4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınlar, arxiv şəkli

Məhkumlar daha tez azadlığa çıxmaq üçün pul tapa bilmirlər

546
(Yenilənib 22:45 04.05.2017)
Hüquq müdafiəçisindən məhbuslarla bağlı önəmli açıqlama

BAKI, 4 may — Sputnik. Azərbaycandakı azadlıqdan məhrumetmə yerlərində 34 min məhbus var.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Hüquq Müdafiə Mərkəzinin, AR Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, BMT-nin eksperti Zəliha Tahirova bildirib.

Onun sözlərinə görə, məhkumlar hüquq müdafiəçilərindən onların tezliklə azadlığa çıxmasını köməklik göstərməyi xahiş edirlər.

Məlum olduğu kimi, Ədliyyə Nazirliyi yanında məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi ilə bağlı yaradılmış daimi Komissiya fəaliyyətdədir. Cari ilin əvvəlindən indiyə kimi vaxtından əvvəl şərti azadlığa çıxmaq üçün 700 məhkum müraciət edib.


"Cari ildə təkcə 276 ərizəyə baxılmasında mən şəxsən iştirak etmişəm. Bundan əlavə, ikiqat artıq müraciətlər də mənim İctimai Komitədən olan həmkarlarımın iştirakı ilə nəzərdən keçirilib. Onu da qeyd edim ki, cəzalarının yüngülləşdirilməsi xahişi ilə məhkəməyə müraciət edən məhkumların heç də hamısı Komissiyaya müraciət etmir. Bilirlər ki, əgər Komissiya məhkumun dəyişmədiyini hesab etsə, onun xahişini dəstəkləməyəcək. Bu səbəbdən də onların bəziləri birbaşa məhkəməyə müraciət edirlər" – deyə hüquq müdafiəçisi bildirib.

Komissiyanın fəaliyyətə başladığı 2013-cü ilin yazından indiyə kimi 7 mindən artıq məhkum müsbət rəy alıb. Onların praktiki olaraq 97%-i vaxtından əvvəl azadlığa buraxılıblar, yaxud da məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüblər. Orada onlar yalnız gecə vaxtı nəzarət altında olurlar. Gündüzlər isə təhsil ala, işləyə, ailələri və tanışları ilə əlaqə saxlaya bilirlər. Elə hallar da var ki, hətta təkrar cinayət törədərək həbsə düşmüş məhbuslar belə komissiyanın rəyi əsasında azadlığa buraxılır, yaxud da daha yüngül cəzaçəkmə müəssisəsinə göndərilirlər. Bu, onu göstərir ki, məhkumların islah olunması düzgün qiymətləndirilib.

Buraxmaq, yoxsa qadağan etmək? İkinci şans kimlərə verilir?

Tahirovanın sözlərinə görə, cəzasının müəyyən hissəsini çəkən şəxslərin avtomatik olaraq azadlığa buraxılması ilə bağlı fikirlərin mövcud olmasına baxmayaraq, qanun müəyyən hallarda cəzanın tam çəkilməsini zəruri sayır. Ona görə də, qətldə və ağır bədən xəsarətləri törətməkdə ittiham olunan, qurbanları ilə barışığın əldə olunmadığı məhkumlar vaxtından əvvəl azadlıq əldə edə bilmirlər.


Çünki belə məhkumların vaxtından əvvəl azadlığa çıxmasını qurbanların qohumları onların hisslərinin təhqir olunması kimi qəbul edirlər və yeni münaqişə yaranır.

Vaxtından əvvəl azadlığa buraxılmaya ən çox mane olan səbəblərdən biri də məhkəmənin hökmünə əsasən haqqı ödənilməmiş mülki iddialardır. Hesab edilir ki, vaxtından əvvəl azadlığa çıxma imkanı zərərçəkənin və dövlətin borcunu ödəmək üçün stimul yaradır. Bəzən ailələrin maddi vəziyyəti bunu etməyə imkan vermir. İslah müəssisəsində isə bu borcu ödəmək imkanı çox məhduddur.

Məhkəmələr məcburi müalicəsi tələb edilən şəxslərin tam düzəlməyənə qədər vaxtından əvvəl azadlığa buraxılmasını da həvəslə dəstəkləmirlər. Çünki azadlığa buraxılandan sonra məhkumun alkoqolizmdən, narkomaniyadan, vərəmdən tam xilas olana qədər müalicə olunaraq özünə və ətrafına ziyan vurmayacağına heç bir zəmanət yoxdur.

Məhkəmə bunların hamısını nəzərə alır. Ona görə də müraciətlərin üçdə birinə rədd cavabı verilir. Əgər vaxtından əvvəl şərti azadlığa buraxılma üzrə Komissiya ərizələrə müsbət rəy versə, onda bu müraciətlərin 97%-i müsbət həllini tapır.

Məhkəmənin işini yalançı rəylə çətinləşdirməmək üçün Komissiya özü də bəzi müraciətlərə neqativ cavab verir. Misal üçün, bu il Komissiyada baxılan müraciətlərdən 55-nə müsbət rəy verilməyib ki, bu da ümumi müraciətlərin 20%-i deməkdir.

Əgər məhkəmədən keçməyən işləri təhlil etsək, onlardan sadəcə 6-7-si mübahisəli olub: məhkəmə onları qəbul etməyib, Komissiya isə hesab edib ki, məhkum artıq islah olunub.

Tahirovanın sözlərinə görə, hər kəsin, hətta ömürlük həbs cəzası alanların da vaxtından əvvəl azadlığa çıxmaq hüququ var. Vaxtından əvvəl şərti azadlığa çıxmaq üçün (AR Cinayət Məcəlləsinin 57, 76 və 90-cı maddələri ilə), məhkum cəzasının bir hissəsini çəkməli və islah olmalıdır.

Onun tam islah olunduğu barədə göstəricilərə azadlıqdan məhrumetmə yerinin administrasiyası tərəfindən verilən yaxşı xasiyyətnamə, narkomaniyadan tam müalicə olunduğuna dair sübutlar və s. aid ola bilər.


Eyni zamanda cəzanın bir hissəsinin çəkilməsi cinayətin ağırlıq dərəcəsi ilə də əlaqədardır. Əgər məhkum böyük ictimai təhlükəsi olmayan, yaxud da az ağır cinayət törədibsə, o, cəzasının ən azı yarısını çəkməlidir. Əgər adam ağır cinayət törədibsə, cəzasının azı üçdə ikisini, xüsusi ağır cinayət törədibsə, cəzasının dörddə üçünü çəkməlidir. Cəzanın dörddə üçünü çəkəndən sonra vaxtından əvvəl azadlığa həm də o məhkumlar çıxa bilərlər ki, əvvəllər də vaxtından əvvəl azadlığa buraxılıblar, lakin cəza müddətinin sonuna qədər növbəti cinayəti törədiblər.

Ömürlük həbs cəzası almış məhkumların vaxtından əvvəl azadlığa çıxmasını 25 illik həbs cəzası əvəz edə bilər.

Pulun olmaması – erkən azadlığa maneə

Hüquq müdafiəçisi deyib ki, cəzasının əksər hissəsini çəkən məhkumların əsas problemlərindən biri də pulun və həbsdə ikən pul qazanmaq imkanının olmamasıdır.

"2016-cı ildə cəzaçəkmə müəssisələrində cəmi 5 min 400 məhkum iş tapıb. Deyək ki, hər beş məhkumdan biri. Həm də həbsxanalardakı istehsal müəssisələrində əməkhaqqı yüksək deyil. Belə olan təqdirdə, məhbus öz borcunu necə ödəsin? Azadlıqda isə o, öz işini qura və daha çox pul qazana bilər" – deyə Tahirova bildirir.

Həmçinin hələ "yaraları soyumamış" zərərçəkənlər də var ki, onlara zərər vurmuş adamları bağışlamaqdan imtina edirlər. Ona görə də məhkəmə vaxtından əvvəl şərti azadlığa buraxılmaq istəyənlərin məsələsinə son dərəcə ehtiyatla yanaşır ki, cinayətkarın maraqları ilə zərərçəkmişin maraqları arasındakı balansı qoruya bilsin.

546
Teqlər:
komissiya, Ədliyyə Nazirliyi, məhkum, BMT, Azərbaycan Hüquq Müdafiə Mərkəzi, Zəliha Tahirova, Azərbaycan
Əlaqədar
Dörd qız məhkum edilib
Azərbaycanda 140 məhkum vəfat edib
Daha bir həbsxanada üsyan: 33 məhkum öldürüldü
132 məhkum həbsxanadan qaçdı
Azərbaycan həbsxanasında məhkum ölüb
Azərbaycan manatı, arxiv şəkli

Pensiya kapitalı ədalət - qalaqlanan problemlər üçün çözüm təklifi

16
(Yenilənib 17:59 26.11.2020)
"Bəzi hallarda vətəndaş uzun müddət çalışır, lakin ya o, pensiya yaşına çatmır, ya da pensiya yaşına çatdıqdan müəyyən müddət sonra dünyasını dəyişir", - Vüqar Bayramov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Dünyanın ən yaxşı pensiya sisteminə malik olan 39 ölkəsinin adları açıqlanıb. "Mercer CFA" institutunun "Global Pension Index 2020" hesabatına görə, 2020-ci ildə dünyanın ən yaxşı pensiya sisteminə malik ölkəsi Niderland olub. Bu ölkənin indeksi ötən illə müqayisədə 81-dən 82,6-a yüksəlib. İkinci yerdə qərarlaşan Danimarkanın isə builki indeksi 80,3-dən 81,4 bəndə qədər yüksəlib. Siyahının üçüncü yerinə isə İsrail (74,2 bənd) layiq görülüb.

Hazırda Niderlandda pensiya yaşı 66-dır. 2024-cü ilədək ölkədə pensiya yaşının aylıq artım dinamikası dondurulur. Yalnız 2024-cü ildə ölkədə pensiya yaşı 67 olacaq və bundan sonra hər il bu müddət daha öncəki müddətlə müqayisədə çox cüzi olaraq artmaqda davam edəcək. Digər ölkələrlə müqayisədə Niderlandda pensionerlər daha firavan həyat yaşayırlar ki, bunun da səbəbi ölkədəki qanunlardır.

Ölkədə yaşlılığa görə verilən pensiya olan AOW-dan yararlanmaq üçün şəxslərin Niderlandda çalışdığı hər il üçün 2 faiz illik AOW vəsaiti toplanmalıdır. Məsələn, şəxs pensiya yaşına çatdıqda sadəcə olaraq 40 ildir ki, Niderlandda yaşamış olarsa, bu zaman AOW vəsaitinin 80 faizini əldə etmiş olacaq.

Bundan başqa, ölkə qanunları ağır işdə çalışanlara daha tez pensiyaya çıxmaq hüququnu verir. Bununla yanaşı, istəyən hər kəs 3 il daha tez yaşlılıq pensiyasına çıxa bilmək hüququna malik olur.

Pensiya sisteminə görə 39 ölkə arasında ikinci olan Danimarkada isə bu yaş həddinin aşağı endirilməsi müzakirə edilir.

Ölkənin Baş naziri Mette Frederiksen pensiya yaşının 65-dən 61-ə endirilməsi üçün təkliflərin verildiyini də vurğulayıb:

"Danimarka vətəndaşları hər gün işləmək, pul qazanmaq üçün səhər tezdən oyanır, ağrı və acı ilə işə gedirlər. Bəlkə də belləri, dizləri, çiyinləri ağrıyır, bəlkə də çox acı çəkirlər. Bu səbəbdən biz uzun illərdir çalışanlar, çalışdığı müddətdə vergilərini ödəyən və ağır işə cəlb olunanlar üçün təkliflər vermişik. Yeni qanun layihəsinə görə, 42-44 il çalışanlar 1-4 il daha tez pensiyaya çıxa biləcəklər. 2022-ci ildə 38 min şəxs bundan yararlana biləcək".

Qeyd edək ki, qarşıdakı 10 il ərzində Danimarkada pensiya yaşının 68 olacağı planlaşdırılır.

Son illərdə Azərbaycanda da pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində müxtəlif işlər görülüb. Lakin bununla belə, bəzi problemlər hələ də həllini tapmamış qalır. Bəs Azərbaycanda pensiya sistemində hansı qalaqlanmış problemlər həllini gözləyir?

Saxla samanı... Kartda olan pulları necə artırmalı?>>

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Son illər Azərbaycanda pensiya sistemində bir sıra islahatlar aparılıb. Xüsusən də 2018-ci ildən pensiya sisteminin təkmilləşdirilməsi müşahidə olunub. Biz mütəmadi olaraq pensiya islahatlarının davamlı olması və pensiya sisteminin daha da təkmilləşdirilməsi üçün təkliflərimizi təqdim edirik. Qiymətləndirmələr onu göstərir ki, indiki halda həm pensiya kapitalı ilə bağlı, həm də pensiya kartından istifadə ilə bağlı islahatların davam etdirilməsinə ehtiyac var".

"Nəzərə almalıyıq ki, minimum pensiya məbləği artdıqca tələb olunan minimum pensiya kapitalı da artır. Bu səbəbdən vacibdir ki, pensiya kapitalının müəyyən hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi mexanizminə baxılsın. Daha yaxşı olardı ki, vəsaitlərin, xüsusən də həssas qruplar üçün olan vəsaitlərin bir hissəsi kompensasiya olunsun", - deyə millət vəkili əlavə edib.

O bildirib ki, böyük pensiya kapitalına malik vətəndaşlarımıza ABŞ-da olduğu kimi daha tez pensiyaya çıxmaq hüququnun verilməsinə ehtiyac var: "Ona görə də biz minimum pensiya kapitalı ilə yanaşı, pensiyaya çıxmaqla bağlı minimum kapital yığıldıqdan sonra belə bir hüququn verilməsinin tərəfdarıyıq.

Yəni vətəndaşa pensiya yaşına çatmadan yığılan kapitaldan istifadə etmə hüququnun verilməsi məqsədəuyğundur. Bu da təbii ki, kapitalla bağlı yığımlara marağı artırmaqla yanaşı, eyni zamanda imkan verəcək ki, vətəndaşlarımız bəzi hallarda pensiya yaşını gözləmədən də pensiya kapitalının bir hissəsindən faydalana bilsinlər".

"Digər məsələ isə pensiya kapitalının müəyyən hissəsinin varisə transfer edilməsi ilə bağlıdır. Çünki bəzi hallarda vətəndaş uzun müddət çalışır, lakin ya o, pensiya yaşına çatmır, ya da pensiya yaşına çatdıqdan müəyyən müddət sonra dünyasını dəyişir. Bu səbəbdən həmin kapitalın bir hissəsinin vətəndaşın varisinə transfer edilməsi mexanizmi təqdirəuyğun olardı. Bu da nəticə etibarı ilə pensiya sistemində ədalətin daha da məqsədəuyğunluğu üçün önəmlidir", - deyə V.Bayramov əlavə edib.

16
Teqlər:
Vüqar Bayramov, təklif, varis, kapital, təqaüd, pensiya

Ermənistandakı hərbi bazada Rusiya hərbçisinin cəsədi tapılıb

18
(Yenilənib 21:33 26.11.2020)
Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. H

BAKI, 26 noyabr - Sputnik. Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu ölü tapılıb.

Bu barədə Sputnik Ermənistan-a Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. Ermənistan İstintaq Komitəsinin Şirak Regional İstintaq İdarəsi hazırda hərbçinin ölümü ilə bağlı materialları toplayır.

Bildirilir ki, 36 yaşlı rus hərbçinin həyat əlamətləri olmayan cəsədi onun hərbçi yoldaşları tərəfindən aşkar edilib. Onun üzərində hər hansı zorakılıq əlamətlərinə rast gəlinməyib: 

"Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. Hərbçinin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib".

Hazırda hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Cinayət xəbərləri saytı shamshyan.com-un yazdığına görə, ölən şəxs 36 yaşlı müqaviləli hərbçi A.P.-dir.

18

Çavuşoğlu Qarabağ məsələsini NATO-nun gündəminə gətirdi

0
(Yenilənib 22:33 26.11.2020)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ və digər regional münaqişələri müzakirə ediblər.

BAKI, 26 noyabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.

Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi, Əfqanıstan və Liviya böhranı barədə də fikir mübadiləsi aparıblar.

Çavuşoğlu Stoltenberqə İrini Hərəkatı çərçivəsində Aralıq dənizindəki Türkiyə ticarət gəmisində axtarış aparılmasının beynəlxalq hüquqa zidd və yolverilməz olduğunu bildirib.

0
Teqlər:
Aralıq dənizi, Liviya, Dağlıq Qarabağ, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO