Yelləncəkdə otumuş uşaq, arxiv şəkli

İnternat məktəbinin direktoru kimsəsiz uşaqlara olmazın işgəncələr verib

458
(Yenilənib 14:45 29.03.2017)
İnternat dramı: Uşaqları avtomobillərin arxasına bağlayıb sürüyürmüşlər...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Çox zaman "internat uşağı" dedikdə, göz önünə atılmış, tərk edilmiş uşaqlar gəlir. Amma heç də hər zaman belə olmur. Bəzən internat evi seçim də ola bilir. Ata-anası olmayan birinin son "ümid yeri" kimi. 

Seymur da taleyini özü seçənlərdən olub. Valideynləri dünyasını dəyişdikdən sonra o, öz istəyi ilə "Ümid yeri" uşaq evinə gəlib. Və onun "internat" dramı da buradan başlayıb.

Seymur İslamov 1994-cü ildə Sumqayıtda anadan olub. Danışır ki, anasını 6 yaşı olanda itirib. Onu Mahaçqalada öldürüblər: "Anam alverlə məşğul olurmuş. Anam öldürüləndə mənim 6 yaşım olub. Eşitdiyimə görə, aldadıblar onu orada. Hər şeyini əlindən alıb, özünü də qatardan atıblar. Anamdan sonra qardaşım öldü. 21 yaşı var idi. Epilepsiya xəstəsi idi. Bir ildən sonra isə atamı itirdim. Yatdı, durmadı. Anamdan sonra çox fikir edirdi. Özüm əslən Coratdanam".

Seymur İslamov
© Sputnik / Irade JELIL
Seymur İslamov

Ailənin 7-ci övladı olan Seymur valideynlərini itirdikdən sonra bir müddət bibisigildə yaşayır. Amma sonra öz istəyi ilə uşaq evinə verilir. Deyir ki, iki qardaşı var və onlar əmilərinin yanında yaşayırlar: "Bilirdim ki, söz-söhbət var evdə. Bibimgilə artıq yük olmaq istəmirdim. Odur ki, "Ümid yeri" uşaq evinə verilməyimi istədim. Televizorda çox görmüşdüm "Ümid yeri"ni. Dedim, məni ora versinlər. Orada 4 il oxuduqdan sonra məni 11 saylı xüsusi internat məktəbinə verdilər. 11 illik təhsilimi bitirəndən sonra mənə də "Məzun evi"ndə ev verdilər".

Seymurun dediyinə görə, Bilgəhdə yerləşən 11 saylı internat məktəbində çox acı günlər yaşayıb. Məktəbin yeməkləri, müəllimlərin uşaqlarla davranışı, şəraiti bərbad imiş: "Mən ora 2004-2005-ci illərdə gəlmişdim. Uşaqları çox pis döyür, xarab yeməklər verirdilər. 2015-ci ilə qədər orada qalmışam. Məktəbi bitirmişdim, amma özləri məni orada saxlayırdılar. Qalmağa da yerim yox idi axı. Mən də az döyülməmişəm. Bir az səs-küy olan kimi müəllimlər düşürdülər üstümüzə, bizi çox döyürdülər".

Müsahibim deyir ki, internat məktəbinin xüsusi cəza növləri var imiş. Dizi üstə gəzməyə məcbur etmə, küncə qoyma, köhnə yemək vermə…

Seymur danışdıqca kövrəlir, ancaq özünü toparlayıb davam edir: "Elə anlarda adam düşünür ki, kaş öz atam-anam sağ olaydı. Bizim orada Mehparə Cəfərova adlı müdirimiz var idi. Çox qəddar qadın idi. Amma çox da davam edə bilmədi. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi gəldi, yoxlamalar aparıldı. Onu işdən çıxartdılar. Deyilənə görə, 2 milyon manat süd pulu mənimsəmişdi. O, uşaqlara da, müəllimlərə də çox əzab verirdi. Müəllimlərin başına öz "kabluk"u ilə vururdu. Uşaqları aparıb öz bağ evində işlədirdi. Çox əzab verirdi uşaqlara. Yanında Vadim adlı bir nəfəri gəzdirirdi. O oğlan da uşaqları çox incidirdi".

"Müdirin imkan yaratdığı, müdirlə əlbir olan müəllimlər çox idi internatda. Onlar da uşaqlara əzab verirdilər. Uşaqları kəmərlə döyürdülər. İndi oradan çıxmışam, deyirəm ki, mən də acı yaşamışam. Amma bir uşaq var, o, Lənkəran məktəbini bitirib. Deyir ki, orada uşaqları zəncirlə döyürdülər. O danışır ki, uşaqları torbalara salıb döyür, qaranlıq otaqlarda saxlayırmışlar. O uşağın danışığı adamın ürəyini ağrıdır. Deyir ki, uşaqları torbaya salıb, avtomobillərin arxasına bağlayıb, sürüyürmüşlər. Bizə onlara verilən kimi əzab verilməyib" — Seymur danışır.

Dediyinə görə, internatın müəyyən sirlərini bildiyi üçün direktor ondan çəkinirmiş: "Mən onların sirlərini bilirdim. Qorxurdular məndən. Mənə ayrıca otaq ayırmışdı. Təsəvvür edin, internata nəzir pal-paltar gətirilirdi kənardan, direktor onları siyahıya yazıb, büdcədən pul silirdi. Məktəbə nəzir kimi gətirilən qidalar siyahıya yazılır, pulu dövlət büdcəsindən silinirdi. Qidaları uşaqlara paylamırdılar, məcbur edirdilər ki, torpağa basdırsınlar. Uşaqlara verilmək üçün dönər gətirilirdi, onun da ətini təmizləyib, çörəklərini səhərlər verirdilər uşaqlara. Bəzən çörəklər günlərlə qaldığı üçün iylənirdi, kif atırdı. Biz şikayət edəndə deyirdilər ki, olan budur".

2015-ci ildə internatın direktoru dəyişir, o dəyişiklikdən sonra uşaqların vəziyyəti azacıq da olsa, düzəlir. İndi internat məktəblərinə xüsusi nəzarət olduğu üçün daha nəzirlər qəbul edilmir, uşaqlara dövlətin verdiyi yeməklər verilir. İnternat məktəbində kameralar quraşdırılıb, ciddi nəzarət var.

Seymur məktəbi bitirənə yaxın, internatda çalışan qadınlardan biri onu övladlığa götürür. Artıq 3 ildir ki, yeni ailəsi ilə yaşayan Seymurun sözlərinə görə, Yeganə xanım onu övladlığa götürəndən sonra bir müddət onunla kirayədə yaşayıb. Qadının Seymurdan başqa da iki övladı var. Qadın indinin özündə də internatda xadimə işləyir. 1 il 6 aydır ki, "Məzun Evi"ndə yaşayan Seymur deyir ki, heç yerdə işləməsə də, təqaüd alır və evi olduğu üçün rahatdır.

Gənc epilepsiya xəstəsidir. Bu xəstəlik uşaq vaxtı başı daşa dəydiyi üçün yaranıb onda. Müalicə alır: "İndi mənə, məni övladlığa götürən qadın baxır. Özüm 47 manat təqaüd alıram. Səhiyyə Nazirliyinə müraciət etmişəm ki, mənim sağlamlığımda problem var. Müalicə alıram. Epilepsiya üçün dərmanlar qəbul edirəm. Bundan əlavə, həkim müayinəsi də var. Çox xahiş edirəm, nazirlik mənim vəziyyətimlə maraqlansın".

Seymurun sevdiyi qız da olub, amma alınmayıb. Deyir ki, hələ ailə həyatı haqqında düşünmür. Xəyalları isə böyükdür. İşləmək, ev-eşik, ailə, övlad sahibi olmaq, avtomobil almaq, iş sahibi olmaq…

"Xəyallarla yaşayıram, mən də istəyirəm ki, hər şeyim olsun" — arzulayır Seymur.

Bu da bir insan həyatıdır. Əzablı həyat. Valideynləri olmadan ayaq üstə durmağa çalışan, mübarizə aparan bir gəncin taleyi.

458
Teqlər:
Mehparə Cəfərova, 11 saylı internat məktəbi, Seymur İslamov, ümid yeri, uşaq evi, internat, valideyn, ana, ata, uşaq
Əlaqədar
Bu bacıların həyatı bir film ssenarisidir
Xəzər bu ailədə 10 uşağı yetim qoydu
Bakıda kafe işlədən qadın: "Haram pulun bərəkəti olmaz"
Bakı kəndində zəncirvari intihar dalğası və açılmamış sirlər...
Sənətindən imtina etmiş “Kürdəxanılı balası”: “Yoldaşım getdi..., elə bil ölmüşəm”