DYP avtomobili

Yol polisi adi sürücülər kimi cərimələnəcək - bir şərtlə ki...

1400
(Yenilənib 14:14 05.04.2017)
"Yol polisi sükan arxasında həqiqətən qayda pozursa, o da adi sürücülər kimi qanunla cərimələnəcək"

BAKI, 5 apr — Sputnik. Yol hərəkəti qaydalarına riayət etmək hər bir şəxsin borcudur. Hətta xüsusi qaydada əməliyyat yerinə yetirməyən yol polisləri belə, yolda sayrışan işıq siqnalları ("miqalka") söndürmüş halda hərəkət edirlərsə, bu zaman adi sürücü kimi yol hərəkəti qaydalarına əməl etməlidirlər.

Amma təəssüf ki, çox zaman yol polisi əməkdaşlarının hətta qeyri-iş zamanı belə, "xüsusi imtiyazlı şəxs" kimi qaydaları pozmasının şahidi oluruq. Sputnik Azərbaycan-ın redaksiyasına gələn məktublarda da yol polisinin avtomobildəki sayrışan işıq siqnalları sönülü olduğu zaman çoxsaylı qayda pozuntularına yol verdikləri bildirilir. Sürücülər belə hallara rast gəlindikdə qayda pozan yol polisləri ilə bağlı kimə şikayət edilməli olduğunu soruşurlar.

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov Sputnik Azərbaycan-a bildirib ki, yol polisi sayrışan işıq siqnallarını yandırarsa, xüsusi əməliyyat yerinə yetirdiyi zaman qaydaları pozmaq hüququna malikdir: "Yol polisləri sayrışan işıqları yandıraraq işlə əlaqədar müəyyən qaydaları poza bilərlər. Amma sayrışan işıq siqnalları söndürdükdən sonra yol polisinin qayda pozması qadağandır. Yuxarı instansiyalar müəyyən yoxlanış zamanı qanunsuzluğu aşkar edərsə, qaydanı pozan polisləri cəzalandıra bilər".

Ekspertin sözlərinə görə, yol polisi qaydaları pozarsa, bu zaman hadisənin şahidi olan istənilən sürücü 102-yə zəng edib yol polisinin qayda pozması ilə bağlı məlumat verə bilər: "Bir şərtlə ki, sürücünün əlində sübut olsun. Bu zaman həmin yol polisi cəzalandırıla bilər".

"Yol polisi digər nəqliyyat vasitələri ilə müqayisədə nisbətən çox üstünlüyə malikdir. Sürücünün avtomobili saxlayıb DYP-yə irad tutmağa ixtiyarı yoxdur. Eyni zamanda, digər sürücünün qanunu pozmasına da irad bildirə bilməz. Hər bir yol iştirakçısının öz hüquq və vəzifələri var. Amma sürücünün baş verən qanun pozuntusunun şəkil və ya videosunu çəkib aidiyyəti orqanlara təqdim etmək hüququ var. Bu zaman qanun pozan yol polisi cəzalana bilər" — deyə ekspert əlavə edib.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da Sputnik Azərbaycan-a açıqlamasında məsələnin bir neçə tərəfi olduğunu bildirib: "Yol hərəkəti qaydalarında, operativ nəqliyyat vasitələrinin (bunlara yanğın söndürən, təcili yardım, yol polisi və digərləri aiddir) xüsusi sayrışan işıq siqnallarını qoşaraq müəyyən işi icra etmək üçün qaydaları poza biləcəkləri qeyd edilir. Bu zaman bütün sürücülər həmin operativ nəqliyyat vasitəsinə yol verməlidirlər. "Yol hərəkəti haqqında" qanunun 74-cü maddəsində deyilir ki, operativ nəqliyyat vasitələrinin sürücüləri xidmət zərurəti ilə bağlı olduqda, təhlükəsizlik qaydalarına riayət etməklə qaydaları poza bilərlər. O cümlədən sükan arxasında telefonla da danışa bilərlər".

"Amma bu, sırf işlə bağlı telefon danışığı olmalıdır. DYP əməkdaşı şəxsi məsələlərə görə sükan arxasında danışırsa, o zaman həmin yol polisi cərimə oluna bilər" — Hüseynov vurğulayıb.

Onun sözlərinə görə, yol polisi qayda pozuntusuna yol verirsə, hər bir sürücünün 102-yə zəng edib bu haqda məlumat vermək hüququ var: "Aidiyyəti orqanlar bu məsələni aydınlaşdıracaq. Yol polisi sükan arxasında həqiqətən qayda pozursa, o da adi sürücülər kimi qanunla cərimələnəcək. Araşdırma zamanı aydın olsa ki, yol polisi qaydaları pozmayıb, bu zaman şikayət edən sürücüyə aidiyyəti orqanlar tərəfindən məlumat verilir ki, sizin məlumatınız doğru deyil və ya yol polisi qaydaları xidməti zərurətdən irəli gələrək məcburi şəkildə pozub".

1400
Teqlər:
Fərhad Eyyubov, sayrışan işıq siqnalları, yol hərəkəti qaydaları, qayda pozuntusu, Ərşad Hüseynov, DYP, yol polisi, əməliyyat, telefon, ekspert, polis, sürücü
Əlaqədar
DYP-nin "prava" verdiyi sürücünü DİM təkrar imtahana çəkəcək
Video da ortada, məhkəmə qərarı da, amma DYP əksini iddia edir
Sürücülük məktəbləri ləğv edilib? - DYP məlumatsızdır
İmişlidə yol polisi ilə möhkəm "zarafat" ediblər
Xəbərdarlıq: yol polisi taksi sürücülərinə qarşı reydlərə başlayır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

8
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

8
A journalist makes a video of the Instagram logo

"Instaqram"da yeni funksiya yaradılır

11
İstifadəçilər “Live Rooms”un yardımı ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə biləcəklər.

BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

11