Siqaret qutusu, arxiv şəkli

Cəmiyyətdən siqaretlə bağlı sərt tələb

411
(Yenilənib 13:14 26.04.2017)
Ekspert: "İctimai dəstək olmasa, bu qanun özünü doğrultmayacaq"

BAKI, 26 aprel — Sputnik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi çox aktualdır və yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satışı ilə bağlı daha sərt qadağaların, tələblərin qoyulması alqışlanmalıdır".

Nabil Seyidov
© Photo : America Voice
Nabil Seyidov

Bunu Sputnik Azərbaycan-a açıqlamasında uşaq hüquqları üzrə ekspert Nabil Seyidov deyib. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində, xüsusilə Avropa və ABŞ-da tütün məmulatlarının 18 yaşdan aşağı olanlara satışı qəti qadağandır: "Məsələn, Finlandiya, Fransa, Almaniyada alıcının yetkinlik yaşına çatmasına şübhə yarandıqda şəxsiyyət vəsiqəsi tələb olunur".

"Finlandiyada qadağa daha sərtdir. Şəxs 25 yaşda olsa, amma xarici görünüşü şübhə yaratsa, ondan şəxsiyyət vəsiqəsi tələb olunacaq. Çünki bu, qanunun tələbidir. Azərbaycanda aparılan araşdırmalar göstərir ki, uşaqların təxminən 10 faizi artıq 9-10 yaşında tütün məmulatlarından istifadə edir, dadına baxır. Bir neçə faiz isə istifadə etməkdə davam edir" — Seyidov bildirib.

Ekspertin fikrincə, burada 2 məsələyə diqqət yetirmək lazımdır: "Birincisi, uşaq hüquqlarının pozulması. Siqaret alan uşaq hesab edir ki, bu, normaldır. Siqaret çəkmək də normaldır. Bu, onları uşaqlıq dövründən zərərli vərdişə alışdırmaqdır. Ona görə də, siqareti uşağa satanlar inzibati qaydada cəzalandırılmalıdır. İkincisi, nəzarət məsələsidir. Ümid edirik ki, bu qanun layihəsindən sonra yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satışının qadağan olunmasına nəzarət daha ciddi təmin ediləcək, cərimələr daha sərt olacaq və monitorinq mexanizmi də tətbiq ediləcək".

Müsahibimizin sözlərinə görə, söhbət gündəlik monitorinqdən getmir: "Dünyanın əksər ölkələrində metodikalar var ki, təsadüfi seçim əsasında monitorinqlər aparılır, satıcılar cəzalandırılır. Eyni zamanda, təkcə satıcılar deyil, həmin müəssisənin rəhbərliyi də cəzalandırılmalıdır və cəzalandırılacaq".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
© Sputnik / Kamilla Aliyeva
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Onun fikrincə, tibb müəssisələrinin ərazisində ümumiyyətlə tütündən istifadə qadağan edilməlidir: "Təhsil müəssisələrinin perimetri boyu ən azı 100-200 metr ətrafında nə tütün məmulatlarından istifadə, nə də onların satışına icazə verilməməlidir".

"Azərbaycanda mağazalarda, marketlərdə tütün məmulatları uşaqların gördüyü, kassa aparatları olan yerdə yerləşir. Bu, konkret reklamdır. Vitrinlərdə siqaret olmamalıdır. Bütün bu tədbirlər kompleks şəkildə aparılmalıdır" – deyə N. Seyidov qeyd edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu məsələdə qanunla qadağaların, məhdudiyyətlərin qoyulmasını alqışlayır: "İstərdik ki, marketlərin girişində siqaretlərin satışı yığışdırılsın. Məsələn, Rusiyada satış zamanı siqaretlər görünmür, üstüörtülü şəkildə olur. Qeyd edilir ki, 18 yaşdan aşağı olanlara satmaq olmaz və s. Lakin bizdə marketlərin girişində gözlə görünən yerdə satılır, siqaretlərin reklamı aparılır. Bu dəyişikliklər olmalıdır".

Amma ekspert qanunun qəbul edilməsindən sonra, onun özünü doğruldacağına şübhə ilə yanaşır: "10 il bundan əvvəl siqaretlərin ədədlə satışı, təhsil, sağlamlıq müəssisələri yaxınlığında satışı qadağan edilib. Lakin bu gün də bu satış davam edir. İctimai dəstək olmasa, bu qanun özünü doğrultmayacaq".

Qeyd edək ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində deyilir ki, yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışı, alınması və ya verilməsi, tütün məmulatlarından hər hansı üsulla istifadənin təklif olunması və ya tələb edilməsi yolu ilə tütün istifadəsi prosesinə uşaqların cəlb olunması qadağandır. Tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir.

Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, alıcının şəxsiyyətini təsdiq edən və onun yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmədikdə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina etməyə borcludur. Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən tütün istifadəsinə icazə verilmir.

411
Teqlər:
tütün məmulatları, Nabil Seyidov, ölkə, Sputnik Azərbaycan, Eyyub Hüseynov, mağaza, satış, siqaret, qadağa, ekspert, uşaq
Əlaqədar
"Anti-reklam adı altında siqareti reklam edirlər"
"Qadağan edilsə də, avtobusda siqaret çəkəcəm!"
Hökumət siqaretlə mübarizəni gücləndirir
Millət vəkili bir daha siqaret məsələsinə toxundu
Azərbaycanda siqaret almaq istəyənlərdən şəxsiyyət vəsiqəsi tələb olunacaq
İlham Əliyevdən siqaret açıqlaması gəldi
Milli Məclis siqaret müzakirələrinə son qoydu
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

3
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

3
Bakıda avtomobil tıxacı, arxiv şəkli

Dünyada yollar, məsafələr qısaldılsa da, Azərbaycanda əksinədir

12
(Yenilənib 22:25 15.01.2021)
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Bu gün dünyanın bir çox ölkələri məhz yolları, məsafələri qısaltmaq, xüsusən də işçi qrupun rahatlığı üçün müəyyən planlar üzərində çalışırlar. Lakin Azərbaycanda bu müddət azalmaq əvəzinə daha da artırılır. Pandemiyadan öncə getdiyimiz yarım saatlıq yol bu gün 2 saatlıq yola çevrilib. Ümumiyyətlə, pandemiyadan əvvəl də Azərbaycanda bənzər mənzərə müşahidə edilirdi. Bu isə xüsusən gündəlik olaraq işə gedən şəxslər üçün böyük problemə səbəb olur. Yəni, qısa məsafəni hər iki istiqamət üçün qət edən şəxs gününün 4-5, indiki halda isə hətta 6-7 saaatını da yolda keçirmiş olur. Bəs nə etməli?

Öncə dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Bu gün əksər ölkələrdə artıq şəhərin mərkəzində avtobusların hərəkəti məhdudlaşdırılır. Belə ki, müəyyən məsafədən gələn şəxslər şəhərin mərkəzində avtomobilini park edərək mərkəzdən lazım olan ünvana ya velosiped, ya da ki, ictimai nəqliyyatdan istifadə etməklə çatmış olur. Belə olan halda həm əlavə yanacağa qənaət edilmiş olur, həm havanın çirklənməsinin qarşısı alınır, həm şəhər mrəkəzi sərnişin və piyadalar üçün daha uyğun bir vəziyyətə gəlir, həm də avtomobillərin olmaması səbəbi ilə əlaqədar olaraq tıxaclar yaranmır və beləcə məsafə daha da qısaldılmış olur. 

Sputnik Azərbaycan bu problemlərin həlli barədə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə söhbətləşib. "Azərbaycanda avtobus marşrut xətlərinin planlaşdırılmasında böyük problemlər var. Ümumiyyətlə, heab edirəm ki, Bakının avtobus-marşrut şəbəkəsi yenidən müasir prinsiplərlə qurulmalıdır. Vaxt itkisinə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Avtobuların yollarda gecikməsinin qarşısını almaq üçün müəyyən addımlar atılmalı, ayrıca zolaqlar salınmalı, dəhlizlərdə avtobuslara üstünlük verilməlidir. Bir sözlə ümumilikdə nəqliyyat infrastrukturu ilə bağlı islahatlar aparılmalıdır" - ekspert deyib.

"Magistral avtobus xətlərinin də köməkçi avtobus xətləri olmalıdır. İyerarxiyalı sistemdə mütləqdir ki, bir nəqliyyatdan digər nəqliyyat xəttinə keçid mümkün qədər tez baş versin. Bunun üçün bu marşrutlar hamısı qısa intervalla işləməlidir. Bundan başqa, insanlar böyük məsafələr qət etməməli və hər mübadilə üçün əlavə gediş haqqı ödəməməlidirlər. Lakin qeyd edim ki, Azərbaycanda nəqliyyat sistemində bir pərakəndəlik var, avtobus, metro və dəmiryolu xətti ilə ayrılıqda müəyyən qurumlar məşğul olurlar. Əsas dəhlizlərdə isə avtobuslara üstünlük verilmir", - deyə eskpert bildirir.

Xarici təcrübədən danışdıqda isə, o qeyd edir ki, avtobus marşrutları, həm də digər nəqliyyat növəri arasında konkret iyerarxiya olmalıdır: "Yəni, müəyyənləşir ki, bu xətlərdən hansılar magistral, hansılar köməkçi nəqliyyat yollarıdır. Əsas magistral marşrut xətlərinə sərnişinlərin çıxışını təmin etməkdir", - deyə ekspert əlavə edib.

Millət vəkili Fazil Mustafa isə fərqli fikirdədir. Bu barədə Sputnik Azərbaycan-a danışan millət vəkili belə bir infrastrukturun qurulmasının mümkünsüzlüyündən bəhs edir: "Hazırda yollarda yaranan sıxlıq ilk növbədə metro ilə bağlıdır. Bu səbəbdən əksəriyyət minik avtomobilindən istifadə etmək məcburiyyətində qalır. Məktəblər açılmasa da, şəhərdə fəlakətli səviyyədə tıxaclar var. Pandemiya şəraitində yaranan vəziyyət təbiidir. Çünki avtobuslar da riskli olduğundna insanlar şəxsi avtomobillərə üstünlük verirlər. Bu səbəbdən hələlik çıxış yolu haqda danışmaqda çətinlik çəkirəm. Amma düşünürəm ki, tədricən metronun açılmasını görməliyik. Çünki nəqliyyatda hədsiz yüklənmə var".

Millət vəkili heab edir ki, şəhərin mərkəzinə çatmamış avtomobillərin park edilməsi təcrübəsini Azərbaycanda tətbiq etmək çətin olar: "Düşünürəm ki, bunun heç faydası da olmayacaq. Çünki bizdə normal elektrik qatarı yoxdur. Bu təcrübə yalnız düzgün infrastrukturun qurulduğu şəhərlər üçün keçərlidir. Bizdə isə düzgün infrastruktur qurulmayıb, şəhərsalmanın prinsipləri pozulub. Xaricdə belədir ki, məktəbəqədər yaşda olan uşaqlar üçün xüsusi avtobuslar var. Bizdə məktəbəqədərlər 25 faiz təşkil etsə də, heç bunu da təmin edə bilmirik".

Bir sözlə, hazırda gündəlik hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib. 

Qeyd edək ki, pandemiyadan öncə isə gündəlik olaraq işə gedib-gələn və bir qədər şəhərin mərkəzindən kənarda qalan şəxslər 4 saatını yola sərf edirlər. Yəni, aylıq olaraq bu 80 saat, illik olaraq isə 960 saatdır.

Hələlik isə ümid təkcə metronun açılmasına qalır...

12

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0