Oyuncaqlar

Çindən bütün dünyaya yayılan cazibədar ölüm

1723
Mütəxəssislər iddia edirlər ki, Çində istehsal edilən oyuncaqların 90 faizi sağlamlıq üçün zərərlidir

BAKI, 6 apr — Sputnik. Oyuncaqlar uşaqların inkişafı, formalaşması, həyat haqqında bilgilərinin yaranması üçün köməkçi vasitələrdir. Buna görə də hər bir valideyn övladını sevindirmək, mükafatlandırmaq və həyat bilgilərini artırmaq üçün müxtəlif oyuncaqlar alır. Oyuncaqlar uşaqların həyata baxışını formalaşdırır və inkişaf prosesini sürətləndirir.

ABŞ-da aparılan araşdırmalar zamanı məlum olub ki, oyuncaqların uşaqların sağlamlığına da böyük təsiri var. Dünyanın bir çox ölkələrində Çin istehsalı olan oyuncaqlar satılır. Mütəxəssislər hesab edirlər ki, Çində istehsal edilən oyuncaqların 90 faizi sağlamlıq üçün zərərlidir. Ancaq Çin dünyada sənayenin ən ucuz mərkəzi olduğundan, bu ölkədə istehsal olunan məhsullar dünyanın hər yerinə yayılır. Bu da ucuz ölümün bütün dünyaya yayılması deməkdir.

Satılan oyuncaqların 95 faizi də Çin istehsalıdır
© Sputnik / Irade JELIL
Satılan oyuncaqların 95 faizi də Çin istehsalıdır

Bəs Bakıda vəziyyət necədir? Şəhərimizin mağazalarında, bazarlarında müxtəlif ölkələrin istehsalı olan fərqli qiymətli oyuncaqlar satılır. Satılan oyuncaqların 95 faizi də Çin istehsalıdır. Mağazalardakı oyuncaqlar nisbətən keyfiyyətli olsa da, bunu bazarda satılan mallar barədə demək mümkün deyil. Bu oyuncaqlar diqqət çəkməklə yanaşı, münasib qiymətə olduğu üçün valideyinlər tərəfindən seçilir. Sputnik Azərbaycan-ın əməkdaşı problemlər bağlı kiçik araşdırma aparıb.

"8 km bazarı"nda da belə oyuncaqlardan satılır. Satıcılar oyuncaqların Rusiya və Türkiyə istehsalı olduğunu iddia etsələr də, məlumdur ki, adıçəkilən ölkələrdən gətirilən oyuncaqların dəyəri 3-15 manat arası dəyişə bilməz.

Oyuncaqların satışı ilə məşğul olan Rüfət adlı satıcı etiraf edir ki, məhsulların haradan gətirildiyini bilmir: "Bizim sahibkar var, malları da o gətirir. Amma mən ondan soruşmuram ki, hardan gətirilir. Alan da az deyil. Yəqin ki, zərərli olsa, alan olmaz. Qiymətlər də münasibdir".

Adını açıqlamaq istəməyən digər satıcı isə malların Çindən gətirildiyini bilir: "Bilirəm, Çindən gətirilir. İndi Azərbaycanın özünün məhsulu var? Çoxu xarici ölkələrdən gətirilir. Ucuz satılanların hamısı Çin məhsullarıdır, bahalılar isə digər ölkələrin məhsullarıdır. Bunu alıcı da bilir, satıcı da. Əgər bu məhsullar zərərli olsa, ölkəyə daxil olmasına icazə verilməz. Qoy gətirilməsinə qadağa qoyulsun".

Alıcıların çoxu aldıqları məhsulların harada istehsal olunduğuna fikir vermirlər. Tamilla Qurbanova adlı alıcı nəvəsi üçün oyuncaq alır. Deyir ki, əsas odur, uşaq sevinsin, üzü gülsün, başı qarışsın: "Onu Çindən gətiriblər, alma. Bu qida zərərlidir, yemə. Bu paltar pisdir, geymə" fikirləri ilə yaşamaq olmaz. İnsan istədəyi kimi yaşamalıdır".

Rüfət adlı satıcı isə etiraf edir ki, oyuncaqların satışı ilə məşğuldur və məhsulların hardan gətirildiyini bilmir
© Sputnik / Irade JELIL
Rüfət adlı satıcı isə etiraf edir ki, oyuncaqların satışı ilə məşğuldur və məhsulların hardan gətirildiyini bilmir

Mütəxəssislər isə hesab edirlər ki, Çin istehsalı olan oyuncaqların tərkibindəki melamin və fatalat maddələri sonsuzluğa və müxtəlif xərçəng tiplərinin yaranmasına səbəb olur. Pediatr Ayişə Səlimovanın sözlərinə görə, fatalat uşaqlarda erkən cinsi yetişkənliyə, süd vəzilərinin vaxtından öncə əmələ gəlməsinə, cinsiyyət ikiləşməsinə, sonsuzluğa və xərçəngə səbəb olur. Melanin isə daha çox qan və limfa xəstəliklərinin ortaya çıxmasına yol açır.

Müsahibimiz hesab edir ki, ən acınacaqlısı Çindən ölkəmizə idxal edilən təhlükəli və keyfiyyətsiz uşaq geyim və oyuncaqlarının ölkə bazaralarında nəzarətsiz satışıdır: "Uşaqlara oyuncaq və paltar alarkən diqqətli olmaq lazımdır. Oyuncaqların qoxusu, boyası, tükləri və digər kiçik detalları təhlükə yarada bilər. Plastik oyuncaqlar daha böyük təhlükə daşıyır. Belə oyuncaqlar beyin funksiyalarına təsir etməklə yanaşı, endokrin sistemini də pozur. Oyuncaq alarkən rahat yuyulan və təmizlənən oyuncaqlara üstünlük verin. Çalışın ki, oyuncaq seçərkən zəhərli boya maddələri olmayan oyuncaqlar alasınız".

"Çin oyuncaqları, həmçinin müxtəlif tip allergiyalara da səbəb ola bilər. Məsələn, yumşaq oyuncaqda olan zəhərli toz zərrəcikləri uşaqların ciyərlərinə hoparaq, davamlı öskürək, asqırma, qaşınma və s. səbəb ola bilər. Yaxud, plastik oyuncaqlarda olan zəhərli boyalar uşaqların zəhərlənməsi ilə nəticələnə bilər. Buna görə də, imkanınız bahalı, keyfiyyətli oyuncaq almağa çatmırsa, heç almayın" — deyə həkim qeyd edir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bazarda təhlükəli uşaq oyuncaqlarının satıldığını təsdiq edir: "Valideynlər çalışmalıdırlar ki, bu oyuncaqlardan almasınlar. Əgər bir oyuncağın tükü qopursa, qoxusu varsa, sertifikatı yoxdursa, almayın. Belə oyuncaqlar uşaqları tədricən zəhərləyir. Əslində, uşaq oyuncaqları sertifikatlaşdırılaraq satılmalıdır. Amma təəssüf ki, bu gün ölkə bazarlarında, səyyar satışda və mağazalarda Çin istehsalı olan oyuncaqlar nəzarətsiz satılır. Valideynlər oyuncaq alarkən diqqətli olmalıdır".

Oyuncaqların zərəri
© Karikatura
Oyuncaqların zərəri

Psixoloq Fərqanə Mehmanqızı uşaqların oyuncaqlar vasitəsilə formalaşdığına və inkişaf etdiyinə diqqət çəkir: "Bu səbəbdən də oyuncaqlar onların həyatında mühüm yer tutur. Hər bir valideyn uşağının müxtəlif yaş dövründə onlara müvafiq oyuncaq almalıdır".

Ekspert deyir ki, indi oyuncaq almaq bir az çətinləşib: "Keyfiyyətli oyuncaqlar çox bahadır, ucuz oyuncaqlar isə keyfiyyətsizdir. Problem ondadır ki, Azərbaycanda oyuncaq istehsalı yoxdur. Çin məhsulları dünayanın hər yerində ucuzdur".

"Amma sizi bir az keçmişə aparım. Biz uşaq olanda, analarımız bizə balaca oyuncaqlar tikərdilər, oğlanlar sadə təkərlə böyük oyunlar yaratmağı bacarardılar. İndi bunların heç biri mümkün düyil. Buna görə də çalışmaq lazımdır ki, uşaqlar öz fantaziyaları ilə baş-başa qalsınlar. Onlara rəngli qələmlər alın, kağız verin, buraxın öz düşüncələrini çəksinlər. Oyuncaqları özünüz hazırlmağa çalışın. Çünki oyuncaq uşağın beyin funksiyalarını formalaşdırır. Ən əsası isə uşaqları telefon və planşetlərdən uzaq tutun" — psixoloq vurğulayıb.

1723
Teqlər:
Çin istehsalı, satıcı, mal, alıcı, mağaza, sahibkar, oyuncaq, Rusiya, Türkiyə, uşaq
Əlaqədar
Zəvvarlar ölüm saçan uşaq oyuncaqları gətirdilər
Dövlət uşaq bağçalarında uşaqlara qarşı cinayət
İnternat məktəbinin direktoru kimsəsiz uşaqlara olmazın işgəncələr verib
“Bu idman növü uşaqlarda özlərinə inam yaradır”
Bu ölkədə 1500 uşaq qətlə yetirilib