Bakı komissarlarının Hövsan qəbiristanlığındakı qəbirləri

Orada 23 məzar var vəhşətin nişanələri

2240
(Yenilənib 13:58 28.04.2017)
"Məzarların üstünə 3-4 il əvvələdək yaşlı bir rus qadın gəlib-gedirdi. İndi o da gəlmir, görünür dünyasını dəyişib"

BAKI, 28 aprel — Sputnik. Hövsan qəbiristanlığı və burada 23 kimsəsiz məzar… Hövsan kəndinin sakinlərinin Sputnik Azərbaycan-a danışdıqlarına görə, həmin 23 qəbir, təxminən 7-8 il qabaq buraya köçürülüb.

Sakinlərdən Əhliman Ağayevin sözlərinə görə, məzarlar bu əraziyə 7-8 il əvvəl köçürülüb: "O zaman deyirdilər ki, guya şəhərin mərkəzində köçürülən məzarlara burada nəsə kiçik abidə qoyulacaq. Gətirib dəfn etdilər, amma o gündən heç kim gəlməyib".

Kənd sakini deyir ki, 3-4 il əvvələ qədər məzarların üstünə çox yaşlı bir rus qadın gəlib-gedirmiş: "İndi o da gəlmir, görünür, dünyasını dəyişib".

Xatırladaq ki, Bakı Xalq Komissarları Soveti 1918-ci il mart soyqırımından sonra hakimiyyəti ələ keçirib. Erməni-daşnak quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdiyi 1918-ci il mart soyqırımından sonra Bakıda siyasi vəziyyət bolşeviklərin xeyrinə dəyişdi. 

Soyqırımından sonra şəhərdə, demək olar ki, azərbaycanlı qalmamışdı. Şəhərin türk-müsəlman əhalisinin bir hissəsi silahlı daşnak dəstələrinin qırğın və talanlarından qurtulmaq üçün Mərkəzi Asiya və İrana qaçmış, qalan hissəsi isə ətraf kəndlərə dağılışmışdı.

26 Bakı Komissarlarının dəfn edildiyi yerdə qoyulmuş heykəl, Bakı, 1978-ci il
© Sputnik / Sergey Lidov
26 Bakı Komissarlarının dəfn edildiyi yerdə qoyulmuş heykəl, Bakı, 1978-ci il

"Daşnaksutyun" rəhbərləri yüksək vəzifəli erməni "bolşeviklərinin" himayəsi ilə özlərini Bakının əsl sahibi kimi aparırdılar. Bakıda erməni-bolşevik siyasi partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar bağlanmışdı. Yeni yaradılan əmək komissarlığı, ərzaq direktoriyası, bütün nəqliyyat bolşeviklərin sərəncamına keçmişdi. Bütün milli şuraların fəaliyyəti qadağan edilsə də. Erməni Milli Şurası fəaliyyətini davam etdirirdi.

Aprelin 25-də hakimiyyət orqanı kimi Bakı Xalq Komissarları Soveti (BXKS) yaradıldı. BXKS-nin sədri vəzifəsinə Stepan Şaumyan "seçildi". O, eyni zamanda, xarici işlər komissarı idi. Xalq daxili işlər komissarı P.A.Çaparidze, ədliyyə komissarı A.B.Karinyan, nəqliyyat komissarı Markaryan, fövqəladə komissiyanın sədri Ter-Qabrelyan, dövlət nəzarəti komissarı A.S.Boqdanov, əmək komissarı Y.D.Zevin seçildilər.

Məzarlar nömrələnməyib, üzərilərində heç bir işarə yoxdur
© Sputnik / Irade JELIL
Məzarlar nömrələnməyib, üzərilərində heç bir işarə yoxdur

BXKS qatı millətçi ermənilərdən və onlarla sıx əməkdaşlıq edən rus bolşeviklərindən ibarət idi. Azərbaycanlı komissarlara, əsasən, təsərrüfatla bağlı sahələr "həvalə" olunmuşdu. Bu da onunla izah edilirdi ki, guya azərbaycanlılar "inqilabi nöqteyi-nəzərdən yetkin olmayan kütlə"dir. Həmin dövrdə hərbi qüvvələrin 70 faizi erməni zabitlərinin əmrinə tabe idi.

Tezliklə, BXKS Azərbaycan mühitinə yad bir qurum kimi tarix səhnəsindən çıxdı. Bakıda hakimiyyəti zorakı yolla zəbt edən Bakı Soveti dövlət "əmlakını mənimsədiyi üçün" Sentrokaspi hökuməti tərəfindən həbs edildi. Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad edən zaman həbsdə olan Bakı Soveti rəhbərliyi Bakını tərk etməyə cəhd etdi. "Eser"lər tərəfindən həbs edilən Bakı Soveti rəhbərliyi sentyabrın 20-də Türkmənistanda güllələndi.

1920-ci ildə cəsədləri Bakıya gətirilən komissarlar burada dəfn edilir. 1958-ci ildə Bakı Komissarlarının dəfn edildiyi yerdə heykəl qoyulur. SSRİ dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyini bərpa edir və komissarların Azərbaycan tarixindəki rolu müəyyən olunur. 2009-cu ildə 26 Bakı Komissarı heykəli sökülür və orada dəfn edilənlər Hövsan qəbiristanlığına köçürülür.

Qeyd edək ki, hazırda rus və Azərbaycan qəbiristanlıqlarının arasında kiçik hasara alınmış 23 məzar var. Məzarlar nömrələnməyib, üzərilərində heç bir işarə qeyd edilməyib. Sadəcə olaraq, hər məzara başdaşı əvəzinə bir daş qoyulub.

Bakı komissarlarının Hövsan qəbiristanlığındakı qəbirləri
© Sputnik / Irade JELIL
Bakı komissarlarının Hövsan qəbiristanlığındakı qəbirləri

Xatırladaq ki, Bakıda 26 Bakı komissarına qoyulan abidə sökülən zaman, ərazidən qeyd edildiyi kimi 26 deyil, 23 cəsəd çıxarılıb. Araşdırmalar zamanı məlum olub ki, böyük ehtimalla Şaumyan və daha 2 erməninin cəsədi orada yoxdur. Bu fakt həmin şəxslərin ümumiyyətlə güllələnmədiyi ehtimalını gücləndirir.

2240
Teqlər:
komissarlar, BXKS, bolşevik, Bakı Xalq Komissarları Soveti, erməni daşnakları, məzar, dəfn, qəbir, müsəlman, Azərbaycan, türk, erməni
Əlaqədar
Azərbaycanlı Şeyxin məzar daşı Ermitaja aparılıb
"Məzarımın üzərinə işarə-filan qoymayın!"
Terrorçuların kütləvi məzarlığı aşkarlandı
Üzərindəki yazıları alimlərin oxuya bilmədiyi 6 min illik məzar daşı
Cəlilabadda qeyri-adi məzar daşı tapılıb
Göz yaşı görməyən məzar daşları
Tutanxamonun məzarı yoxlanılacaq
Cütlük, arxiv şəkli

Oğlanlar evlənməyə qız tapmayacaqlar - Demoqrafik təhlükə

77
(Yenilənib 21:48 26.01.2021)
Ekspertlər hesab edirlər ki, əgər hazırkı disbalans davam edərsə, demoqrafik prosesə və genefonda mənfi təsir göstərə bilər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. “İlk hamiləliyimdə bətnimdəki uşağın oğlan olduğunu bilən həyat yoldaşım az qalırdı məni ovucunun içində saxlasın. Ürəyim nə istəyirdi alırdı. Tale elə gətirdi ki, uşaq 4 ayında bətnimdə inkişafdan qaldı. Məcbur olub uşağı abort etdirdik. İkinci dəfə hamilə qalanda uşağın cinsini öyrənmək üçün hər həftə qaynanam məni həkimə aparırdı. Yoldaşım deyirdi ki, oğlan olmasa, abort etdirərsən. Gecə-gündüz dua edirdim ki, bətnimdəki uşaq oğlan olsun. Həkim uşağın qız olduğunu deyəndə qaynanam tez yoldaşıma zəng elədi. O da dedi ki, uşağı elə orada götürdüb, evə gəlsin. Evimizdə buna görə çox söz-söhbət yarandı. Mən sağlam qız uşağını hamiləliyimin 12-ci həftəsində abort etdirdim”.

Yeni doğulmuş uşaq, arxiv şəkli
© AP Photo / Fernando Antonio

Söhbətin bu yerində gözləri dolan Mahirə (adı şərtidir) hər dəfə başına gələn bu hadisəni yadına salanda bir ana kimi özünü günahkar hesab etdiyini deyir. Azərbaycanın rayonlarının birindən olan həmsöhbətimiz ailə qurub, Bakıya köçdükdən sonra iki oğlan uşağı dünyaya gətirib. Deyir ki, baldızı boşanıb ata evinə qayıtdığından yoldaşı qız uşağının doğulmasına qarşı olub...

Elə Dövlət Statistika Komitəsinin doğulan uşaqların cins nisbəti ilə bağlı yaydığı məlumat da cəmiyyətdə oğlan uşaqlarının dünyaya gəlməsinə daha çox marağın olduğundan xəbər verir. Komitənin yaydığı xəbərə görə, 2020-ci ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116454 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda oğlan uşaqlarının doğulmasına olan maraq son illər qismən azalsa da, bu tendensiya davam edir: “Hələ əvvəlki illərlə müqayisədə ölkəmizdə qız uşaqlarının doğulmasına qarşı diskriminasiya azalıb.

Ümumiyyətlə, Azərbaycanda qız uşağı yük kimi qəbul olunur. Cəmiyyətdə qızların davranışlarına çox ciddi diqqət yetirilir. Onların qoyulan çərçivədən çıxması, azadlığı namussuzluq kimi qəbul olunur.

Bütün bunların nəticəsində cəmiyyətdə qız uşaqlarının doğulmasına qarşı mənfi fikirlər yaranır. Valideynlər hesab edirlər ki, bizim cəmiyyətdə qızın yükünü çəkmək çətindir. Bu da selektiv abortlara gətirib çıxarır. Səhiyyə Nazirliyinin təlimatlarına görə, dölün ana bətnində cinsinin deyilməsi, cinsə görə abort yolverilməzdir. Son illər həkimlər bu qaydaya əməl etməyə başlasalar da, bu məsələyə nəzarət gücləndirilməlidir. Eyni zamanda, doğulan qız uşaqlarının oğlan uşaqlarına nisbətdə azalmasının qarşısını almaq üçün qadınların cəmiyyətdə sosial müdafiəsini gücləndirmək lazımdır. Əks halda, bu əhalinin cins tərkibində disbalans yaradacaq. Oğlanlar evlənməyə qız tapmayacaqlar, qarışıq nikahlar artacaq”.

Statistik rəqəmlərdən də görünür ki, doğulan uşaqlar arasında cins nisbəti illər üzrə dəyişib. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib. 2019-cu ildə isə bu göstərici yenidən azalaraq, 114-ə enib. Ümumiyyətlə, 1990-cı ildən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, oğlan uşaqlarının doğulmasına maraq müxtəlif xalqlarda var. Amma dünyanın heç bir yerində selektiv abortlara icazə verilmir: “Ana bətnindəki dölün məhv edilməsinə tibbi göstəriş varsa, qadın məsləhətxanasının nəzdindəki həkim ekspertizası komissiyasından təsdiqləndikdən sonra icra oluna bilər. Amma hamiləliyin pozulmasına sosial göstərişlər də var. Hamiləliyin pozulması bu halda 12 həftəyədəkdir. Burada da bölünmələr var. Bunlar tibbi və sosial göstərişlərdir. Sosial göstərişlərdə hamiləliyin iri müddətində sonlandırılmasına icazə verilir. Əgər hamilə qadının həyat yoldaşı vəfat edibsə, əri cəzaçəkmə müəssisəsindədirsə, kişi yaxud qadının heç biri işləmirsə, ailədə uşaq sayı 5-dən çoxdursa, bu hallarda abort sosial göstəriş sayılır. Bu zaman hamiləlik 12 həftədən sonra da sonlandırıla bilər”.

S.Məmmədova deyir ki, “Reproduktiv Sağlamlıq Haqqında” qanun layihəsində selektiv abortların qarşısının alınması üçün dölün ana bətnində cinsinin təyin edilməsinin qadağan olunması təklif olunub: “Layihədə təklif olunub ki, ultrasəs müayinəsi (USM) zamanı uşaqların cinsi deyilməsin. Qanun təsdiqlənərsə, bu halların qarşısını almaq olar”.

Baş mama-ginekoloq bildirir ki, hamiləliyin 10-11 həftəsinə qədər cinsiyyət üzvlərinin formalaşması gedir. USM vasitəsilə 12 həftədən sonra dölün cinsini təyin etmək mümkündür: “Hamiləliyin erkən mərhələsində qandan və dölün hüceyrəsindən analiz götürməklə cinsi təyin etmək olur. Amma qeyri-invaziv yolla hamiləliyin 12 həftəsində dölün ultrasəs müayinəsi edərək cinsini müəyyən etmək olur. Biz bunu tibbi göstəriş olmadığı halda məhdudlaşdırmalıyıq”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, selektiv abortlara qadağa məsələsi Milli Məclisə təqdim olunan “Reproduktiv Sağlamlıq Haqqında” qanun layihəsinin iş planına salınıb. Onun sözlərinə görə, bunun üçün müvafiq təkliflər verilib: “Biz təbii balansı qorumağa çalışmalıyıq ki, sonradan cəmiyyətdə disbalans yaranmasın. Selektiv abort birmənalı olaraq qadağan olunmaldır!”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, demoqrafik strukturun gender balansının maksimum nisbəti 100-106 çərçivəsində olmalıdır. Son illər isə əhalinin gender balansı normal səviyyədən (100-107) qeyri-normal səviyyəyə (100-115) qalxıb: “Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans davam edərsə, demoqrafik prosesə və genefonda mənfi təsir göstərə bilər. Abortlar arasında selektiv abortların sayını göstərən statistika olmasa da, yeni doğulan cinslər arasında olan disbalans göstəricisi böyük ehtimal ilə selektiv abortların payına düşür. Azərbaycanda 2000-2019-cu illərdə abortların sayı da 17 min 500-dən 37 min 300-ə qalxıb. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bu məsələlərlə bağlı maarifləndirmə kampaniyaları aparılır.

77
İş adamı, arxiv şəkli

Sahibkarlara koronavirusla bağlı xəbərdarlıq

13
(Yenilənib 21:38 26.01.2021)
Sahibkarlara koronavirusa görə xəbərdarlıq edən agentlik sıravi vətəndaşları da sayıq olmağa səsləyib. Onlar 1003 çağrı mərkəzinə şikayət edə bilrlər

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı sahibkarlara müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

İctimai iaşə müəssisələrində virusun yayılmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara mütləq əməl edilməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır.

Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. İctimai iaşə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələr, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması əsas şərtlərdəndir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onlar dəyişəkli, təmiz iş geyimi, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələr və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Həmçinin kafe və restoranlarda məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməli, yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır. Vətəndaşlardan ictimai iaşə müəssisələrində qaydalara əməl edilmədiyi halları ilə rastlaşdıqda bu barədə Agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

13
Teqlər:
AQTA, xəbərdarlıq, Koronavirus, epidemiya, COVID-19, sahibkar
AŞPA-da plenar iclas, arxiv şəkli

Ermənistanın düzəlişlərini AŞPA rədd edib - Azərbaycan XİN

0
AŞPA-dakı Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib

BAKI, 27 yanvar - Sputnik. Bu il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib. Hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.

​Qeyd olunmalıdır ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.

​Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.

"​Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-nin səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib", - XİN-in məlumatında deyilir.

0