Tikinti prosesi

Sahibkarlara güzəşt bitdi, sərt nəzarət bərpa olunur

1927
(Yenilənib 18:16 04.05.2017)
"İstehsalat sahələrində kameraların quraşdırılması, istehsalat yerlərinə monitorinqlərin həyata keçirilməsi və birbaşa canlı olaraq bu prosesin izlənməsi problemin qarşısını almış olacaq"

BAKI, 4 may — Sputnik. Prezident İlham Əliyev "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. İlkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tədbirlər görüləcək.

Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli
© Photo : İ.HÜSEYNLİNİN ARXİVİ
Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq. Qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq.

Məsələ ilə bağlı Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, qeyri-rəsmi əmək münasibətləri məsələsi ölkədə uzun müddət hökm sürən problem olub: "İstər tikinti şirkətlərində, istər istehsal ilə məşğul olan obyektlərdə işçilərin, əmək müqavilələrinin sayı gizlədilir. Bu, kifayət qədər problem yaradır. Ən başlıcası isə birbaşa əmək müqaviləsi olmadan, xüsusən tikinti şirkətlərinin cəlb etdiyi fəhlələr və digər kateqoriyalı işçilərin tikintidə baş verən bədbəxt hadisələrdən sığortalanması imkanları məhdudlaşır. Baş verən bədbəxt hadisə gizlədilir, üstü örtülür və s. Bunların qarşısını almaq üçün gücləndirilmiş tədbirlər həyata keçirilməlidir".

Ekspertin fikrincə, bu, işəgötürənlə işçi arasında baş verən sövdələşmə olduğuna görə, adətən bunun üstünü açmaq, xüsusən istehsalatda çalışan işçi sayını müəyyənləşdirmək bir qədər çətin məsələdir: "Yəni, iki şəxs arasında baş verən sövdələşmədə bu problemləri ortaya qoymaq, aşkarlamaq üçün imkanlar yetərsizləşir. Bu mənada istehsalat sahələrində kameraların quraşdırılması, istehsalat yerlərinə monitorinqlərin həyata keçirilməsi və birbaşa canlı olaraq bu prosesin izlənməsi müəyyən mənada problemin qarşısını almış olacaq. Eyni zamanda, bədbəxt hadisələrdən sığortalanmanı sürətləndirəcək. Bunu tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınmasına xidmət etmiş, təkan vermiş hal kimi qəbul etmək olar".

"Bu məsələ diqqətdə saxlanılmalıdır. Məsələn, kameraların işlək vəziyyətdə olması. Tikinti sahəsində kameralar quraşdırılarsa, bunların işlək vəziyyətdə olması çox mühüm amildir. Zəmanətimiz yoxdur ki, kameraları quraşdıran şirkətlə həmin tikinti ilə məşğul olan şirkətlərin arasında müəyyən vaxt dönəmində onların qeyri-işlək vəziyyətə gətirilməsi ilə bağlı hər hansı bir sövdələşmə olmayacaq. Bu proseslərin özünə də nəzarət etmək lazımdır" — İ. Hüseynli bildirib.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov

Ekspertin fikrincə, istehsalatda qeyri-rəsmi əmək münasibətləri şəraitində qanunsuz olaraq fəaliyyət göstərən işçilərin özlərinin də sosial hüquqlarının pozulması halları baş alıb gedir: "İstehsalatda çalışan bütün işçilər əmək müqaviləsi şərtləri altında qanuna müvafiq işlə təmin olunduğu halda, onların sosial ödəmələri, Dövlət Sosial Müdafiə Fonduna ödəniş məsələləri də gündəmə gələcək. Bu, eyni zamanda, büdcə vəsaitlərinin artmasına gətirib çıxardacaq".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bu sahədə vəziyyətin çox ciddi olduğunu deyib: "Dövlət başçısı bu məsələyə dəfələrlə qayıtmalı olub. Əvvəl əmək müqaviləsinin bağlanmamasına görə qanunvericilikdə dəyişikliklər olub, hətta cinayət məsuliyyəti müəyyən olub, sonra elektron qeydiyyat sistemi tətbiq olunub".

"İndiki fərman konkret mexanizmlər göstərir. Ona görə də ümidliyəm ki, pilot dövründə müəyyən irəliləyiş olacaq. Fərmanda da göstərilir ki, bu, pilot məsələdir. Gözləyək görək necə olacaq. Burada yeniliklərdən biri odur ki, "ASAN Xidmət" bu prosesə cəlb olunur. Ümid edirəm ki, Fövqəladə Hallar Nazirliyi bütün tikinti şirkətlərində bu kamera sistemini tətbiq edə biləcək" — Məmmədov qeyd edib.

Onun fikrincə, bunun müəyyən riskləri də olacaq: "Bəziləri artıq əmək müqaviləsi bağlamaq istəmədikdə işçiləri ixtisara salacaqlar. Amma bu sahədəki vəziyyət bu cür qala bilməz. Bu, əvvəl-axır dəyişməlidir. Dövlət başçısı sahibkarlara böyük bir jest edib. Onlara avans kimi 2 il müddətinə yoxlamaları dayandırıb. Amma işəgötürənlər bundan nəticə çıxartmadı, o cümlədən tikinti sektoru nəticə çıxartmadı. Əksinə, sui-istifadə etməyə başladılar. İşçilərlə müqavilə bağlamamaq, keyfiyyətsiz məhsul istehsal etmək və s. kimi qanunsuz addımlar atdılar. Artıq fərmanla göstərilir ki, o nəzarət bərpa olunur".

Qeyd edək ki, fərmana görə, tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə bağlı məlumatların əldə edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş reyestrlə inteqrasiya ediləcək.

1927
Teqlər:
İlqar Hüseynli, müşahidə kamerası, Sputnik Azərbaycan, tikinti, obyekt, nəzarət, Sahib Məmmədov, fərman, ekspert, İlham Əliyev, prezident
Əlaqədar
Fəhlələrin ölümünə səbəb olan tikintinin "Green City"yə aidiyyatı yoxdur
Prezidentin fərmanı tikinti sektoruna necə təsir edəcək?
Bakıda irimiqyaslı tikinti planı: köhnə binalar söküləcək
Azərbaycanda universitet müəllimi və tikinti biznesmeni uşaq oğurlatdırdı
"O, sərvətini təkcə bina tikintisinə həsr etməyib"
Tikinti materiallar bazarında yanğın
Qədəbək

Sabah hava həlim olacaq

1
(Yenilənib 18:09 28.10.2020)
Oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-21, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1
 Distant təhsil, arxiv şəkli

"Virtual məktəb" platformasından yenilik: Azərbaycan dilində fəaliyyət göstərəcək

14
(Yenilənib 18:05 28.10.2020)
"Noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Noyabrın 2-dən etibarən "Virtual məktəb" platforması Azərbaycan dilində fəaliyyət göstərəcək. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova verib. O bildirib ki, bu həftə həmin məsələ ictimaiyyətə elan ediləcək:

"Biz bununla bağlı hələ yayda açıqlama vermişdik ki, oktyabr ayında "Virtual məktəb" platformasının ana dilində istifadəsi mümkün olacaq. Qeyd edim ki, "Virtual məktəb" platformasından türk dilində istifadə mümkün idi. Amma rus dilində təhsil alan şagirdlər türk dili ilə bağlı müəyyən problem yaşayırdılar. Artıq noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər".

Xatırladaq ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov brifinqlərin birində "Microsoft Teams" platformasının Azərbaycan dilinə tərcümə olunmasını diqqətə çatdırmışdı. O bildirmişdi ki, bununla bağlı "Microsoft Teams" şirkətinə müraciət edilib və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.

14
Əlaqədar
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Təki oxumağa istək olsun: "Virtual məktəb"ə direktorlar da nəzarət edəcək
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN-dən sərt bəyanat: "Ermənistan rəhbərliyi ağıl vicdanını itirib!"

0
(Yenilənib 18:16 28.10.2020)
"Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb" - Türkiyə XİN

BAKI, 28 oktyabr - Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistan ordusunun Bərdə şəhərinə növbəti dəfə raket zərbələri endirməsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan Türkiyə XİN-ə istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın münaqişə bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə dünənki hücumundan sonra Ermənistan ordusunun bu gün yenidən mülki əhalini raket atəşə tutması pislənilib:

"Bugünkü hücum nəticəsində 21 nəfər ölüb, 70-dən çox şəxs yaralanıb. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Bütün Azərbaycan xalqının başı sağ olsun. Ermənistanın uşaq, yaşlı, qoca demədən mülki əhaliyə qarşı bu alçaq hücumlarını insanlıqdan kənar hesab edir və ən ağır şəkildə qınayırıq."

Bəyanatda o da bildirilib ki, Ermənistanın mülki insanları terror etmək və öldürmək üçün həyata keçirdiyi bu xain siyasət Xocalı soyqırımının davamıdır və onların xəstə düşüncəsinin təzahürüdür:

"İşğal olunmuş ərazilərdən çıxmamaq üçün bütün vasitələrdən istifadə edən Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş şəkildə hərəkət edir. Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb".

Bəyanatda daha sonra qeyd olunub ki, beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistana lazımi reaksiya verməsinin vaxtı çatıb.

0
Əlaqədar
Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır
Bərdəyə raket atılması nəticəsində ölən və yaralananların sayı artdı
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO