At əti

İndi at-eşşək ətini yeyəkmi, yeməyəkmi?

244
(Yenilənib 16:04 06.04.2017)
Bu heyvanların ətinin insan orqanizminə təsiri ilə bağlı mütəxəssislərin fikirləri haçalanır

BAKI, 6 apr — Sputnik. Bir müddət öncə ölkədə 5 min eşşəyin yoxa çıxdığı barədə rəsmi məlumat yayıldı. Bu informasiya sosial şəbəkələrdə müzakirəyə səbəb oldu və bəziləri yarızarafatla yoxa çıxan eşşəkləri dönərxanalarda axtarmağı məsləhət gördü.

Amma "od olmayan yerdən tüstü çıxmaz" deyiblər. Cəmi bir neçə gün sonra reyd zamanı icazəsiz sallaqxanalarda at ətinin kəsilməsi faktı müəyyən olundu və eyni zamanda, şimal rayonlarından birində xeyli miqdarda eşşək sümüyü tapıldı. Bu faktlar dolayısı ilə at və eşşək ətinin bazarlara və dönərxanalara ayaq açdığını sübut edir.

Orta Asiyanın bəzi dövlətlərində at və eşşək ətindən (o cümlədən südündən) istifadə edilməsi normal sayılır. At və eşşək əti haram sayılmasa da, Azərbaycanda belə bir ənənə yoxdur. Bəziləri bunu həmin heyvanların ətinin ziyanlı olması ilə izah etməyə çalışırlar. Sputnik Azərbaycan-ın əməkdaşı at və eşşək ətinin insan orqanizmi üçün zərərli olub-olmadığını mütəxəssislərdən soruşub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlara hər gün bu mövzu ilə bağlı 4-5 istehlakçı zəngi daxil olur: "Şikayətlərin əksəriyyəti ətin gec bişməsi, bişən zaman ətdən pis iy gəlməsi ilə bağlıdır. At və eşşək əti heç vaxt Azərbaycanda yeməli olmayıb. Amma bu gün aidiyyəti qurumların eşşək və at ətinin yeməli olmasını deməsi o deməkdir ki, onlar Azərbaycan xalqını eşşək və at əti yeməyə yönəldirlər. Beləliklə, düşmənlərin əllərinə səbəb verirlər ki, bizə "vəhşi xalq" desinlər".

"Eşşək və at ətinin yeyilməsinə müsbət baxan insanlar öz mövqelərindən çəkilməlidirlər. Çünki Azərbaycan xalqı tarixən heç vaxt eşşək, at ətini yeməyib. Birmənalı şəkildə bunun qarşısı alınmalıdır. Əks halda, bir çox xəstəliklər yayıla bilər" — deyə Eyyub Hüseynov əlavə edib.

Onun sözlərinə görə, istehlakçıların artıq heç bir istehsalçıya inamı qalmayıb və istehlakçılar istəyirlər ki, alacaqları ət gözləri qarşısında kəsilən heyvanın əti olsun: "Bu da şəhərin küçələrini sallaqxanaya çevirir".

E. Hüseynov əlavə edib ki, hər bir xalqın min illərlə formalaşmış həzm sistemi hormonları var: "Bizim bədənimizdə eşşək və at ətini həzm edən hormonlar yoxdur. Bu ətləri yedikdə həzm zamanı mədəaltı vəzinin fəaliyyətində problemlər yaranır. Nəticədə həzm sistemi pozulur və həzm orqanlarında xərçəng xəstəliyinə səbəb olur".

"Qanun sərtləşdirilməlidir. Qida təhlükəsizliyi ilə bağlı qanun tətbiq edilməlidir. Ölkə Prezidentinin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyinin yaranması nəzərdə tutulub. Gələn ildən fəaliyyətə başlayacağı gözlənilir. Bununla bağlı mən məktub yazaraq Baş nazirin müavini Əli Əhmədova müraciət etmişəm. Biz də Azad İstehlakçılar Birliyi olaraq istəyirik ki, bu qurumda təmsil olunaq və istehlakçıların səsini dövlətə çatdıraq. Məktuba cavab gözləyirik" — deyə Eyyub Hüseynov söyləyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov isə deyir ki, bütün heyvan ətlərinin satılmasına qanunla icazə var: "O halda ki, həmin ətlər baytarlıq laboratoriyasının müayinəsindən keçsin. Bu zaman heyvanın hardan gətirildiyi, hansı peyvəndləmədən keçdiyi bəlli olduqdan sonra heç bir heyvanın satışına qadağa qoyulmur".

Y. Həsənov qeyd edib ki, eşşək və at ətinin satılması laboratoriyadan keçdikdən sonra və ətin üzərinə at və ya eşşək əti yazılaraq satılarsa, qanunla icazə verilir: "Amma bəzi istehsalçılar qanunsuz olaraq ölü atların ətlərini mal əti adı ilə satırlar. Bu günə kimi tərəfimizdən bazarda heç bir eşşək ətinin qeyri-qanuni satışına rast gəlinməyib. Tərəfimizdən çox sayda ölü at ətlərinin satışı aşkarlanıb və satışdan çıxardılıb".

Mətbuat xidmətinin rəhbəri bildirib ki, sağlam at və eşşək ətinin insan orqanizminə heç bir mənfi təsiri yoxdur: "Sadəcə, tarixən mətbəximizdə bu heyvan ətlərindən istifadə edilmədiyi üçün insanlar bu heyvan ətlərindən istifadə etmirlər".

Həkim Rasif Bağırov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, eşşək və at əti insan orqanizmi üçün təhlükəli deyil: "Sadəcə, Azərbaycan əhalisi heç vaxt bu məhsullardan istifadə etməyib. Bu ətlərin tərkibində yağlılıq və əzələ lifləri digər heyvan ətlərindən fərqlənir".

"Amma bu, onun təhlükəli olması demək deyil. Məsələ ondadır ki, biz bu heyvan mənşəli ətləri yemirik. Bir sözlə, bu məsələ mentalitetimizlə bağlıdır. At və eşşək ətlərinin orqanizm üçün təhlükəsi yoxdur və heç bir xəstəlik əmələ gətirmir" — həkim vurğulayıb.

244
Teqlər:
qanun, ət, Azad İstehlakçılar Birliyi, Eyyub Hüseynov, Rasif Bağırov, Sputnik Azərbaycan, at, dönər, Yolçu Həsənov, eşşək
Əlaqədar
Sərnişin avtobusuna eşşək mindirdilər
Sərhəddi keçərkən "dəmir at"ınızı unutmayın
Azərbaycan Moldovaya at əti ixrac edəcək
Şəkidə qanunsuz at əti satışının qarşısı alınıb
At qəssablarına qarşı əməliyyat
 Mariya Kalaşnik-Zərdabi

Qazilərin Mariya bibisi: İtaliyada tanıdıqlarım Qarabağda kimin haqlı olduğunu bilirlər

1250
(Yenilənib 17:47 26.09.2021)
İtaliyanın Peskara şəhərində yaşayan, əhatəsindəkilərin “Tereza ana” adlandırdıqları sinyora Mariya Azərbaycana gəlib. Qazilərimizin Mariya bibisi ilə Sputnik Azərbaycan-ın əməkdaşı söhbətləşib.

Onunla danışmaq üçün tərcüməçiyə gərək yoxdur. Beş dil bilir, azərbaycancanı isə bizdən də gözəl, üstəlik, ləhcə ilə.

“Necə olur bu - Mariya, özü də bizim dildə səlis danışır?” sualıyla anam məni qabaqlayır.

Qazi qardaşım Xalidin boynunu qucaqlayıb qımışır Mariya bibimiz: “Azərbaycanlıyam mən, bacı, Zərdabın Körpü kəndindənəm. Əlli bir ildir tərk eləmişəm Azərbaycanı, amma dilimi də tərk eləməmişəm. Adımı da atam qoyub. İkinci Dünya Müharibəsindən qayıdandan sonra, amma niyəsini bilmirəm”.

Bu arada xatırlayırıq ki, babam da anama Madalena deyirmiş, bir partizan qızın şərəfinə. Mariya bibinin soyadı isə Kalaşnikdir, vaxtilə ailə qurub Ukraynaya köçüb, hazırda iki oğlu da orada yaşayır. Bir təxəllüsü də var, doğulduğu Zərdab rayonunun şərəfinə - Zərdabi. On dörd ildir İtaliyada olsa da, deyir ki, orada yaşamır, işləyir. Peskara gözəl şəhərdir, “çəkmə”nin ortasında, dəniz sahilindədir, ancaq Vətəndən gözəlini tanımır, ruhən həmişə Azərbaycandadır.

Qayıdırıq fikrən ilişib qaldığımız ötən ilin bu günlərinə.

- Müharibə haqda xəbəri necə aldığınızı xatırlayırsız?

- Azərbaycan sərhədində vəziyyət gərginləşəndən “köçdüm” internetə, sosial şəbəkəyə. Dəhşət idi, inanmırdım. Bacılarım dedilər ki, müharibə gedir. Dedim, ola bilməz, təlimdir, yəqin. Öyrəndim ki, qardaşımın oğlunu da apardılar, nəslimdən on nəfərdən çox İkinci Qarabağ müharibəsində döyüşdü. Demək olar ki, elə mən də onlarla, onların əsgər dostlarıyla birlikdə döyüşdüm, Şuşaya da birlikdə qalxdıq – qazi balalarımın içində beş Şuşa fatehi, xüsusi təyinatlılar var, onlara həmişə deyirəm ki, bala, məni görürdünüz oralarda, ruhumu görürdünüz? Onlar da deyirlər, hə, bibican, həmişə hiss edirdik sənin xeyir-duanı. Elə bil ki, o uşaqların varlığında ərimişəm.

- Olduğunuz şəhərdə azərbaycanlılar çoxdur? Müharibə vaxtı, yəqin, xəbərləri onlarla da bölüşürdünüz.

-  Təəssüf ki, yoxdur. Cənubi Azərbaycandan bir qız var, Mehri, onunla dostluq edirdik, bir də Dağıstandan Fatimə adlı qız vardı. Fatimə getdi Parisə, Mehri də İsveçə. Qaldım tək. Əvvəl üçümüz yığışırdıq, Azərbaycan musiqisini qoşub, üç yekə arvad başlayırdıq oynamağa, Azərbaycan xörəkləri bişirirdik, mənim kələm dolmamı çox bəyənirlər. Bir də çörəyimi. Türklər, Cənubi Azərbaycandan olanlar çoxdur. Müharibəni isə Azərbaycandakı dostlarımla, sosial şəbəkədə “yaşadım”.

Ancaq qonşum olan, birlikdə işlədiyim, təmas qurduğum italyanlara da Azərbaycanın haqq savaşından məlumat verirdim. İndi mənim ətrafımda olan italyanlar Azərbaycanın öz torpaqları uğrunda mübarizə apardığını, Qarabağda kimin haqlı olduğunu, təcavüzkarın Ermənistan olduğunu çox gözəl bilirlər.
© Sputnik / Stringer
Mariya Kalaşnik-Zərdabi (sağda) Vətən Müharibəsi qazisi Gülməmmədov Xalid və anası Gülməmmədova Asya ilə.

- İtalyan qonşularla münasibətləriniz çox yaxşıdır o zaman. Deyirlər, italyanlarla azərbaycanlıların xasiyyəti bir-birinə oxşayır.

-  Ümumiyyətlə, mən oraya düşəndə dedilər ki, bacar, sus, elə bilirlər ki, sən də italyansan. Yəni ancaq danışığımdan gəlmə olduğum bilinərdi. Oxşar xasiyyətlərimiz çoxdur. Peskarada nüfuzum belədir ki, italyanlar deyirlər: əgər filan işi Mariya bacarmadısa, heç onun qulpundan yapışmağa dəyməz. Mən ixtisasca ali savadlı mühəndisəm, hazırda orada yaşlı insanlara baxıram. Bu işi bacarmaq üçün isə gərək psixoloq olasan. Xalid, bibi necə psixoloqdur?

- Bibi asdır bu barədə, - qardaşım söhbətə qoşulur, - hətta elə hallar olub ki, kimsə özünə qəsd eləmək istəyib, Mariya bibi onlarla danışıb, fikirlərindən daşındırıb.

- Dünyada məhəbbətlə qalib gəlinməyən heç bir situasiya yoxdur. Qəzəblə, davayla, hirslə, zorla, mənfi yüklü emosiya ilə heç bir işi düzəltmək mümkün deyil. Məhəbbət yeganə duyğudur ki, nə qədər çox versən, o qədər varlanırsan.

- Qardaşım deyir, şeir də yazırsınız.

- Olur arada. Ən çox Vətən həsrəti ilə, Azərbaycanla, qazi balalarımla bağlı yazıram.

- Əcnəbi dildə də yazırsınız?

- Yox, alınmır. Ürəyimdə duyğularım Azərbaycan dilində səslənir. Bir-iki dəfə ruscaya tərcümə etmişəm, görmüşəm ki, o hissləri çatdırmır. Ancaq sosial şəbəkədə üç dildə - Azərbaycan, italyan, Ukrayna dillərində paylaşımlar edirəm.

- Sosial şəbəkədə azərbaycanlı dostlarınız çoxdur, yoxsa italyan?

- Mənəvi cəhətdən Azərbaycana köçəndə cəmi 285 dostum vardı. İndi mindən çoxdur. Müharibə başlayandan hər gün yüzlərlə dostluq təklifi alıram, çoxu da Zərdabdandır.

Sosial şəbəkədə də Azərbaycandan olan ziyalıların, deyə bilərəm ki, “qaymaqlar”ın bir qrupu var, oraya daxil ediblər məni. Daim Vətənlə bağlı, qazilərimizin durumu ilə bağlı müzakirələr edirik orada. Orada biri dedi ki, deyəsən, elə də varlı deyilsiniz. Dedim, bir həsirəm, bir Məmmədnəsir. Bircə ürəyimdə sevgim boldur, bacardıqca da İtaliyada otura-otura qazi balalarımın problemlərini həll etməyə, mənəvi dəstək olmağa çalışıram.

 - Neçə qazinin bibisisiniz?

- Hazırda on üçdürlər, beşi xüsusi təyinatlıdır. Bu səhər Nahid balam yazıb İmişlidən, o mənə “nənə” deyir: “Au... haradasan? Gəlib səni qaçırdacam!” İlizarov aparatı var ayağında, hələ sağalmayıb. Deyirəm, ay bala, niyə qaçırdırsan, gəlirsən, ailəni də götür, gəl.

- Hamısıyla görüşəcəksiniz? Xəbərləri var gəldiyinizdən?

- Planımda var. Birinci də Xalidimin yanına gəldim. O, növbəsizdir, bir ayrı yeri var mənimçün. Çalışıram, şəfqəti hamıyla bölüşüm. Bir qazi balamın anası rəhmətə gedib. Təsəllini məndə tapır. Günlərlə qəbir üstə yatdı. Oğlum Teymur zəng etdi, gördü, gözüyaşlıyam. Dedi, nə olub? Dedim, Malik üçüncü gecədir, anasının qəbrindən ayrılmır. Bəs mən də onunla danışmasam, dərdini bölüşməsəm, sonu necə olar? O, 34 yaşında anasız qala bilmədiyi kimi, iki övladı da Maliksiz qala bilməz axı. Malikə dedim ki, üç minədək cavan balası şəhid olanlar var, bəs onlar övladsız necə yaşayırlar? Şükür, birtəhər ovuda bildim. Oğlum Teymur da dedi ki, internetini kəsəcəm, anlayıram ki, lazımlı iş görürsən, ancaq həddən artıq gərginlik keçirir, əzab çəkirsən. Dedim, bala, onda məni qəbrə qoy, sonra nəyi kəsirsən-kəs. Mən qazi balalarımsız yaşaya bilmərəm.

© Sputnik / Stringer
Mariya Kalaşnik-Zərdabi

- Övladlarınız sizi qısqanırlar qazilərimizə?

- Bu, şirin qısqanclıqdır, bir növ mənim əzab çəkməyimi istəmirlər. İki oğlum var, biri hərbçidir. O biri sarkoma olub, iki dəfə də ağır residiv keçirib. Ancaq Allaha şükür, indi hər şey yaxşıdır. Hərbçi oğlum haqda Zərdabda kitab da yazıblar.

- Qarabağa, Şuşaya getməyi planlaşdırmısınız bu səfər?

- Şuşaya Qələbə qurbanım var, İsa bulağında. Necə gedim? İyirmi altı gün qala biləcəm Vətəndə, ancaq Napoleon proqramım var. Qazi balalarım da, anam da, qohum-əqraba da gəlişimi gözləyirlər, ailədə on bir uşağıq, yeddisi Azərbaycandadır.

- Əvvəllər olmusunuz Qarabağda?

- Bütün dünyanı gəzmişəm, amma Azərbaycanın dörddə birində olmamışam. İndi mənim əhdim var: Xalid balam sükan arxasında otursun, məni bütün Qarabağda, Azərbaycanın görmədiyim yerlərində gəzdirsin. Onun gözləri açılanda heç məzuniyyətimin olub-olmamağına da fikir verməyəcəm, qohumlara da demişəm, inciməyin, Azərbaycana məhz Xalidlə Qarabağa getmək üçün gələcəm. Hələ yaramız təzədir, hərdən Şuşada bayram edəndə bir qısqanclıq hissi oyanır məndə: mənim balalarımın qanı qurumayıb hələ, necə o torpaqlarda oynaya bilirlər?

Hamımız kövrəlirik. Çalışıram, söhbəti dəyişim.

- Xaricdə yaşayan azərbaycanlıların çoxunun evində hər gün Vətənlərini xatırladacaq bir əşya olur. Sizin üçün bu nədir? İtaliyaya qayıdanda nə aparacaqsınız özünüzlə?

- Mənim bayrağım var. İlk növbədə ürəyimdə, bir də evimdədir. Ona baxıb, güc-dəstək alıram. İtaliyaya qayıdanda isə çay aparacam, Lənkəran çayı, bir də kəklikotu. İki il yeddi aydır gələ bilmirdim Vətənə. Qınayan olmasa, diz çöküb öpərdim torpağı aeroportda.

Vətənimdə nə ev tikdim, nə dam mən, Yad ellərdə, yad diyarda yadam mən, Ölməyəydim, təki ömrüm çataydı, Can Şuşamın havasından udam mən...

Bu dəmdə Mariya bibinin telefonuna zəng gəlir. Bayaqdan telefon və sim-kartı ilə bağlı “əməliyyat” gedir. Ancaq qoşula bilib internetə. Səsi yüksəyə alır: “Ay bibi, sənə qurban, bibi, ay arvad, qayıt get İtaliyaya! Gəlmisən Azərbaycana, səni tapa bilmirəm!” Gülüşürük. Qardaşımın ortancılı Röyal yalvarır: “Mariya nənə, nə olar, qal bizdə!” “Ay bala, bəs qohumlarım inciyərlər axı...”

Mariya bibi hazırlaşıb yola düşür. Bizdən anasına, ailəsinə, qazi qardaşlarımıza salam aparır. Yolun açıq, ömrün uzun olsun, qəlbi Kainat olan qadın!

Eləcə də oxuyun:

1250
Teqlər:
İtaliya, Azərbaycan, qonaq, qazi, Qarabağ, müharibə, Anım Günü
Mövzu:
Anım Günü
Tarakanlar, arxiv şəkli

Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi

537
(Yenilənib 18:04 26.09.2021)
Əgər hər hansı bir təcrid olunmuş icma varsa və orada indiyə kimi heç kim koronavirusa yoluxmayıbsa, yalnız bu halda "Mu" variantı həmin icmada geniş şəkildə yayıla bilər.

BAKI, 26 sentyabr — Sputnik. Koronavirusun "Mu" variantı qapalı, kiçik icmalarda üstünlük təşkil edə bilər, ancaq "Delta" ştammını sıxışdırıb sıradan çıxarmağa qadir deyil. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri biologiya elmləri doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru, Rusiya Elmlər Akademiyasının Tibbi-Genetik Elmi Mərkəzinin Funksional Genomika Laboratoriyasının baş elmi işçisi Ança Baranov səsləndirib.

"Mu" ştammı "Delta"-nın olmadığı və ya çox az olduğu populyasiyalarda yayıla bilər. Əgər hər hansı bir təcrid olunmuş icma varsa və orada indiyə kimi heç kim koronavirusa yoluxmayıbsa, yalnız bu halda "Mu" variantı həmin icmada geniş şəkildə qeydə alına bilər. Amma məsələn, Moskvada "Mu" əsas ştamm ola bilməz, çünki burada artıq "Delta" var. "Delta" elə güclü ştammdır ki, onun olduğu yerdə "Mu"-nun geniş yayılma ehtimalı yoxdur", - deyə bioloq vurğulayıb.

Maraqlıdır ki, Baranova koronavirusun bu iki ştammını tarakan növləri ilə ilə müqayisə edib.

"Gəlin, bunu tarakanların timsalında izah edək. Bir sıra adi tarakan növü var və hazırda yeni bir növ – yaşıl tarakanlar ortaya çıxıb. Ancaq bu yaşıl tarakanların dominant növ olma şansı çox aşağıdır. Bu həşəratlar yalnız adi tarakanların mövcud olmadığı yerə düşsələr, orada geniş yayıla bilərlər. Koronavisrusun "Mu" və "Delta" ştammları ilə bağlı vəziyyət də təxminən bu cürdür. "Delta" ştammı artıq populyasiyalarda öz yerini tutub və orada "Mu"-ya yer yoxdur", - deyə Baranova izah edib.

Qeyd edək ki, koronavirusun "Mu" variantı ilk dəfə bu ilin yanvar ayında Kolumbiyada qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, bu variantı müyyən edən mustasiyalar COVID-19-a qarşı peyvənd preparatlarına güclü şəkildə müqavimət göstərmək qabiliyyətinə malikdir.

537

Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür

205
(Yenilənib 00:09 27.09.2021)
Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.

BAKI, 27 sentyabr - Sputnik. Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2907 hərbi qulluqçusu şəhid olub, 7 nəfər itkin düşmüş sayılır.

Azərbaycan Ordusunun zəfər yürüşünə tap gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

2020-ci il sentyabrın 27-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə - 5 nəfər tamamilə məhv olub.

Oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektləri, nəqliyyat vasitələri külli miqdarda ziyan görüb.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutulub. 

Oktyabrın 8-i, noyabrın 3, 4 və 8-də Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq geniş miqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, habelə terrorçuluq cinayəti törədilib.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib.

Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi unikalı əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub.

Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib.

Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər günü kimi təsis edilib.

Üçtərəfli bəyanatın imzalanması 

Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Azərbaycan və Ermənistanın hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək, bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilib.

Bəyanatda qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Anım Gününün təsis edilməsi

Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri olacaq.

205