Toy

Azərbaycan qızları niyə əcnəbi ər axtarışındadır

193
(Yenilənib 14:45 05.07.2017)
Psixoloq: Qızlar daha çox 30 yaşından sonra əcnəbi ilə ailə həyatı qurmağa üstünlük verirlər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 apr — Sputnik. Əvvəllər hamı çalışırdı ki, qızını öz qohumuna versin, öz qohumundan qız alsın. Başqa kənddən, rayondan qız almaq ailələrdə bimənalı qarşılanmırdı. Çox zaman belə insanlar üçün "Allah bilir qız verən olmadı və ya alan olmadı" deyirdilər. İndi isə insanlar nəinki başqa rayon, başqa kənd, hətta başqa millətdən və ölkədən olanlarla belə ailə həyatı qura bilir. Statistika da göstərir ki, Azərbaycanda əcnəbi ilə ailə həyatı quranların sayı hər gün artır. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 2016-cı ildə Azərbaycan Respublikasının vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında nikahların sayı 1148, Azərbaycan Respublikasının vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında nikahların sayı 1121 olub.

Veysəlova bildirir ki, qadınlarımız daha çox Rusiya, Gürcüstan vətəndaşlığı olan azərbaycanlılarla ailə qurular. Sonrakı yerlərdə Türkiyə, İran, Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları durur.

Sosioloq Əhməd Mansurov bildirir ki, əcnəbilərlə ailə həyatı qurmaq qlobal problem kimi qarşılanmamalıdır: "Xaricə oxumağa, çalışmağa gedən azərbaycanlılar az deyil. Onlar getdikləri ölkələrdə yaşadıqları müddətdə insanlarla tanış olur, onların davranışlarına, adət-ənənələrinə alışırlar. Sevirlər, kimsə xoşlarına gəlir və ailə həyatı qurmağa qərar verirlər. Burada heç bir problem yoxdur. Hər bir insanın haqqıdır ki, istədiyi, seçdiyi insanla ailə həyatı qursun".

Mansurov həmçinin qeyd edir ki, əcnəbi kişilər azərbaycanlı qadınlara çox maraqlı olur. Çünki azərbaycanlı qadınlar ailə qədri bilən, səmimi olurlar: "Hər bir ölkənin kişilərinin əcnəbi qadınlara marağı olur. Onlar tanıdıqları əcnəbi qadınları öz millətinin qadınları ilə müqayisə edirlər. Təbii ki, son olaraq ürəkləri istəyən qadınla ailə həyatı qururlar. Azərbaycan qadını da sevgi dolu olur. Ona bir qədər nəvaziş, bir qədər diqqət göstərdinsə, ömür boyu qulluğunda durur. Kişilər də bunu sevir".

Müsahibimiz bildirir ki, əvvəllər Azərbaycan kişisi əcnəbi qadınlara üstünlük verməzdi. Amma zaman keçdikcə, kişilər arasında da əcnəbi qadınlarla ailə həyatı quranların sayı artmağa başladı: "Bu bir seçimdir, kimsə qarışa bilməz".

Sosioloq həmçinin qeyd edir ki, əcnəbi ilə ailə həyatı quran qızlarn aldanma ehtimalı da böyük olur: "Bəzən oğlanı yaxından tanımadan, bilmədən ailə qurmağa qərar verirlər. Getdikləri ölkədə nə ilə qarşılaşacaqlarından xəbərsiz ailə həyatı quran qızlar insan alveri qurbanına da çevrilə bilərlər. Buna görə də ehtiyyatlı olmaq lazımdır".

Mütəxəssislərə görə, qızlar daha çox 30 yaşından sonra əcnəbi ilə ailə həyatı qurmağa üstünlük verir. Bunun da səbəbləri var.

Psixoloq Fidan Əliyevanın sözlərinə görə, nə qədər qəribə olsa da, Azərbaycanda qızın yaşı bir az çoxdursa, onunla ailə həyatı qurmaq istəyənlərin sayı çox az olur: "Müəyyən yaşa qədər ona elçi düşənləri bəyənməyən bəzi qızlar, müəyyən yaşdan sonra məcbur qalıb əcnəbi ilə ailə həyatı qururlar. Məsələn, türk kişiləri qadının yaşına deyil, bacarığına, sevgisinə üstünlük verirlər. Bir qədər də romantik olduqları üçün Azərbaycan qızları tərəfindən seçilirlər".

Psixoloqun sözlərinə görə, bəzi qızlar həyatlarının müəyyən hissəsini karyera qurmağa sərf edir, ailə həyatı qurmağa gecikirlər. Bu qızlar üçün də əcnəbilər ideal seçim olur.

"Ümumiyyətlə, qızlarımızın əcnəbi ilə ailə qurmasında kişilərin də bir az günahı ar. Kişilərimiz bir az mehriban, başadüşən olsalar, heç bir qız öz istəyi ilə əcnəbi ər seçməz" — deyə psixoloq əlavə edir.

193
Teqlər:
əcnəbi, psixoloq, ailə, nikah, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Əlaqədar
Xoşbəxt ailə olmaq üçün lazım olanlar
Ailə Məcəlləsinə dəyişiklik edilə bilər
Bunları oxuduqdan sonra hələ də ailə qurmaq istəyəcəksiniz?
Azərbaycanda Ailə Psixoloqu İnstitutu yaradılacaq