CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qeyri-adi qoca: bir dəfə çağırmağınız yetər

© Sputnik / Ilham MustafayevÇərçi Valeh
Çərçi Valeh - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qəribə səyyar satıcı hər kəsin köməyinə çatır, maddi qarşılıqsız

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 24 may — Sputnik. O, xurcununu çiyninə atır, küçəbəküçə, evbəev gəzərək insanların gündəlik tələbat mallarına olan ehtiyaclarını elə evlərindəcə təmin edir. Bunun müqabilində isə çox vaxt heç pul da götürmür. Verdiyi məhsulun qarşılığında, ailəsinin ehtiyacını qarşılamaq üçün ya yumurta, ya da digər ərzaq məhsulu alır.

Tovuz rayon sakini Tahir Qasımov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu sənətkarın həyatda bir prinsipi var

Gəzib-dolaşdığı kəndlərdə onu Çərçi oğlu Çərçi Valeh, ya da sadəcə Çərçi Valeh kimi tanıyırlar. Bəlkə də, günümüzdə hər kənddə, hər küçədə mağazanın olduğu bir vaxtda, bu peşə adi görünə bilər. Lakin yaxın keçmişdə, rayon mərkəzindən onlarla kilometr uzaqlıqda yerləşən, bir neçə kəndin birləşdiyi sovetlikdə, yalnız bir mağazanın olduğu dağlıq bölgədə insanlar üçün çərçinin necə böyük önəm daşımasını yaşlı nəsil daha yaxşı xatırlayır.

Tovuz rayon Yanıqlı kənd sakini, 76 yaşlı Valeh Nağıyev yarım əsrdən artıqdır ki, çərçiliklə məşğuldur. Bu peşə ona atası Əli kişidən qalıb. Hərbi xidmətdən qayıtdıqdan sonra dəmir yolunda işə düzələn Valeh Nağıyev, paralel olaraq atasının peşəsini davam etdirib. İstirahət günləri xurcununu çiyninə ataraq kəndbəkənd gəzib insanları gündəlik tələbat malları ilə təmin edib. Hazırda 76 yaşı olmasına baxmayaraq bu işi davam etdirir.

"Atamdan qalan peşədir. Həm sənəti yaşadıram, həm də dolanışığı çıxarmaq, borca düşməmək üçün davam etdirirəm. Əvvəllər ətraf kəndləri də dolaşırdım. İndi daha yaşlaşmışam, ağrıyıram, çox uzağa gedə bilmirəm. Bu yaşda mənə ağır olsa da, başqasına möhtac olmayım deyə məcburam bu sənəti davam etdirməyə" — deyir Valeh kişi.

Eyni zamanda işindən zövq alır. İnsanlara yardımçı olmağı, xeyirxahlıq etməyi, dar gündə insanların köməyinə çatmağı özün borc bilir: "Elə olub ki, kəndin ayağından evə zəng ediblər, bir "lampoçka" (elektrik fənərini nəzərdə tutur – red.) lazım olub, yaxud şam istəyiblər. Ərinməmişəm, aparıb çatdırmışam ehtiyacı olana".

"Elə olub ki, 3 ay, 5 ay nisyə vermişəm. Kəndimiz çox kasıb kənddir. Camaatda pul yoxdur. Bəzən bir qutu kibriti da nisyə almalı olurlar. Çox vaxt heç pul da almıram. Yumurtaya, yaxud digər ərzaq məhsullarına dəyişirəm. Həm mənim ehtiyacım təmin olunsun, həm də camaatın" – həmsöhbətimiz bildirir.

Bu gün də kənddə Çərçi Valehin daimi müştəriləri, alıcıları var. Kənd sakinləri onun yolunu gözləyir, alış-veriş edir, qocaman çərçi haqda ağız dolusu yaxşı sözlər danışırlar.

Xəbər lenti
0