Rüfət Rzayev

Əcnəbilər azərbaycanlı ustanın əl işlərini "yerə düşməyə" qoymurlar

569
Rüfət Rzayev: "Nə qədər ki, canımda qüvvə var, bu sənəti yaşadacağam"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Astaranın Kakalos kənd sakini Rüfət Rzayev, uzun illərdir həsir toxumaqla yanaşı, həsirdən zənbil, tərəzi, şlyapa, səbət və sair məmulatlar da hazırlayır. Kakalos Kənd Folklor Evində metodist işləyən Rüfət Rzayev, həsir və həsirdən hazırlanan məmulatları mərhum anasından öyrəndiyini deyir.

"Əvvəllər Astarada həsirçi çox olardı. Bizim rayonda cürbəcür çeşiddə həsir toxuyanlar var idi. Təqribən hər kənddə 20-30 nəfər adam bu sənəti bilirdi. Qabaqlar tələbat da həddən artıq çox idi" – həmsöhbətimiz bildirir.

Dediyinə görə, bu sənəti həvəskar kimi öyrənib: "Rəhmətlik anam Balabacı xanım evdə özümüzün istifadəmiz üçün həsir, zənbil, şlyapa, səbət, sonra bağda işləməyə gedəndə yeməyi aparmaq üçün həsirdən süfrə toxuyardı. Yəni yeməyi içərisinə qoyardıq, onun kənarlarında xüsusi bağlama yeri var, oradan iplə bağlayıb özümüzlə daşıyardıq".

Və o, anasına kömək üçün zənbil, həsir toxumağa başlayır: "Bunları toxumaq üçün may ayında gedib pizə, lığ yığırdıq kəndin kənarında olan su hövzəsindən. Onlar 2 həftəyə quruyur. Quruyub qızılı rəng alandan sonra isə, ya həsir, ya zənbil, ya da başqa bir şey toxuyuruq".

"Bizim zona rütubətlidir. Həsir hər evdə qabaqlar var idi. Yerə taxta döşəmə vurmazdılar. Palçıq, üstündən gil qatı, üstündən 2 qat həsir və palaz. Beləcə evə nəmişlik girməzdi. Həsir nəmişliyin qarşısını çox alır. Həsirdən hazırlanan zənbilin fərqi isə həm çox yük tutması, həm də gündəlik məişətdə istifadə edilən polietlin torbalardan daha zərərsiz olmasıdır" – deyir Rüfət usta.

Rüfət Rzayev
© Sputnik / Rahim Murad
Rüfət Rzayev 28 ildir ki, həsir və həsirdən olan digər əşyalar toxumaqla məşğuldur

Danışır ki, əvvəllər evlərdə ərzaqların çoxunu həsirdən olan zənbil və ya səbətlərdə saxlayardılar: "Bir ara zənbillərə maraq çox azaldı. Alanların çoxu yaşlı adamlar idilər. Amma bir neçə ildir ki, yenidən maraq artıb. Hətta cavanlar da zənbillərdən çox istifadə etməyə başlayıblar. Bəzi ailələr də var ki, nişanlı qızlar üçün xonça aparanda ya həsir səbətə, ya da zənbilə yığırlar".

Rüfət Rzayevin sözlərinə görə, lığdan hazırlanan istənilən materialı sudan qoruduqda, 100 ilə kimi qalması mümkündür: "Həsirdən hazırlanan zənbil, səbət və ya papaq eyni üsulla toxunulur. Zənbili toxumaq üçün "keşi" adlanan lığdan lent toxunur. Keşinin eni təqribən 5-7 sm olur, uzunluğu isə toxunacaq zənbil, səbət və yaxud şlyapanın ölçüsündən asılıdır. Keşinin kənarlarını biri-birinə tikməklə hazırlayırıq. Keşini tikəndə isə lığdan hazırlanan ipdən istifadə edirik".

"Zənbil və ya səbətin sıx, yoxsa bir azca boş olması da keşinin kənarlarının bir-birinə necə tikilməsindən asılıdır. Keşini tikərkən xüsusi üsuldan istifadə edirik. Bu, xüsusi tikiş üsuluna riayət edilməzsə, toxunan səbət və ya zənbil, yaxud şlyapalar qırış olacaq" – deyir usta.

Əlavə edir ki, cənub zonasında çayçılıq inkişaf etdiyi üçün, insanlar saatlarla açıq havada tarlada çalışırlar: "Tarlalarda işləyənlər üçün həsir şlyapalar əvəzsizdir. Şlyapanın başa qoyulan hissəsini gözəyarı üsulla toxuyuruq, kənarlarını isə 4 barmaqla ölçərək enini təyin edirik. Bir zənbil, ölçüsündən asılı olaraq 2-3 günə, şlyapa isə təxminən 30 dəqiqəyə başa gəlir".

Rüfət Rzayev 28 ildir ki, həsir və həsirdən olan digər əşyalar toxumaqla məşğuldur. Dediyinə görə, sərgilərdə nümayiş etdirilən əl işlərinin əsas alıcıları xarici vətəndaşlardır. Yerli sakinlərdən isə ən çox tələbat zənbilə və lığ tərəziyədir.

Zənbillərin qiyməti, ölçüsündən asılı olaraq 3-5 manat arasında dəyişir, lığ tərəzilərin qiyməti isə 2-5 manat arasındadır. "Nə qədər ki, canımda qüvvə var, həsir toxuma sənətini yaşadacağam və öz davamçılarıma bu sənətin sirlərini öyrədəcəyəm. Bu sənəti gələcək nəsillərə ötürmək istəyirəm" – deyir…

569
Teqlər:
şlyapa, keşi, lığ, zənbil, Rüfət Rzayev, Kakalos kəndi, həsirçilik, həsir, zona, material, Astara, usta, ana
Əlaqədar
Azərbaycanlı ustaların əlləri yüzillik texnologiya ilə xalça toxuyur
Düzəltdiyi sənət əsərlərini satmağa əli gəlməyən usta
Türk usta bir möcüzə gerçəkləşdirdi
Əsərləri ilə insanları valeh edən usta
Azərbaycanlı ustanın icadı görənləri heyrətə salır
Təndir düzəldən ustaların sayı kəskin surətdə azalıb
Müştərisinin geri dönəcəyini 6 il gözləyən usta

Gürcü xanımın Bakı ilə 20 illik eşq macərası

2
Dali Qoqoladze etiraf edir ki, həyatı bir daha yaşamaq imkanı olsaydı, yenə Bakıya köçüb gələrdi. Restoran sahibi və baş aşpaz gürcü xanımla müsahibəni videomuzdan izləyin.

“Azərbaycan əcnəbilərin gözü ilə” rubrikamızın budəfəki qonağı gürcü xanım Dali Qoqoladzedir.

İyirimi il bundan əvvəl oğlu ilə Bakıya səfər edən Dali burada qalıb yaşamaq və öz biznesini qurmaq qərarına gəlir. Hazırda Dali Qoqoladze gürcü mətbəxi üzrə uğur qazanmış restoran sahibi və baş aşpazdır. Onun adı təkcə Bakıda deyil, şəhərimizin hüdudlarından kənarda da yaxşı tanınır.

Qonaqlar etiraf edirlər ki, onun hazırladığı yeməklərin dadına yalnız bir dəfə baxmaqla gürcü mətbəxinə valeh olmaq mümkündür. Dalinin gülərüz və mehribanlığı da öz yerində.

Gürcü xanımın Azərbaycan sevgisi qarşılıqlıdr. Bu illər ərzində Qoqoladze ailəsi nəvələrin hesabına bir xeyli genişlənib.

“Azərbaycan mənim ikinci vətənim, Bakı isə ikinci evimdir”, – deyə Dali etiraf edir.

Müsahibə götürdüyümüz vaxt o, bütün qadınları 8 Mart bayramı münasibətilə Azərbaycan dilində təbrik etdi.

2
Bakubus avtobusu, arxiv şəkli

Dörd marşrut xəttinin hərəkət qrafiki müvəqqəti dəyişdirilib

6
104 nömrəli müntəzəm marşrut "Həzi Aslanov " metrostansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.

 

BAKI, 4 mart — Sputnik. Martın 4-də aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsi Vunqtau küçəsinin kəsişməsindən "H.Aslanov" metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən M1, M2, M6 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Sözügedən marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada olacaq:

M2 nömrəli ekspres marşrut "Həzi Aslanov " metrostansiyası istiqamətində Ukrayna dairəsi – Vunqtau küçəsi – Sadıqcan küçəsi – Xudu Məmmədov küçəsi – Məhəmməd Hadi küçəsi daha sonra öz hərəkət sxemi üzrə;

M1, M6 nömrəli ekspres marşrut "Həzi Aslanov " metrostansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə , daha sonra öz hərəkət sxemi üzrə;

104 nömrəli müntəzəm marşrut "Həzi Aslanov " metrostansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.

6