Bank filialı qarşısında növbə

Bankların bağlanacağı xəbəri əhali arasında təşviş yaradıb

16128
(Yenilənib 19:01 13.04.2017)
Vətəndaşların öz əmanətlərini banklardan çəkməsi prosesi sürətlənib. Ekspertlər problemin iki mühüm səbəbinə diqqət çəkirlər.

BAKI, 13 apr — Sputnik. "Əhalinin banklarda əmanətlərinin kəskin azalmasının bir neçə səbəbi var və onlardan biri valyuta məzənnəsinin dəyişməsi ilə bağlıdır. Əgər 2014-cü ildə banklarda olan əmanətlərin 38 faizi xarici valyutada idisə, 2017-ci ildə bu rəqəm 82 faizə yüksəlib. Bu da manatın məzənnəsinin ötən müddətdə aşağı düşməsi ilə bağlıdır".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ilin fevral-mart, eləcə də aprel ayında manatın möhkəmlənməsi dollarda olan əmanətlərin bank istifadəsinin dəyərinin azalmasına gətirib çıxardıb: "Nəzərə alaq ki, depozitlərin əhəmiyyətli hissəsi xarici valyutada və xüsusilə də ABŞ dollarındadır. Nəticədə, dollar dəyər itirdikcə onların milli valyuta ifadəsində dəyəri azalır. Bu da ümumi depozit portfelinin milli valyuta ifadəsində azalmasına gətirib çıxardıb".

"Bu baxımdan valyutanın dəyişməsi birbaşa depozitlərin məbləğinin azalmasına gətirib çıxardıb. Məsələn, yanvar ayında 10 min dollarlıq depozitin manat ifadəsində məbləği 19 min 200 manat idisə, artıq aprel ayında 10 min dollarlıq depozitin manat ifadəsində dəyəri 17 min manatdır. Xarici valyutada olan depozitin məbləği dəyişməyib. Amma manat möhkəmləndiyi üçün onların manat ifadəsində dəyəri azalıb. Ona görə də, valyuta məzənnələrinin dəyişməsi birbaşa manat ifadəsində depozitlərin məbləğinə təsir göstərib və manat ifadəsində azalmalar müşahidə olunub" — V. Bayramov qeyd edib.

Kişinin pulu gözünün qabağında olar
© Karikatura
Kişinin pulu gözünün qabağında olar

Ekspert ikinci səbəbi də izah edib: "Manat möhkəmləndiyi üçün monitorinqlər göstərir ki, dollarda valyuta saxlayan vətəndaşların bir qismi depozitlərini geri çəkərək onu manata çevirməyə üstünlük verir. Bu da manatın fevralın əvvəlindən başlayaraq möhkəmlənməsi ilə bağlıdır. Nəticədə, xarici valyutada depoziti olan vətəndaşların bir qismi dolların daha çox dəyər itirəcəyindən ehtiyatlanaraq əmanətlərini geri götürüb və onu manata çeviriblər. Əmanətlərin bir qismi də hələlik banklara qayıtmayıb və vətəndaşda yığım formasında saxlanılır. Bu da ümumi depozit məbləğinə təsir göstərir".

O, hesab edir ki, depozitlərin məbləğinin azalması birbaşa valyuta məzənnələrində baş verən dəyişikliklərlə bağlıdır: "Valyuta məzənnələrində baş verən dəyişikliklər ümumi portfelin manat ifadəsində dəyərinin azalmasına gətirib çıxardıb. Eyni zamanda, bu, vətəndaşların bir qisminin dollarda olan əmanətini bankdan çəkərək manata çevirməsi prosesini sürətləndirib".

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

İqtisadçının sözlərinə görə, banklara marağın, inamın artırılması olduqca vacibdir ki, banklar daha çox depozit cəlb edə bilsin: "Banklara marağın az olması, inamın aşağı olması ümumi səbəbdir. Çalışmaq lazımdır ki, vətəndaşlar əmanətlərini valyuta səbəti formasında saxlasınlar, yalnız bir valyutada saxlamasınlar. Bu, nəticə etibarı ilə vətəndaşlara imkan verə bilər ki, mövcud valyuta risklərindən sığortalana bilsinlər".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, məzənnənin dəyişməsinin əhalinin əmanətlərinin azalmasına cüzi təsiri ola bilər: "Amma azalmanın əsas səbəbi bu deyil. Son günlərdə, hətta son aylarda ən yuxarı səviyyələrdə, parlamentdə, mətbuatda tez-tez bir neçə bankın yenidən bağlanması, təmərküzləşməsi və birləşdirilməsi ilə bağlı fikirlər səsləndirilir, müzakirələr aparılır. Son zamanlarda gedən müzakirələr bank sektoru ilə bağlı insanlarda qorxu və çəkincə yaradır. Ona görə də, əhalinin bir qismi depozitlərini, bank əmanətlərini banklardan çəkməyə üstünlük verir. Bu da banklarda əmanətlərin həcminin azalmasına səbəb olur. Əmanətlərin azalması bankların ümumi əməliyyat həcminə də təsir göstərir".

O, qeyd edib ki, ötən il 9 bankın bağlanması, bununla bağlı yaranmış ajiotaj, ondan əvvəlki dövrlərdə bank sektorunda bir neçə dəfə təlatümlərin olması əhalinin bank sektoruna güvənini sarsıdıb: "Bank sektorunda sağlamlaşdırma əməliyyatlarına ehtiyac var. Amma hələlik obrazlı desək, ağrıkəsicilərin qəbulu ilə bank sektorundakı vəziyyəti uzadırlar. Bu sahədə ciddi irəliləyiş və sağlamlaşdırma addımları atılmasa, bu, bütün iqtisadiyyatda da öz mənfi təsirini qoruyacaq".

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2017-ci il mart ayının 1-nə 7 milyard 101,8 milyon manat təşkil edib. Fevralın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 645,4 milyon manat və ya 8,33% azalıb. Azalmanın səbəbi dolların məzənnəsinin aşağı düşməsi amili ilə əlaqələndirilir.

Onu da bildirək ki, 2016-ci ilin analoji dövrünə nisbətən isə əhalinin əmanətlərinin həcmi 975,5 milyon manat və ya 12,08% azalıb.

16128
Teqlər:
Sputnik Azərbaycan, depozit, Natiq Cəfərli, iqtisadçı-ekspert, əmanət, məzənnə, əhali, Vüqar Bayramov, valyuta, bank, manat, dollar
Əlaqədar
Ekspert: “Bankların pul köçürməsi məhdudlaşdırıla bilməz”
Manatı ucuzlaşdıran bankların sayı artır: dollar bahalaşdı
Hökumət bank sektorunun xilası üçün növbəti vasitəyə əl atır
Banklarda dollarla bağlı "oyun qaydaları" dəyişdi
Dövlət əlini bankların üzərindən çəkir
Bu bankların filialları və poçt şöbələri bağlandı
Bankirdən proqnoz: "Manat bahalaşmaqda davam edəcək"