Adananın Kozan qəsəbəsində ev

Ailə cinayətinin arxasından “cin” çıxdı

113
(Yenilənib 23:02 30.03.2017)
Hadisə yerində araşdırma aparan polis, evdə çoxlu sayda tilsim və evin yanında yeni qazılmış 3 metrlik çuxur tapıb

BAKI, 30 mart – Sputnik. Adananın Kozan qəsəbəsində bir evə təşkil edilən silahlı hücum zamanı biri uşaq olmaqla, beş nəfərin öldürüldüyü hadisə ilə bağlı maraqlı detallar üzə çıxıb.

Sputnik Azərbaycan Hürriyet-ə istinadən xəbər verir ki, 38 yaşlı Mehmet Doğan, dini nikahlı həyat yoldaşı Ayşə Ayrancı ilə birlikdə böyük qardaşının Çokan kəndindən 700 metr uzaqlıqdakı evinə gedib. 43 yaşındakı Hüseyn

Doğan bu evdə yoldaşı Fatma Yavuz, 9 yaşlı Hakkı Doğan və Fatma Yavuzun ilk yoldaşından olan 16 yaşlı oğlu Görkem T. ilə birlikdə yaşayıb. 

İddiaya görə, Doğan qardaşları salonda oturduqları zaman İbrahim A., qapısı açıq olan evə pnevmatik tüfənglə basqın edib. Təcavüzkar bir anda evdə oturanlara pnevmatik tüfənglə atəş açmağa başlayıb. Mehmet və böyük qardaşı Hüseyn Doğanı hədəf alan İbrahim A. güllə yağdırarkən qadınlar evdəki ayaqyoluna, Hakkı Doğan və Görkem T. də mətbəxə qaçıb. Salonda iki qardaşı öldürən qatil əvvəl qadınları, sonra Haqqı Doğanı qətlə yetirib və özü yaralı halda qaçıb.

Görkem T. isə pəncərədən çıxaraq ən yaxın qonşularına sığınaraq kömək istəyib. Qonşu dərhal jandarmaya xəbər verib. Təhlükəsizlik qüvvələri qısa müddətdə hadisə yerinə çatıb. Vəhşətin yaşandığı yerə çağrılan həkimlər 5 nəfərin öldüyünü müəyyənləşdirib.

Görkem T.-nin ifadəsini alaraq istintaq başladan polis, cib telefonu siqnalı vasitəsilə İbrahim A.-nın yerini müəyyən edib. Şübhəli şəxs, hadisədən təxminən 3 saat sonra qətliamın yaşandığı evdən 6 kilometr uzaqlıqda tutulub. Onun üzərində bir pnevmatik tüfəng və iki tapança tapılıb. Köynəyində qan ləkələri olan şübhəli qəsəbənin polis bölməsinə aparılıb. Qətliamla bağlı daha bir nəfərin də nəzarətə götürüldüyü bildirilir.

Hadisə yerində araşdırma aparan polis, ölənlərin üzərində və evin müxtəlif yerlərində çoxlu sayda tilsim və evin yanında yeni qazılmış 3 metrlik çuxur tapıb. 

Qətliama, öldürülən Mehmet Doğan ilə dostu İbrahim A. arasında “xəzinə axtarmaq məsələsi” ilə bağlı yaranan münaqişənin səbəb olduğu güman edilir. İddiaya görə, gündüz tarlada işləyərkən başlayan mübahisə davaya çevrilib. Mehmet Doğan, İbrahim A.-ya yumruq atıb. Bundan sonra İbrahim A. qisas almaq üçün Doğanın evinə basqın edib.

Günahını boynuna almayan İbrahim A. barəsində həbs qərarı verilib. Şübhəlinin atası İsmət A., evli və iki uşaq atası olan oğlunun hadisə günü işdən sonra onun yanına gəldiyini və bağçanı dərmanlamağa gedəcəyini söylədiyini deyib. İsmət A. öldürülən Hüseyn və Mehmet Doğan haqqında maraqlı iddialar səsləndirib: "Oğlum 6 ay əvvəl avtomobilini Hüseyn Doğana verdiyini demişdi. Hüseyn, qeybdən səslər duyan qardaşı Mehmet Doğanı Hataydakı cin çıxaranın yanına aparıb. Zaman keçdikcə onlar bu cin çıxaranın yanına daha çox getməyə başladılar”.

113