Astara rayonunun Pensər kənd sakini həyətində təndir hazırlayır

"Mallarımız Sibirə kimi gedib çatır" Hamının eyni sənətlə məşğul olduğu kənd

381
(Yenilənib 10:27 11.04.2017)
"Rusiyadan xeyli sifarişlər gəlir. Sverdlovsk şəhərinə mütəmadi təndir göndəririk. Kamçatkaya gedib çıxıb bizim təndirlər".

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 11 apr — Sputnik. Astara rayonunun Pensər kəndi rayonun ən qədim tarixə malik kəndlərindəndir. Bu kənddə bir məhəllə var ki, kəndin özü kimi, Respublika miqyasında, hətta ölkə xaricində tanınır. Həmin məhəllədə 50-yə yaxın usta yaşayır. Onların hamısı eyni peşənin sahibləridir — saxsı materialdan təndir düzəldirlər.

Birinci mərhələdə təndirin özəyi hazırlanır
© Sputnik / Rahim Zakiroghlu
Birinci mərhələdə təndirin özəyi hazırlanır

Məhəllədə hər 2 evdən birinin qarşısında hazır təndir qoyulub. "Təndirkəsənlər məhəlləsi"nin sakini, usta Ehtiram Nadirovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, buradakı ustaların hamısı bir-biri ilə qohumdur: "Hər ustanın öz müştəriləri var, hər bir usta öz işinin peşəkarıdır və heç birimizin arasında rəqabət yoxdur. Mənim 27 yaşım var, sənətimi rəhmətlik atam Usta Şəmşirdən öyrəndim, o isə öz atası Usta İslamdan öyrənib. Ümumiyyətlə, kəndimizdə hər bir usta öz ata-baba sənətini öyrənib davam etdirir".

Cənub zonasında təndir düzəldilməsi peşəsi geniş yayılıb, ətraf rayonlarda da belə ustalar var. Amma Pensər ustalarının düzəltdikləri təndirlər digərlərindən fərqlidir.

Bu təndirlərin digərlərindən fərqi ondadır ki…

"Bizim təndirlər digərlərinkindən fərqli olaraq nazik və yüngül olur. Biz sarı gil və narın çay qumunu qarışdırıb yoğururuq və alınan materialdan təndiri düzəltməyə başlayırıq. Burada gördüyünüz kimi, indi mən hazır təndirlərin qurudulması ilə məşğulam, qardaşım isə təndir düzəldir" — usta Ehtiram deyir.

Onun sözlərinə görə, ilkin olaraq təndirin özəyi hazırlanır: "Özək 15-20 sm hündürlükdə olur. Standart olaraq enini 90 sm ölçüdə düzəldirik. Sifarişçinin istəyinə əsasən isə 1 metr, 1.2 metr ölçüdə də düzəldirik. Təndirin özəyini düzəltdiklən sonra 3-4 saat müddətində saxlayırıq ki, bərkisin. Çünki bizim təndirlərin qalınlığı 1-1.5 sm olur. Ona görə də, təndiri düzəldəndə aşmasın deyə özəyi 3-4 saat bərkimədə saxlayırıq".

Sonra eyni qalınlıqda olmaq şərti ilə, 85 sm hündürlükdə təndir düzəldilir: "Bizim düzəltdiyimiz təndirlər çox sərfəlidir. Qalınlığı az olduğu üçün az odun tələb edir. Yəni tez qızır. Eni 1.2 metr, hündürlüyü 85 sm olan təndirdə, birdəfəyə təxminən 30 çörək bişirmək mümkündür".

Cənub zonasında təndir düzəldilməsi peşəsi geniş yayılıb
© Sputnik / Rahim Zakiroghlu
Cənub zonasında təndir düzəldilməsi peşəsi geniş yayılıb

E. Nadirovun dediyinə görə, qışda təndir düzəltmək çətin olur: "Yayda biz təxminən 25-30 təndir düzəldirik bir ay ərzində, qışda isə 10-15 ədəd təndir düzəldə bilirik".

"Hazırladığımız təndirlər üçün sifarişlər ən çox Aran rayonlarından və Qazax-Ağstafa bölgəsindən olur. Bakıdan, Rusiyadan və hətta Almaniyadan da sifarişlər olur" — deyir Ehtiram.

Təndirlərin qiymətlərinə gəldikdə isə 20-25 manat arasında dəyişir: "Təndirlərə xaricə aparmaq sadə prosesdir. Təndirlər 4 hissəyə ayrılır, ehtiyatla bükülür və qablaşdırılır. Bizim təndirlərimizin istifadə müddəti, şəraitdən asılı olaraq dəyişir. Yəni, ev şəraitində 6-7 il, təndirxanalarda isə 5-6 ay işlədilməsi mümkündür" — deyən usta, bu sənəti öz oğluna da öyrətmək fikrindədir.

Təndirləri ən çox Aran rayonlarından və Qazax-Ağstafa bölgəsindən sifariş edirlər
© Sputnik / Rahim Zakiroghlu
Təndirləri ən çox Aran rayonlarından və Qazax-Ağstafa bölgəsindən sifariş edirlər

"Rusiyaya ayda 10-15 təndir gedir"

Məhəllədə tanınmış ustalardan biri də Aydın kişidir. "Babam 105 yaşında gedib rəhmətə. O da bu işlə məşğul olub. Ondan sonra atam onu əvəz edib, sonra da mən. Məndən sonra övlarımın bu sənəti davam etdirəcəyinə inanıram" — deyir.

Usta Aydın təndirə tələbatın çox olduğunu bildirir: "Çünki təndirdə bişirilən çörək, eləcə də balıq və toyuq ekoloji cəhətdən çox təmiz və olduqca dadlı olur. Təndir həm də yanacağı az aparır. Çörəkbişirmə sahəsində nə qədər yeniliklər olsa da, təndiri heç nə əvəz edə bilməz".

"Azərbaycanın bütün bölgələrindən təndir almaq üçün məhəlləmizə gələnlər olur. Rusiyadan da xeyli sifarişlər gəlir. Sverdlovsk şəhərinə mütəmadi təndir göndəririk. Kamçatkaya gedib çıxıb bizim təndirlər. Rusiyaya ayda, təqribən 10-15 ədəd təndir aparırlar. Gündə 20 ədəd təndirim olsa, yenə satılar" — usta əlavə edir.

Təndir
© Sputnik / Rahim Zakiroghlu
Təcrübəli usta: Gili götürmək üçün 1-1.5 metr yeri qazmalı olursan; hər gildən də təndir olmur

"Hər gildən təndir olmaz"

Aydın ustanın sözlərinə görə, təndir gili yalnız bir yerdə var: "O yer kənddən uzaqdadır. Gil gətirmək də, odun almaq da asan deyil. Gili götürmək üçün 1-1.5 metr yeri qazmalı olursan. Hər gildən də təndir olmur. Qum qatırıq, qum gilə qarışana qədər yalın ayaqla ayaqlayırıq. Ondan sonra başlayırıq iş görməyə. Qum və gil hazır olandan sonra bir təndir 2-3 saata hazırlanır. Gərək bir həftə də qurusun".

O, öz sənətindən narazı deyil: "Sifariş edənlər də çoxdur. Sadəcə odun sarıdan çətinlik çəkirik. Odun olmur, ağacları kəsməyə qoymurlar. Əvvəllər təndiri belimizə qoyub kəndbəkənd gəzib satardıq".

Usta Aydınla qonşu olan Elşən Hüseynov da bu peşəni yaşadan insanlardandır O, həm də Aydın kişinin qardaşı oğludur. "Böyük əmimdən öyrənmişəm bunu. Ağır zəhmət istəyir, öz tələbatımızı güclə ödəyirik. Əlavə pul qalmır. Ancaq xeyir-şərə bəs edir" — deyir Elşən.

381
Teqlər:
Elşən Hüseynov, Aydın kişi, Ehtiram Nadirov, qum, gil, Pensər kəndi, məhəllə, Astara rayonu, təndir, usta
Əlaqədar
Didərginlərdən təşkil olunan kənd
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Əgər kəndli torpağını becərə bilmirsə...
Bu kəndin mal-qarasına vəhşi heyvanlar da yaxın düşə bilmir
Kəndliyə böyük ziyan dəydi
Qışda unudulan kəndlər...