Tikilməkdə olan binada baş vermiş uçqun

Şıx qəsəbəsində tikilən istirahət mərkəzindəki uçqunun pərdəarxası

287
(Yenilənib 09:08 14.04.2017)
Ramil Qəmbərov: "Burada tikinti işləri 5-6 ildir davam edir. Tikinti uzandıqca, işçilər tez-tez dəyişir və..."

BAKI, 13 apr — Sputnik. Paytaxtın Səbail rayon Şıx qəsəbəsində, istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib. Məlumata görə, hadisə yerində 6 nəfər olub. 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib.

Şıx qəsəbəsindəki istirahət mərkəzində tikilməkdə olan binada baş vermiş uçqun
© Sputnik / Irade JELIL
Şıx qəsəbəsindəki istirahət mərkəzində tikilməkdə olan binada baş vermiş uçqun

Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olub. Qeyd edək ki, hal-hazırda ərazidə təmizləmə işləri aparılır. Yaxın ərazilərdə yaşayan sakinlərin sözlərinə görə, həmin istirahət mərkəzində uzun illərdir ki, tikinti işləri davam edir və bitmək bilmir. Sakinlər hesab edir ki, hadisə bəlkə də, tikinti işlərinin uzanması və ərazidə tez-tez işçilərin dəyişdirilməsi ilə əlaqdar baş verib. Hadisə baş verən ərazinin yaxınlığında yaşayan Ramil Qəmbərov bildirir ki, burada tikinti işləri 5-6 ildir davam edir.

"Təbii ki, tikinti uzandıqca, işçilər tez-tez dəyişir. Yəni tikinti qaydalarının pozulması halının baş verməsi mümkündür. Hər halda olan ölənə oldu" — deyə Qəmbərov bildirir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədovun sözlərinə görə, istehsalatda bədbəxt hadisə və yaxud peşə xəstəlikləri baş verirsə, buna görə işəgötürən tam maddi məsuliyyət daşıyır: "2011-ci ildən sonra "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun qəbul olunub. Həmin qanuna görə, işəgötürənlər öz məsuliyyətlərini sığortalamalıdırlar. Yəni istehsalatda bədbəxt hadisə baş verəndə, peşə xəstəliyi yarananda, işçi əmək-peşə xəsarəti alanda və bu, uzun müddətli olduqda onun itirdiyi əmək qabiliyyətinə görə ona ödənişlər olmalıdır. Bu ödənişlər, aylıq, birdəfəlik və müalicəvi xarakterli ola bilər".

Yaxın ərazidə yaşayan sakinlərin sözlərinə görə, burada tikinti işləri 5-6 ildir davam edir
© Sputnik / Irade JELIL
Yaxın ərazidə yaşayan sakinlərin sözlərinə görə, burada tikinti işləri 5-6 ildir davam edir

S.Məmmədovun sözlərinə görə, həmin qanunda qeyd olunub ki, istehsalatda ölüm hadisəsi baş veribsə, həmin şəxsin 18 yaşına çatmamış övladları varsa və yaxud 18 yaşına çatıb təhsil alırlarsa, bu zaman təhsil bitənə qədər kompensasiya verilir. Kompensasiya orta aylıq əmək haqqının 100 faizi mislində olmalıdır. Bundan əlavə, dəfn üçün və s. əlavə xərclər verilməlidir. Əgər dünyasını dəyişənin həyat yoldaşının əlilliyi varsa, işləyə bilmirsə, o şəxsə pensiya yaşına qədər kompensasiya verilir.

Ekspertin fikrincə, problem ondadır ki, Azərbaycanda işləyənlərin heç 20 faizinin belə sığortası yoxdur: "Əgər əmək müqaviləsi, mülki-hüquqi müqavilə yoxdursa, heç bir sığorta şirkəti həmin şəxsi sığortalamayacaq. Ölkədə qeyri-formal əmək bazarı xüsusən tikinti sektorunda yüksək səviyyədədir. Mən bilmirəm ki, indi o tikintidə ölənlərlə əmək müqaviləsi və onların sığortası var, yoxsa yox".

Müsahibimiz bildirir ki, istehsalatda baş verən qəzaların, ölüm hallarının əksəriyyətini araşdıran zaman həmin şəxslərin müqaviləsinin olmadığı üzə çıxır.

"Əgər ölən və ya yaralanan işçinin sığortası yoxdursa, deməli, baş verən hadisənin sığorta şirkətinə aidiyyatı yoxdur. Bu zaman bütün məsuliyyət işəgötürənin üzərinə düşür" — deyən ekspertin sözlərinə görə, həmin şəxsin orada işlədiyi faktiki sübut olunarsa, ona dəyən zərər özünə, özü həlak olubsa, ailə üzvlərinə verilməlidir. İkili mühasibatlıq zamanı (əmək müqaviləsində əmək haqqı az, veriləndə isə yazılandan çox verilir) rəsmi müqavilədə göstərilən məbləğ ödənilməlidir:

"Məsələn, faktiki olaraq işçiyə rəsmi əməkhaqqı kimi 150 manat yazılır. Amma işçi 1000 manat əmək haqqı alır. Hər hansı bir qəza zamanı bütün hesablar 150 manatla hesablanır. Müqavilə yoxdursa, şəxs məhkəməyə müraciət etməlidir. Məhkəmədə işçi 3 faktı sübut etməlidir. Birinci sübut etməlidir ki, həmin yerdə işləyib. İkinci sübut etməlidir ki, həmin zədəni evdə deyil, iş yerində alıb. Üçüncü isə nə qədər əmək haqqı aldığını sübut etməlidir. Məhkəmədə isə bunların 3-nü də sübut etmək çox çətindir".

Dünən Şıxov ərazisində baş verən qəzaya gəldikdə isə ekspert bildirib ki, hadisədə həlak olanların və zədə alanların əmək müqaviləsi və sığortası varsa, ailələri və özləri kompensasiya ala biləcək. Əks halda məsələ məhkəmə səviyyəsində həll olunmalıdır.

"Tikinti normalarının pozulması ilə bağlı inzibati və cinayət məsuliyyəti var. Bu məsələ ilə bağlı tədqiqat aparılmalıdır" — deyə S.Məmmədov əlavə edib.

287
Teqlər:
istehsalat qəzaları, Şıx qəsəbəsi, Klinik Tibbi Mərkəz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, uçqun, Səbail rayonu
Əlaqədar
Bakıda uçqun: ölən və yaralananlar var
İcra Hakimiyyəti başçısının müavini uçquna münasibət bildirib
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Kiçik şəhərciyə sığınan Şuşa - Buranın qalası var, xarı-bülbülü

2
(Yenilənib 15:57 05.12.2020)
"Şuşanın işğaldan azad edilməsi ordumuzun qüdrətini, döyüş əzmini göstərdi. Əlbəyaxa döyüşdə də Ermənistan ordusunun kürəyini yerə vurduq. Şuşa döyüşü tarixlərə salınmalı bir döyüşdür. Şuşanın belə alınacağını ağlıma gətirə bilmirdim"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Bu Şuşanın nə alınmaz qalası var, nə də sıldırım qayası. Nə xarı-bülbülü var, nə də İsa bulağı... Yola şuşalılarla görüşə getmək adı ilə çıxsaq da, düz yollar bizi Bakının Yeni Ramana ərazisində salınan Şuşa şəhərciyinə gətirib çıxardır. Təskinlik verən məqam isə Şuşanın artıq azad olması və olduğumuz yerin telefonumuzda Şuşa-Malıbəyli kimi göstərilməsidir. 28 il əvvəl Azərbaycanın ən dilbər guşəsi, Qarabağın incisi olan Şuşanı tərk edərək Bakıda Şuşanın adını daşıyan kiçik bir qəsəbədə yaşamaq, bəlkə də şuşalıların ağıllarına belə gəlməzdi. Amma illərdir ki, şuşalılar paytaxtda salınan Şuşa şəhərciyinə sığınıblar. Şuşanın işğaldan azad edilməsi ilə xarı-bülbülün ətrinə həsrət qalan şuşalıları indi bu şəhərcikdə tutub saxlayan Şuşaya qovuşmağa qısa bir müddətin qalmasıdır. Sputnik Azərbaycan Bakıdakı Şuşa şəhərciyindən reportajı təqdim edir...

© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Şuşa mədəniyyətin beşiyidir, deyirlər. Şuşa camaatının mədəni davranışı, istiqanlılığının burada da şahidi oluruq. Əvvəlcə şəhərcikdə uşaqlarla söhbətləşirik. Məktəblərdə dərslər onlayn keçirilsə də, Şuşanın Malıbəyli kənd orta məktəbi şəhərciyin mərkəzində yerləşdiyindən məktəblilərin dostları ilə görüş yeri elə bu məktəbin qarşısıdır. Malıbəyli kənd sakini Rəsulov İlkin Sputnik Azərbaycan-a müsahibəsində kənd orta məktəbinin 9-cu sinifdə oxuduğunu, 15 yaşı olduğunu söyləyir. Deyir ki, Şuşanı görməsə də təhsilini Şuşada başa vurmaq istəyir: "Mənim arzumdur ki, attestatıma Şuşa Malıbəyli məktəbinin məzunu yazılsın. Dərslərimi çox yaxşı oxuyuram. İstəyirəm ki, Şuşada, Malıbəyli kəndində məktəbi əla qiymətlərlə başa vurum".

  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
1 / 5
© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Şuşa barəsində ancaq valideynlərindən eşidən İlkin Malıbəyli kənd məktəbinin tezliklə Şuşada fəaliyyət göstərməsini arzulayır: "Mən istəyirəm ki, ömrümün qalan hissəsini, yetkinlik dövrümü Şuşada keçirim. Tez-tez kəndimizin şəkillərinə, Şuşaya baxırdım. Deyirdim ki, kaş biz öz evimizdə yaşayaq. Atamın oxuduğu məktəbdə mən də oxuyum. Dayım şəhid olub. İstəyirəm, bütün şəhidlərimiz kimi onun da ruhu şad olsun".

© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Əmiraslanov Rövşən isə Şuşanın Quşçular kənd sakinidir. 27 yaşında Şuşanı tərk edən Rövşən həm də döyüşçü olub. 1-ci Qarabağ müharibəsində aldığı xəsarətdən ikinci qrup əlil olan həmsöhbətimizin ürəyi Şuşa ilə döyünür. 2-ci Qarabağ müharibəsində könüllü orduya yazılsa da, əlilliyi olduğu üçün onu aparmayıblar. Şuşanın azad olunmasını yenidən şuşalıların doğuluşu günü adlandıran keçmiş döyüşçü Şuşa uğrunda döyüşlərdə iştirak edə bilməməsi ilə təəssüflənir: "Kaş məni heç olmasa o yerlərə bələd olan döyüşçü kimi aparaydılar. Şuşanın işğaldan azad edilməsi ordumuzun qüdrətini, döyüş əzmini göstərdi. Əlbəyaxa döyüşdə də Ermənistan ordusunun kürəyini yerə vurduq. Şuşa döyüşü tarixlərə salınmalı bir döyüşdür. Oraya göndərilən cəngavərlər Şuşanı topsuz, tanksız azad etdilər. O vaxt vuruşanda belə müasir silahlar yox idi. Şuşanın belə alınacağını ağlıma gətirə bilmirdim".

© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Həmsöhbətimiz deyir ki, indi arzusu tezliklə bu şəhərciyi tərk edib Şuşaya yollanmaqdır: "Öz doğulduğum evimizə getmək istəyirəm. Mən Şuşanı, kəndimizi koluna, daşına qədər tanıyıram. 13 ildir ki, Şuşanın adını daşıyan şəhərcikdə yaşamaq çox ağır idi. Nəvələrim deyirlər ki, baba, niyə burada qalırıq, gedək Şuşaya".

Şuşa rayon Malıbəyli kəndinin daha bir sakini Aygün isə deyir ki, Şuşadan məcburi köçkün düşəndə 15 yaşı varmış: "Ermənilər bir ildən çox idi ki, kəndimizi atəşə tuturdular. 1991-ci ildən bizi atəş altında saxlayırdılar. Kəndimiz 1992-ci ildən mühasirədə saxlanılırdı. Özünümüdafiə batalyonu sayəsində biz kənddə qala bilirdik. Amma mühasirədə olduğumuzdan insanlar qanaxmadan ölürdülər. Yaralıları çıxarda bilmirdik. Bircə ümidimiz vertolyot idi, onu da vurandan sonra kəndimizdə yaralıları çıxartmaq mümkün olmadı. Şükür Allahın bu gününə ki, biz əsir qalmış torpaqlarımızı azad etdik. Bu xəbəri eşidəndə bütün vücudumuz əsdi. Kəndimiz, sözsüz ki, bizim qoyub gəldiyimiz kimi qalmayıb. Amma Malıbəyli bizim xəyalımızda qoyub gəldiyimiz kimi canlanır. Biz ilk gedəndə oradakı şəhidlərimizi ziyarət edəcəyik. Şuşanın adını daşıyan şəhərcikdə yaşamaq hər cür şəraitə rəğmən çox ağırdır. Hər dəfə Şuşa şəhərciyi deyəndə gözümün qabağına əsir qalmış Şuşa gəlirdi. Utanırdım bu sözü deməyə. Amma artıq biz doğma yurdumuz olan Şuşaya qayıdacağıq. O günə az qalıb" ...

2
Teqlər:
reportaj, şəhərcik, Ramana, Şuşa
PPX avtomobili, arxiv şəkli

Bərdədə koronavirus xəstəsi qayda pozub, məsuliyyətə cəlb edildi

4
(Yenilənib 15:34 05.12.2020)
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib

BAKI, 5 dekabr — Sputnik. Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Bərdə Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Alışanov Amil Ədalət oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 03.12.2020-ci il tarixdə yaşadığı evi qanunsuz tərk etməklə karantin rejimini kobud surətdə pozub, yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

4
Teqlər:
qayda, xəstə, COVID-19, Koronavirus, epidemiya
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar