Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 7 apr — Sputnik. Əvvəllər "gəlin sandıqsız olmaz" deyirdilər. Müasir dövrümüzdə tələbatın az olmasına baxmayaraq, hələ də sandıq düzəldən ustalar var. Sputnik Azərbaycan-ın həmsöhbəti Şəkinin məşhur sandıqçısı Sadəddin Xasıyevdir.
Şəkililər arasında Sədi dayı kimi tanınan sənətkar, uzun müddətdir ki, bu işlə məşğuldur. Ona bu sənətin atasından miras qaldığını deyən Sadəddin dayı, əhali arasında sandıqçılığa marağın tamamilə öldüyünü bildirir.
"Mənim atam bu işlə 1920-ci ildən məşğul olub. Atama sandıqçı Hüseyn deyərdilər. Mən ilk sandığımı dördüncü sinifdə oxuyanda düzəltmişdim. İnstitutu bitirdikdən sonra bir müddət mühəndis işləyib, sonra pensiyaya çıxdım. Pensiyamın azlığı ucbatından məcbur olub dədə-baba sənətini davam etdirdim. Düzdür, bu, gəlir gətirən bir sənət deyil. Ancaq ata yadigarı olan bu sənətə xüsusi marağım və sevgim var. İki oğluma da bu sənəti öyrətmişəm. Ancaq qiymət verən yoxdur" — deyir Sədi dayı.
Müştəri azlığından gileylənən sənətkarın sözlərinə görə, əvvəllər sandıqları şəkililər alardı, indi heç onlar da almırlar. Əl əməyi ilə ərsəyə gətirdiyi bu qiymətli sənət incilərinə daha çox xarici ölkələrdən Şəkiyə təşrif buyuran turistlər dəyər verirlər. Sadəddin Xasıyev deyir ki, ancaq xaricilər sandıqçalarla maraqlanır və bir-iki dənə mücrü alırlar.
Sandıq düzəltməyin çətin və səbr tələb edən bir sənət olduğunu vurğulayan Sədi dayı, bir sandığı düzəltməyə xeyli vaxt sərf etdiyini qeyd edir: "Balaca bir mücrünü hazırlamaq yeddi günə başa gəlir. Elə sandıq da var ki, üç aya hazırlanır. Sandıqları əvvəlcə taxtadan hazırlayır, sonra isə üstünü dəmirləyirəm. Daha sonra isə üstünə rəng vururam, xüsusi mismarla üzərini bəzəyir və ya hansısa söz yazıram".
Həmsöhbətimiz sandıqçaların və onların üzərinə vurduğu naxışların öz təxəyyülünün məhsulu olduğunu diqqətə çatdırır: "Sandığın bir çox növlərini mən yaratmışam. Məsələn ovalvari, dördkünc və digərləri. "Çekanka" (metal üzərində döymə) sandıqlar da mənim icadımdır. Oval sandığa "çəlləkvari sandıq" da deyirlər. Keçmişdə bu cür sandıqlar olmayıb. Ancaq düzbucaqlı sandıqlar olub. Bu sandıq formalarını və üzərinə vurulan naxışları ikinci bir yerdə görə bilməzsiz. Bunları Şəkiyə mən gətirmişəm".
Sədi dayı sandıqlara daha çox almanların maraq göstərdiklərini deyir: "Sandıqları yerli camaat demək olar ki, almır. Almanlar isə maraqlanır və alırlar".
Sandıqların qiymətinə gəlincə: "Qiymətlər 20-500 manat arasında dəyişir. 2006-cı ildən bu günə qədər cəmi 3 ədəd bahalı sandıq satmışam. İndi sandığı ancaq turistlər alır, ümidimizi onlara bağlamışıq. İstəyərdim ki, qədim sənət növləri yaşasın. Bu sənətlərin yaşamasına şərait yaratsınlar, tariximizi, keçmişimizi öldürməsinlər".
"Şəkidəki keçmiş "Sənətkarlar evi"ni də əlimizdən aldılar. Sənətkarların əksəriyyəti mənim kimi orda-burda öz hesabına dükan açıb işləyirlər. Mən özüm gördüyünüz bu balaca dükanı almışam. Elə vaxt olur ki, 6 ay bir qəpik də qazancım olmur. 174 manat "pensiya" alıram. Mən bu təqaüdlə işıq, qaz pulu verim, yoxsa ailə saxlayım?!" — deyir sənətkar.
O, qeyd edir ki, qədim sənətkarlığa dövlət qayğısı olmalıdır: "Bu qayğı təkcə qədim sənətləri yaşatmaq üçün deyil, həm də Şəkiyə çoxsaylı turistləri cəlb etmək üçün vacibdir. Şəkiyə gələn turistləri buranın qədimliyi, ənənələri qoruyub saxlamağı, nadir sənətkarlığı cəlb edir. Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki, turistlər onların qara qaşına aşiq olub gəlmir. Onları cəlb edən bizim qədimliyimiz, Şəkinin özünəməxsusluğudur. Bu da olmayandan sonra, sənəti və sənətkarı öldürürsənsə, turist bura niyə gəlsin?"
"Ona görə də, dövlət qurumları fikirləşməlidir ki, bahalı hotelləri tikməyə vəsait sərf etdikləri kimi, sənətkarlığı da yaşatmağa vəsait sərf etməlidirlər. Sənətkar yaxşı yaşayarsa, sənət də yaşayar, pul da gələr, güzəran da yaxşı olar, dövlət də varlanar" — Sədi dayı çıxış yolu göstərir.
BAKI, 26 yanvar — Sputnik. Bakı Apellyasiya Məhkəməsində ləğv olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi prosesdə Vüqar Səfərlinin şikayəti təmin edilməyib.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində V.Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Səfərli həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət versə də, təmin edilməyib. Şikayət Binəqədi Rayon Məhkəməsinin həmin qərarından verilib.
V.Səfərli KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə həbs edilib.
İttihama görə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına köçürüb. 2015-2018-ci illər ərzində hesablarına 5 milyon 796 min manatı yerləşdirib, sonra isə leqallaşdırıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib.
BAKI, 26 yanvar — Sputnik. Paytaxtın ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması istiqamətində işlər davam etdirilir.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. "Xüsusilə şəhərətrafı ərazilərdə məskunlaşma nəzərə alınaraq sakinlərin marşrut tələbatının ödənilməsi məqsədilə Qaradağ rayonu ərazisində yerləşən "Puta" hərbi şəhərciyinin hərbçi sakinlərinin nəqliyyat xidmətindən daha rahat istifadəsi üçün 127 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib. Müntəzəm xəttin istismarı "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bununla da "Puta" hərbi şəhərciyinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunacaq. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada "BakıKart" vasitəsilə həyata keçiriləcək. Marşrut xətti 27.01.2021-ci il tarixdən fəaliyyətə başlayacaq".