Əl-ələ tutmuş qadın və kişi

Kişilərə 70, qadınlara 40 yaş senzi

537
(Yenilənib 16:42 20.04.2017)
Onlar çıxılmazlıqdan kiminsə həyatında ikinci olmağa razılaşırlar

BAKI, 20 aprel — Sputnik. Azərbaycan cəmiyyətində sevgi ilə nikah bəzən bir-birinə qarşı qoyulur. Sevgi yoxdur, nikah var – ailədir. Sevgi var, amma nikah yoxdur – ayıbdır. Nə sevgi var, nə nikah – bu, artıq faciədir. Həm də təkcə iki insanın faciəsi deyil…

Amma son illərdə hər şey bir az dəyişib. Rəsmi nikah olmadan qurulan ailələrin də, belə ailələrdə, eləcə də təsadüfi əlaqələrdən doğulan uşaqların da sayı çoxalır. Buna qarşı ictimai qınaq hələ də qüvvəsini saxlayır. Bəzən bu qınaqdan qaçan analar başqa şəhərlərə, başqa ölkələrə üz tuturlar. Amma qaçmayanlar da var.

Dövlət Statistika Komitəsininin məlumatına görə, 2015-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 24038 nəfər olub. Uşaqlardan 9411-i şəhər yerlərində, 14627-i isə kənd yerlərində doğulub. Bu da o deməkdir ki, vətəndaş nikahında yaşamağa üstünlük verənlərin sayı artır.

Niyə vətəndaş nikahı?

Sosioloq Mehriban Nəsibin Sputnik Azərbaycan-a izahına görə, vətəndaş nikahı başqa ölkələrdə qəbul edilən, islam ölkələrində isə qəbul edilməyən birgə yaşayış növüdür: "Belə yaşayış Azərbaycanda cəmiyyət tərəfindən qəbul edilmir. Bizim üçün kağız parçası hər şeydən önəmlidir".

Sosioloq Mehriban Nəsib
© Photo : ŞƏXSİ ARXİV
Sosioloq Mehriban Nəsib

M. Nəsib bildirir ki, bəzi qadınlar boşanandan sonra belə bir evliliyə razı olurlar: "Çünki övladları doğulur, hətta böyük övladları olur, ikinci dəfə ailə qurmaq isə ayıb hesab edilir. "Böyük uşaqların var, bundan sən ailə quracaqsan?" qınağı ilə qarşılaşan qadınlar ikinci dəfə ailə qurmaqdan çəkinirlər".

"Amma kişilərdə belə deyil. Kişi 70 yaşında belə, yenidən ailə qura bilir. Qadınlar isə 40 yaşından sonra ailə qura bilmirlər. Bu, xüsusən də qayınanası ilə birlikdə yaşayan qadınlara aiddir. Belə qadınlar dul qalsalar da, ailə həyatı qura bilmirlər" – mütəxəssis vurğulayır.

Sosioloq hesab edir ki, bəzən Azərbaycanda qadının insan olduğu, onun da tələbatlarının olduğu unudulur: "Qadının yemək, içmək, yatmaq, yuyunmaq və s. kimi cinsi əlaqəyə də tələbatı olur. Buna görə də, yaxşı olardı ki, qadınlar ailə həyatı qursunlar. Amma qura bilmirsə, bir çox qadınlar vətəndaş nikahına girirlər".

"Düzdür, mən özüm kiminsə ikinci arvadı, kiminsə həyatında ikinci dərəcəli olmağı qəbul etmərəm. Amma bəzən olur ki, qadınlarımız çıxılmaz vəziyyətdə qalır və buna görə də kiminsə həyatında ikinci qadın olmağı qəbul edirlər. Kişinin maddi tərəfdən dəstək olacağına inanan qadın ikinci olmağa, vətəndaş nikahına girməyə razı olur. Cəmiyyətimizdə belə evliliklər kifayət qədərdir. Amma bütün çətinliklərə rəğmən qadın kiməsə boyun əyib ikinci olmağı qəbul etməməlidir" – M. Nəsib qeyd edir.

Vətəndaş nikahı nədir?

Psixoloq Nigar Məmmədova hesab edir ki, vətəndaş nikahı insanların bir-birini yaxından tanıması üçün önəmlidir, amma bu, Azərbaycanda mümkünsüzdür: "Bizim ölkəmizdə kiminləsə görüşmək, bir yerdə yaşamaq, vətəndaş nikahı, dini nikah normal qarşılanmır. Amma bu, o demək deyil ki, heç kim bunu yaşamır. Qəbul etməliyik ki, bir qədər imkanı olan kişilərin həyatında vətəndaş nikahı ilə yaşadığı xanım olur".

Psixoloq Nigar Məmmədova
Psixoloq Nigar Məmmədova

"Bu artıq insanların öz seçimidir. Kimsə qadına və ya kişiyə deyə bilməz ki, həyatında ikinci biri olmasın. Amma qeyd edim ki, kişinin həyatında ikinci qadın olmaq asan iş deyil. Bir psixoloq kimi mənə müraciət edən qadınların həyatına nəzərən deyə bilərəm ki, kişinin həyatında ikinci olan qadınlar çox problem yaşayırlar" – müsahibimiz bildirir.

Psixoloq qeyd edir ki, qadınlar iki səbəbdən ikinci qadın olmağı qəbul edirlər: "Bunlar maddi dəstək və sevgidir. Yəni, çox zaman boşandıqdan sonra qadınlar çarəsiz vəziyyətdən qurtulmaq üçün evli olan kişinin vətəndaş nikahı ilə yaşadığı qadın olmağa razılıq verirlər. Əgər münasibətlər sevgi üzərində qurulursa, bu zaman qadın çox problem yaşayır. Bəzən psixoloji travmalar da ala bilir".

"Çox zaman iki-üç qadınla yaşayan kişilər İslam dininə istinad edirlər. Ancaq unudurlar ki, dinimizdə belə qadın hüquqları güclü şəkildə qorunur" – o vurğulayır.

N. Məmmədovanın sözlərinə görə, vətəndaş nikahının artmasına səbəb boşanmaların artması və erkən nikahlardır: "Bəzi ailələrdə qızlar çox erkən yaşlarda ailə həyatı qururlar. Yaşı çatmadığı üçün nikaha girməyən qadın, aradan uzun illər keçsə belə, nikaha salınmır".

Psixoloq bildirir ki, vətəndaşların rəsmi olmadan birlikdə yaşamaq istəyinin səbəbi məsuliyyətdən boyun qaçırmaqdır: "Bəzi insanlar hələ də dini nikaha üstünlük verirlər. Onlara elə gəlir ki, dini nikah bağlamaqla iş bitmiş olur".

Qanun dini kəbini tanımır

İlahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, ölkəmizdə heç bir idarə və təşkilat şəriət kəbinini tanımır: "Yəni, bu nikah insanların qəlbinin rahat olması üçündür. Amma bütün digər dinlərlə yanaşı, İslamda da dini nikahın mövcud olması və bu nikahın bizim dövrümüzə çatması, bunun Allah əmri olmasına şübhə yeri qoymur".

Əkrəm Həsənov-İlahiyyatçı-alim
haqqdinislam.wordpress.com
Əkrəm Həsənov-İlahiyyatçı-alim

Teoloqun sözlərinə görə, bu gün bütün müsəlmanlar dini nikah, imam nikahı, şəriət kəbini kəsdirmədikdə, öz həyat yoldaşlarını özünə haram hesab edirlər: "Əmindirlər ki, zina etmiş kimi günah qazanırlar. Mənim də dini inancıma görə, şəriət kəbini olmadan bir qadının səninlə ailə qurması həmin qadını sənə halal etmir. Bu, tək mənim inancıma görə yox, bütün müsəlmanların inancına görə belədir və belə olmalıdır".

"Ancaq bu gün bəzi şəxslər demokratik dövlətdə yaşadıqlarını iddia edərək, kəbində rəsmi sənəd olmadığından bunu dinimizdən və adət-ənənəmizdən çıxarmaq istəyirlər. Qədimdən gələn adət-ənənəmizə və dinimizin şərtlərinə uyğun olaraq da dini kəbin kəsdirməyi insanların qəlbinin rahat olması üçün zəruri hesab edirəm" – Ə. Həsənov vurğulayır.

Dünyanın bir çox ölkələrində bu normal qarşılansa da, Azərbaycanda vətəndaş nikahı birmənalı qarşılanmır. Amma buna baxmayaraq, vətəndaş nikahında yaşayanların sayı həddən artıq çoxdur. Çünki bu insanların öz seçimidir və insanların seçiminə heç kim qarışa bilməz.

537
Teqlər:
Nigar Məmmədova, Mehriban Nəsib, ilahiyyatçı, boşanma, övlad, Sputnik Azərbaycan, sevgi, sosioloq, kişi, Əkrəm Həsənov, psixoloq, ailə, Azərbaycan, qadın, uşaq, nikah
Əlaqədar
Yapon qadınların qeyri-adi sirri
Qadın küçənin ortasında ərini döydü
Bir qadının beş əri var - hamısı da qardaş
Dünyanın ən gözəl ikinci qadınını sadəcə bu müğənni arxada qoydu
Nə qədər yalançı kübar qadınları oynamaq olar?!
Ölümümüzün qadınların əli ilə olmasını istəmiriksə...