzrə ekspert Elməddin Muradlı da Sputnik Azərbaycan-a açıqlamasında mühüm məqamlara toxunub. O, deyib ki, Nəqliyyat Nazirliyinin zamanında milyonlarla vəsait xərclənib dəbdəbəli yerüstü keçidlər tikilirdi: "Amma son illər artıq əvvələ nisbətən böyük fərq var. Artıq daha yığcam, sadə yerüstü keçidlər tikilir".

"Devalvasiyanın da buna təsiri var. Düşünürəm ki, yerüstü keçidlər sadə və sərnişinin təhlükəsizliyini qorusa, kifayətdir. Yerüstü keçidlərin üstünün olmaması normaldır. İnsanlar da ona məhz piyada keçidi kimi baxsınlar" — mütəxəssis vurğulayıb.

Muradlı tikilən piyada keçidlərinin yer örtüyünün sürüşkən materialdan olmasını isə belə izah edib: "Üzlüklərə diqqət yetirmək lazımdır. Çünki bu zaman hava şəraitindən asılı olmayaraq insanlar bədbəxt hadisə ilə qarşılaşa bilər. Buna görə də adiyyatı orqanlar tikinti zamanı bunları nəzərə almalıdılar".

3323
Teqlər:
yeraltı keçid, təhlükəsiz, Elməddin Muradlı, piyada, "Azəravtoyol" ASC, Ərşad Hüseynov, Sputnik Azərbaycan, Anar Nəcəfli, ekspert, yerüstü keçid, hava, yağış
Əlaqədar
Bakıda piyada zolağından keçənləri döydülər
Yolda çox şey piyada mədəniyyətindən asılıdır
Silahlı sürücü piyadalara hücum etdi, 3 nəfər yaralandı
Piyadanı öldürüb qaçan sürücü tutuldu
Bakıda piyadaların həyatını cəhənnəmə çevirən maniya
Hövsanda "Qazel" piyadanı vurdu
İki piyada keçidi istifadəyə verildi
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

5
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

5
Teqlər:
Formula-1 yarışı, Formula 1
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

347
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

347