Bakıda çoxmərtəbəli yaşayış evi

Paytaxt binalarının yenidən üzlənməsi təklif olunur

316
(Yenilənib 17:06 28.03.2017)
"Binaların fasadlarının boyanması, onun daşla döşənməsindən daha ucuz başa gəlir"

BAKI, 27 mart — Sputnik. Dünyanın bəzi ölkələrində binaların fasadlarının təmiri və qorunması üçün yeni üsula əl atıblar. Yunanıstan, Fransa, Polşa, Almaniya, Şotlandiya və bəzi digər ölkələrdə bir çox binaların fasadında boyalarla rəsm əsərləri yaradılır.

Bu, həmin binaların fasadını örtməklə yanaşı, gözəl görüntü də verir. Eyni zamanda, münasib qiymətə başa gəlir və yanma təhlükəsi olmadığı üçün bina sakinlərinin də həyatı təhlükə qarşısında qalmır.

Avropada ev və binaların üzlənməsi
© Photo : Novate
Avropada ev və binaların üzlənməsi

Bəs bu, Azərbaycanda mümkündürmü? Bununla əlaqədar Sputnik Azərbaycan-a danışan gənc rəssam Ceyhun Kərimovun sözlərinə görə, binaların fasadının rənglənməsi daha münasib başa gəlməklə yanaşı, həm də gözəl görüntü yaratmış olur. Amma bunun üçün öncədən dizayn verilməlidir: "Yəni, hər kəs istədiyi binanı istədiyi kimi rəngləyə bilməz".

"Bu, əsasən xarici ölkələrdə paytaxt olmayan şəhərlərdə edilir. Binaların fasadlarının boyanması, onun daşla döşənməsindən daha ucuz başa gəlir. Və şəhər boz görünmür. Amma inanmıram ki, Bakıda buna icazə verilsin. Binaların boyanması sintetik materiallarla üzlənməsindən daha yaxşıdır" — rəssam bildirir.

Gənc memar Eltun Cəfərli deyir ki, hər şey ideyadan və sifarişdən asılıdır: "Təsəvvür edin, rayonun icra başçısı memara deyir ki, binanın divarına şəkil çəkin. Bizdə sifariş bir qədər qəribədir. İnsanlar memara müraciət edib, öz fikirlərini reallaşdırmaq istəyirlər. Pul verib öz fikrini irəli sürmək nəyə lazımdır ki? Əgər kimsə memara üz tutursa, ona etibar etməlidir. Daha öz fikrini ona yeritməli deyil. Bir il əvvəl bağça binasının fasadını rəsmlərlə bəzəmək istədim. İcazə verilmədi. Dedilər uşaqlar üçün maraqlı nəsə olmalıdır".

Avropada ev və binaların üzlənməsi
© Photo : Novate
Avropada ev və binaların üzlənməsi

E. Cəfərli iddia edir ki, Azərbaycanda memarların müstəqil fəaliyyəti üçün şərait yoxdur: "Memarlar öz ideyalarını yalnız fərdi evlər üzərində reallaşdıra bilirlər. Halbuki, Bakıda bir çox binaların fasadı köhnədir, yeniliyə ehtiyac var".

"Bizdə memar bir qədər peşəkar işlə məşğul olmağa başlayanda böyük problemlər çıxır və dar çərçivəli ideyalarla işləməyə məcbur edilir. Bir neçə il əvvəl "28 May"dakı vağzal binasının fasadını müasir formada işləmişdik. Sonra aqlayla işlənildi və söküldü. İndi fasad göz önündədir. Biz səhv edib sonra düzəltməyi sevirik" — Cəfərli qeyd edib.

Memarın sözlərinə görə, aqlay çox baha material olsa da, ölkədə onu hər yerdə istifadə etdikləri üçün, dəyərsiz kimi görünür: "Hər yeri aqlaylamaq olmaz. Aqlaydan əsər yaratmaq lazımdır, hara gəldi, kəsib vurmaq düz deyil".

Memarlar İttifaqından bildirdilər ki, artıq binaların fasadlarının üzlənməsində sintetik materiallardan istifadə olunması qadağan edilib: "Hazırda bir çox binalara təbii aqlay daşı vurulur. Aqlay Bakının ənənəvi fasad örtüyüdür. Bakı şəhəri Avropanın qədim şəhərlərinin əksəriyyəti kimi birrəngli şəhərdir. Bu, təbii materialdan asılıdır. Məsələn, Parisdə, Romada, Praqada binalar bizim əhəng daşına oxşar daşdan tikilib. Onlar da boz rəngdədir. Sadəcə, suvaq vurulur, fasadlar rənglənir və bu gün gördüyümüz mənzərə yaranır".

"Bizdə də bir vaxtlar suvaqlı binalar olub. Məsələn, "beşmərtəbə" suvaqlı idi və rənglənirdi. Yaxud Filarmoniya və onunla üzbəüz Sadıxov qardaşlarının yaşayış binası indi də rənglənir" — İttifaqdan qeyd etdilər.

316
Teqlər:
Eltun Cəfərli, memar, üzlük, fasad, rəsm, rəssam, Ceyhun Kərimov, bina, Azərbaycan
Əlaqədar
Bina üzlükləri tarixə qovuşur
Lənkəranda da bina üzlüklərini sökürlər